Məhkəmə qərarları › İş №2-1(103)-3050/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3050/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3050/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müavinətin (pensiyanın) və əlilliyin bərpa olunması, ödənilməmiş müddətlər ərzində müavinətin hesablanıb inzibati akt qəbul edilən tarixə kimi tam ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9108/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ödənilən müavinət (pensiya) qanunun tələbləri pozularaq əsassız olaraq kəsildiyi üçün, iddiaçıya İİ qrup əlil kimi ona ödənilən 259,78 manat müavinət (pensiya) bərpa olunmaqla, xx.xx.2021-ci il tarixdən etibarən hər ay ödənilməli olan, lakin ödənilməyən 259 manat 78 qəpik pulun və əlilliyin bərpa olunması, ödənilməmiş müddətlər ərzində müavinətin hesablanıb inzibati akt qəbul edilən tarixə kimi tam ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-9108/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərardadı ilə inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya ödənilən müavinət (pensiya) qanunun tələbləri pozularaq əsassız olaraq kəsildiyi üçün, iddiaçıya İİ qrup əlil kimi ona ödənilən 259,78 manat müavinət (pensiya) bərpa olunmaqla, xx.xx.2021-ci il tarixdən etibarən hər ay ödənilməli olan, lakin ödənilməyən 259 manat 78 qəpik pulun və əlilliyin bərpa olunması, ödənilməmiş müddətlər ərzində müavinətin hesablanıb inzibati akt qəbul edilən tarixə kimi tam ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra 17 may 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. İddia tələbi dəqiqləşdirilərək məhkəmədən xahiş edilmişdir ki, xx.xx.2021-ci il tarixdən iddaçı İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilsin. Lakin məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair iddia tələbi icraatda olduğu halda heç bir prosessual hüquqi qiymət verilmədən, araşdırılmadan iddia ərizəsi aidyyəti üzrə göndərilməsindən ötrü qəradad qəbul edlmişdir. Bu hal isə prosessual hüquq normalarının pozulması deməkdir. İddiaçının iddia tələbi "xx.xx.2021-ci il tarixdən iddiaçının əlilliyinin bərpa edilməsi" kimi dəyişdirilməli idi. Lakin məhkəmə buna hüquqi qiymət verməyib. Məhkəmə aydınlaşdırmalı idi ki, təqaüdün kəsilməsi hər hansı qərarla və ya qərar olmadan dayandırılmışdır. Lakin məhkəmə bu aydınlaşdırmanı aparılmalı, ondan sonra aidiyyət qaydalarına hüquqi qiymət verməli idi. Məhkəmə etməli olduğu prosessual hərəkətləri etmədən, aidiyyət məsələlərinə hüquqi qiymət vermədən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.1.1, 8.1.2, 8.1.3, 8.1.3-1, 8.1.4-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Lakin inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğu hallarda, belə iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, iddiaçının yaşayış yeri ünvan 1idır, iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (bənd 19.10). Məhkəmə hesab edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, cavabdeh orqan səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, iddiaçının yaşayış yeri isə Şəki rayonu olduğundan və Şəki rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan hazırki inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi ilə əlaqədar düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9108/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar