Məhkəmə qərarları › İş №2-1(103)-3043/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3043/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3043/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqları qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8408/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Bakı Sumqayıt yolunun sağ hissəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1968 saylı və xx.xx.2002-ci il tarixli, 34 saylı sərəncamları əsasında fərdi ev tikintisi məqsədilə ayrılmış 1000 (bir min) kv. metr torpaq sahəsinin və 2002-ci il tarixdən tikib ailə üzvləri ilə birlikdə yaşadıqları təsdiq olunmuş eskiz layihəsi əsasında fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 1968 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı-Sumqayıt yolunun sağ hissəsində, “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında X1 ayrılmış 1500 kv. metr torpaq sahəsinin 1000 kv. metr hissəsinin fərdi yaşayış evinin tikintisi üçün notarial qaydada təsdiq edilmiş qarşılıqlı razılığa əsasən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 34 saylı sərəncamı əsasında İddiaçı adına keçirilmişdir, həmin tarixdən etibarən ailəsinin yaşayışı üçün qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir, sərəncamın və eskiz planının notarial təsdiqli surətləri ərizəsinə əlavə olunmuşdur. Torpaq sahəsi yerləşən ərazidəki tikililərin hamısı fərdi yaşayış evləridir. Həmin ərazidə digər fəaliyyət növü ilə tikinti yoxdur. Qeyd edilən torpaq sahəsinin ayrılmasına dair sərəncam 2000-ci il tarixdə verilmişdir, həmin torpaq sahəsinin 1000 kv. metri qarşılıqlı notarial razılığa əsasən 2002-ci il tarixdə onun adına keçirilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun sağ hissəsində, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1968 saylı və xx.xx.2002-ci il tarixli, 34 saylı sərəncamları əsasında fərdi ev tikintisi məqsədilə ayrılmış, faktiki ölçüsü 867 kv. metr olan torpaq sahəsinin dövlət qeydiyyatına alınması, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin kadastrının verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Binəqədi rayon İHB-nın 34 saylı, xx.xx.2002-ci il tarixli torpaq sahəsinin müraciətçinin adına ayrılması barədə sərəncamı təqdim edilmişdir. Belə ki, 2001-ci il tarixli yanvarın 1dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Bununla yanaşı fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Sözügedən daşınmaz əmlaka xx.xx.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1000 kv. metr olsa da, faktiki 867 kv. metr təşkil edir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri və perimetrik ölçülər qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8408/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə dair etiraza uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuşdur. Binəqədi rayon İHB-nın 34 saylı, xx.xx.2002-ci il tarixli torpaq sahəsinin iddiaçının adına ayrılması barədə sərəncamı təqdim edilmişdir. Belə ki, 2001-ci il tarixli yanvarın 1-dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliylə müəyyən edilmiş qaydada satılır. Bununla yanaşı fərdi yaşayış evinə və torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsiııdə və Azərbaycaıı Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasımn Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş hüquqmwəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri və perimetrik ölçülər qeyd olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş Sərəncamda AR Bakı Şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli vətəndaş F.C.Xəlilova Bakt- Sumqayıt yolunun sağ hissəsində, "ZAZ" avtotəmir müəsisəsinin yaxınlığında məişət, xidməti və iaşə obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə, xx.xx.2002-ci il tarixli Sərəncamda isə BRİHB-nın 1968 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə vətəndaş X1 Bakı-Sumqayıt yolunun sağ hissəsində, "ZAZ" avtotəmir müəsisəsinin yaxınlığında ayrılmış 1500 kv.m torpaq sahəsinin 1000 kv.m hissəsinin fərdi yaşayış evinin tikintisi üçün, vətəndaş İddiaçı adına keçirilməsi barədə olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “vətəndaş F.C.Xəlilova Bakı-Sumqayıt yolunun sağ hissəsində “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında məişət və iaşə obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.2000-ci il tarixli 1968 saylı sərəncamı ilə X1 Bakı-Sumqayıt yolunun sağ hissəsində, “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında məişət və iaşə obyektinin tikintisi üçün 1500,0 kv. metr torpaq sahəsi ayrılmış və ona torpaq sahəsinin cizgisi tərtib olunmaqla, təqdim olunmuşdur. X3 xx.xx.2002-ci il tarixdə ərizə ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1968 saylı sərəncamı ilə ona ayrılmış 1500 kv. metr torpaq sahəsindən 1000 kv. metr hissəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı ərizə ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək, “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında yerləşən torpaq sahəsinin 1000 kv. metrinin fərdi yaşayış evinin tikintisi üçün onun adına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “BRİHB-nın 1968 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə vət. F.C.Xəlilova Bakı-Sumqayıt yolunun sag hissəsində, “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında ayrılmış 1500,0 kv. metr torpaq sahəsinin 1000,0 kv. metr hissəsinin fərdi yaşayış evinin tikintisi üçün vət. İddiaçı adına keçirilməsi barədə” xx.xx.2002-ci il tarixli 34 nömrəli sərəncamı ilə Binəqədi rayon cra Hakimiyyəti Başçısının 1968 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı- Sumqayıt yolunun sağ hissəsində, “ZAZ” avtotəmir müəssisəsinin yaxınlığında vətəndaş X1 ayrılmış 1500.0 kv. metr torpaq sahəsinin 1000,0 kv. metr hissəsinin fərdi yaşayış evinin tikintisi üçün vət. İddiaçı adına keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı adına mübahisəli torpaq sahəsinin cizgisi tərtib olunmaqla, təqdim olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavab məktubu ilə müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, torpaq sahəsinin müraciətçinin adına ayrılması barədə Binəqədi rayon İHB-nın sərəncamı xx.xx.2002-ci il tarixlidir. İcra hakimiyyəti həmin tarixdə torpaq sahəsini ayırmağa səlahiyyətli olmamışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının qanunsuz və əsassız olması, formal mülahizələrə əsaslanması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar nəzərdə tutulmuşdur (bənd 2.7) ] “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanununun 8.0-cı, 8.0.1-ci maddələrinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqmüəyyən edici sənəd hesab edilir. Həmin Qanunun 10.2.1-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Apellyasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Mübahisəli torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ilkin olaraq 2001-ci il yanvarın 1-dən əvvəl, yəni xx.xx.2000-ci il tarixdə ayrılmış və xx.xx.2002-ci il tarixdə yalnız həm ilkin istifadəçinin, həm də hazırki iddiaçının ərizələri və qarşılıqlı razılaşmaları nəzərə alınmaqla həmin torpaq sahəsinin bir hissəsi (1.000 kv. metr) İddiaçı adına keçirilmiş, yerləşmə cizgisi tərtib edilmişdir. Cavabdeh inzibati orqan hazırki iddiaçının sahiblik və istifadəsində olan torpaq sahəsinin Binəqədi rayon İHB tərəfindən xx.xx.2000-ci il tarixdə ayrılmış torpaq sahəsindən kənarda yerləşməsi barədə hər hansı dəlil, sübut təqdim etmir. Göründüyü kimi, inzibati orqan öz səlahiyyətləri çərçivəsində torpaq sahəsi ayırmış və həmin vaxtilə ayrılmış torpaq sahəsinin tərkibindən bir hissəsini qarşılıqlı razılıq əsasında hazırki iddiaçının adına keçirmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmamışdır, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim edilmiş, həmin inzibati aktlar ləğv edilməmiş, geri çağrılmamış, qüvvədən düşməmiş, etibarsız hesab edilməmişdir, iddiaçı torpaq sahəsi onun istifadəsinə və sahibliyinə verilən andan torpaq sahəsindən təyinatına uyğun mütəmadi olaraq mübahisəsiz istifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8408/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar