Məhkəmə qərarları › İş №2-1(103)-3049/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3049/2023

01.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3049/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(112)-9786/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının əlillik pensiyasından əmək pensiyasına keçirilməsinə səbəb olan xx.xx.2015-ci il tarixli qərarı qanunsuz hesab edən qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2- 1(112)-9786/2023 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə rayonunda qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində yaşayır. Faktiki yaşadığı yer Bakı şəhəri olduğu üçün, işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd edilməlidir ki, İPM-in 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı tələbində onun əlilliyə görə əmək əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmə barədə cavabdehin xx.xx.2015-ci il tarixli qərarını mübahisələndirir. İddiaçının mübahisələndirdiyi pensiyanın təyinatını mərkəzləşdirilmiş qaydada cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həyata keçirir və Filialın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Buna görə də, hazırkı iddia tələbinə baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində göstərilən (inzibati orqanın yerləşdiyi yer üzrə) aidiyyətin təsir dairəsinə düşmür. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Beləliklə, hazırkı iddiaya İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının yaşadığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Beləliklə, sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin eyni vaxtda bir neçə yaşayış yerinə sahib olmasını mümkün hesab etsə də, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı bir yaşayış yeri üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmənin ərazi aidiyyəti məsələsi iddiaçının şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat ünvanı üzrə müəyyən edilməlidir. İş materiallarında olan, iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının faktiki olaraq Bakı şəhərində yaşaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı yaşayış yerini dəyişdiyini bildirsə də, yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün müraciət etməmişdir. Halbuki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin tələbinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Belə olan halda, qeydiyyata alınmadığı halda, iddiaçının Bakı şəhərində yaşaması qənaətinə gəlmək qanunvericiliyin yuxarıda sadalanan tələblərinə ziddir. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşadığı yer üzrə səlahiyyətli məhkəmə olan Gəncə İnzibati Məhkəməsidir. Belə ki, “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Bərdə rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (16.3-cü bənd). Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(112)-9786/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar