Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-305/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Hüseyn Aida Əli qızı, Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “təhsil aldığı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1(112)- 5678/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təhsil aldığı Ukrayna Respublikasının A.N.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universitetinin “mühasibat və audit” ixstisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Ukrayna Respublikasında A.N.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universitetini “Mühasibat və Audit” ixtisası üzrə bakalavr dərəcəsini qiyabi bitirib. Təhsilini başa vurduqdan sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edib. Ali təhsil müəssisəsinə və digər dövlət orqanlarına verilmiş sorğulara gələn cavabların müsbət olmasına baxmayaraq, çətin relyef şəraitində hərbi xidmət keçdiyi üçün rus dilini müəyyən qədər unutduğunu əsas gətirərək ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasından imtina edilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifıkasiyası) qaydalarının təsdiq edilməsi haqqında” qərarında dil bilgisi qeyd edilməmişdir. Buna görə də 22 fevral 2021-ci il tarixdə təhsil aldığı ixtisasın tanıması və ekvivalentlilik haqqında şəhadətnamə verməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ərizə ilə müraciət etdi. Ərizəsinə cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsil aldığı ixtisasın tanınması və ekvivalentlilik haqqında şəhadətnamə vermək əvəzinə, xx.xx.2021-ci il tarixli R-3733/03- TKTA saylı rəsmi məktub göndərərək müvafiq qaydada şikayət verməli olduğunu bildirdilər. Ukraynanın O.M.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universiteti tərəfindən iddiaçının adına B17 001243 nömrəli, xx.xx.2017-ci il tarixli diplom verilmişdir. Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, elektron müraciətinin (Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş xx.xx.2021-ci il R3733 nömrəli ərizəsi üzrə) nəticəsi barədə xx.xx.2019-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə məlumat verilmiş və əlaqəli məktub (surəti əlavə olunur) ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 4.2-ci bəndinə əsasən, tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər. İddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli imtinada bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsini (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələrin V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Ukraynanın O.M.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universiteti tərəfindən onun adına verilmiş B17 001243 nömrəli, xx.xx.2017-ci il tarixli diplom üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1(112)-5678/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı adına verilmiş Ukrayna Respublikasının A.N.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universitetinin B17 001243 nömrəli xx.xx.2017-ci il tarixli diplomu üzrə “mühasibat və audit” ixtisasının ekvivalentliyinin müəyyən olunması məqsədilə ekspertiza aparmaq öhdəliyinin cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulması, cavabdehin imtinasının qanunsuz hesab edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi İddiaçı Ukrayna Respublikasının A.N.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universitetinin B17 001243 nömrəli xx.xx.2017-ci il tarixli diplomu üzrə “mühasibat və audit” ixtisasının ekvivalentliyinin müəyyən olunması məqsədilə ekspertiza aparmaq yenidən baxılmasını cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin üzərinə vəzifə olaraq qoymuşdur. Məhkəmə bu zaman İPM-in 73-cü maddəsinə istinad etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini ilə baglı aşağıdakıları qeyd edir. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmənin inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymaq səlahiyyəti İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuşdur. İPM-in 73.3-cü maddəsində bununla bağlı olaraq təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İPM-in 73.3.3-cü maddəsini tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmaması halı müəyyən edilmiş olmalıdır. Əgər məhkəmə inzibati orqanın işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyi nəticəsinə gələrsə, bu halda özü xidməti vəzifəsinə görə işin hallarını araşdırmalıdır. Qeyd edilən vəziyyətlərdə məhkəmənin işi inzibati orqana geri göndərməsi əksər hallarda istisna təşkil edir. Başqa sözlə, məhkəmə bu zaman İPM-in 12-ci maddəsində təsbit edilmiş xidməti vəzifəsinin tələb etdiyi qaydada davranmaqla işin halları üzrə tam və hərtərəfli araşdırma aparmaqla müvafiq qərar qəbul etməlidir. Çünki İPM-in 12.1 və 12.2-ci maddələrində təsbit edilmişdir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın: 3.2-ci bəndinə əsasən Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4-cü bəndinə əsasən ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 3.8-ci bəndinə əsasən tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir. Kollegiya qeyd edir ki, iddiaçıya Ukraynanın O.M.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universiteti tərəfindən iddiaçının adına B17 001243 nömrəli, xx.xx.2017-ci il tarixli diplom verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmamışdır Birinci instansiya məhkəməsinin sorğusuna əsasən, Bakı Slavyan Universiteti tərəfindən məhkəməyə təqdim edilmiş Ukraynanın A.N.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universitetində “Mühasibat və audit” ixtisası üzrə bakalavr ali təhsil almış X1 rus dilini bilməsi səviyyəsi haqqında Bakı Slavyan Universiteti Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdirinin mütəxəssis rəyinə əsasən, xarici dillərin öyrənilməsi səviyyələrinin qiymətləndirilməsinə dair normativ-metodik sənədlərdə xarici dildə, o cümlədən rus dilində nitq fəaliyyəti üç səviyyə üzrə ölçülür: reseptiv, reproduktiv və produktiv. Nitqin reseptiv səviyyəsi dedikdə, danışan şəxsin həmin dildə nitqi dinləyib anlama bacarığı nəzərdə tutulur. Danışan konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilmir. Reproduktiv nitq səviyyəsinə malik olan şəxs dinlədiyi, eləcə də oxuduğu mətni yenidən canlandırır, ona mətnlə bağlı verilən sadə sualları anlaşıqlı şəkildə, dilin fonetik, leksik və qrammatik qaydalarına uyğun olaraq cavablandırır. Produktiv nitq səviyyəsində danışan şəxs nəinki xarici dildə danışanı dinləyib başa düşür, onunla üsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olur. Produktiv səviyyə məhsuldar səviyyədir. Bu səviyyə özünü mövcud iki - yazılı və şifahi - formada büruzə verir. X3 özü və aldığı iqtisadiyyat, daha doğrusu mühasibat və audit ixtisası bağlı ona verilən ən müxtəlif suallara şifahi və yazılı formada cavab verir. Nitqində bəzi fonetik, orfoqrafik və qrammatik səhvlərə yol versə də, demək olar ki, fikrini düzgün ifadə edir. X1 rus dilində lüğət ehtiyatı kifayət qədər zəngindir. Mühasibat və audit ixtisasına dair müxtəlif nitq situasiyalarını əks etdirən suallara dolğun cavablar onun bakalavr səviyyəsində yaxşı ali təhsil aldığına, rus dilində sərbəst surətdə dinləyib anlama, danışma, oxu və yazı bacarıqlarına, iqtisadiyyata, mühasibatlığa dair produktiv nitq səviyyəsinə malik olmasına əyani sübutdur. X1 aldığı ixtisasına dair terminoloji söz və ifadələrdən yerində və düzgün istifadə etməyi bacarır, iqtisadi anlayışların izahını verə bilir, asanlıqla ünsiyyət qurur. Yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edirəm ki, X1 rus dilini təlim dili kimi bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisiıysifahi və yazılı peşə nitqinə verilən tələblərə tam cavab verir. Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin nəyə görə mübahisə üzrə özünün qərar qəbul edə bilmədiyi, inzibati orqanda hansı başqa araşdırmanın aparılmasının tələb olunduğu, məhkəmənin həmin araşdırmanı nəyə görə özünün apara bilmədiyi qeyri-müəyyən olaraq qalıb. Bundan başqa, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmışdır, odur ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmayaraq, iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraatın yenidən aparılması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının iddia tələbinə mahiyyəti üzrə baxılmadığından instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1(112)-5678/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “təhsil aldığı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi” tələbinə dair iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-305/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-305/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver