Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3047/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya işlədiyi müddət sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2042/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Tanrıqulular kəndində (Qələbə Kolxozunda) 1972, 1973, 1974, 1975, 1977, 1978, 1979-cu illər üzrə işlədiyi illəri əmək stajı olaraq, sığorta stajı kimi qiymətləndirilməsi, qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinə ərizə təqdim etmiş və iş üzrə cavabdehin DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh dəyişdirilmişdir. Şəki İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh orqana müraciət etmiş və «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya təminatının olduğunu bu orqana əmək stajını müəyyən edərək sənədlərlə birlikdə rəsmən təqdim etmişdir. Cavabdeh orqan tərəfindən 3 iyun 2021-ci il tarixdə elektron sistem vasitəsi ilə qurumun rəhbəri tərəfindən ona rəsmi olaraq bildirilmişdir ki, əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 21 il 9 ay olmuş, bu müddət 25 ildən az olduğundan ona yaşa görə əmək pensiyası təyinatının mümkün olmadığı bildirilmişdir. İddiaçının təqdim etdiyi arxiv sənədlərinə münasibətdə isə bildirilir ki, Azərbaycan Respublikası Dövlət X2 21 yanvar 2021-ci il tarixli 8 saylı arxiv arayışındakı rəqəmlər məhkəmə qaydasında təsdiqləndikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxılması mümkündür. İddiaçı cavabdeh orqana arxiv arayışını təqdim etmişdir. Hazırda təqdim edilən X6 Filialı tərəfindən verilmiş 08/10 saylı 21 yanvar 2021-ci ıl tarixli arxiv arayışında bildirilir ki, Yevlax rayon Tanrıqulular kənd Qələbə Kolxozunun 1972, 1975, 1977, 1979cu illər şəxsi heyyətinə dair sənəd materiallarına əsasən onun (iddiaçının) təsərrüfatda işləyərək aşağıda göstərdən miqdarda adam günü və əmək haqqım müəyyən edən cədvəldə işlədiyi illər və günlər müəyyən edilmişdir: 1972-ci il – adam günü 172, əmək haqqı 431,52, 1973-cü il – adam günü 352, əmək haqqı 1.014,76, 1974-cü il – adam günü 302, əmək haqqı 825, 1975-ci il – adam günü 119, əmək haqqı 489, 1977-cı il – adam günü 122, əmək haqqı 761, 1978-ci il – adam günü 339, əmək haqqı 1.862, 1979-cu il – adam günü, əmək haqqı 1.359. İddiaçı 1972 – 1975-ci illərdə, həmçinin 1977 – 1979-cu illərdə 7 il Qələbə Kolxozunda işləmişdir. Qeyd olunan halların əmək kitabçasında əks olunmaması həmin dövr üçün xarakterik cəhət olmuşdur. İddiaçı işləsə də, əmək stajı əmək kitabçasında qeyd edilməmişdir. Sonradan iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının Yevlax rayonu, Tanrıqulular kəndi Qələbə kolxozunda işlədiyi dövr sığorta stajına daxil edilməklə ona 65 yaşı tamam olduğu 15 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində 1972 – 1975-ci və 1977 – 1979-cu illərdə Yevlax rayonunun Tanrıqulular kəndində Qələbə kolxozunda işlədiyini iddia edir. İşə tam, hərtərəfli və obyektiv baxılması məqsədi ilə DSMF tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 19 aprel 2022-ci il tarixli **********2 nömrəli sorğu verilmişdir. İddiaçının göstərilən illər üzrə işləməsi faktı əmək kitabçasında qeyd edilməmişdir. Ona 15 aprel 2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajının və pensiya kapitalının tamamlanmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşda – 15 aprel 2021-ci il tarixdə yaranır. Bunun üçün isə, Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İddiaçı 1 yanvar 2006-cı il tarixədək sosial sığorta stajı 21 il 9 ay olmaqla tələb edilən sosial sığorta stajından (25 il) azdır. İddiaçı fərdi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, iddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə ahnmış pensiya kapitalı olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2042/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, iddiaçının 1972-1975 və 1977-1979-cu illərdə Yevlax rayon Tanrıqulular kəndi Qələbə kolxozunda işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əməkpensiyasıhüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin cavabdeh orqan tərəfindən mübahisələndirilməyən halı iddiaçının 21 il 9 ay sığorta stajına malik olmasıdır. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçının Yevlax rayonunun Tanrıqulular kəndində Qələbə kolxozunda işlədiyini iddia etdiyi 1972 – 1975-ci və 1977 – 1979-cu illər arasında dövrün əmək kitabçasında qeyd edilməməsi əsası ilə staja daxil edilməməsi ilə bağlıdır. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı arxiv arayışının mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, “İnzibati icraat haqqında” qanunun tələbinə görə, təqdim edilmiş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X2 21 yanvar 2021-ci il tarixli arayışında bildirilmişdir ki, Dövlət arxivində mühafizə olunan Yevlax rayonu Tanrıqulular kəndi Qələbə kolxozunun 1972 – 1975, 1977 – 1979-cu illər şəxsi heyətə dair sənəd materiallaarına əsasən İddiaçı təsərrüfatda işləyərək aşağıda göstərilən miqdarda adam günü və əmək haqqı qazanmışdır: 1972-ci il – adam günü 172, əmək haqqı 431,52, 1973cü il – adam günü 352, əmək haqqı 1.014,76, 1974-cü il – adam günü 302, əmək haqqı 825, 1975-ci il – adam günü 119, əmək haqqı 489, 1977-cı il – adam günü 122, əmək haqqı 761, 1978-ci il – adam günü 339, əmək haqqı 1.862, 1979-cu il – adam günü, əmək haqqı 1.359. Həmçinin, Azərbaycan Respublikası Dövlət X2 məhkəməyə ünvanlanmış 2 mart 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Yevlax rayonu Tanrıqulular kəndi Qələbə kolxozunda 1972 – 1975, 1977 – 1979-cu illər üçün qadınlarda adam günü 180 gündən, kişilər üçün adam günü 240 gündən hesablanır. Göründüyü kimi, İddiaçı 1972 – 1975, 1977 – 1979-cu illərdə Yevlax rayonu Tanrıqulular kəndi Qələbə kolxozunda işləməsini təsdiq edən arxiv arayışı mövcuddur. Cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla iddiaçının təqdim etdiyi həmin arxiv arayışındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda həmin arayışdakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Belə olan halda, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X2 21 yanvar 2021-ci il tarixli arxiv arayışı mötəbər sübut hesab olunur. Beləliklə, adıçəkilən kolxozda kişilər üçün 1972 – 1975, 1977 – 1979-cu illərdə illər üzrə minimum adam günü norması 240 adam günü olmuş, iddiaçı 1973-cü ildə 352 adam günü, 1974-cü ildə 302 adam günü, 1978-ci ildə 339 adam günü, 1979-cu ildə 325 adam günü işləməklə tələb olunan minimum adam günü normasını işlədiyindən həmin illər (4 il) iddiaçının iş stajına tam il olaraq hesablanmalıdır. 1972-ci ildə 172 adam günü, 1975cı ildə 119 adam günü, 1977ci ildə 122 adam günü işləməklə minimum əmək iştirakı norması ödənilmədiyindən həmin illər iş stajına tam il kimi deyil, yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1972-ci ildə faktiki işlədiyi müddət 08 ay 06 gün (172x12/240=8,6), 1975-cı ildə faktiki işlədiyi müddət 5 ay 10 gün (119x12/240=5,95), 1977-ci ildə faktiki işlədiyi müddət 6 ay 1 gün (122x12/240=6,1) müəyyən edilir. Bundan başqa, iş materiallarında olan İddiaçı məxsus AЗE seriyalı 002314 nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 01 mart 1980-ci il tarixdən 01 aprel 1996-cı il tarixədək Mingəçevir şəhər Əhaliyə məişət xidməti idarəsində sürücü vəzifəsində işləmiş, 02 sentyabr 1996-cı il tarixdə Mingəçevir SES TQS-yə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 04 aprel 1998-ci il tarixdə ixtisas dərəcəsi artırılmaqla 4-cü dərəcəli çilingər vəzifəsində keçirilmiş, 01 may 2000-ci il tarixdə işdən azad olunmuşdur. İddiaçı məxsus HЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 1975- 1977-ci illərdə hərbi xidmətdə olmuşdur. Beləliklə, iddiaçının hərbi xidmət dövrü, xx.xx.1975-xx.xx.1977-ci illər-02 il 21 gün, kolxozda işlədiyi dövr (cəmi 5 il 7 ay 17 gün) və əmək kitabçasında qeyd edilən mübahisələndirilməyən dövrlər nəzərə alındıqda cəmi iş stajının 25 ildən çox olduğu müəyyən olunur. Bununla da, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2042/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3047/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3047/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver