Məhkəmə qərarları › İş №2-1(103)-3051/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3051/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3051/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X5 qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3271/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları : İddiaçı 1964-cü il təvəllüdlü İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 02 sentyabr 2021-ci il tarixli, **********2 nömrəli məktubda İddiaçı müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 3 sentyabr 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 8 ay 2 gün (xx.xx.1979-xx.xx.1980-ci İT, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinatı mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi zərərli əmək fəaliyyəti ilə bağlı 57 (əlli yeddi) yaşı tamam olduğundan AZENCO ASC şirkətində işlədiyi 5 ay 9 gün müddətini təsdiq etmək üçün ona əmək pensiyasının təyin olunmasına dair cavabdehə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3271/2022saylı, 29 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh quruma təqdim edilmiş 03 sentyabr 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasındakı qeydlərdən məlum olur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az, yəni 24 il 08 ay 02 gün təşkil edir (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988- xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının xx.xx.2014-cü il tarixli, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində doğulmuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi Naxçıvan MSSR 129 №-li kənd texniki peşə məktəbi tərəfindən verilmiş xx.xx.1980-cı il tarixli, 917 №-li attestatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1979-cu ildə 129 №-li kənd texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1980- cı ildə həmin məktəbi traktorçu-maşınçı peşəsi üzrə bitirmişdir (1 il). - Culfa rayon Dövlət Arxivi tərəfindən iddiaçıya verilmiş 105 №-li, xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Culfa rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon Yaycı kənd 129 №-li peşə məktəbin sənədlərinə baxdıqda X4 xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək Yaycı 129 №-li peşə məktəbində əyani oxumuş, 917 №-li attestatla bitirmişdir. - Azərbaycan Dəmir yolu Bakı Texniki Məktəbi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 21 №-li şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1989-cu ildən xx.xx.1989cu ildə kimi texniki məktəbdə oxumuş və elektrovoz maşinisti peşəsinə yiyələnmişdir (5 ay 17 gün). - X3 məxsus НЗ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər (2 il 1 ay 23 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı Əliyev (Əlibəyli) İbrahim Bəylər oğluna məxsus xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə (1 il 8 ay 4 gün) Сulfa rayonu, M.S.Ordubadi adına üzümçülük sovxozunda 3-cü dərəcəli traktorçu vəzifəsində işləmiş, xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə (2 il 1 ay 28 gün) Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1984-xx.xx.1986-ci il tarixlərdə (1 il 10 ay 1 gün) Cənub-şərq dəmiryolunun Geogi-Diş lokomotiv deposunda Eksperimental sexdə mexaniki işləri üzrə 3cü dərəcəli çilingər, elektrovoz və teplovoz maşinistinin köməkçisi, xx.xx.1986-xx.xx.1987cı il tarixlərdə (9 ay 22 gün) Rostov hidrometeoroloji stansiyada mexanik-meteoroloq şagirdi, mexanik-meteoroloq vəzifəsində, xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə (11 ay 10 gün) Azərbaycan Dəmiryolları Culfa lokomotiv deposunda teplovoz maşinisti köməkçisinin dublyoru, müstəqil teplovoz maşinisti köməkçisi vəzifəsində işləmiş, xx.xx.1989xx.xx.1989-cu il tarixlərdə (5 ay 17 gün) Azərbaycan dəmiryolları Bakı texnikumunda Elektrovoz maşinistləri kurslarını bitirmiş, xx.xx.1989-xx.xx.2006-cı il tarixlərdə (17 il 1 gün) Azərbaycan dəmiryolları Culfa lokomotiv deposunda elektrovoz maşinisti köməkçisinin dublyoru, müstəqil elektrovoz maşinisti köməkçisi, elektrovoz maşinisti köməkçisi, elekrovoz maşinisti, xx.xx.2006-xx.xx.2017-ci il tarixlərində Azərbaycan Dəmiryolları Lokomotiv deposunda elektrovoz maşinisti köməkçisi, elekrovoz maşinisti, xx.xx.2017xx.xx.2021-ci il tarixlərdə "xxxx" QSC Bakı Lokomotiv Deposunda elektrovoz maşinisti, maşınisti təlimatçısı, xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Dəmir Yolları QSC X1 İstismar Xidmətində mütəxəssis, maşinist təlimatçısı vəzifələrində işləyir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01-FA/242 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X4 xx.xx.1987- ci ildən (əmr №103-л, xx.xx.1987-ci il) “Azenerjisazlama” müəssisəsinin Naxçıvan sahəsinə fəhlə peşəsinə qəbul edilib, xx.xx.1987-ci ildə (Əmr №-206, xx.xx.1987-ci il) həmin müəssisənin Paylayıcı avadanlığın təmiri üzrə 2-ci dərəcəli elektrik-çilingəri peşəsinə keçirilib və xx.xx.1988-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. Məlumat üçün bildirirlər ki, “Azbaşenerji”-nin xx.xx.1988-ci il tarixli, 563 №-li əmrinə əsasən “Azerenerjisazlama” müəssisəsi “Azerenerjitəmirsazlama” müəssisəsinə çevirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 423 №-li, xx.xx.1996-cı il tarixli fərmanına əsasən “Azerenerji" "xxxx" Açıq Səlıimdar Cəmiyyəti adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.1999-cü il tarixli 13 №-li əmrinə əsasən “Azerenerjitəmirsazlama müəssisəsi" S.İ.Lətifov adına “Azerenerjitəmirsazlama müəssisəsi” adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 №-li əmrinə əsasən S.İ.Lətifov adına “Azerenerjitəmirsazlama müəssisəsi” ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ 032 №-li əmrinə əsasən “Azərenerjixüsusitəmirsazlama müəssisəsi" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 04.030.2005-ci il tarixli, AÜ 040 №-İi əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilinəsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərancamına əsasən "xxxx" ASC adlandırılıb. - "xxxx" ASC tərəfindən lazımi qaydada təsdiq edilmiş X3 aid T-2 formalı şəxsi kartadan çıxarışın surətindən görünür ki, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi “Azenerjisazlama” müəssisəsinin Naxçıvan sahəsində fəhlə, 2-ci dərəcəli elektrik-çilingəri peşələrində işləmiş, xx.xx.1988-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. - "xxxx" QSC Sərnişin Daşımaları Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05 №-li güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən “Cənub-Şərq” və "xxxx" QSC-də çilingər, maşinistköməkçisi və elektrovoz maşinisti vəzifələrində işləmişdir. Halhazırda maşinist-təlimatçısı vəzifəsində işləyir. Onun güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: xx.xx.1984- xx.xx.1985-ci il tarixlərdə Eksperimental sexdə mexanik işiəri üzrə 3-cü dərəcə çilingər işləmişdir (4 ay 8 gün); xx.xx.1985-xx.xx.1986-cı il tarixlərdə Elektrovoz və teplovoz maşinist-köməkçisi vəzifəsində işləmişdir (1 il 5 ay 4 gün); xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə Elektrovoz və teplovoz maşinist-köməkçisı vəzifəsində işləmişdir (11 ay 9 gün); xx.xx.1989-xx.xx.1989-cu il tarixlərdə Elektrovoz və teplovoz maşinist-köməkçisı vəzifəsində işləmişdir (2 ay 20 gün); xx.xx.1989-xx.xx.2006-cı il tarixlərdə Elektrovoz maşinisti vəzifəsində işləmişdir (16 il 3 ay 10 gün); cəmi 19 il 2 ay 20 gün. Onun işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cü il tarixli 320 saylı və 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 21.4-cü maddəsində “Dəmiryol nəqliyyatı” başlığı altında nəzərdə tutulmuş çilingər, maşinist-köməkçisi və maşinist bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 154776 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçi İddiaçı "xxxx" QSC-də çalışdığı peşələrdən yalnız elektrovoz maşinisti, həmçinin elektrovoz və teplovoz maşinist köməkçiləri peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilir. Belə ki, sözügedən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 7, 13, 14 və 17-ci abzaslarında, Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda isə 28- ci bölmənin müvafiq olaraq 8, 14 və 15-ci absazlarında (kod:23001000—14241, 23001000—16878 və 23001000—16885 ) nəzərdə tutulmuşdur. Həmçinin, həmin peşələr üzrə işlərin xüsusiyyətləri təhkim edilmiş müvafiq lokomotiv (elektrovoz, teplovoz) briqadanın tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik edilməsi, onların fəaliyyətinə nəzarət olunması, qatarı idarə edərkən və manevr yerdəyişmələri həyata keçirərkən müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 nömrəli və xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktublardan görünür ki, 21 iyun 2021-ci il tarixində və 05 may 2022-ci il tarixində daxil olmuş ərizələrinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririlir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Mərkəzi Filiala təqdim etdiyi 3 sentyabr 1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 7 ay 22 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixə 25 illik ümumi və 3)12,6 illik xüsusi iş stajının toplanması. Əmək kitabçasına əsasən, (hərbi xidmət və təhsil illəridə daxil olmaqla) , (xx.xx.1980xx.xx.1979=9 ay 25 gün) + (xx.xx.1982-xx.xx.1980=1 il 8 ay 3 gün) + xx.xx.1984xx.xx.1982=2 il 1 ay 22 gün) + (xx.xx.1986-xx.xx.1984=1 il 9 ay 12 gün) + (xx.xx.1987xx.xx.1986= 9 ay 21 gün) + (xx.xx.1989-xx.xx.1988=11 ay 9 gün ) + (xx.xx.2006xx.xx.1989=16 il 6 ay) iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 8 ay 2 gün təşkil edir. “Azenerjisazlama” müəssisəsinin Naxçıvan sahəsində xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi fəhlə və 2-ci dərəcəli elektrik-çilingəri peşələrində işləməsidə nəzərə alındıqda (iddiaçının həmin müəssisədə işləməsi işəgötürən tərəfindən təqdim edilmiş ətraflı arayışla və T-2 formalı şəxsi kartadan çıxarışla öz təsdiqini tapır) iddiaçının ümumi iş stajının 25 il 1 ay 10 gün təşkil etməsi müəyyən olunur. (24 il 8 ay 2 gün + 5 ay 8 gün = 25 il 1 ay 10 gün ) Beləliklə iddiaçının xx.xx.2006-cı ilə qədər toplanmış 25 ildən çox ümumi əmək stajı mövcuddur. “2006-cı il yanvarın 1-dək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, əmək kitabçasında müvafiq qeydlər olmasa belə, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş stajını təsdiq edən sənəd kimi arxiv arayışı, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və digər sənədlər nəzərə alına bilər. Həmçinin xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının xüsusi iş stajının toplanması məsələsinə gəldikdə isə İddiaçı işlədiyi elektrovoz maşinisti, həmçinin elektrovoz və teplovoz maşinist köməkçiləri peşələri iş yerinin arayışına əsasən həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’ nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulmuş 23001000-14241, 23001000-16878 və 23001000-16885 koduna, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’-nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə Siyahının 21.4-cü bəndində nəzərdə tutulmuş “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, teplovozlarda maşinist köməkçiləri, elektrovozlarda maşinist köməkçiləri” peşəsinə uyğun olmaqla xx.xx.2006-cı ilədək güzəştli iş stajı 18 il 10 ay 16 gün təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və kollegiyanın iclasında öz təsdiqini tapmış işin həqiqi hallarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Beləliklə, iddiaçının tam əmək stajı xx.xx.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2021ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3271/2022 saylı iş üzrə qəbul etdiyi 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar