Məhkəmə qərarları › İş №2-1(103)-3045/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3045/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3045/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ( hazırki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2018/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə 0,11814 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələb edilən torpaq sahəsi uzun illərdir ki, onun istifadəsindədir. Müvafiq hüquqmüəyyənedici sənədə əsasən hüquqların dövlət qeydiyyatına alınması barədə müraciət edilmiş, müraciət heç bir əsaslı səbəb olmadan təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, BA01362- 2021 saylı məktubunda qeyd olunur ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 1179 saylı Sərəncamının arxivdə saxlanılan nüsxəsində vətəndaş X3 torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Bundan əlavə, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-cü il tarixli, 1237 saylı sərəncamında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki ölçüsünun 0.11814 ha olduğu məlum olmuşdur. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2018/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanında yerləşən 0,11814 ha torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və plan ölçünün verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 1179 saylı Sərəncamının arxivdə saxlanılan nüsxəsində vətəndaş X3 torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Bundan əlavə, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-cü il tarixli, 1237 saylı sərəncamında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki ölçüsünun 0.11814 ha olduğu məlum olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, məhkəmə qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-3045/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Qaradağ rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3045/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə X2 və Qaradağ rayon İcra Hakimiyyətinin iş üzrə üçüncü şəxs qismində statusları ləğv edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: - 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:

1. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 1179 saylı Sərəncamının arxivdə saxlanılan nüsxəsində vətəndaş X3 torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur.

2. Sərəncamda ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur.

3. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki ölçüsünun 0.11814 ha olduğu məlum olmuşdur.

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək diqqətə çatdırır ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1237 nömrəli Sərəncamına əsasən Qaradağ RİH Başçısının xx.xx.1993-cü il tarixli 1179 nömrəli sərəncamı ilə Sahil qəsəbəsi, Bakı prospekti, 27 saylı evin 3-cü mənzilində yaşayış X3 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən ayrılmış torpaq sahəsi etibarsız hesab edilmiş, həmin torpaq sahəsi İddiaçı verilmişdir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsinin ayrılması müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında həyata keçirilmişdir ki, həmin sərəncam da hüquqmüəyyənedici sənəd qismində çıxış edir və qüvvədə olduğu görünür. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Sözügedən sərəncam arxivdə mövcuddur və hazırda qüvvədə olmaqla ləğv edilməmişdir. Lakin cavabdeh, hazırda qüvvədə olan sərəncamı nəzərə almadan, torpaq sahəsinin ayrılması barədə istinad olunan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993cü il tarixli, 1179 nömrəli sərəncamının aşkar olunmadığını əsas gətirərək, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Halbuki, torpaq sahəsinin əvvəllər X3 ayrılmasına dair hər hansı sərəncamın mövcudluğunun bu mərhələdə müəyyən olunmaması, hüquqi baxımdan iddiaçının ziyanına qiymətləndirilə bilməz. Belə ki, yerli icra hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamı ilə əvvəlki sərəncam qüvvədən düşmüş və həmin torpaq sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı uzun müddət ərzində bu sərəncama əsaslanaraq hüquqi etimad formalaşdırmışdır və belə olan halda, sərəncamda istinad edilən əvvəlki aktın müəyyən edilməməsi, iddiaçının hüquqlarının tanınmaması üçün əsas ola bilməz. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi yerli icra hakimiyyətinin sərəncamı əsasında iddiaçıya ayrılmış, eyni zamanda sərəncamın icrası həyata keçirilmiş və torpaq sahəsinin naturada yeri müəyyən edilməklə, bununla bağlı yerləşmə cizgisi verilmişdir. Belə ki, yerləşmə cizgisinə əsasən həmin cizgi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1237 nömrəli Sərəncamına əsasən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsində ayrılmış torpaq sahəsinə münasibətdə tərtib olunmuşdur. Həmçinin, apellyasiya araşdırması zamanı Qaradağ rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya əsasən təqdim edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 04 noyabr 1998-ci il tarixli, 1237 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsindən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2-1(112)-7394/2021 nömrəli Qərarına əsasən vətəndaşa təqdim edildiyi, bununla bağlı Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə 20 iyul 2022-ci il tarixli məktub göndərildiyi, həmçinin Q.Abdullayevin Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışdığı səlahiyyətli şəxs olduğu qeyd edilmişdir. Bununla yanaşı Sərəncamda torpaq sahəsinin ölçülərinin göstərilməməsi, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq təşkil etməsi, torpaq sahəsinin ölçüsünün 0,11814 ha olması ilə bağlı cavabdehin imtinasına münasibətdə kollegiya diqqətə çatdırır ki, hal-hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən olunmur. Eyni zamanda qeyd olunmalıdır ki, torpaq sahəsinin ölçüsü sərəncamda göstərilməsə də, yerləşmə cizgisində torpaq sahəsinin eni 20 metr, uzunluğu isə 60 metr olaraq göstərilmişdir ki, bu da sadə riyazi hesablama ilə torpaq sahəsinin 0,12 ha olduğunu ortaya qoyur. İddiaçı isə həmin sahənin tam 0,12 ha deyil, 0,11814 ha hissəsinə dair hüquqlarının qeydiyyata alınmasını tələb edir ki, bu da cavabdehin imtina üçün irəli sürdüyü əsası hüquqi qüvvədən salır. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, inzibati işin araşdırılmış hallarından göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2018/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar