Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3042/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndələri X9 və X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «cavabdeh tərəfindən iddiaçıya faiz borcunun hesablanmasının qanunsuz sayılması və həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4183/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçıya faiz borcunun hesablanmasının qanunsuz hesab edilməsi və həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qorulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-4183/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə İddiaçı ASC-yə faizin hesablanması qanunsuz hesab edilmiş, məcburi dövlət sosial sığorta haqları üzrə 2.376,91 manat faiz borcunun İddiaçı ASC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti və X10 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 1288 №li müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinin ləğv edilməsi barədə Rəfail Hacıyevin iddia tələbi təmin edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə Rəfail Hacıyevin xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi, “Yelo Bank" ASCdən ödənilmiş dövlət rüsumu olan 30 (otuz) manat məbləğində pulun tutularaq X6 ödənilməsi qət edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində 2020-ci ilin 3-cü, 4-cü, 2021-ci ilin 1-ci, 2-ci, 3-cü və 4 cü, 2022-ci ilin 1-ci və 2ci rübləri üzrə dəqiqləşmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” təqdim edilmişdir. Nəticədə aparılmış əlavə hesablamalar nəticəsində yaranan borc məbləği cari aylar üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə köçürülmüş ödənişlər hesabına (sosial üzrə bölüşdürülməmiş ödənişlər) bağlanmışdır. Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin 3-cü rübü üzrə cari hesabat təqdim olunduqda hesablanmış məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilmədiyi üçün Vergi Məcəlləsinin 59.1 -ci maddəsinə əsasən müvafiq faiz məbləğləri (cəmi 2376,91 manat) hesablanmışdır. Məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qərarında iddianın təmin edilməsinin əsaslarından biri kimi ’’cavabdeh inzibati orqan vergi ödəyicisi kimi hazırkı iddiaçı “Yelo Bank’’ ASC-yə istər vergilər, istərsə də məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi üzrə faizləri buna yetərli əsaslar olduğu halda, faktiki hərəkətlərlə hesablaya bilməz, bununla bağlı ayrıca inzibati icraat aparmaqla inzibati akt qəbul edə bilməz. Bu isə onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi inzibati icraatı tələb olunan tərzdə həyata keçirməmişdir.” nəticəsinə gəlinmişdir. Mövcud məsələdə məhkəmə qərarında cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən faiz hesablanarkən “inzibati icraatın tələb olunan tərzdə həyata keçirilməməsi” qeyd edilsə də, məhz cavabdeh tərəfindən hansı inzibati icraatın aparılmaması qeyd edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Vergi Məcəlləsində vergi və ya cari vergi ödəmələrinin vaxtında ödənilməməsinə görə faiz hesablanması ilə əlaqədar hər hansı bir qərarın verilməsi nəzərdə tutulmamışdır. Vergi orqanının bu hesablamalarla əlaqədar hər hansı qanunsuz hərəkəti olmamışdır. Vergi orqanı tərəfindən onun üzərinə düşən vəzifə öhdəlikləri yerinə yetirilmişdir. Məhkəmə qərarının əsaslandırma hissəsində qeyd edilir ki, “Məhkəmə faizlərin hesablanması məsələsinə mahiyyətcə də toxunaraq, diqqətə çəkir ki, müvafiq məhkəmə qətnaməsi üzrə icra sənədinin icrası istiqamətində iddiaçı “Yelo Bank" ASC tərəfindən işçinin ümumilikdə 43.133,98 manat əmək əmək haqqı məbləğindən köçürülən məcburi dövlət sosial söğorta haqqlarının iki il sonra, lakin əvvəlki dövr üzrə dəqiqləşmə (bəyannamə) təqdim etməklə ödənilməsi müvafiq məbləğlərin “gecikdirilməklə ödənilmiş” kimi qiymətləndirilməsinə əsas vermir.". Məhkəmənin bu əsaslarla iddianın təmin edilməsinin də heç bir hüquqi əsası yoxdur. Həmin Məcəllənin 72.5-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Məhkəmənin mövcud mübahisə üzrə “müvafiq məhkəmə qətnaməsinin icrası baxımından iddiaçı tərəfindən işçiyə hesablanmış əmək haqqı məbləğindən köçürülən məcburi dövlət sosial söğorta haqqlarının iki il sonra, lakin əvvəlki dövr üzrə dəqiqləşmə (bəyannamə) təqdim etməklə ödənilməsi müvafiq məbləğlərin “gecikdirilməklə ödənilmiş” kimi qiymətləndirilməsinə əsas vermir” nəticəsinə gəlməsi haqqında bildiririk ki, Vergi Məcəlləsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi iş buraxma müddəti üzrə (əvvəlki dövrlər üzrə) işçiyə hesablanmış və ödənilmiş əmək haqqı məbləğlərinə faiz hesablanmasında hər hansı güzəşt və ya azad olma nəzərdə tutulmamışdır. Məhkəmə qərarında iddianın təmin olunma əsaslarından birində də belə nəticəyə gəlinmişdir ki, iddiaçı tərəfindən işçiyə 43.133,98 manat əmək haqqı məbləği sonrakı dövrdə, yəni 2022-ci ildə ödənilsə də, bu məbləğ ötən 2 illik dövr üzrə hissə-hissə ödənilməli əmək haqqı məbləğlərinin cəmi kimi məhkəmə mübahisəsi həll olunduqdan sonra verilmişdir. Bundan başqa, 43.133,98 manat əmək haqqına münasibətdə köçürülmüş məcburi dövlət sosial sığorta haqqının birdəfəlik 2022-ci ilin hansısa dövrü üzrə köçürülməsinə bəyannamə verilməsi, hesabat tərtib olunması və s. hərəkətlərin AVİS proqramındakı texniki imkanların yol verməsi də müəyyən deyil. Məhkəmənin belə nəticəyə gəlməsinin də heç bir hüquqi əsası yoxdur. Belə ki, mübahisə edilən dövr üzrə dəqiqləşdirilmiş hesabatların AVİS proqram təminatı tərəfindən qəbul edilməməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır və rədd edilməlidir. Belə ki, “Yelo Bank" ASC və X10 arasında 8 iyun 2018-ci il tarixdə bağlanmış 1288 nömrəli müddətli əmək müqaviləsinə əsasən X15 Filial müdiri vəzifəsinə qəbul etmişdir. Əmək müqaviləsinin müddəti altı ay - 11 iyun 2018-ci il tarixdən 11 dekabr 2018-ci il tarixədək müəyyən edilmişdir. Tərəflər qarşılıqlı razılıq ilə 1288 nömrəli 8 iyun 2018-ci il tarixli əmək müqaviləsinin müddətini beş dəfə uzatmışlar. Belə qarşılıqlı razılıqların ifadə olunduğu sonuncu - 30 sentyabr 2019-cu il tarixli 5 nömrəli əlavə ilə əmək müqaviləsinin son müddəti 1 iyul 2020-ci il tarix müəyyən edilmişdir. Rəfail Hacıyev ilə olan müzakirələrdən sonra həmin əmək müqaviləsinə Bank tərəfindən 1 iyul 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam vermiş və bu barədə 1 iyul 2020-ci il tarixli 13/2468 saylı bildirişlə Rəfail Hacıyevə məlumat vermişdir. Bank tərəfindən ona əmək müqaviləsinə xitam verilməsi haqqında 1 iyul 2020-ci il tarixli 128/A nömrəli əmrin surəti, əmək kitabçası təqdim edilmiş, onun son haqq-hesabı bank hesabına köçürülmüşdür. Bundan sonra X10 İddiaçı ASC-yə qarşı əmrin etibarsızlığı, işə bərpa və s. tələblərə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldırmışdır. Nəsimi rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsi ilə iddiaçı Rəfail Hacıyev ilə cavabdeh İddiaçı ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında 1 iyul 2020-ci il tarixli 128/A saylı əmrin və əmrə əsasən 22(X)916 saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, Rəfail Hacıyevin əvvəlki işinə bərpa edilməsi, ona xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, dövlət rüsumu olan 30 manatın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9642/2021 saylı 8 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, X10 ilə cavabdeh İddiaçı ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında 1 iyul 2020-ci il tarixli 128/A saylı əmrinin və əmrə əsasən 22(X)916 saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, X5 əvvəlki işinə bərpa edilməsi, X6 xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi, “Yelo Bank" ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pulun tutularaq X6 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1014/2022 saylı 15 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Bankın verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı 15 mart 2022-ci il tarixədək qanuni qüvvəyə minmədiyinə görə, Rəfail Hacıyevin işdən çıxarılması barədə əmr 1 iyul 2020-ci il tarixdən 15 mart 2022-ci il tarixədək qüvvədə olduğundan və həmin dövrdə Rəfail Hacıyev işə çıxmadığına və məhkəmə prosesi getdiyinə görə ona əmək haqqı ödənilməmiş və təbiidir ki, verilməyən əmək haqqına görə də məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsinə ödənilməmişdir. Qeyd edilən qətnamənin icrası ilə bağlı icra vərəqəsi 4 may 2022-ci il tarixdə Banka daxil olmuşdur. 5 may 2022-ci il tarixdə icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilmiş, X6 43.133,98 manat məbləğində məcburi iş buraxmaya görə əmək haqqı köçürülmüşdür. Göründüyü kimi, icra sənədi üzrə borclu olaraq icra sənədində göstərilən bütün tələblər Bank tərəfindən könüllü icra olunmuşdur. X2 müxtəlif bəhanələr gətirərək üzrsüz olaraq işə çıxmaqdan boyun qaçırmışdır. Yuxarıda qeyd edilən məsələ ilə əlaqədar olaraq 30 avqust 2022-ci il və 31 avqust 2022-ci il tarixlərdə 2020-ci ilin 3 rübündən 2022-ci il 1-ci rübünədək olan dövrü əhatə edən vahid bəyannamənin dəqiqləşmiş hesabatları Bank tərəfindən uçotda olduğu vergi orqanına təqdim edilmişdir. Həmin tarixlər üzrə şəxsi hesab vərəqisində vergi orqanı tərəfindən heç bir qərar qəbul edilmədən, AVİS proqramı vasitəsilə 2.376,91 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə Banka faiz hesablanmış və faizin qeyd edilən tarixlərdəki artıq ödəmələr hesabına avtomatik olaraq silindiyi göstərilmişdir. Halbuki, bu günədək müvafiq vergi orqanı tərəfindən Banka sözügedən faizin nəyə əsasən hesablanması barədə nə qərar təqdim edilmiş, nə də ki, bu barədə xəbərdarlıq göndərilmişdir. Vergi orqanı ilə telefon vasitəsilə əlaqə saxlandıqda iddiaçının nümayəndələrinə bildirilmişdir ki, mdssh vaxtında ödənilmədiyinə görə hər gecikdirilən günə görə onlara Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən 0,1% faiz hesablanmışdır, bu barədə qərar çıxarılmamışdır. Göründüyü kimi, məhkəmə qətnaməsi 15 mart 2022-ci il tarixdə qüvvəyə mindikdən sonra müvafiq icra vərəqəsi 5 may 2022-ci il tarixdə Banka daxil olmuşdur. İddiaçı ASC tərəfindən adıçəkilən şəxsə 43.133,98 manat əmək haqqı köçürülmüş və əmək haqqına müvafiq məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Bundan sonra, İddiaçı ASC 2022-ci ilin avqust ayında 2020-ci ilin 3-cü rübündən 2022-ci ilin 1-ci rübünə qədər olan dövrü əhatə edən vahid bəyannamənin dəqiqləşmiş hesabatlarını uçotda olduğu vergi orqanı kimi hazırki cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə təqdim etmişdir. Bu baxımdan, iddiaçıya Rəfail Hacıyev işə çıxmadığı dövrdə, həmçinin onun əmək müqaviləsinə xitam verilməsi barədə əmr qüvvədə olduğu dövrdə mdssh ödənilməməsinə görə faizlərin hesablanması qanunsuz olmuşdur. Vergi orqanı apellyasiya şikayətində qeyd edir ki, onlara dəqiqləşdirilmiş bəyannamə veriləndən sonra VM-nə əsasən haqlı olaraq faizlər hesablanmışdır, faizlərin hesablanması üçün heç bir inzibati aktın tərtib edilməsi Vergi Məcəlləsinə əsasən tələb olunmur. Apellyasiya şikayətinin bu dəlilləri əsassızdır. Belə ki, R.Hacıyevin xx.xx.2020-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verildiyinə və o, xx.xx.2020-ci il tarixdən sonra işləmədiyinə, işə çıxmadığına, ona əmək haqqı hesablanmamış, ödənilməmişdir. Ödənilməmiş əmək haqqına görə əmək müqaviləsinə xitam verilmiş işçi R.Hacıyevə görə məcburi dövlət sosial sığorta haqqları da "xxxx" ASC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək haqqlı olaraq ödənilməmiş, heç bir vergi qanunvericiliyinin pozuntusuna yol verilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi 2022-ci ilin avqust ayında icra üçün banka təqdim edilmiş, bank tərəfindən dərhal qətnaməyə əsasən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və işçiyə məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. Ona görə də vergi orqanı tərəfindən bu hal məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsinin gecikdirilməsi sayıla bilməz.Yuxarıda qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq, bu nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi kimi hazırkı iddiaçıya istər vergilər, istərsə də, məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi üzrə faizləri buna yetərli əsaslar olduğu halda, faktiki hərəkətlərlə hesablaya bilməz, bununla bağlı ayrıca inzibati icraat aparmaqla inzibati akt qəbul edə bilməz. Bu isə, onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi inzibati icraatı tələb olunan tərzdə həyata keçirməmişdir. Məhkəmə faizlərin hesablanması ilə bağlı isə düzgün olaraq qeyd etmişdir ki, müvafiq məhkəmə qətnaməsi üzrə icra sənədinin icrası istiqamətində İddiaçı ASC tərəfindən işçinin ümumilikdə 43.133,98 manat əmək əmək haqqı məbləğindən köçürülən məcburi dövlət sosial söğorta haqqlarının iki il sonra, lakin əvvəlki dövr üzrə dəqiqləşmə (bəyannamə) təqdim etməklə ödənilməsi müvafiq məbləğlərin “gecikdirilməklə ödənilmiş” kimi qiymətləndirilməsinə əsas vermir. Bu qənaət ondan irəli gəlir ki, İddiaçı ASC tərəfindən işçiyə 43.133,98 manat əmək haqqı məbləği sonrakı dövrdə, yəni 2022-ci ildə ödənilsə də, bu məbləğ ötən 2 illik dövr üzrə hissə-hissə ödənilməli əmək haqqı məbləğlərinin cəmi kimi məhkəmə mübahisəsi həll olunduqdan sonra verilmişdir. Bundan başqa, 43.133,98 manat əmək haqqına münasibətdə köçürülmüş məcburi dövlət sosial sığorta haqqının birdəfəlik 2022-ci ilin hansısa dövrü üzrə köçürülməsinə bəyannamə verilməsi, hesabat tərtib olunması və s. hərəkətlərin AVİS proqramındakı texniki imkanların yol verməsi də müəyyən deyil. Cavabdeh tərəfindən iddiaçıya qanuni qüvvəyə minmiş və barəsində icra sənədi verilmiş müvafiq məhkəmə qətnaməsi əsasında işçiyə əvvəlki dövr üzrə 43.133,98 manat məbləğində əmək haqqının ödənilməsi ilə bağlı məcburi dövlət sosial sığorta haqlarının vaxtında bəyan etməməsi və köçürməməsinə görə faizlərin hesablanması cavabdehin bu faizin hesablanmasına münasibətdə güddüyü qanuni məqsədə mütənasib və qanuni deyil. Göstərilənlərə əsasən iddianı təmin edən Bakı İnzibati Məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv və ya dəyişdirilməsi üçün qanuni əsas yoxdur. Bununla bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X13 və X4 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsi ilə iddiaçı Rəfail Hacıyev ilə cavabdeh İddiaçı ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında 1 iyul 2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, Rəfail Hacıyevin əvvəlki işinə bərpa edilməsi, ona xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, dövlət rüsumu olan 30 manatın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(006)-4149/2020 saylı iş üzrə qətnaməsi iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1014/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9642/2021 saylı 08 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ASC işəgötürən kimi onunla işçi X10 arasındakı əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə 1 iyul 2020-ci il tarixdə xitam verərək, sonuncunu tutduğu vəzifədən azad etmişdir. Bundan sonra məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə X5 işə bərpa edilməsi, ona 1 iyul 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddəidə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi 15 mart 2022-ci il tarixdə qüvvəyə mindikdən sonra müvafiq icra vərəqəsi 5 may 2022-ci il tarixdə Banka daxil olmuşdur. İddiaçı ASC tərəfindən adıçəkilən şəxsə 43.133,98 manat əmək haqqı ödənilmiş və əmək haqqına müvafiq məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Bundan sonra, İddiaçı ASC 2022-ci ilin avqust ayında 2020-ci ilin 3-cü rübündən 2022-ci ilin 1-ci rübünə qəsər olan dövrü əhatə edən vahid bəyannamənin dəqiqləşmiş hesabatlarını uçotda olduğu vergi orqanı kimi hazırkı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə təqdim etmişdir. Cavabdeh hesabatın vaxtında təqdim edilməməsini əsas götürərək, həmin məbləğlərə 2.376,91 manat faiz borcu hesablamışdır. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və həmin borcun silinməsini tələb edir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu: 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC tərəfindən işçiyə 43.133,98 manat əmək haqqı məbləği sonrakı dövrdə, yəni 2022-ci ildə ödənilsə də, bu məbləğ ötən 2 illik dövr üzrə hissə-hissə ödənilməli əmək haqqı məbləğlərinin cəmi kimi məhkəmə mübahisəsi həll olunduqdan sonra icra sənədinə əsasən verilmişdir. Bu səbəbdən də müvafiq məhkəmə qətnaməsi üzrə icra sənədinin icrası istiqamətində İddiaçı ASC tərəfindən işçinin ümumilikdə 43.133,98 manat əmək əmək haqqı məbləğindən köçürülən məcburi dövlət sosial söğorta haqqlarının iki il sonra, lakin əvvəlki dövr üzrə dəqiqləşmə (bəyannamə) təqdim etməklə ödənilməsi müvafiq məbləğlərin “gecikdirilməklə ödənilmiş” kimi qiymətləndirilməsinə əsas vermir. Ona görə də cavabdeh tərəfindən iddiaçıya qanuni qüvvəyə minmiş və barəsində icra sənədi verilmiş müvafiq məhkəmə qətnaməsi əsasında işçiyə əvvəlki dövr üzrə 43.133,98 manat məbləğində əmək haqqı ödənilməsi ilə bağlı məcburi dövlət sosial sığorta haqlarını vaxtında bəyan etməməsi və köçürməməsinə görə fazilərin hesablanması qanunvericiliyin tələblərinə zidd hesab edilməli və həmin faiz borcu silinməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qeyd olunan 43.133,98 manat əmək haqqına münasibətdə köçürülmüş məcburi dövlət sosial sığorta haqqının birdəfəlik 2022-ci ilin hansısa dövrü üzrə köçürülməsinə bəyannamə verilməsi, hesabat tərtib olunması və s. hərəkətlərin AVİS proqramındakı texniki imkanların yol verməsi də müəyyən deyil və cavabdeh inzibati orqan apellyasiya şikayətində buna toxunsa da, apellyasiya baxışı zamanı da bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4183/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.