Məhkəmə qərarları › İş №2-1(103)-3050/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3050/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3050/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5869/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının 24 avqust 2024-cü il tarixli, 3-17-1/2-14- 203005/2024 saylı Qərarın ləğv edilməsi, yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iddiaçının tələbini “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının 24 avqust 2024-cü il tarixli 3-17-1/2-14-203005/2024 saylı imtinasının qanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi nəzərə almışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixində "xxxx" firmasında direktor vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2004-cü il tarixində isə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1989-xx.xx.1992-ci illər aralığında “Stolyar” kooperativ müəssisəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin sonradan qeyd olunan əmək stajı pensiya təyin edilərkən nəzərə alınmamışdır. Bu barədə əvvəlcə iddiaçı tərəfindən şifahi qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dayanıqlı və X1 Agentliyinə müraciət edilmiş, cavabında hesablanmamış stajın müəyyən edilməsi üçün monitorinq aparılmalı olduğu, bunun üçün də DOST Mərkəzinə yazılı müraciət edilməsi tövsiyə edilmişdir. Beləliklə, Əmək stajının müəyyənləşdirilməsi üçün monitorinq aparılması barədə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dayanıqlı və X1 Agentliyi, 3 saylı Bakı DOST Mərkəzinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialında baxılmış Yaşa görə Ənıək Pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında 24 avqust 2024-ci il tarixli 3-17-1/2-14- 203005/2024 saylı qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, qərar əsassızdır və ləğv edilməlidir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5869/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilərək, əmək kitabçasında qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

5. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldığı və xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla cəmi sığorta stajı 25 ildən az, 12 il 10 ay 6 gün təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətindən görünür ki, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək “Stolyar” kooperativ müəssisəsində və xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək isə "xxxx" firmasında işləmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq, iddiaçının xx.xx.2006-cı ildən etibarən işdən azad olunduğu tarixədək (xx.xx.2006-cı il) fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 12 il 8 ay 6 gün sığorta stajına uyğun olaraq 11746,77 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 100,52 manat olmaqla ümumilikdə 11847,29 manat (2023-cü il tarixə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək və xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış və həmin araşdırmanın gedişində Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli aktına əsasən “Stolyar” kooperativ müəssisəsinin xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək və "xxxx" firmasının xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan arxiv sənədləri mühafizə edilmədiyi üçün həmin dövrlərdə iddiaçının əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmayıb. Bundan başqa “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrün (işdən azad olunma əmrində Azərbaycan SSRİ-nin möhüründən istifadə edildiyi üçün), xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan (işdən azad olma əmri xx.xx.2004-cü il tarixli olsa da, əmrin nömrəsi 510 olduğu üçün) doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. İddiaçının təqdim etdiyi sənədlərdə əməkhaqqı ödənişləri və əmrlərdən çıxarışlar əks olunmadığından "xxxx" firmasında əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bildirir ki, sözügedən mübahisəli dövrlərlə bağlı tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə verilən sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli 3-48-2F/2-542/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı işlədiyi “Stolyar” kooperativ müəssisəsinin və "xxxx" Firmasının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Belə olan təqdirdə isə İddiaçı sözügedən mübahisəli dövrlərdə əmək haqqı alıb-almaması məsələsini dəqiqləşdirmək mümkün olmamış, nəticədə həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Hesab edir ki, əmək kitabçasının doldurulma qaydalarına riayət olunmaması əmək kitabçasının mötəbərsizliyi şübhəsi yaratdığı və iddiaçının işlədiyini iddia etdiyi dövrlərə dair əlavə zəruri sənədlərin olmaması halında məhkəmə tərəfindən prosessual pozuntu törədilərək, qeyd olunan hallar araşdırılmamışdır. Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

İŞİN HALLARİ:

9. İddiaçı xx.xx.1958-ci ildə anadan olub.

10. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən xx.xx.2006-cı il tarixinədək sosial sığorta stajı xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixədək təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 12 il 08 ay 06 gün təşkil edir.

11. Dövlət Vergi Xidməti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan “məlumatın təqdim edilməsi barədə” xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “dövlət reyestrində rəhbəri İddiaçı olan "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 6845 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Reyestrdə “Stolyar” Kooperativi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Eyni zamanda bildirilir ki, reyestrdə “Dülgər” Kooperativinin xx.xx.1989-cü il tarixdə 4 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən halhazıradək "xxxx" Firması və “Dülgər” Kooperativi adından inventarlaşmadan keçmək və VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir.”

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2017dək, yəni mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: … 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.

13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;

14. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007- ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): 67-ci maddəyə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddənin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. 69-cu maddəyə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

23. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

25. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixində, yəni 65 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır.

26. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla ümumilikdə 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edilmişdir.

27. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır.

28. İnzibati orqanın imtina məktubundan və apelyasiya şikayətindən görünür ki, cavabdeh tərəfindən xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlər mübahisələndirilmiş, buna görə də iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının ona yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan vermədiyi iddia edilmişdir.

29. Cavabdehin yuxarıda qeyd olunan dəlillərinə münasibətdə Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş həddi (65 yaş) tamamlandığından və iddiaçının 25 ildən artıq stajı olduğundan, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır.

30. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

32. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

33. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında onun mübahisələndirilən dövrlərdə "xxxx" Firmasında və “Stolyar” kooperativ müəssisəsində işləməsi faktı öz əksini tapmışdır.

34. Eyni zamanda, Dövlət Vergi Xidməti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan “məlumatın təqdim edilməsi barədə” xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, dövlət reyestrində rəhbəri İddiaçı olan "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 6845 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə, habelə reyestrdə “Dülgər” Kooperativinin (Мустəгил “Столjар” Кооперативи) xx.xx.1989-cü il tarixdə 4 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumatlar mövcuddur.

35. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, əmək kitabçasında əks olunmuş “Dülgər” Kooperativinə (Мустəгил “Столjар” Кооперативи) məxsus möhür səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş etibarlı möhürdür. Sadəcə olaraq olaraq Azərbaycan Respublikası 1991-ci il tarixində müstəqillik əldə etdikdən möhür yenilənməmiş və bütün sənədlərdə köhnə möhürdən istifadə olunmuşdur.

36. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1989-cu il tarixli işə daxil olma və xx.xx.1992-ci il tarixli işdən azad olma zamanı kooperativi tərəfindən istifadə olunmuş möhürlər eynilik təşkil edir, möhürlərin eyniliyinə şübhə doğuran hər hansı hal yoxdur. Odur ki, əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi şəxsi pensiya hüququndan məhrum edə bilməz.

37. Qeyd edilənləri nəzərə alan Kollegiya bildirir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır.

38. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən dövrlər üzrə (xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr) işləməsi əmək kitabçasında əksini tapdığından və qeyd edilən dövrlər nəzərə alındığı təqdirdə xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 26 il 04 ay 28 gün təşkil etdiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuşdur.

39. Beləliklə, Kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya münasibətdə tələb olunan bütün şərtlər ( yaş və sığorta stajı ) mövcuddur, yəni iddiaçının 65 yaşı var və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir.

40. Bundan başqa, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-14- 203005/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir: “...əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər.”

41. Halbuki, “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

42. O cümlədən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

43. Qeyd olunan normaların tələblərinə əsasən Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

45. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

46. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

47. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5869/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar