Məhkəmə qərarları › İş №2-1(103)-3041/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3041/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3041/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki 3 il müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X4- Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki 3 il müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9517/2023 saylı 08 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X6 məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyası təyin olunan tarixdən öncəki keçmiş üç il müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 2020-ci ildən etibarən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alır. Xidmət illəri düzgün hesablanmadığı üçün 2012-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Xidmət illərinin yenidən hesablanması 2020-ci ildə aparılmış və yeni məlumat vərəqi cavabdeh orqana göndərilmişdir. Cavabdeh orqan yaşa görə pensiyanı hesablamış və ödəniş aparmağa başlamış, lakin keçmiş üç il ərzində alınmamış pulu ödəməkdən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1, 32.1 və 37.7-ci maddələrinə əsasən əmək pensiyası hüququ olan şəxs kimi əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini müddətindən asılı olmayaraq almaq hüququ əldə etmişdir. Onun əmək pensiyasının vaxtında təyin edilməməsi həm də ödənilməli olan pensiya məbləğinin ödənilməməsi dövlətin funksiyasının (o cümlədən, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 161-ci maddəsində təsbit olunmuş öhdəliyin) icrası həvalə edilmiş orqanın (hazırkı halda, hərbi idarəetmə orqanının) təqsirli hərəkətsizliyi nəticəsində baş verdiyindən, hazırkı məzmunda tələb hüququnu təsdiq edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9517/2023 saylı 08 iyun 2023-cü il tarixli qərarı ilə iddiaçı X2 iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərarını əsassız hesab edir. Məhkəmənin gəldiyi nəticəni doğru hesab etmir, çünki onun qaldırdığı iddianın mahiyyəti "pozulmuş yaşa görə əmək pensiyası hüququnun Xidmət illərinin yenidən hesablanması nəticəsində bərpa edilməsi ilə əlaqədardır". Mübahisənin mahiyyəti qazanılmış lakin əldə edilməmiş yaşa görə əmək pensiyası hüququ ilə bağlıdır. Təminat xərcliyinin yenidən hesablanması nəticəsində hüququ bərpa edilmişdir, lakin ödəniş etməli olan qurum yəni hazırkı iş üzrə cavabdeh əsassız imtina edir və onun pensiya təminatı hüququnu pozur. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, o, "Məlumat vərəqinin dəyişdirilməsi nəticəsində yaşa görə əmək pensiyası almağa başlamışdır". Pensiya yaşına çatmağı ilə bağlı deyil. Mülki vətəndaşlar əgər əlilliyə görə əmək pensiyası alırsa, sonradan pensiya yaşına çatması ilə bağlı yaşa görə əmək pensiyası almaq hüququ yarandığı üçün əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçə bilir, bu halda əlbəttə ki keçmiş müddət üçün pensiyanın ödənilməsindən söhbət gedə bilməz. O, isə hərbi xidmətə görə güzəştli şərtlərlə pensiya almaq hüququnu vaxtilə qazanmış, onun pensiyanın təyin edilməsi üçün Məlumat vərəqinin Pensiya təyin edən orqana göndərilməsi tələb olunur, Məlumat vərəqinin dəyişdirilməsi nəticəsində vaxtilə qazandığı lakin pozulmuş hüququ bərpa edilmişdir, ödəniş aparmağa məsul olan qurum isə vəzifə borcunu yerinə yetirməkdən yayınır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, əvvəllər iddiaçının oxşar iddiasına məhkəmə tərəfindən baxılmış və həmin iddiası rədd edilmişdir. Qeyd olunan iş üzrə iddiaçı qərardan apellyasiya şikayəti versə də, sonradan həmin apellyasiya şikayətindən imtina etmiş və apellyasiya icraatına xitam verilmişdir. Hazırda iddiaçı qeyd olunan iş üzrə olan iddia ərizəsindəki iddia tələbinin təmin olunmasını xahiş edir ki, bu da yolverilməzdir, çünki məhkəmə tərəfindən həmin tələbə bir dəfə münasibət bildirilmişdi. Odur ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı X6 məhkəməyə ərizə təqdim edərək, hərbi poliqona ezam edildiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin onu təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı X2 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı isə qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırki işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının mümkünlük məsələlərini tam araşdırmadan işə mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə “iddiaçının iddia etdiyi əvvəlki 3 il müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi tələbinə mahiyyəti üzrə baxaraq və onu əsassız hesab edərək bildirmişdir ki, əlilliyə görə əmək pensiyası ilə yaşa görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçıya ilk dəfə pensiya təyin olunan zaman iddiaçının xidmət illərinin Müdafiə Nazirliyi tərəfindən verilmiş ilk məlumat vərəqəsində düzgün göstərilməməsində iddiaçını haqlı hesab etsə də, pensiya təyin edən cavabdeh orqanın mövcud məlumat vərəqəsi üzrə hərəkətlərinin qanunauyğun olduğunu hesab etmişdir. Belə ki, iddiaçı əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi barədə cavabdehə müraciət etməmişdən əvvəlki dövr ərzində Müdafiə Nazirliyinin 27 may 2013-cü il tarixli məlumat vərəqəsində göstərilən məlumatı mübahisələndirməmiş, həmin məlumat vərəqəsi ilə razılaşaraq ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi cavabdeh orqanın iddiaçının müraciətinə münasibətdə hərəkətlərini qanuna uyğun olduğunu hesab edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hərbi qulluqçu olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2013-cü il tarixli məlumat vərəqəsində iddiaçının təqvimi xidmət illəri 17 il, 06 ay, 28 gün, güzəştli xidmət illəri 0 il göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin xx.xx.2013-cü il tarixli əmək pensiyasının təyin edilməsi barədə qərarına əsasən (i.v. 49) iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə əsasən əlilliyə görə xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1100 manat 55 qəpik, sonradan yenidən hesablama nəticəsində xx.xx.2019-cu il tarixədək 1197 manat hesablanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli məlumat vərəqələrində iddiaçının təqvimi xidmət illəri 17 il, 06 ay, 28 gün, güzəştli xidmət illəri 0 il göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli məlumat vərəqəsində iddiaçının təqvimi xidmət illəri 20 il, 02 ay, 24 gün, güzəştli xidmət illəri 12 il, cəmi 32 il, 02 ay, 24 gün göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəxslərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçıya 01 avqust 2020-ci ildən ömürlük təyin olunmuş pensiyanın məbləği 2942,94 manat hesablanmışdır. Bundan sonra iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aparılmış hesablamalarla narazı qalıb, sonuncuya qarşı “1992-1995-ci illər iş stajı nəzərə alınaraq xx.xx.2012-ci ildən xx.xx.2012-ci il tarixədək cavabdeh tərəfindən ona ödənilməmiş təqaüdünün (xəstəliklə əlaqədar tərxis olunmaqla) ödənilməsi, xx.xx.2012-ci il tarixdən etibarən (İİ qrup əlilliyə görə təqaüdü üzrə) xx.xx.2020-ci il tarixinədək (xəstəliklə əlaqədar tərxis olunmaqla) əmək təqaüdü dövr üzrə fərq məbləği hesablanmaqla mövcud fərq məbləğinin ona ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8622/2023 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxılarkən iddiaçı apellyasiya şikayətindən imtina etdiyi üçün məhkəmənin 2-1(103)-1508/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya icraatına xitam verilmişdir. Həmin qərardad da qanuni qüvvəsini almışdır. Hazırki işdə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbinə nəzər yetirildikdə müəyyən olunur ki, onun tələbi yuxarıda qeyd olunan məhkəmə qərarında baxılan tələbin bir hissəsi ilə- “xx.xx.2012-ci il tarixdən etibarən (İİ qrup əlilliyə görə təqaüdü üzrə) xx.xx.2020-ci il tarixinədək (xəstəliklə əlaqədar tərxis olunmaqla) əmək təqaüdü dövr üzrə fərq məbləği hesablanmaqla mövcud fərq məbləğinin ona ödənilməsi” tələbi ilə hissəvi eynilik təşkil edir. Belə ki, iddiaçı yuxarıda adı çəkilən inzibati işdəki iddia tələblərindən biri kimi nəzərdə tutulan tələbi hazırki iş üzrə də irəli sürərək, ona əvvəlki 3 il müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsini tələb edir. Hazırki işdəki tələbindən görünür ki, iddiaçı “ona əvvəlki 3 il müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsini” tələb edərkən, əslində hüquqi marağı və tələb edəcəyi məsələ cavabdehin xx.xx.2020-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən ona xx.xx.2020-ci il tarixdən təyin edilmiş əmək pensiyasının əvvəlki 3 il müddət üçün alınmamış fərq məbləğinin ödənilməsini istəmişdir. Qeyd olunan məsələyə də yuxarıda da göstərildiyi kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8622/2023 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə artıq münasibət bildirilmiş və qərar iddiaçı sonradan apellyasiya şikayətindən imtina etdiyi üçün qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 15.5-ci bəndində göstərilmişdi ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Odur ki, hazırki işdə iddiaçı tərəfindən eyni cavabdehə qarşı eyni predmetlə (cavabdehin xx.xx.2020-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən ona xx.xx.2020-ci il tarixdən təyin edilmiş əmək pensiyasının əvvəlki 3 il müddət üçün alınmamış fərq məbləğinin ödənilməsi ilə) bağlı yenidən iddia qaldırılarkən iddianın mümkünlük şərtlərinə əməl olunduğu halı müəyyən olunmur. Belə ki, iddiaçı eyni tələblə eyni tərəfə qarşı eyni predmetlə bağlı yenidən müraciət etməsi üçün yeni əsasların mövcud olduğunu əsaslandıra bilməmişdir. Belə olan halda iddiaçı İPM-nin 35-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozulduğunu əsaslandıra bilmədiyindən onun iddiası qeyri-mümkündür. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərinə cavab verməsini Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq şəkildə tam yoxlamadan işə mahiyyəti üzrə baxıb qərar qəbul etməkdə düzgün nəticəyə gəlməmişdir, sadalanan əsaslar həmin qərarın ləğv edilib, yuxarıda qeyd olunanlara əsasən iddianın qeyri-mümkün sayılmasına rəvac verir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9517/2023 saylı 08 iyun 2023-cü il tarixli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Kollegiya onu da vurğulayır ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri onun iddiasına mahiyyəti üzrə baxılması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9517/2023 saylı 08 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Kamran Əkbərov İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar