Məhkəmə qərarları › İş №2-1(103)-3048/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3048/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3048/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “xidməti vəzifələrinin icrası zamanı yol-nəqliyyat hadisəsində həlak olmuş şəxsə şəhid statusunun verilməsi üçün rəyin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 (sədrlik edən və məruzəçi), X11 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi) qarşı “xidməti vəzifələrinin icrası zamanı yol-nəqliyyat hadisəsində həlak olmuş şəxsə şəhid statusunun verilməsi üçün rəyin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8481/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ərizəçi İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərərk, icraatın təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra mətndə DİN) qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi (BPQMİ) göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olan qızı - polis kiçik inspektoru X8 şəhid statusunun verilməsi ilə bağlı rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Sonradan iddiaçı tərəfindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə (eyni tələbli) ərizələrdə məhkəmədən xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olan qızı - polis kiçik inspektoru X8 “Şəhid” statusunun verilməsi ilə bağlı rəyin verilməsi vəzifəsinin cavabdeh DİN-ə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə yenidən təqdim olunmuş İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdiriməsi) barədə ərizələrdə məhkəmədən, BPQMİ-nin sabiq əməkdaşı mərhum X4 xx.xx.2020-ci il tarixində xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olmasını nəzərə alaraq X9 “Şəhid statusu”nun verilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8481/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-804/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2414/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 804/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Ərizəçi İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərərk, icraatın təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, iş üzrə Ali Məhkəmə qərar qəbul etdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdən sonra ona məlum olmuşdur ki, avtoqəzalarla bağlı Şəhid statusunun verilməsi ilə bağlı Məhkəmə qərarları mövcuddur. Həmin qərarlardan biri hazırda qüvvədə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3885/2023 saylı qərarını və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)- 3485/2023 saylı qərarını qeyd etmək olar. Belə ki, Müdafiə Nazirliyinin məhkəməyə təqdim etdiyi məlumata əsasən, X10 12 may 2022-ci il tarixində Fizuli rayonu ərazisində avtoqəzada həlak olmuş, onun həlak olduğu maşın mülki maşın olmuşdur və onun ölümü hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır. Müdafiə Nazirliyi X5 Şəhid statusunun verilməsini Qanuna zidd hesab etmiş, buna görə də X5 Şəhid statusunun verilməsinə etiraz etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi X2 xidməti vəzifəsinin icrası zamanı həlak olduğunu nəzərə alaraq ona Şəhid statusu vermişdir. Digərbir qərar isə hazırda da qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin intihar edərək özünü öldürən X17 Şəhid statusunun verilməsinə dair qərarıdır. X23 06 yanvar 2021-ci il tarixində intihar edərək özünü öldürmüşdür. Mərhuma Şəhid statusunun verilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)- 213/2022 saylı Qərarına əsasən iddia təmin olunmamışdır. İş materiallarında X23 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, psixotik hal nəticəsində özünü ip ilə asaraq intihar etdiyi öz əksini tapır. X3 ailəsi bu qərardan apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən iddia təmin edilmiş, X17 Şəhid statusu verilmişdir. Digər bir qərar hazırda da qüvvədə olan, Covid-19 virusundan Bakı şəhərində vəfat edən X29 statusunun verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(104)- 56/2023 saylı Qərarıdır. Sənan Mansurov 06 noyabr 2020-ci il tarixində Covid-19 virusundan Bakı şəhəri Mərkəzi Neftçilər xəstəxanasında vəfat etmişdir. X26 Şəhid statusunun verilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi 2-1(112)-12192/2021 nömrəli qərardadına əsasən iş baxılması üçün ərazi aidiyyatı üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Müdafiə Nazirliyi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, mərhum Sənan Mansurov 06 noyabr 2020-ci il tarixində Bakı şəhərində Covid-19 virusundan vəfat etdiyi üçün Azərbaycan Respublikasının Müdafiə nazirinin 2021-ci il tarixli, 0183 nömrəli əmri ilə 06 noyabr 2020ci il tarixindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuların siyahısından çıxarılmış hesab edilmişdir. O, “Vətən müharibəsi” zamanı heç bir döyüş əməliyyatına cəlb olunmamış, döyüş əməliyyatlarına aparılan hər hansı bir hərbi hissəyə ezam olunmamışdır. Gəncə İnzibati Məhkəməsi mərhumun ailəsinin iddia tələbini təmin etməmişdir. X24 Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-1(104)-56/2023 saylı Qərarı ilə birinci instansiya məhkəməsininin qərarını ləğv etmiş, X27 19 virusuna xidməti vəzifəsi dövründə yoluxduğunu əsas gətirərək apellyasiya şikayətini təmin etmiş və X29 statusunun verilməsi tələbini Müdafiə Nazirliyinin üzərinə qoymuşdur, 2023-cü ilin 19 sentyabrında Fizuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. DiN-in üç əməkdaşı - polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov həyatını itirib. Adları qeyd olunan hər 3 polis əməkdaşı döyüş tapşırığını yerinə yetirən zaman yox, düşmən tərəfindən açılan güllədən yox, avtoqəzada həlak olublar. Hər üç polis əməkdaşına Şəhid statusu verilib. Bu qərarlardan onun məlumatı 2024-cü ilin may ayının 5-də olmuşdur. Belə ki, elektron məhkəmə sistemində tərəfindən aparılmış axtarış nəticəsində anonimləşdirilmiş qərarlar hissəsindən həmin məhkəmə qərarlarını əldə etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8481/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “xidməti vəzifələrinin icrası zamanı yol-nəqliyyat hadisəsində həlak olmuş şəxsə şəhid statusunun verilməsi üçün rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edilməməsi qərar alınmışdır.

10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8481/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləgv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X40 general-polkovnik Vilayət Eyvazovun xüsusi göstərişi əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəydə X6 xidməti vəzifəsinin icrası zamanı həlak olduğu öz təsdiqini tapmışdır. Bu onlara görə kifayət qədər mühim bir sübutdur. Çünki qızının xidməti vəzifəsini yerinə yetirən zaman həlak olması faktının rəsmi şəkildə təsdiq olunması, məsələnin perspektivliyini kifayət qədər əsaslandırır. Xidməti vəzifəsini yerinə yetirən zaman FACİƏLİ şəkildə həlak olan qızı X6 ölümündən sonra dövlət də öz məsuliyyətini dərk etmiş, DİN-in rəhbərliyinin aidiyyatı orqanların əmri və göstərişi əsasında onlara "şəhid" statusu adı altında təzminat ödənilmişdir. Bu “kompensasiya” qızını ona geri gətirməyəcəkdir, lakin hal-hazırda inzibati iş üzrə kifayət qədər əsaslı bir sübut kimi çıxış edəcəyinə əmindir. Əgər qızının xidməti vəzifəsini yerinə yetirən zaman həlak olması faktı dövlət tərəfindən də qəbul edilmiş olmasaydı və onlara şəhid ailəsi statusunda təzminat ödənməsəydi, onlar hal-hazırda bu tələblə məhkəmədə çıxış etməz və iddianın perspektivsiz olmasını qəbul edərdilər. Həmçinin birinci instasiya məhkəməsində də iddianın qeyri- mümkün sayılması barədə qərardad çıxarılmaması və açıq şəkildə keçirilən məhkəmə iclasında iddia tələbinin qiymətləndirilməsi bunu bir daha sübut edir. Beləliklə, o iddianın təmin olunmasının mümkün olduğu bir şəraitdə məhkəmənin belə bir qərar çıxarması ilə əsla razılaşmır.Həmçinin, BPQ və Mİ-nin kiçik inspektoru, qızı Ləman Süleymanzadənin xidməti vəzifəsinin icrası zamanı FACİƏLİ şəkildə həlak olduğu xx.xx.2020-ci il tarixli qəza hələ də bitməmiş Qarabağ müharibəsi dövrü olmuşdur. Hətta qəza pandemiya ilə əlaqədar sərt qaydaların tətbiq olunduğu hərbi karantin rejimi, habelə ictimai nəqliyyatın işləmədiyi istirahət günü olan bazar gününə təsadüf edir.Müharibədən əvvəl və müharibə başa çatdıqdan, Ermənistan Kapitulyasiya aktına imza atdıqdan sonra bir çox hərbi qulluqçular, polis əməkdaşları və mülki şəxslər döyüş şəraitindən və cəbhə bölgəsindən kənarda təlim, yaxud avtoqəzada, yaxud intihar edərək, yaxud da müharibə olmayan vaxt xidməti vəzifəsini icra edən zaman vəfat etmişlər. Ailə üzvlərinin, qohumlarının, ictimaiyyətin təklifi və tələbi qarşısında dövlət həmin şəxslərə Şəhid statusu verərək , Şəhidin yaxınlarının tələbini yüksək qiymətləndirmişdir. 30 noyabr 2021 -ci il tarixində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayaraq həlak olan 14 hərbi qulluqçuya Şəhid statusu verilib. Belə ki, 30 noyabr 2021 -ci il saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 hərbçi həlak olub. Baş Prokurorluğun yaydığı məlumata əsasən, helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub. 22 noyabr 2020-ci il tarixində Bərdə-Yevlax yolunda avtoqəza nəticəsində həlak olan əsgər X28 statusu verilib.Qeyd edək ki, araşdırmalar zamanı aydın oldu ki, Lənkəranın Osaküçə kəndindən olan əsgər Fərəcov Əflatun döyüşlər zamanı həlak olmayıb. O, Naftalanda hərbi xidmətini keçirdi. Alınan məlumata görə xidmət dövründə, döyüş bölgəsinə yardım apardığı zaman, Bərdə-Yevlax yolunda avtoqəza keçirib, üzərinə UAZ markalı avtomobil aşıb. Xəstəxanaya müalicəyə aparılıb, müalicə zamanı həkimlər səy göstərsə də, əsgərin həyatını xilas etmək mümkün olmayıb. Dövlət qurumları bu baxımdan əvvəlcə hərbçiyə şəhid statusu verməyiblər ki, o, döyüşlər zamanı, yaxud qarşı tərəfin açdığı güllə nəticəsində həlak olmayıb. Bu isə kənddə narazılığa səbəb olub. Sonradan İcra hakimiyyəti və rəsmi qurumlar da vəziyyətin həssaslığını nəzərə alaraq, sosial şəbəkələrdəki ictimai qınağa görə vəziyyəti sakitləşdirmək üçün əsgərə Şəhid statusu verib , Şəhid kimi dəfn ediblər. Nazirlər Kabinetinin yeni qərarlarına əsasən cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrində həlak olmuş şəxslər (mülki, yaxud, hərbçi) də şəhid hesab olunacaqlar. Bu baxımdan mərhum əsgərimiz də şəhid hesab olunur. 3 mart 2022-ci il tarixində Şuşa-Laçın yolunda avtoqəzada rəhmətə gedən əsgər X18 Şəhid statusu verilib. Hərbi Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda deyilir- Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.X30 sosail şəbəkələrdə təkidi və tələbi ilə Şuşa-Laçın yolunda avtoqəzada rəhmətə gedən oğlu əsgər X32 statusu verildi və atasının tələbi ilə o X13 dəfn olundu.4 iyun 2021-ci ildə Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək lıəlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimova, Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışova və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X41 statusu verilib. Belə ki, 2021-ci ilin iyun ayının 4-də saat 1 1 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Şəhid jurnalist X16 rayonunun Müşfıqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarlarının yanında , Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini, şəhid X42 rayonunda, Sirac Abışovun cənazəsi isə Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.2021-ci ilin yanvarında Bakıda hərbi hospitalda intihar edən əsgər X33 statusu verilib. X31 Meydan TV-yə bildirib ki, bir il məhkəmələrdə süründürməçiliklə üzləşiblər. Nəhayət, 2022-ci il martın 31-də şəhid statusunu almağa müvəffəq olublar. Hərbi Ekspert Telman Əbilov Meydan TV-yə müsahibəsində vurğulayıb ki, İntihar edən şəxslərə də qanunla, məntiqlə şəhid statusu verilməlidir. Şəhid statusu ilə bağlı edilən hər bir müraciətə düzgün yanaşılmalı, düzgün araşdırma aparılmalıdır. Əgər qanuni, inzibati araşdırmalar aparsalar, yekun qərar həmin ərizəçinin xeyrinə olacaq. Araşdırma aparmırlar, işi başdansovdu edirlər, sonda da deyirlər ki, şəhid statusu düşmür. Bunlar hamısı haqsızlıq, ədalətsizlikdir. İntihar edənlərə şəhid statusu verilməsində hüquqi müstəvidə maneə yoxdur, intihar edənlərə də şəhid statusu düşür. Vətəndaşların şəhid adını ala bilməməsi hüquqla, qanunla bağlı deyil. Subyektiv münasibətdən asılıdır. Ən ali qanunlarımız var ki, onları da məmurlar icra etmirlər, pozurlar. Ona görə də bu qanunlara əməl edən şəxslər ədalətli olmalıdırlar ki, bu məsələlər öz həllini tapsın. Hesab edirəm ki, kütləvi müraciətlər olsa, məhkəmələr də haqq qarşısında qalıb, bu haqda ədalətli qərarlar verməyə başlayacaqlar.2021-ci ilin iyun ayının 27-də Bakının ’’Maşın bazarı"nda xidməti vəzifəsini icra edən zaman həlak olan polis kapitanı X34 statusu verilibMyun ayının 27-də Bakının "Maşın bazarf'nda axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis əməkdaşlarından biri Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov vəfat edib. Xidməti vəzifəsini icra edən zaman vəfat edən polis kapitanı X34 statusu verilib. X40 şəhidlə vida mərasimində iştirak edib. 16 oktyabr 2013-cü il tarixində xidməti vəzifəsini icra edən zaman həlak olan polis mayoru X35 statusu verilib. 16 oktyabr 2013-cü il tarixindəQusar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Qalib Quliyev xidməti vəzifəsinin icrası zamanı - özlərini ‘‘Meşə qardaşları” adlandıran qruplaşmanın üzvlərinə qarşı əməliyyat tədbiri keçirilən zaman aldığı güllə yaralarından vəfat edib. X35 statusu verilib. Prezidentimizin 1 iyul 2014-cü il tarixli sərəncamı ilə Qusar RPŞ- nin CAB-ın baş əməliyyat müvəkili, polis mayoru Qalib Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olundu. 2018-ci ilin 11 iyul tarixində xidməti vəzifəsini icra edən zaman həlak olan polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı X36 statusu verilib. 2018-ci ilin 11 iyul tarixində Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov xidməti vəzifələrini icra edən zaman X1 və X15 tərəfindən kəsici- deşici alətlərlə qətlə yetirilmişlər. Hər iki polis əməkdaşına Şəhid statusu verilərək, Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunublar.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi qərardadın qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə

Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Həmin Məcəllənin 107-ci maddəsinə görə müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

21. Qanunvericiliyin tələbindən göründüyü kimi yeni açılmış hallara dair ərizənin verilməsi üçün də mümkünlük şərtləri nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mümkünlük şərtləri həm də yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə münasibətdə də nəzərdə tutulmuşdur.

22. İlk növbədə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları rəhbər tutulmaqla nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər - 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması

23. İddiaçının yeni açılmış hal və apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq heç bir yeni sübutların və ya halların aşkar olunduğu qeyd olunmamışdır.

24. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. 25.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən və bu barədə imtina məktubu verdiyindən məhkəmə mübahisəsi yaranmış və həmin mübahisəyə, imtina məktubunda və iddiaya dair yazılı etirazda göstərilən dəlillərə məhkəmə tərəfindən qəbul edilmiş qərarda, həmçinin apellyasiya və kassasiya şikayətlərində göstərilən dəlillərə müvafiq olaraq apellyasiya və kassasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarda hüquqi qiymət verilmişdir.

26. İddiaçının iş üzrə məhkəmə icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən xüsusatlar iddiaçının istinad etdiyi halların və ya sübutların ilkin icraat zamanı iddiaçıdan asılı olmayan səbəblərdən təqdim olunmadığı, eləcə də iddiaçının onları təqdim etmək imkanına malik olmadığı da iş üzrə materiallardan müəyyən edilməmişdir. İddiaçının tərəfindən də onun belə imkanını istisna edən səbəblərin mövcudluğunu təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır.

27. Yeni açılmış hallar üzrə işə yenidən baxılmasımərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həmçinin ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1311/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli oxşar qərarında qeyd edilmişdir ki, yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.

29. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8481/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8481/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar