Məhkəmə qərarları › İş №2-1(103)-305/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-305/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-305/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və X3 ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2667/2019 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2667/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim R.Daşdəmirov). Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Sovetlər Birliyi dağıldıqdan sonra mənfur qonşular 1990-cı illərin əvvəllərində ölkəyə əsassız ərazi iddiaları ilə müşayiət olunan qanlı toqquşmalar baş verərəkən döyüş bölgəsində xidmətdə olmuşdur. Belə ki, X8 təşkili üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı çağırışına əsasən Hərbi Hissənin X19 stansiyasında yerləşən 1 Saylı Səyyar Hərbi Hospitalında 1992-ci ilin fevral ayından Anestezioloq köməkçisi qismində xidmət keçmişdir. Bu faktı Müdafiə Naziliyinin N saylı hərbi hissəsinin komandiri T/X Polkovr Qurbanov iddiaçının həqiqətən də N saylı hərbi hissənin çağırışında X9 təşkilində olduğunu təsdiq edən №386 saylı, xx.xx.1992tarixli arayış tədim etmişdir. Bundan sonra 2016-ci ildə hüquqi faktın müəyyən olunması üçün ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə işə baxaraq mahiyyəti üzrə qətnamə çıxarmamışdır. Belə ki, xx xxxxxx 2016-ci il tarixli məhkəmə qərardad çıxararaq öz qərardadında qeyd etmişdir ki, həqiqətən İddiaçı Hərbi hissənin çağırışında olması faktı təsdiqini tapmışdır. Lakin, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlar verilməsi qaydası və şərtləri haqqında əsasnamənin və müvafiq vəsiqələrin nümünəsi eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016- cı il tarixli 438 nömrəli Qərarının 1.1.2-ci bəndinin ilkin abzasında göstərilmişdir ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyasının rəyinə əsasən verilir. Bu əsasla məhkəmədəki iş baxılmamış saxlanılmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmiş, onlar isə bu işə onların baxmadığını yenidən AR Müdafiə Nazirliyinə müraciət etməli olduğunu bildirmişlər. İddiaçı isə sonradan Müdafiə Nazirliyinə müraciət etmiş, ərizəsi adiyyatı üzrə Tibb Baş idarəsinə, oradan da Mərkəzi Arxiv idarəsinə göndərilmiş yekunda Mərkəzi arxiv idarəsi məktubuna cavab olaraq bildirmişdir ki, N saylı Hərbi Hissə Komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə olmadığından barəsində araşdırma aparıla bilmir. Bundan sonra yenidən xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək N saylı hərbi hissənin çağırışına əsasən Hərbi Hissənin X19 stansiyasında yerləşən 1 Saylı Səyyar Hərbi Hospitalında 1992-ci ilin Fevral ayından Anestezioloq köməkçisi kimi xidmət etməyini nəzərə alaraq onun müharibə veteranı vəsiqəsi ilə təmin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan xx xxxx 2019-cu il tarixində şablon tipli imtina məktub ünvanlanmışdır. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən səxslərin izahatları: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, Məhkəmə gəldiyi yekun qərarda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində iştirak etdiyini bildirsə də, qeyd edilən halı sübut edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı bununla bağlı N saylı hərbi hissənin xx xxxx 1992-ci il tarixli, 326 nömrəli arayışını təqdim etsə də, həmin arayışda onun döyüş əməliyyatlarında iştirakı barədə hər hansı bir qeyd edilmədiyindən məhkəmə sözügedən sənədi yetərli sübut kimi qiymətləndirmir. Belə ki, iddiaçının döyüş əməliyyatlarında iştirakının yaralılara tibbi xidmət göstərilməsindən ibarət olmasını məhkəməyə verdiyi izahatda özü də təsdiqləmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı müharibə veteran adını daşımaq hüququna malik deyildir. İddiaçı N saylı hərbi hissənin tərkibində xidmət keçməsi işin mübahisəsiz halıdır. Bu həm 2016-ci ildə həm də indiki məhkəmə prosessində öz təsdiqim tapmışdır. Eyni zamanda iddiaçı Müdafiə Nazirliyinə müraciət etmiş, ərizə adiyyatı üzrə Tibb Baş İdarəsinə,oradan da Mərkəzi Arxiv idarəsinə göndərilmişdir. Yekunda Mərkəzi arxiv İdarəsi mətubua cavab olaraq bildirmişdir ki, N saylı Hərbi Hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığından barəsində araşdırma aparıla bilmir. Nümayəndə və vəkil qeyd etdi ki, vətəndaş olaraq X7 Nazirliyinin vəya hər hansı bir dövlət qurumunun sənədləşmə və arxivləşmə işlərinə müdaxilə edə bilməz. Əgər Müdafiə Nazirliyi hər hansı bir pozuntuya yol verirsə bunun nəticəsində vətəndaşa heç bir zərər dəyə bilməz. İşdə olan sübutlarla İddiaçı Hüseyəli qızı, həqiqətən 1992-ci ilində N saylı Hərbi Hissənin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi təsdiqlədiyi halda, onun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığın olmamasını əsas gətirərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir və bu imtina qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndə və vəkili ilə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Д-İ seriyalı 013702 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Hüseynalı qızı 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibbi İnstitutuna daxil olmuş və 1978-ci ildə sanitariya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1978-ci il 27 iyun tarixli qırarı ilə ona sanitariya həkimi ixtisası verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin xx xxxx 1992-ci il tarixli, 386 saylı arayışından görünür ki, t/x baş leytenantı Zərifə H.Hüseynova X8 təşkili zaman Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissənin çağırışında olmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2017-ci il tarixli, H/788 saylı məktubla bildirilmişdir ki, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Onun 1992-ci ilin fevral - mart aylarında hərbi hospitalın yaradılması ilə əlaqədar N saylı hərbi hissədə toplanış keçdiyini (əsas: hərbi hissənin arayışı) nəzərə alaraq, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün tələb olunan sənədlərlə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət edilməsi məqsədəuyğundur. İşdən məlum olur ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq xx xxxx 2019-cu il tarixli, 1/H-2926 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamədə qeyd olunur ki, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” da digər qoşun növlərində xidmət etmiş şəxslərin sənədlərinə baxılması nəzərdə tutulmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X4 bildirilmişdir ki, əməliyyat-sorğu kartotekasında İddiaçı barəsində heç bir məlumat yoxdur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər Həmin bəndin 11-ci yambəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində iştirak etdiyini bildirsə də, qeyd edilən halı sübut edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı bununla bağlı N saylı hərbi hissənin xx xxxx 1992-ci il tarixli, 326 nömrəli arayışını təqdim etsə də, həmin arayışda onun döyüş əməliyyatlarında iştirakı barədə hər hansı bir qeyd edilmədiyindən məhkəmə sözügedən sənədi yetərli sübut kimi qiymətləndirmir. Belə ki, iddiaçının döyüş əməliyyatlarında iştirakının yaralılara tibbi xidmət göstərilməsindən ibarət olmasını məhkəməyə verdiyi izahatda özü də təsdiqləmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı müharibə veteran adını daşımaq hüququna malik deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmçinin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilən Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “müharibə veteranı adı” nın bərpa olunması ilə bağlı tələbinin yerinə yetirilməsidən imtina etməklə cavabdeh inzibati orqan haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşır, iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, xx.xx.1992-ci ildə Suraxanı Hərbi Komissarlığına çağırılmışdır və orada İddiaçı ilə tanış olmuşdur. Onunla N nömrəli, sonradan N nömrəli hərbi hissənin X19 stansiyasında yerləşən 1 saylı Səyyar Hərbi Hospitalda hərbi xidmətdə olub, orada İddiaçı tibb bacısı kimi 1992-ci ilin mart ayına qədər hərbi xidmətdə olub. F.Məmmədov özü 1992ci ilin fevral-may aylarında həmin hərbi hissədə xidmət etmiş və xx.xx.1992-ci il tarixdə tərxis olunmuşdur. Ona müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şamxalov Zöhrab Məmməd oğlu ifadəsində göstərmişdir ki, xx.xx.1992-ci ildə Yasamal Hərbi Komissarlığa çağırılmışdır. İddiaçı ilə N nömrəli, sonradan N nömrəli hərbi hissənin X19 stansiyasında yerləşən 1 saylı Səyyar Hərbi Hospitalda hərbi xidmətə göndərilib, İddiaçı tibb bacısı kimi təxmini üç həftə, 1992-ci ilin mart ayına qədər hərbi xidmətdə olub. O özü 1992-ci ilin may ayında tərxis olunmuşdur və ona müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, xx.xx.1992-ci ildə İddiaçı ilə tanış olmuşdur və onunla N nömrəli, sonradan N nömrəli hərbi hissənin X19 stansiyasında yerləşən 1 saylı Səyyar Hərbi Hospitalda hərbi xidmətdə olub, İddiaçı tibb bacısı kimi xidmət edib. O özü 104 gün xidmətdə olub, 1992-ci ilin may ayında tərxis olunmuşdur və ona müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş X6, Şamxalov Zöhrab Saleh oğlunun, X10 müvafiq olaraq VP seriyalı 043906 nömrəli, AR seriyalı 036715 nömrəli, QR seriyalı 051640 nömrəli hərbi biletlərindən görünür ki, onlar Ağdam şəhərində yerləşən N nömrəli Hərbi hissəsinin 1 saylı Səyyar Hərbi Hospitalında yaralıların döyüş zonasından çıxarılmasında, daşınmasında və onlara tibbi yardım göstərməsində iştirak etməsi barədə qeydlər var. Şahidlər ifadələrində Hüseyova Zərifənin döyüş zonasında iştirak etdiyini bildirsələr də, onun (iddiaçının) VO seriyalı 074856 nömrəli hərbi biletində onun döyüş zonasında hərbi hissənin tərkibində iştirak etməsi barədə heç bir qeyd yoxdur Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmənin sorğusuna əsasən AR Müdafiə Nazirliyinin 9/2-2495 saylı, xx.xx.2020-ci il tarixli məktubunda N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.1992-xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumatın aşkar edilmədiyi, həmçinin, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması barədə bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının təqdim etdiyi N saylı hərbi hissənin xx xxxx 1992-ci il tarixli, 326 nömrəli arayışını, həmin arayışda onun döyüş əməliyyatlarında iştirakı barədə hər hansı bir qeyd edilmədiyindən sözügedən sənədi yetərli sübut kimi qiymətləndirməmişdir. Məhkəmə kollegiyası şahidlərin ifadələrinə qiymət verərək, onları nəzərə almır. Çünki yuxarıda adı çəkilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin tələblərinə görə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübütlarla təsdiq oluna bilməz. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2667/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar