Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3048/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3494/2022 saylı, 19 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəqiqləşdirərək «iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-ci ildən dərzi peşəsində əmək fəaliyyətinə başlamışdır. Sonradan dərzi kimi işlədiyi müəssisə fəaliyyət göstərmədiyindən, 1 oktyabr 1992-ci il tarixdən Bakı Metropoliteninin Yol xidmətində gecə növbəsində xüsusilə zərərli əmək şəraitində yol montyoru peşəsində çalışmışdır. O, həmin vəzifədə 1 il 4 ay 15 gün çalışdıqdan sonra, 15 fevral 1994-cü il tarixdə başqa işə keçirilmişdir. Bundan sonra 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək 20 il 5 ay 4 gün müddətində xüsusilə zərərli əmək şəraitində defektoskop briqadasının operator köməkçisi vəzifəsində çalışmışdır. Sonradan 18 iyul 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək 1 il 14 gün müddətində "xxxx" QSC-nin Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində iş gecə tuneldə xüsusi zərərli əmək şəraitində olmaqla operator peşəsində işləmişdir. 1 avqust 2015-ci il tarixdən hal-hazıradək 5 il 8 ay 14 gün müddətində diaqnostika və metroloji təminat mərkəzinin defektoskopiya qrupunda iş gecə tunelində xüsusi zərərli əmək şəraitində olmaqla ultrasəsli defektoskop aparatının operatoru vəzifəsində çalışır. Göründüyü kimi, onun 41 ildən artıq iş stajı olsa da, tuneldə xüsusilə, ağır və xüsusilə zərərli əmək şəraitində iş stajı 28 il 6 ay 17 gün təşkil edir. Qeyd edilənlər "xxxx" QSC-nin 14 aprel 2021-ci il tarixli A/99 saylı arayışı ilə təsdiqlənir. İddiaçı 2021-ci ilin mart ayında ərizə ilə aidiyyəti üzrə DSMF-yə müraciət etsə də, onun həmin müraciətə rəsmi cavab verilmədiyindən, avqust ayında yenidən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçının müraciət ərizəsinə əlavə edilmiş "xxxx" QSC-nin 14 aprel 2021-ci il tarixli A/99 nömrəli arayışında onun 1 oktyabr 1992-ci il tarixdən 15 fevral 1992-ci il tarixədək "xxxx"nin Yol xidmətində daim gecə növbəsində xüsusilə zərəli əmək şəraitində yol montyoru peşəsində (29 sentyabr 1992-ci il tarixli 335/KŞ saylı əmr) çalışdığı, iş stajı 1 il 04 ay 15 gün olduğu, 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək xüsusilə zərərli əmək şəraitində defektoskop briqadasının operator köməkçisi peşəsində (15 fevral 1994-cü il tarixli 52/KŞ saylı əmr) çalışdığı, iş stajı 20 il 05 ay 4 gün olduğu, 18 iyul 2014cü il tarixdən 1 avqust 2015-ci il tarixədək "xxxx" QSC-nın Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində iş gecə tuneldə xüsusi zərərli əmək şəraitində olmaqla operator peşəsində (18 iyul 2014-cü il tarixli K-190 saylı əmr) çalışdığı, 1 il 14 gün olduğu, 1 avqust 2015-ci il tarixdən hal-hazıradək Diaqnostika və metroloji təminat mərkəzinin Defektoskopiya qrupunda iş gecə tuneldə xüsusi zərərli əmək şəraitində olmaqla ultrasəsli defektoskop aparatının operatoru peşəsində (13 avqust 2015-ci il tarixli Ş-4586 saylı əmr) işlədiyi, iş stajı 05 il 08 ay 14 gün olduğu, ümumilikdə tuneldə xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitində iş stajının 28 il 6 ay 17 gün təşkil etdiyi göstərilmişdir. Yuxanda qeyd olunan arayışda iddiaçının ağır və xüsusilə zərərli əmək şəraitində işlədiyi qeyd olunsa da, həmin arayışda iddiaçının işlədiyini iddia etdiyi vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahının hansına aid olması, həmin vəzifələrin hansı kod altında göstərildiyi qeyd olunmamışdır. Həmin vəzifələr isə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilməmişdir. Bu səbəbdən də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3494/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza və ona əlavəyə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və arayışda iddiaçının xx.xx.1992xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yol xidmətində yol montyoru, xx.xx.1994-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində defektoskop briqadasının operator köməkçisi, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində operator və xx.xx.2015-ci il tarixindən bugünədək isə ultrasəsli defektoskop aparatının operatoru yol montyoru, defektoskop briqadasının operator köməkçisi, defektoskop aparatının operatoru, ultrasəsli defektoskop aparatının operatoru vəzifələrində işlədiyi müəyyən olunur. Həmin vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilməmişdir. Bu səbəbdən də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı izahatında həmçinin bildirdi ki, o, 1992-ci ildən hazıradək Bakı Metropolitenində yalnız gecə növbəsində 24 % xüsusi zərərli əmək şəraitində işləyir, əmək şəraitinin xüsusiyyətlərinə görə ona əsas əmək məzuniyyətinə 6 təqvim günü əlavə verilir, əmək haqqına əlavələr ödənilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuşdur. O, 1980-ci ildən əmək fəaliyyətinə başlamış, 1 oktyabr 1992-ci il tarixdən 15 fevral 1994-cü il tarixədək "xxxx"nin Yol xidmətində gecə növbəsində xüsusilə zərərli əmək şəraitində yol montyoru (1 il 4 ay 15 gün), 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək defektoskop briqadasında operator köməkçisi (20 il 5 ay 4 gün), 18 iyul 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək müddətində "xxxx" QSC-nin Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində operator (1 il 14 gün) vəzifələrində işləmişdir, 1 avqust 2015-ci il tarixdən hal-hazıradək (5 il 8 ay 14 gün) isə diaqnostika və metroloji təminat mərkəzinin defektoskopiya qrupunda ultrasəsli defektoskop aparatının operatoru vəzifəsində çalışır. O, 57 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi operator və operator köməkçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı siyahıda nəzərdə tutulmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinin tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququvardır. - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; - 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: - 3.2.1. əmək kitabçası; - 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Belə ki, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 23.10. 1979xx.xx.1980-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - ИТ-İ seriyalı ******* №li xx.xx.1979-cu il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara, həmçinin iş yerindən arayışlara əsasən, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək və xx.xx.1980-cı ildən xx.xx.1992-ci ilədək dərzi atelyesində işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək Bakı Metropoliteninin yol xidmətində yol montyoru peşəsində, xx.xx.1994-cü ildən xx.xx.2014-cü ilədək defektoskop briqadasının operator köməkçisi peşəsində,xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək operator peşəsində, xx.xx.2015-ci il tarixdən ultrasəsli defektoskop aparatının operatoru peşəsində işləyir. İşin mübahisəli halı tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Apellyasiya şikayətinin güzəştli iş stajının mövcud olmaması dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən "xxxx" QSC-nin məhkəməyə ünvanlanmış 12 aprel 2022-ci il tarixli məktubdan görünür ki, xx xxxx 1961-ci il tarixdə doğulmuş İddiaçı 1 oktyabr 1992-ci il tarixdən 15 fevral 1994-cü il tarixədək "xxxx"nin Yol xidmətində daim gecə növbəsində 24% xüsusi zərərli əmək şəraitində yol montyoru, 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək 24% xüsusi zərərli əmək şəraitində defektoskop briqadasının operator köməkçisi, 18 iyul 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək "xxxx" QSC-nin Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində iş gecə tuneldə 24% xüsusi zərərli əmək şəraitində olmaqla operator peşələrində çalışmışdır. 1 avqust 2015-ci il tarixdən hal-hazıradək Diaqnostika və metroloji təminat mərkəzinin Defektoskopiya qrupunda iş gecə tuneldə 24% xüsusi zərərli əmək şəraitində olmaqla ultrasəsli defektoskop aparatının operatoru peşəsində işləyir. 11 aprel 2022-ci il tarixə İddiaçı xüsusi zərərli əmək şəraitində əmək stajı 29 il 06 ay 14 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “21.Nəqliyyat” bölməsinin 21.5.Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir. Qeyd: Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330-dan 0530-dək) İddiaçı əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir. Yol montyoru peşəsinin əsas vəzifə və funksiyası metropolitenin istismarında olan yollarda aparılan cari və əsaslı təmir işlərinin (epür (fiqur proyeksiyalarının düz səth üzərində çertyoju) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasından ibarətdir. Defektoskop aparatının operatoru peşəsinin əsas vəzifə və funksiyası defektoskop arabası ilə relslərdə olan qüsurların aşkar olunması prosessinin aparılması, aşkar olunan qüsurların ətraflı araşdırılması və təsnifatının aparılması, onların qeydiyyatı və lazım gəldikdə qatarların hərəkət təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsi, cihazlara və xarici baxışa əsasən defektoskop arabasının elementlərində olan çatışmazlıqların aşkar edilməsi, yoxlama dalanında arabanın axtarış sisteminin həssaslığının və iş qabiliyyətinin yoxlanması, sazlanması, tənzimlənməsi və s. ibarətdir. Xüsusi olaraq diqqətə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Bakı Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən amillərlə müşayiət olunan xüsusilə zərərli və ağır əmək şəraitli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır. Odur ki, güzəştli şərtlərə görə əmək pensiyası hüququ qazanan, lakin sözü gedən siyahıda peşə və ya vəzifələrinin adı qeyd olunmayan metropoliten əməkdaşları öz hüquqlarını sübut və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar. Bu səbəbdən "xxxx" QSC-nin 16 iyul 2020-ci il tarixli 40N-10/2-153 saylı məktubu ilə Cəmiyyət üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda əks olunması zəruri olan bütün peşə və vəzifələrin adları cədvəl formasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya daxil edilməsi üçün peşə və vəzifələrin siyahısı, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələn barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəlləri də təqdim olunmuşdur. Bu günədək heç bir nəticə əldə edilməmişdir. «Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “21.Nəqliyyat” bölməsinin 21.5. Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) altında mütəxəssis adları da yer almışdır ki, bu da uyğunsuzluq təşkil edir (təklif edilən cədvəldə fəhlə və mütəxəssis kateqoriyalara aid olan peşə və vəzifələr müvafiq olaraq a və b yarımbəndlər altında göstərilmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair "xxxx" QSC-nin 14 aprel 2021-ci il tarixli A/99 nömrəli iş yerinin arayışı təqdim edilmişdir. Həmin arayışa əsasən: xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixədək Bakı Metropoliteninin Yol xidmətində daim gecə növbəsində xüsusilə zərərli əmək şəraitində yol montyoru peşəsində (xx.xx.1992-ci il tarixli 335/KŞ saylı əmr) çalışmışdır. İş stajı - 1 il 04 ay 15 gün. xx.xx.1994-cü il tarixdən xx.xx.2014-cü il tarixədək xüsusilə zərərli əmək şəraitində defektoskop briqadasının operator köməkçisi peşəsində (xx.xx.1994-cü il tarixli 52/KŞ saylı əmr) çalışmışdır. İş stajı - 20 il 5 ay 04 gün. xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində iş gecə tuneldə xüsusi zərərli əmək şəraitində olmaqla operator peşəsində (xx.xx.2014-cü il tarixli K-190 saylı əmr) çalışmışdır. İş stajı - 01 il 14 gün. xx.xx.2015-ci il tarixdən hal-hazıradək Diaqnostika və metroloji təminat mərkəzinin Defektoskopiya qrupunda iş gecə tuneldə xüsusi zərərli əmək şəraitində olmaqla ultrasəsli defektoskop aparatının operatoru peşəsində (xx.xx.2015-ci il tarixli Ş-4586 saylı əmr) işləyir. İş stajı - 05 il 8 ay 14 gün. Tuneldə xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitində iş stajı 28 il 6 ay 17 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “2. Metropolitenlər” bəndinin “a” yarımbəndinə “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 9 avqust 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 avqust 2006-cı il tarixdə qeydiyyata alınmışdır) «Fəhlə peşələri və işlərin vahid tarifixtisas sorğu kitabçası»nda “defeskopçu” və “operator” bütün sahələr üçün ümumi olan fəhlə peşələrinə aid edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək ümumilikdə 12 il 6 aydan artıq müddət işlədiyi “ yol montyoru”, “defektoskop aparatının operatoru” və “operator köməkçisi” peşələrinin səciyyəvi əlamətləri, 24% xüsusi zərərli əmək şəraitində işlərin yerinə yetirilməsi, eləcə də vəzifə olaraq gecə saatlarında yerinə yetirilməsi, əmək haqqına əlavə məbləğin ödənilməsi və məzuniyyət müddətinə bir neçə gün əlavə edilməsi, habelə bu qəbildən olan peşələrin fəhlə peşəsinə aid edilməsi onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “2. Metropolitenlər” bəndinin “a” yarımbəndində nəzərdə tutulan fəhlə peşələri olmasını təsdiqləyir. Aparılmış araşdırma nəticəsində iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3494/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3494/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3048/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3048/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver