Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-305/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 16 saylı Vəkil Bürosu), cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyi) “inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1671/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 16.10.2019-cu il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə verilən pensiyanın dayandırılmasının əsassız və qanunsuz hesab edilərək, təyin edilmiş pensiyanın verilməsinin bərpa edilib davam etdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 03.10.1974-cü il tarixdən 07.05.2007-ci il tarixə kimi müxtəlif peşələrdə çalışmışdır. İşlədiyi dövrün əsas hissəsi Bakı Metropolitenində əmək fəaliyyəti ilə məşğul olma dövrünü əhatə edir. Belə ki, iddiaçı 18.02.1982-ci ildən 01.11.1995-ci ilə qədər Bakı Metropolitenində müxtəlif peşələrdə işləmişdir. Bakı Metropolitenində işlədiyi bütün müddət ağır əmək şəraiti üzrə peşə sahəsinə aiddir. Ağır əmək şəraiti üzrə işlədiyi peşə üzrə stajı 13 il 05 ay 8 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin, istehsalatların və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə 23.01.2007-ci il tarixli Qərarına əsasən iddiaçının işlədiyi maşinist köməkçisi və maşinist peşəsi ağır əmək şəraitli peşələr siyahısına daxildir və bu əsasdan da onun güzəştli pensiya almaq hüququ yarandığından iddiaçı müvafiq hüquqverici sənədləri toplayıb pensiya təyinatı orqanına müraciət etmiş və sonuncu tərəfindən təqdim olunmuş sənədlərə əsasən iddiaçıya pensiya təyin edilmişdir. Lakin iddiaçıya məlum olmayan səbəbdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi iddiaçıya verilən pensiyanı 01.10.2019-cu il tarixdən dayandırdığını bildirmiş və bununla əlaqədar ona 01.10.2019-cu il tarixli məktub ünvanlamışdır. Şöbə məktubunda Nazirliyin Aparatının Daxili Nəzarət və Audit Şöbəsinin araşdırması nəticəsində iddiaçının tələb olunan sosial sığorta stajının olmamasının müəyyən edilməsi ilə əsaslandırmışdır. Həmin məktubda, eyni zamanda, arayışda göstərilmiş məlumatların iddiaçını qane etmədiyi halda məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Hesab edilir ki, cavabdehin (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin) məktubu ona əsas verir ki, iddiaçının pensiyasının bərpası ilə əlaqədar heç bir tələbi yerinə yetirilməyəcəkdir. Ona görə də şöbənin məktubu imtina məktubu kimi qiymətləndirilməlidir. Cavabdehin (DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin) mövqeyi qanunsuz və əsassız oldugundan iddiaçıya verilməli olan pensiyanın bərpa edilməsi cavabdehə həvalə edilməlidir. Qeyd edildiyi kimi iddiaçı əmək fəaliyyətinin 13 il 05 ay 08 gününün ağır əmək şəraitli peşələrdə çalışmış və bu ona güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Cavabdeh (DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi) isə iddiaçının işlədiyi maşinist köməkçisi və maşinist peşəsini ağır şəraitli peşə hesab etmir. Ona görə də hesab edir ki, cavabdeh (DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi) əsassız və qanunsuz olaraq iddiaçıya pensiyanın ödənilməsini dayandırmışdır və ona təyin edilmiş pensiyanın verilməsinin bərpa edilməsi cavabdehə həvalə edilməlidir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin İddiaçı 11.03.2018-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə nəticələnən hərəkətinin qanunsuz hesab edilməsi və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1671/2020 saylı, 08.06.2020-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin işdə cavabdeh kimi prosessual iştirakına xitam verilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon Şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1671/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin İddiaçı 11.03.2018-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə nəticələnən hərəkəti qanunsuz hesab edilmiş, İddiaçı 11.03.2018-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. 27.10.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1671/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən verilmiş məktubdan göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırması nəticəsində onun əmək kitabçasında qeyd edilən 1982-ci il tarixdən 1995-ci il tarixədək olan dövrlərdə işlədiyi metropolitendə qatar maşinisti peşəsi qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajına aid olmadığından ona əmək pensiyasının ödənişi 01.10 2019-cu ildən dayandırılmışdır. İddiaçı qeyd edilən tarixlərdə Bakı Metropolitenində qatar maşinisti köməkçisi və qatar maşinisti vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsi “21.4. Dəmiryolu nəqliyyatı”, 21.5-ci bölməsi isə “Metropolitenlər” (Nazirlər Kabinetinin hal-hazırda qüvvədən düşən 320 saylı Qərarında isə 23000000-Nəqliyyat və 23002000-Metropoliten). Göründüyü kimi qanunverici “Dəmiryolu nəqliyyatı” və “Metropoliten”i bir-birindən ayırmış, elektrik qatarlarının maşinisti peşəsini 21.4-cü bölmədə nəzərdə tutsa da, 21.5-ci bölmədə nəzərdə tutmamışdır. Məhz bu səbəbdən də iddiaçıya əsassız olaraq təyin edilmiş güzəştli şərtlərlə pensiya haqlı olaraq dayandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya aid pensiya işinin materiallarından məlum olur ki, İddiaçı DSMFnin Bakı şəhəri Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 385 nömrəli, 26.04.2018-ci il tarixli qərarı ilə 11.03.2018-ci il tarixdən ömürlük güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin iddiaçıya ünvanladığı **********8 saylı, 01.10.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırması nəticəsində onun qanunvericiliklə tələb olunan sosial sığorta stajı olmadığı müəyyən edilmişdir. Bu səbəbdən 01.10.2019-cu il tarixdən əmək pensiyası dayandırılmışdır. Nəticədə 312.38 manat qalıq qalmışdır. Xahiş edilir ki, həmin məbləği dövlət nəfinə bərpa etsin. Əks halda məhkəməyə müraciət olunacaqdır. Təqdim edilmiş arayışda göstərilmiş məlumatlar onu qane etmirsə, müvafiq məhkəməyə müraciət edə bilər. - iddiaçıya aid əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri, "xxxx" QSC tərəfindən verilmiş A/145 saylı, 03.06.2020-ci il tarixli arxiv arayışı və digər sənədlər də əlavə edilmişdir. Eyni zamanda işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyinə sorğu ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması üçün iddiaçının iddia ərizəsinə əsasən qeyd etdiyi 01.10.2019cu il tarixdən ona verilən pensiyanın dayandırıldığı qeydinə əsasən, iddiaçıya pensiya təyinatı üçün əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərini, pensiya təyinatının hansı qayda aparılması, pensiya təyinatı ilə bağlı hər hansısa bir məhkəmə qərarının, qərardadının və ya qətnaməsinin mövcud olub-olmaması, iddiaçıya verilmiş pensiyanın dayandırılmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 07.05.2021-ci il tarixli, **********1№-li cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial X2 rayon şöbəsi (hazırkı Bakı şəhəri Nərimanov rayonu xidmət nümayəndəliyi) tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 11.03.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsə pensiya təyinatı ilə bağlı hər hansı məhkəmə qərarı, qərardadı və ya qətnaməsi mövcud olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 01.10.2019-cu il tarixindən dayandırılmışdır. İddiaçı pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. Eyni zamanda şəxsin pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İş materiallarından göründüyü kimi iddiaçıya 11.03.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan 1982-ci il tarixdən 1995-ci il tarixədək olan dövrlərdə işlədiyi metropolitendə qatar maşinisti peşəsi qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajına aid olmadığından ona əmək pensiyasının ödənişi 01.10 2019-cu ildən dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasından görünür ki, o, qeyd edilən dövrlərdə Bakı metropolitenində qatar maşinisti köməkçisi və qatar maşinisti vəzifələrində işləmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Nəqliyyat” bölməsi “21.4. Dəmiryolu nəqliyyatı”, 21.5-ci bölməsi isə “Metropolitenlər” qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Bakı Metropolitenində çalışdığı vəzifələrə uyğun olaraq- elektrik qatarlarının maşinisti vəzifəsi yalnız “Dəmiryolu nəqliyyatı” bölməsində nəzərdə tutulmuşdur. Göründüyü kimi müvafiq Siyahıda “Dəmiryolu nəqliyyatı” və “Metropoliten”i birbirindən ayrılmış və iddiaçının çalışdığı sahəyə müvafiq olan “Metropoliten” bölməsində onun işlədiyi qatar maşinisti köməkçisi və qatar maşinisti vəzifələri nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanın dayandırılması barədə hərəkəti qanuni olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1671/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1671/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin İddiaçı 11.03.2018-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə nəticələnən hərəkətinin qanunsuz hesab edilməsi və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-305/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-305/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver