Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3044/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3197/2024 saylı, 07 may 2024-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun - yəni, İddiaçı 18 yaşına çatanadək əlilliyinin olmasının müəyyən edilməklə, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, birinci səhifədə iddia ərizəsi sözündən sonra və üçüncü səhifədə “xahiş edirəm” hissəsində qeyd edilmiş “18 yaşına çatanadək əlilliyin olmasının müəyyən edilməklə” hissəsini iddia tələbindən çıxarılmaqla iddia tələbinə qalan hissədə baxılması və həmin hissədə təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci ildə Laçın rayonunda doğulmuşdur. Uşaq vaxtından anadan gəlmə əlilliyi müəyyən edilərək, ona müavinət təyin edilmişdir. 18 yaşı tamam olanadək həmin müavinət valideynləri tərəfindən qəbul edilmişdir. xx.xx.1992-ci ildə HƏEK-nın rəyi ilə onun sol bud çanaq oynağının anadangəlmə çıxığı diaqnozu ilə əmək qabilliyyətsiz olmağı təsdiq edilməklə, ikinci qrup əlillik təyin edilmişdir. O, 18 yaşınadək və ondan sonrakı dövr ərzində valideynlərinin sağlığında onların himayəsində yaşamışdır. xx.xx.2013-cü il tarixdə orqanizmin funksiyasının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən isə təyin edilmiş sosial müavinət 220 manat təyin edilmişdir. X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bundan sonra da o, anası X6 ilə birlikdə onun himayəsində yaşamışdır. Anası isə xx.xx.2023-cü il tarixdə ölmüşdür. Anasının ölümündən sonra o, zəruri sənədləri təqdim etməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzinə müraciət edərək anasının pensiyasının ona təyin edilməsini xahiş etmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. 18 yaşına çatanadək əlilliyinin müəyyən edilməsi barədə Tibbi-sosial ekspert komissiyasının müvafiq arayışını təqdim etməklə təkrar müraciət əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah olunmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən müraciətinə verilmiş imtina qanunsuz və əsassızdır. Belə ki, onun müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən baxılaraq sosial müavinət ödənişinə dair sənədlərinin içərisindən tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışların surəti xx.xx.2023-cü il tarixli 3-17-1/2-v-172921/2023 saylı məktubla 4 vərəqdən ibarət olmaqla ona göndərilmişdir. O, da həmin sənədləri cavabdehə təqdim etmişdir. xx.xx.1992-ci il tarixli Tibbi-sosial ekspert komissiyasının həmin müayinə aktlarında da əlilliyinin səbəbi kimi “Sol bud çanaq oynağının anadan gəlmə çıxığı” diaqnozu təsdiq edilmişdir. Həmin əsasla da ona 18 yaşınadək müavinət təyin edilmişdir. Müayinə aktlarından da göründüyü kimi davamı olaraq 1992-ci ildə də ona həmin diaqnoz əsasında ikinci qrup əlillik təyin edilməklə əlilliyin səbəbinin anadan gəlmə olması qeyd edilmişdir. Göründüyü kimi həmin müayinə aktlarının özü ilə onun uşaqlıqdan əlil olmağı bir daha təsdiq olunur. Əgər onun əlilliyinin səbəbi anadan gəlmə olması təsdiq edilirsə ona 18 yaşınadək müavinətin təyin edilməməsi qeyri-mümkündür. Məlum hadisələrlə əlaqadar həmin dövrün arxiv sənədlərini əldə etmək mümkün deyildir. 18 yaşınadək ona təyin edilmiş müavinət həmişə valideynlərinə verilmişdir. Bu halı çoxsaylı şahidlər də təsdiq edə bilər. Hazırda ona təyin edilmiş 220 manat sosial müavinət anasının aldığı əmək pensiyasından az olduğu üçün anasının pensiyasının ona təyin edilməsini istəyir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial Ödənişlərlə Təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının anası X2 xx.xx.2013-cü il tarixli 36 nömrəli qərar ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. X6 xx.xx.2023-cü il tarixdə öldüyündən İddiaçı mərhum anasının əmək pensiyasının ona ödənilməsini tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. İddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən (əlillik dərəcəsi xx.xx.1992-ci il tarixdən müəyyən edildiyindən) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3197/2024 saylı, 07 may 2024-cü il il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3197/2024 saylı, 07 may 2024-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; İddiaçı xx xxxxxx 1971-ci ildə Laçın rayonunda doğulmuşdur, X4, anası X3r. Ağdam rayonlararası TSEK-in BTЭ-seriyalı 025174 №-li “Əlilliyin qiymətləndirilməsinə dair aktdan çıxarış”a əsasən İddiaçı xx.xx.1992-ci il tarixdə təkrar şəhadətləndirilmiş, ona ikinci qrup əlillik təyin olunmuş və əlilliyin səbəbi “Uşaqlıqdan” göstərilmişdir. İddiaçıya xx.xx.2013-cü ildən müddətsiz İİ dərəcə əlilliyə görə müavinət təyin olunmuşdur. İddiaçının anası X2 04 fevral 2013-cü il tarixli qərarla yaşa görə əmək pensiyası təyin olunmuşdur və sonuncu xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona ailə başçısını itirməyə görə pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 29 sentyabr 2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, təqdim etdiyi Сер ВТЭ-2 № 025174 saylı müayinə aktından çıxarışa əsasən əlilliyi xx.xx.1992-ci il tarixində (18 yaşından sonra) müəyyən edildiyi üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumatlara əsasən bildirilmişdir ki, ona xx.xx.2013cü il tarixindən orqanizmin funksiyalarının 61-80 faiz, pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsini xahiş etmiş, lakin cavabdeh İddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmədiyindən (əlillik dərəcəsi xx.xx.1992-ci il tarixdən müəyyən edildiyindən) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi barədə xahişini təmin etməmişdir. Halbuki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1971-ci il təvəllüdlü olmaqla, onun 18 yaşı xx.xx.1989-cu il tarixdə tamam olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya əlilliyin təyin olunması ilə bağlı arxiv sənədlərinə (surət) əlavə olunmuş Ağdam rayonlararası TSEK-in BTЭ-seriyalı 025174 №li “Əlilliyin qiymətləndirilməsinə dair aktdan çıxarış”dan müəyyən olunur ki, İddiaçı xx.xx.1992-ci il tarixdə təkrar şəhadətləndirilmiş, ona ikinci qrup əlillik təyin olunmuş və əlilliyin səbəbi “Uşaqlıqdan” göstərilmişdir. İddiaçının 18 yaşının xx.xx.1989-cu il tarixdə tamamlandığını və onun xx.xx.1992-ci il tarixdə məhz “təkrar” şəhadətləndirildiyini və əlilliyin səbəbinin “Uşaqlıqdan” olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 18 yaşınadək əlilliyinin müəyyən olunmasına dair sənədlərin cavabdeh orqanda olmaması əsası ilə sonuncunun 18 yaşınadək əlilliyinin müəyyən olunmamasına dair cavabdeh orqanın dəlilləri əsaslı hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən də iddiaçının əlilliyi öncə “ilkin” qiymətləndirilməli idi ki, daha sonra əlilliyin “təkrar” qiymətləndirilməsi aparılsın. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2.-ci maddəsinin təhlili onu göstərir ki, 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün onun 18 yaşına çatanadək əlilliyi müəyyən olunmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavə - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının Qərarında əlilliyin ilkin və ya təkrar olmasının qeyd olunması nəzərdə tutulmuşdur (bənd 4.2). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Əmək pensiyası təminatı hüququ. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: ... 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəb və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. Əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi. 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğundan, onun vəfat etmiş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Kollegiya qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə təcrübəsini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3197/2024 saylı, 07 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3197/2024 saylı, 07 may 2024-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3044/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3044/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver