Məhkəmə qərarları › İş №2-1(103)-3047/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3047/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3047/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6261/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasnın sığorta hissəsi 1862,83 manat hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10555,17 manat olmaqla əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla lakin orta aylıq əmək haqqının müvafiq faizi ilə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə yenidən hesablanması vəzifəsinin qoyulmasını, pensiyasının təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...1975 ilin oktyabr ayından “Bakıbaştikinti” idarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1977 - 1979-cü illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmiş, tərxis olunduqdan sonra 1987-ci ilin noyabr ayına kimi həmin idarədə əmək fəaliyyətini davam etdirmiş, 1980-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olub 1986-cı ildə həmin fakültəni bitirmişdir. 1987-ci ilin noyabr ayından 1996-cı ilin iyun ayına qədər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspert, 1996-cı ilin iyun ayından 2000-ci ilin avqust ayının 28dək Ədliyyə Nazirliyində aparıcı mütəxəssis vəzifələrində işləmişdir. 2000-ci ilin avqust ayının 28-dən 2007-ci il iyul ayına kimi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi; 2007-ci il iyul ayından 2008-ci il avqust ayına kimi Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi; 2008-ci il avqust ayından 2023-cü il iyul ayının 17nə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. 2023-cü il iyul ayının 16-da 65 yaşım tamam olduğu üçün Ali Məhkəmənin sədrinin müvafiq əmri ilə əmək fəaliyyətinə xitam verilmiş və bununla bağlı DSMF tərəfindən ona 18 iyul 2023-cü ildən sabiq hakim kimi yaşa görə 7758,17 manat məbləğində əmək pensiyası təyin edilmişdir Lakin ona təyin olunmuş əmək pensiyasının məbləği “X1” Qanunun tələblərinə tam uyğun təyin edilməmişdir. Belə ki, o, yaşa görə əmək pensiyasına çıxmışdır. Yaşa görə əmək pensiyasının məbləğinin hesablanmasının ilkin mərhələsi “X1” Qanunun 10-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin göstərişlərinə görə yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta hissəsinin və yaşa görə əmək pensiyasının yığım hissəsinin cəmindən ibarətdir. “X1” qanunun 20-ci, o cümlədən 20.7.2-ci maddələri isə müxtəlif əsaslarla, həmçinin yaşa görə pensiyaya çıxmış şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edir. Ona təyin edilmiş əmək pensiyasının məbləği müəyyən edilərkən “X1” Qanunun 10-cu maddəsinin tələbləri pozulmaqla əmək pensiyamın sığorta hissəsi nəzərə alınmamış, ona təyin edilən pensiyanın məbləği yalnız “X1” qanunun 20.7.2,-ci maddəsində göstərilən əlavələrlə müəyyən edilmişdir. Bu hal hakim vəzifəsində işlədiyi son 24 ay ərzində ona ödənilmiş əmək haqqına dair Ali Məhkəmə tərəfindən verilmiş arayışla və DSMF-nin müraciətlərinə əsasən ona ünvanladığı 26 sentyabr 2023-cü il tarixli və 23 noyabr 2023-cü il tarixli məktublarla təsbit edilir, (məktubların surəti qoşma kimi əlavə edilir). Belə ki, həmin arayışın və məktubların məzmunundan görünür ki, onun orta aylıq əmək haqqısı 10 555,33 manat, hakimlik stajı isə 22 il 10 ay 18 gün təşkil etmişdir. Bu iki amili nəzərə alan DSMF “X1” Qanunun 20.7.2-ci maddəsini əsas tutaraq ona 73.50 %-lə 7758,17 manat məbləğində əmək pensiyası təyin etmişdir. DSMF orta aylıq əmək haqqısı olan 10 555,33 manatın 73,50 %-ə nisbətini - 7758,17 manatı - düzgün müəyyən etsə də bu məbləğin onun yaşa görə əmək pensiyasına hesablanmalı olan əlavə olduğun nəzərdən qaçırmışdır. DSMF ona göndərdiyi ikinci məktubun (xx.xx.2023) son abzasında bu halı gizlətmək üçün onun əmək pensiyasına təyin edilən əlavənin 5895,34 manat təşkil etdiyini göstərsə də bu rəqəmi necə hesabladığını göstərmir və nəzərə almır ki, onun orta aylıq əmək haqqısı olan 10555,33 manat pulun 73,50 %-i 5895,34 manat deyil, 7758,17 manat təşkil edir. Beləliklə, DSMF xx.xx.2023-cü il tarixli məktubunda ona təyin edilən pensiyanın sığorta hissəsinin 1862,83 manat olduğunu etiraf etdiyi və 73,50 %-lə əmək pensiyasına təyin edilən əlavələrin məbləği 7758,17 manat təşkil etdiyi üçün DSMF ona ən azı 9621 manat (7758,17 + 1862,83= 9 621) əmək pensiyası təyin etməli idi...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının Mərkəzi filiala təqdim etdiyi son 24 ayın əməkhaqqı arayışına əsasən ona vəzifə maaşı 2840 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə olaraq 1278 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə olaraq 710 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə olaraq 426 manat, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə olaraq 2840 manat, digər əlavələr 2461.33 manat olmaqla orta aylıq əməkhaqqı 10555.33 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçıya 22 il 10 ay 18 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının (10555.33) 73.5 faizi (7758.17) məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin pensiyanın orta aylıq əməkhaqqının 80 faizi miqdarında yenidən hesablanması məsələsinə hakim işlədiyi dövrdə istənilən ardıcıl gələn 60 ay üzrə ödənilmiş əməkhaqqına dair arayış mərkəzi filiala təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Lakin iddiaçı bununla razılaşmamış və məhkəmədə iddia qaldırmışdır. Sözügedən İddia tələbi isə tamamilə əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun pensiyası qanunla təyin edilən məbləğdən (1862.83 manat sığorta hissə) və orta aylıq əmək haqqının 73.5 faizindən ibarət olmalıdır. İddiaçının bu tələbi ilə bağlı bildirilir ki, “X1” Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Qanunverici bu normada hakimlərə təyin edilən pensiyanın hesablanma mexanizmini konkret olaraq göstərmişdir. Belə ki, sözügedən normaya əsasən hakimlərin pensiyası hesablanarkən qulluq illərinə görə əlavə aşağıdakı qaydada müəyyən edilməlidir: Orta aylıq əməkhaqqının müvafiq faizi (73.5) ilə qanunla təyin edilən əmək pensiyasının məbləği (sığorta hissə (1862.83)) arasındakı fərq qədər (77xx.xx-1862.83=5895.34) təyin edilir. Ona görə də cavabdeh iddiaçının pensiyasının sığorta hissəsinin üzərinə 5895.24 manat əlavə etmiş və iddiaçıya yekun ödəniləcək pensiya məbləğini haqlı olaraq 7758.17 (1862.83+5895.34) manat müəyyən etmişdir. Burada 1862.83 manat iddiaçının özünün topladığı məbləğ, 5895.34 manat isə dövlətin iddiaçıya güzəşt etdiyi məbləğdir. Deməli inzibati orqan iddiaçıya təyin edilmiş pensiyanın məbləğini düzgün və dəqiq müəyyən etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun pensiyası hakim işlədiyi dövrdə istənilən ardıcıl gələn 5 ilin orta aylıq əməkhaqqının 80 faizi olmaqla hesablanmalıdır. İddiaçının bu tələbi ilə bağlı bildiririlir ki, inzibati orqan ona ünvanladığı 23 noyabr 2023-cü il tarixli məktubda pensiyanın orta aylıq əməkhaqqının 80 faizi miqdarında yenidən hesablanması məsələsinə hakim işlədiyi dövrdə istənilən ardıcıl gələn 60 ay üzrə ödənilmiş əməkhaqqına dair arayışın mərkəzi filiala təqdim edildikdən sonra baxılacağını qeyd etmiş, lakin iddiaçı sözügedən arayışı cavabdehə təqdim etmək əvəzinə həmin tələbi də məhkəmədə mübahisələndirmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 4 il Ədliyyə Nazirliyində aparıcı mütəxəsis vəzifəsində işləmişdir. Həmin stajı da hakim stajı ki nəzərə alınmalıdır. İstinad olaraq da “Ədliyyə Orqanlarında Qulluqkeçmə haqqında” Qanunun 18.5-maddəsini göstərmişdir. İddiaçının bu tələbi ilə bağlı bildirilir ki, iddiaçı Ədliyyə Nazirliyində aparıcı mütəxəsis vəzifəsində işləyərkən (1996-2000) həmçinin, hakim təyin edilərkən (xx.xx.2000) hələ “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanun qəbul olunmamış, ümumiyyətlə mövcud deyildi. Həmin Qanun 2006-cı ildə qəbul edilmişdir.Aparıcı mütəxəsis vəzifəsində işləyərkən, həmçinin hakim təyin edilərkən mövcud olsaydı belə, iddiaçının həmin stajı hakim stajı kimi nəzərə alına bilməzdi. Belə ki, sözügedən normada ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır” qeydi hakim vəzifəsini deyil, məhkəmə aparatı işçilərini nəzərədə tutmuşdur. Çünki hakimlər işə qəbul edilmir, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hakim vəzifəsinə təyin edilirlər. Bundan əlavə, məhkəmə orqanları işçisi qeydi olan bütün qanunvericilik aktlarında hakimlər deyil, məhkəmə aparatı işçiləri nəzərdə tutulmuşdur. Hakimlərdən bəhs edən qanunvericilik aktlarında isə hakim ifadəsi konkret olaraq “hakim” adı ilə göstərilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6261/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əmək pensiyasının sığorta hissəsi 1862,83 manat, hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10555,17 manat olmaqla əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla lakin orta aylıq əmək haqqının müvafiq faizi ilə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə yenidən hesablanması, pensiyasının təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandıılmışdır: “...İddiaçının Mərkəzi filiala təqdim etdiyi son 24 ayın əmək haqqı arayışına əsasən ona vəzifə maaşı 2840 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə olaraq 1278 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə olaraq 710 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə olaraq 426 manat, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə olaraq 2840 manat, digər əlavələr 2461.33 manat olmaqla orta aylıq əməkhaqqı 10555.33 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçıya 22 il 10 ay 18 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının (10555.33) 73.5 faizi (7758.17) məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, iddiaçıya orta aylıq əməkhaqqının müvafiq faizi (73.5) ilə qanunla təyin edilən əmək pensiyasının məbləği (sığorta hissə (1862.83)) arasındakı fərq qədər (77xx.xx-1862.83=5895.34) əlavə təyin edilmişdir. Ona görə də cavabdeh iddiaçının pensiyasının sığorta hissəsinin üzərinə 5895.24 manat əlavə etmiş və iddiaçıya yekun ödəniləcək pensiya məbləğini haqlı olaraq 7758.17 (1862.83+5895.34) manat müəyyən etmişdir. Xüsusilə, iddiaçı tələbini dəyişdiridikdən sonra əmək pensiyasnm sığorta hissəsinin 1862,83 manat, hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqının 10555,17 manat olmaqla, əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla, lakin orta aylıq əmək haqqının müvafiq faizi ilə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə yenidən hesablanması istəmişdir. Halbuki cavabdeh iddiaçının pensiyasını dəyişdirilmiş iddia ərizəsində göstərilmiş qaydada hesablamışdır. Bu hal da iddiaçı ilə cavabdeh arasında əslində hər hansı bir mübahisənin olmadığı anlamına gəlir. Bu baxımdan işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə icraata xitam verilməli idi. Belə ki, Azərbaycan Respublikası İnzibari Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göründüyü kimi, apellyasiya şikayətinin təmin edilməsi üçün bütün faktiki əsaslar, eyni zamanda qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı pensiyasının “X1” Qanunun 20.7.2-ci maddəsinə uyğun hesablanmasını xahiş etmişdir. Həmin maddəyə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. İs materiallarından açıq-aydın formada qörsənir ki, cavabdeh iddiaçının əmək pensiyasını “X1” Qanunun 20.7.2-ci maddəsinə uyqun hesablamışdır…” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən “qərara aldı” hissədə icranı çətinləşdirəcək qeyrimüəyyən formada “müvafiq faizi” sözləri qeyd edildiyini vurğulayaraq, məhkəməyə bununla bağlı dəqiqləşmə ərizəsi təqdim edərək, həmin ərizəsində qərarın “qərara aldı” hissəsində “müvafiq faizi” sözlərinin “80 faizi” ifadəsi ilə əvəz olunmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. “X1» Azərbaycan respublikası Qanunun: 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. İşin mübahisələndirilməyən hallarından göründyü kimi, iddiaçı 2000-ci ilin avqust ayının 28-dən 2008-ci il avqust ayına kimi apellyasiya instansiya məhkəməsinin, həmin tarixdən 2023-cü il iyul ayının 17-nə kimi kassasiya instansiya məhkəməsinin (Azərbaycan Respublikası Ali Məhkəməsinin) hakimi vəzifələrində çalışmış, həmin ilin iyul ayının 16-da 65 yaşı tamam olduğu üçün əmək fəaliyyətinə xitam verilmiş və cavabdeh tərəfindən ona 18 iyul 2023-cü ildən sabiq hakim kimi yaşa görə 7758,17 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Konkret halda, iddiaçının iddia ərizəsi və hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən aydın olur ki, cavabdeh tərəfindən ona təyin olunmuş əmək pensiyasının 7758,17 manat məbləğindən narazıdır. Belə ki, “X1” Qanunun 10-cu və 20.7.2-ci maddələrinin tələblərinə istinadən hesab edir ki, cavabdeh tərəfindən ona təyin edilən pensiya Qanunun qeyd olunan normalarıın tələbləri düzgün tətbiq oolunmamış, fərdi hesabının sığorta hissəsi və ona əlavələr əsassız olaraq son 24 ayın orta aylıq əmək haqqının 80 faizindən hesablanmamıdır. Cavabdeh isə istər iddiaçının müraciətinə ünvanldığı imtina məktubu, istər iddia ərizəsinə etirazı, istərsə də hazırkı apellyasiya şikayətinin üst-üstə düşən dələllərində, israrlı şəkildə iddiaçının əmək pensiyasının “X1” Qanunun tələblərinə uyğun təyin olunduğunu qeyd edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası, aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılşmır və belə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Birincisi, işin hallarından göründüyü kimi, iddiaçı 2000-ci ildə hakim vəzifəsinə təyin olunmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun həmin vaxt -30 dekabr 2005-ci ilə qədər qüvvədə olan (yəni, iddiaçının artıq hakim təyin olunaraq işlədiyi dövrdə) qüvvədə olan 109-cu maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Eyni zamanda qeyd olunmalıdır ki, “X1” Qanunun 20.7.3-cü maddəsinin 1 iyul 2017ci il tarixdək qüvvədə olan redaksiyası nəzərdə tuturdu ki, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 fazi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçıya münasibətdə həm birinci halda, həm də ikinci halda, onun orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası hesablanması üçün müvafiq olan hakim stajı mövcud olmuşdur. Sonradan, “X1” Qanunun 7.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyası onun hüquqi vəziyyətini ( orta aylıq əmək haqqın 80 faizinə münasibətdə) ağırlaşdırmış, eyni zamanda, 7.1-ci maddəsi isə onun hüquqi vəziyyətini ( son 24 aya münasibətdə) yüngülləşdirmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “X1» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «…Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi-sosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127- ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.” Eyni zamanda, “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Göründüyü kimi, hakimlərin maddi təminatı (o cümlədən, pensiya təminatı) onların müstəqilliyinin əsas elementlərindən biridir və faaliyyət göstərdikləri dövrdə hakimin təminatının yüksək olması onun müstəqilliyinin göstəricisi kimi qəbul edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının hüquq vəziyyətini ağırlaşdıran halların geriyə qüvvəsi tətbiq olunmadan, yüngülləşdirən hallar isə nəzərə alınmaqla, onun sabiq hakim kimi əmək pensyası hesablamağa borclu olduğu halda iddiaçının xeyrinə olan qeyd olunan halların nəzərə alınmasından əsassız olaraq imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbinə görə nzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qeyd olunanlar nəzərə alınmaqla, cavabdeh tərəfindən iddiaçının pensiya qanunvericiliyi ilə qorunan hüquqularının pozulduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6261/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsinin əsassız olduğunu, işin hallarına, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır, bununla yanaşı, kollegiya, qərarın nəticə hissəsində “orta aylıq əmək haqqının müvafiq faizi ilə” ifadəsində “müvafiq” sözünün mənasına münasibətdə qeyri-müəyyənliyi və bununla bağlı iddiaçının dəqiqləşdirmə ərizəsini nəzərə alaraq, yekunda belə qənaətə gəlir ki, həmin qərar, nəticə hissəsində “müvafiq” sözü “80 faizi” ifadəsi ilə əvəz edilməklə, dəyişdrilmədən qüvvədə saxlanılmalı və cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6261/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı, nəticə hissədə “müvafiq” sözü, “80 faizi” ifadəsi ilə əvəz edilməklə, dəyişdrilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar