Məhkəmə qərarları › İş №2-1(103)-3046/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3046/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3046/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X2 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs) qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1909/2022 saylı, 17 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, qeyri-yaşayış binası üzərində hüquqlar qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1909/2022 saylı, 17 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan (Nərimanov rayonu, Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən) qeyri-yaşayış binası dəmir konstruksiyalı daşınar əmlak olduğu üçün iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Həmçinin, əlavə edilmiş sənədlərə münasibətdə bildiririk ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər-torpaq sahəsinə dair sənəd, tikintiyə icazə təqdim edilməmişdir. Həmçinin istismara icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməlidir. Bundan əlavə, təqdim edilən layihə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılışdırılmamışdır. Sözügedən əmlak ümumi istifadədə olan ərazidə yerləşir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşdə olan: - Bakı şəhəri Nərimanov RİH-in 27 oktyabr 2016-cı il tarixli 353 nömrəli sərəncamı ilə Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə vətəndaş X3 adına sənədləşdirilməsinə icazə verilmişdir. - Bakı şəhəri Nərimanov RİH Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən tikinti obyektinin istismarına 7 fevral 2017-ci il tarixdə 08 nömrəli icazə vermişdir. - Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC-nin tərtib etdiyi layihə Bakı şəhəri RİH (qurumun memarı) tərəfindən təsdiq edilmişdir. - Bakı şəhəri Nərimanov RİH-in 5 aprel 2021-ci il tarixli sərəncamı ilə Nərimanov RİHin 27 oktyabr 2016-cı il tarixli 353 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmiş, Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı qeyd edilən sərəncama uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən qeyriyaşayış binası üzərində hüquqlar qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulmasını tələb edir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə görə, Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.19. yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnaməyə görə, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Cavabdeh apelyasiya şikayətində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtinasının birinci dəlili olaraq qeyd edilmişdir ki, qeyri-yaşayış binası dəmir konstruksiyalı daşınar əmlak olduğu üçün iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “Müvafiq ünvanda yerləşən və hazırkı mübahisənin obyekti olan əmlak daşınar əmlak sayıla bilməz. Çünki, onun müəyyən hissələrinin dəmir konstruksiyadan ibarət olması daşınar əmlak olmasını şərtləndirmir, torpaqla möhkəm bağlılığını təkzib edən hər hansı xüsusat (şəkil, akt və ya digər sənəd) isə, məhkəmə icraatında tədqiq edilməmişdir. Layihə və istismara icazə sənədlərinin mövcudluğu isə, əmlakın məhz “tikinti obyekti” olmasını və daşınmaz xassəliliyini təsdiqləyir.” AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya bildirir ki, məhkəmə işin faktiki hallarına dair ətraflı araşdırma aparmadan, lazımi sübutları toplamadan mübahisəli əmlakın daşınmaz olması nəticəsinə gəlmişdir. Apelyasiya baxışı zamanı iş üzrə tərəflərdən mübahisəli əmlakın real quruluşunu əks etdirən fotoşəkillərin məhkəməyə təqdim edilməsi tələb edilmiş, həmin fotoşəkillərə baxış keçirilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinin əksinə, kollegiya hesab edir ki, tərəflərin izahatalarından, təqdim edilən fotoşəkillərdən, həmçinin işin digər faktiki hallarından mübahisəli əmlakın torpaqla möhkəm bağlılığını təsdiq edən hər hansı dəlil müəyyən edilməmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən iddiaçı tərəf özü izahatında tikilinin müasir tipli yüngül konstruksiya olmasını bildirmiş, lakin torpağa bərkidilmiş olduğundan daşınmaz əmlak hesab edilməli olduğunu qeyd etmişdir. Cavabdeh şikayətinində imtinasının ikinci dəlili olaraq qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmiş, mövqeyini onunla əsaslandırmışdır ki, istismara icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməli, təqdim edilən layihə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmamışdır. Cavabdehin dəlili ilə razılaşan kollegiya aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair – (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki iş üzrə mübahisəli qeyri-yaşayış sahəsinin qeydiyyata alınması üçün hüquqmüəyyən edici sənədlər qismində 4138 saylı, xx.xx.2022-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsi, Bakı şəhəri Nərimanov RİH-in 27 oktyabr 2016-cı il tarixli 353 nömrəli sərəncamı və Bakı şəhəri Nərimanov RİH tərəfindən verilmiş 7 fevral 2017-ci il tarixdə 08 nömrəli istismara icazəni təqdim etmişdir. AR Şəhərsalma və və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 102.2-ci maddəsinə əsasən Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı»nın təsdiq edilməsi haqqında 16 sentyabr 2008-ci il tarixli, 214 №li Qərarına əsasən, istismara yararsız olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı iqtisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunur: İ yüksək məsuliyyət səviyyəli; İİ normal məsuliyyət səviyyəli; İİİ aşağı məsuliyyət səviyyəli. - İİ normal məsuliyyət səviyyəli bina və qurğular: 1. İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular; 2. Yaşayış evləri (12 metr hündürlüyədək* yaşayış evləri istisna olmaqla); 3. Təhsil və səhiyyə obyektləri; 4. Mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər; 5. İstehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular ... Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012- ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnaməsinə əsasən yerli ira hakimiyyəti başçılarının aşağıdakı ümumi səlahiyyətləri müəyyən edilmişdir. ... 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; ... 4.18.2-ci bəndində nəzərdə tutulur ki, bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən Əsasnaməni qərarında qeyd etsə də, normaların tələblərini işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi tikilinin Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilən təsnifata uyğun olaraq ikinci məsuliyyət dərəcəli qurğulara aid olması müəyyən edilir. Qanunvericilikdə isə «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.18.2-ci bəndinə əsasən isə İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərindən istisna edilmişdir. Hazırki işin faktiki hallarından isə görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin istismarına icazə səlahiyyəti qanunvericiliklə istisna edilən şəhər rayon icra hakimiyyəti - Nərimanov RİH başçısı tərəfindən verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinə dair icarə müqaviləsinə münasibətdə isə kollegiya hesab edir ki, icarə müqaviləsi iddiaçının cavabdeh orqana ilkin müraciətindən (xx.xx.2021-ci il) sonra xx.xx.2022-ci il tarixdə bağlanıldığından cavabdeh orqana torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Hazırda isə mübahisəli qeyri-yaşayış sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərdən yalnız birinin mövcudluğu iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;... Beləlikllə qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, İddiaçı tərəfindən adına qeydə alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə konkret dairəsi müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda sadalanan xüsusatları nəzərə alınmadığından və mübahisə üzrə tətbiq edilməli olan maddi hüuquq normalarının tələbləri düzgün tətbiq edilmədiyindən yekunda AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1909/2022 saylı, 17 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs) qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının Nərimanov rayonu, Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Rəşid Səmədov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar