Məhkəmə qərarları › İş №2-1(103)-3051/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3051/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3051/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı "borclunun bank hesabına həbsin qoyulması" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8832/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək borclu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bank hesabına (bank hesabında olan pul vəsaitinə) borclu olduğu 390179,73 AZN (üç yüz doxsan min yüz yetmiş doqquz manat, yetmiş üç qəpik) məbləğində həbs (inkasso) qoyulması öhdəliyinin cavabdeh Səbail Rayon İcra Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1590/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 389899,73 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq "xxxx" MMC-yə ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 280 manat məbləğində pul vəsaiti Müdafiə Nazirliyindən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı “İcra haqqında” Qanunun 87, 43-cü maddələrinə istinadən hesab edir ki, cavabdehin üzərinə həmin qətnaməyə əsasən verilmiş icra sənədinin icrası ilə bağlı müvafiq öhdəlik qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8832/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə öz qərardadında icra məmurunun və Səbail Rayon İcra Şöbəsinin faktiki olaraq hərəkətsizlik etdiyini nəzərə alır və onun məcburi icra tədbirlərini etmədiyini qeyd etsə də heç bir maddəni təfsir etmədən, iddia ərizəsində göstərilən “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə İPM-in 2.1-ci maddəsinə uyğun olmayan bir qərar qəbul etmişdir. Çünki həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan qərar qəbul edilə bilər. Məhkəmə öz qərarında mühüm əhəmiyyətli prosesessual pozuntular etmiş, bununla da düzgün olmayan və əsassız bir qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi (direktoru) X2 apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia subyektiv hüququ olan şəxs tərəfindən qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmaqla, iddiaçı tərəfindən hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, iddiasının inzibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri öz təsdiqini tapmır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı tərəfindən kommersiya mübahisəsi üzrə mülki icraat qaydasında baxılmış iş üzrə qanuni qüvvəsini almış Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1590/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasından irəli gələn məsələlərlə əlaqədar cavabdeh icra orqanının (icra məmurunun) hərəkətsizliyini mübahisələndirərək, sonuncu tərəfindən “İcra haqqında” qanunaericliklə müəyyyən olunan öhdəliklərinin yerinə yetirmədiyindən, onun ücərinə borclu Müdafiə Nazirliyinin bank hesabında olan pul vəsaitinə 390179,73 manat məbləğində həbs (inkasso) qoyulması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası, İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, ilk öncə qeyd edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranmasını tələb edir. Konkret halda isə prosessual qanunvericiliyin bu şərti ödənilmədiyindən iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatında baxılması istisna edilir. Ümumiyyətlə qeyd olunmalıdır ki, mülki icraat qaydasında baxılan işlər üzrə verilmiş icra sənədinə əsasən başlanılmış icra işinin iştirakçılarının narazı qaldıqları istənilən məsələyə həmin icraat çərçivəsində də, məhz, baxılması davam etdirilməlidir. Çünki, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən məhz, həm də onu nəzərdə tutur ki, tərəflər icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Digər tərəfdən «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də məhz, qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Göründüyü kimi, qanunvericiliyə görə icra sənədinin icra edilməsinə nəzarəti həmin icra sənədini icra edən icra qurumunun rəhbəri və bir də həmin icra sənədini vermiş məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Yəni, icra sənədi üzrə icraatın iştirakçıları (tələbkar və borclu) icra məmurunun qaununsuz hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn istənilən məsələni icra sənədini vermiş məhkəmə vasitəsilə mübahisələndirilə bilər. Konkret halda isə Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar kimi çıxış edən iddiaçı, iddia tələbində göstərdiyi məsələnin həllinə, həmin mülki işin davamı olaraq, həmin icraat çərçivəsində nail olmaq əvəzinə, bundan kənar qaydada, yəni, inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun yerinə yetirməli olduğu icra hərəkətləri və ya hərəkətsizliyi məsələlərinin həlli, inzibati hüquq sahəsinə aid olan publik(ümumi) xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası zamanı ortaya çıxan bütün narazılıqların həlli, o cümlədən, məcburi icra hərəkətlərinin yerinə yetirilməsi ilə bağlı icra məmuru tərəfindən yerinə yetirilməli olan məsələlər elə həmin icraat çərçivəsində məhkəmə müdafiəsinin tərkib hissəsini təşkil edir və həmin işin davamı kimi qəbul olunur. Beləliklə də icra orqanına (məmuruna) qarşı onun hərəkət və hərəkəsizliyindən şikayətlərə baxılması, məhz, icra sənədini vermiş və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aid edildiyi nəzərə alınmaqla, hazırkı iddianın İPM-in 35.1-ci maddəsinə uyğun əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur Başqa sözlə iddianın inzibati məhkəmə icraatı mümkünsüzdür. Belə olan halda da Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkün sayılmamsı barədə qərardad çıxarılır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-8832/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8832/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar