Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3052/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Kərimli İlham Əziz oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ayrılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8034/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aztəminatlı ailə kimi 15 fevral 2022-ci ildən başlayaraq həmin il üçün az təminatlı ailə kimi dövlət məcburi sosial yardımın ayrılması barədə vəzifənin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişi elektron variantda xx.xx.2022-ci il tarixdə sms vasitəsi ilə telefon nömrəsinə göndəriİib və hesab edir ki, inzibati prosessual qanunvericiliyə görə məhkəmədə iddia qaldırmaq müddətini buraxmamışdır. Cavabdehlə 2002-ci il tarixdən hüquq münasibətindədir, belə ki, həmin tarixdən etibarən hazırki, yəni 2022-ci ilin fevral ayınadək ünvanlı sosial müavinəti alırdı. Cavabdeh 2022-ci il fevral ayından etibarən ona ünvanlı sosial müavinət təyin etməkdən imtina etmişdir Adına yazılmış bildirişin məzmunundan məlum olduğu kimi “ailə tərkibinin tərəfindən düzgün göstərilməməsi” səbəbindən cavabdeh ünvanlı sosial yardımın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********96002 nömrəli ona etdiyi müraciətindən imtina etmişdir. Hesab edir ki, “ailə tərkibinin tərəfindən düzgün göstərilməməsi” səbəbindən cavabdehin ona ünvanlı sosial yardımın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********96002 nömrəli ona etdiyi müraciətindən imtina etməsi aşağıda göstərdiyi hallara görə əsassız hesab edilməli və cavabdehin üzərinə 2022-ci il üçün həmin ilin 15 fevral tarixindən başlamaqla ona ünvanlı sosial yardımın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmalıdır. Ailəsi dörd nəfərdən, o cümlədən xx.xx.2002-ci il təvəllüdlü oğlu X13 ADNSU universitetinin 3-cü kurs tələbəsidir, ödənişsiz əsaslarla təhsil alır, xx.xx.2006-cı il tarixdə anadan olmuş X17 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X6 ibarətdir. Uşaqların ataları ilə rəsmən məhkəmə qaydasında ayrılmışdır. Məhkəmə qaydasında uşaqların saxlanılması üçün məhkəmə qaydasında aliment təyin edilsə də məhkəmə qərarları 15 ildir ki, əsassız olaraq icra edilməmişdir. Bu tərkibdə, yəni özü də daxil olmaqla dörd nəfərdən ibarət ailə üçün cavabdeh tərəfindən hələ 2007-ci il tarixdən etibarən 15 fevral 2022-ci ilə qədər aztəminatlı ailə kimi ona ünvanlı sosial yardım ayrılmışdır və həmin sosial yardımı uşaqlarının saxlanılması üçün istifadə etmişdir. Özü 2015-ci ildən 3-cü qrup əlildir. İxtisasca müəllimə olsa da və bu vəzifədə uzun illər çalışsa da ağır eşitdiyindən nəinki müəllimə, hətta normal işlərdə belə işləyə bilmir. Bu səbəbdən balalarını dolandırmaq üçün MKTB-də fəhlə işləyir. 260 manat əmək haqqı alır. UDSY dayandırılması isə maddi vəziyyətini daha da ağırlaşdırıb. Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, dalan 5, ev 10 hazırda vəfat etmiş anası X3 xüsusi mülkiyyətində olmuşdur və hazırda da onun mülkiyyətində qalmaqdadır, anası sağ ikən boşanıb anasının evinə qayıtdıqdan sonra mülk üstə qardaşı onu evdən çıxartmağa çalışmışdır. Anası vəfat edəndən sonra vərəsə kimi qardaşı ilə onun arasında münaqişə daha da dərinləşmişdir. Münaqişəyə ərizə əsasında hətta Suraxanı rayon polis orqanları müdaxilə etmişdir. Buna görə də anasının bacısı olan 1951-ci il təvəllüdlü xalası ona və üç uşağına Bülbülə qəsəbəsi, Əyri küçəsi, ev 10-da xüsusi mülkiyyətində olan evi müvəqqəti sığınacaq kimi təqdim etmişdir, özü isə miras əmlakla bağlı qardaşı ilə olan münaqişə həll edilənədək qeydiyyatda olduğu (vəfat etmiş bacısının xüsusi mülkiyyətində olan) Bül-bülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, dalan 5, ev 10 yerləşən evə köçmüşdür. Tənha qadındır, pensiyaçıdır, 260 manat pensiya alır. Bu ilin 9 mart günündə səhər saatlarında cavabdehin nümayəndələri evə baxış keçiriblər, həmin vaxt o evdə olmuş, uşaqları isə dərsdə. COVİD- 19 pandemiyası ilə bağlı hamı tibbi maskadan istifadə edir. Evə gələn həmin nümayəndələr də həmçinin. Eşitmə əngəlli olduğundan danışıqları yalnız dodaq tərpənməsindən anlayır. Maska taxıldıqda isə nə qədər ucadan danışılsa da, uca danışılan səsləri eşitsə də danışıqları anlamır. Xalasından xahiş etmişdir ki, danışıqları ona anlatmaq üçün evə gəlsin. Bu səbəbdən də xalası onlara gəlib. Həmin vaxt əməkdaşlar özlərinin qeydlərini aparmış və bu barədə rəsmi sənəddə də bildirmişlər. Sonradan təkrarən 30 mart 2022-ci il tarixdə səhər saatlarında uşaqları dərsdə, özü işdə olan zaman cavabdehin nümayəndələri yenidən ona heç bir məlumat vermədən gəlib evə baxış keçiriblər və özlərinin qeydlərini edib çıxıb gediblər. Həmin vaxt xalası X9 onlarda olmuşdur, xalası onun xahişi ilə evə nəzarət etməyə gəlmişdir. Çünki evinə giriş qapısı yararsız olduğundan məhlədəki narkoman və oğrular dəfələrlə o işdə olan zaman evinə girib pensiya pulunu oğurlamışlar. Evə baxış keçirilən xx.xx.2022-ci il tarixdən sonra cavabdeh ona ünvanlı sosial müavinətin ayrılması barədə etdiyi 15 fevral 2022-ci il tarixli müraciətinə imtina cavabını vermişdir. Buna əsas kimi tərəfindən cavabdehə ailə tərkibinin düzgün göstərilməməsi haqqında məlumat olmuşdur. Cavabdehin bu motivasiyası ilə bağlı bildirir ki, birinci dəfə deyil ünvanlı sosial yardımın ayrılması üçün cavabdehə müraciət edir. İllərdir ki, üç uşağı ilə birlikdə (hazırdakı tərkibdə) aztəminatlı ailə kimi cavabdehdən ünvanlı sosial yardımı alır və bu dəfə də ailə tərkibinin dəyişməz olduğu barədə cavabdehə doğru və dürüst məlumat vermişdir. Ailə qanunvericiliyinə görə ailə deyildikdə ana-ata və uşaqların cəmi başa düşülür (qan xətti üzrə qohumlar). Xala, bibi, qardaş bacı və digər şəxslər bir-birinə münasibətdə ailə üzvləri hesab olunmurlar. Uşaqları ilə birlikdə müvəqqəti olaraq xalası X4 evində yaşaması onun onunla ailə üzvü qismində bir ev-məişət təsərrüfatını birgə idarə etməyinə həm faktiki, həm də hüquqi olaraq dəlalət eləmir, xalası X9 ilə birlikdə bir ailə olub birgə ev təsərrüfatını idarə etmələri kimi hesab edilməsi cavabdehin yalnız və yalnız subyektiv yanaşmasıdır. Bunun da təməlində əsassız olaraq aztəminatlı ailə kimi ona ünvanlı sosial yardım ayrılmasında imtina etmək istəyi durur. Cavabdeh iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi 2002-ci il tarixdən ünvanlı dövlət sosial yardım aldığını, daha sonra yenidən ünvanlı dövlət sosial yardım təyin olunması üçün müraciət etdiyini, xx.xx.2022-ci il tarixli, **********96002 nömrəli məktuba əsasən ona ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtina olunduğunu göstərmişdir. Hesab edir ki, cavabdeh tərəfindən ona ünvanlı dövlət sosial yardım təyin edilməli olduğu halda bundan əsassız olaraq imtina edilmişdir. İddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlliliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2 və 6.3-cü maddələrinə görə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Yuxarıda istinad olunan Qanunun 10.1-ci maddəsinə görə sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin (ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. İstinad olunan Qaydalarınn 4.2-ci bəndinə əsasən sosial vardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. İş üzrə icraat materiallarına əsasən İddiaçı xx.xx.2020ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 2 (iki) il müddətinə 171,52 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Təyin edilmiş ünvanlı dövlət sosial yardımın müddəti bitdikdən sonra iddiaçı yenidən təyinat üçün xx.xx.2022-ci il tarixdə VEMTAS vasitəsi ilə müraciət etmiş, lakin “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanunun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün, bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmadığı göstərilmişdir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə, yenidən VEMTAS vasitəsi ilə müraciət etmiş, maddi-məişət şəraitinin yoxlanılması zamanı ailə tərkibi düzgün göstərilmədiyi üçün ona sosial yardım təyin olunmasından imtina edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na 4 nömrəli əlavədə müayinə məqsədilə ünvana baxış keçirildiyi zaman təmsilçinin xalasının da həmin ünvanda olduğu qeyd edilmiş, müayinə aktı təmsilçi və xalası tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda mənzilə baxış keçirildiyi zaman təmsilçinin xalasının həmin ünvanda olduğu, təmsilçinin özünün və övladlarının isə evdə olmadığı müəyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı xalası həmin ünvanda yaşamasına baxmayaraq VEMTAS tərəfindən müraciət olunan zaman ailə tərkibində göstərilməmiş, bu hal maddiməişət şəraitinin yoxlanılması zamanı müəyyən olunmuşdur. Bu səbəbdən də iddiaçıya ünvanlı dövlət sosial yardım təyin olunmasından imtina olunmuşdur. Ümumilikdə, yuxarıda qeyd edilən qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı ünvanlı dövlət sosial yardım təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8034/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.(hakim: Ş.Həsənova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, mübahisələndirdiyi qərarda "işin mübahisəli halı kimi İddiaçı tərəfindən cavabdeh orqana müraciət edilən zaman X9 barəsində məlumatın qeyd edilməməsi, yəni ailə tərkibinin düzgün göstərilməməsi aşkar edilmişdir. Həmçinin məhkəmə tərəfindən qərarda göstərilmişdir ki, "Ünvanlı dövlət sosial yardım haqqında" Qanunun tələbinə görə ailə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. Odur ki, ünvanlı sosial yardımla bağlı mübahisələrdə məhz bu meyarlar əsas götürməlidir. Buna görə də ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı elektron müraciət edilməsi zamanı şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat verməyi tələb etdiyi halda İddiaçı tərəfindən buna əməl edilməmiş, iddiaçının müraciətində qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq, yəni ailə tərkibinin düzgün göstərilməməsi aşkar edildiyindən sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın tələbinə uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Bildirir ki, məhkəmə tərəfindən qanunvericiliyə istinad edərək "şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat verməyi tələb etdirir” kimi gəldiyi nəticə ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmamışdır. "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" da həmin qaydalara əlavə kimi 1 və 2 saylı əlavələrdə (elektron müraciətdə, ərizə bəyannamədə) "şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat verməyi tələb edilir" kimi müddəa nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi özünün hazırda barəsində mübahisə açdığı qərarını Ünvanlı sosial yardım haqqında qanunun 1.0.2., 10.1. maddələrinin tələblərini və həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 1.1., 4.2. bəndlərində nəzərdə tutulmuş tələblərini tətbiq etmişdir. Qərarda istinad edilmiş digər qanun və qaydalar mübahisə doğurmadığından buna münasibət bildirmir. Hesab edir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisə üzrə 06 iyul 2022-d il tarixli, 2-1(112)-8034 nömrəli qərar çıxararkən hüquqi məsələləri düzgün həll etməmişdir. Belə ki, istinad etdiyi qanun normalarını və istinad etdiyi qaydaları düzgün tətbiq və düzgün təfsir etməmiş, həmçinin tətbiq etməli olduğu qanun normasını mübahisənin həllinə tətbiq etməmişdir. Belə ki, məhkəmə qərarında müəyyən edildiyi kimi işin mübahisəli halı tərəfindən iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi üçün müraciət edilən zaman X9 barəsində məlumat verilməməsi təşkil edir; "Ünvanlı sosial yardım haqqında Qanunun 1.0.2. maddəsinə əsasən ailə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığıq olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. Göründüyü kimi qohumluq deyiləndə qanun qanunvericiliyə görə yalnız formal olaraq qohumluqla bağlı tellərlə deyil həmin şəxslərin ünvanlı dövlət sosial yardım alan şəxslə ümumi ev təsərrüfatının idarə edilməsində iştirakını nəzərdə tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən isə ailə üzvləri deyildikdə, ər-arvad, valideynlər və uşaqlar nəzərdə tutulur. "Ünvanlı sosial yardım haqqında Qanunun 10.1. maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Məhkəmə tərəfindən istinad edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 4.2. bəndinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Ünvanlı dövlət sosial yardım almaq üçün müraciət edilən zaman cavabdehə etdiyi müraciət istinad etdiyi bu qanun normaların tələblərinə tam uyğun olmuşdur, bu fakt cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə tərtib edilmiş məlumatda (sənəddə) öz əksini tapmışdır. Həmin sənəddə ailəsinin özü və 3 (üç) az yaşlı uşağından ibarət olması müəyyən edilmişdir və faktiki olaraq da elədir. Həmin sənəddə qohumu (xalası) X4 müayinəyə məruz qalmış həmin evdə yaşayaraq birgə təsərrüfatı idarə etməkləri yox, evə baxış zamanı orada olması faktı müəyyən edilmişdir, məhkəmə həmçinin eləcə də inzibati orqan yəni cavabdeh həmin şəxsin yoxlama aparılan yerdə, olması faktını onun ailəsinin üzvü olması və onunla ev təsərrüfatının idarə edilməsində iştirak etməsi kimi qiymətləndirmişdir. Baxmayaraq ki, həmin sənəddə cavabdehin nümayəndələri tərəfindən qohumu (xalası) Pərvaz Muxtarovanın ailəsi ilə birlikdə birgə ev təsərrüfatının idarəedilməsi barədə hər hansı bir məlumat qeyd edilməmişdir. Əgər subyektiv olaraq cavabdeh sözügedən qohumunun ailəsinin tərkibinə daxil edib ailəsi ilə birgə ev təsərrüfatını idarə edir kimi tezis irəli sürürsə onda bunu məhkəməyə qədər qanunla müəyyən edilmiş qaydada sübut etməli idi, digər tərəfdən məhkəmə aktında istinad edilmiş qanun normasının məntiqinə görə sosial yardımın təyin olunmasına təsir edə biləcək hal kimi sözügedən Pərvaz Muxtarovanın hətta baxış keçirilmiş ünvanda yaşaması deyil onunla ailə tərkibində ev təsərrüfatının idarə edilməsində iştirak etməsi sosial yardımın təyin olunmasına təsir edə biləcək hal kimi qiymətləndirilə bilərdi. Belə ki, həmin hal aralarında mövcud mübahisə üzrə mühüm əhəmiyyət kəsb edən hal kimi müəyyən edilib qiymətləndirilməklə yardımın təyin edilməsindən imtinasını bununla əsaslandırmalı idi. Lakin inzibati orqan olaraq cavabdeh sözügedən şəxsi ailəsinin üzvü olması, onun ailəsinin üzvü, olaraq onunla birgə ev təsərrüfatının idarə edilməsinə dair heç bir sübut əldə etməmiş, sosial yardımın təyin edilməsindən imtina barədə qərarını sübutlarla deyil özünün subyektiv mülahizəsi ilə əsaslandırmışdır. İşə baxan məhkəmə isə inzibati orqanın sosial yardımın təyin edilməsindən imtina barədə əsassız qərarını düzgün hesab edərək sözü gedən yardımın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbimi təmin etməmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı müraciəti ilə əlaqədar inzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə **********96001 nömrə ilə, xx.xx.2022-ci il tarixdə **********96002 nömrə ilə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmişdir. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, ailəni təmsil edən şəxs İddiaçıdır. Yaşadığı ünvan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əyri 10dur. Ailə tərkibi İddiaçı (təmsilçi, əmək pensiyaçı, sahibkar, işləyir), X13 (oğlu, tələbə/təqaüd), X17 (oğlu, şagird), X18 (oğlu, şagird). Əmlakın mülkiyyətçisi X5r. İstifadə məqsədi müvəqqətidir. Müayinə məqsədi ilə ünvana baxış keçirildi. Ev təmsilçisinin xalasına məxsusdur. Xalası Bülbülədə başqa ünvanda yaşayır. Ünvan evin sənədi ilə uyğundur. Sayğaclar ayrı, abonent kodu uyğundur. Təmsilçi rəsmi olaraq xx.xx.2006-cı ildə ayrılıb, İ həyat yoldaşından, İİ evliliyi qeyri-rəsmi olub. Uşaqların sənədi atalığın müəyyən edilməsi ilədir. Rəsmi sənəd təqdim olunmadı. Ailənin gəlirləri: Təmsilçi MKİS-də işləyir, 2022-ci ilin yanvar ayınadək 236 AZN, yanvardan isə 267 AZN əmək haqqı alır. Təmsilçi 2022-ci ilin yanvar ayınadək 259 AZN, yanvardan 268 AZN pensiya alır. Təmsilçinin övladı tələbədir. 2022-ci ilin yanvar ayınadək 75 AZN təqaüd alıb. Müayinə zamanı təmsilçinin xalası da ünvanda idi. Bildirdi ki, təmsilçi eşitmə əngəlli olduğu üçün ünvandadır. Təmsilçi heç bir həyat yoldaşından aliment almadığını bildirdi. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, maddi-məişət şəraitinin müayinəsi məqsədi ilə ə/b-də qeyd olunan ünvana təkrar baxış keçirildi. Müayinə zamanı təmsilçi və ailə üzvlərinin ünvanda olmadığı məlum oldu. Ünvanda özünü təmsilçinin xalası kimi təqdim edən X9 var idi və bildirdi ki, təmsilçinin övladlarının 2-si məktəbdə, 1-i isə universitetdədir. Təmsilçinin isə evdə olmadığını bildirdi. Təmsilçinin xalası bildirdi ki, yaxınlıqda yaşayır və təmsilçiyə ev işlərində kömək məqsədi ilə gəldiyini bildirdi. İddiaçı xx.xx.2022-ci il tarixli, **********96001 nömrə ilə müraciətinə görə xx.xx.2022-ci ildə sosial yardımın təyin olunmasından “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olman səbəblərdən sıfıra bərabər olduğu üçün bu ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir. X17” səbəbinə görə imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli, **********96002 nömrə ilə müraciətinə görə xx.xx.2022-ci ildə sosial yardımın təyin olunmasından “Ailə tərkibinin düzgün göstərilməməsi” səbəbinə görə imtina edilmişdir. İşdən görünür ki, iddiaçı ona aztəminatlı ailə kimi 15 fevral 2022-ci ildən başlayaraq həmin il üçün az təminatlı ailə kimi dövlət məcburi sosial yardımın ayrılması barədə vəzifənin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun tələbinə görə ailə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. Odur ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Buna görə isə ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Digər tərəfdən isə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı elektron müraciətin edilməsi zamanı şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat vermələri tələb olunur. Beləliklə, həm mövcud qanunvericilik, həm də ünvanlı dövlət sosial yardım almaq üçün müraciətləri qəbul etmək üçün dövlət tərəfindən yaradılmış sistemin özü prinsip etibarilə bir ünvanda bir neçə ayrı ailə(lər)nin yaşamasının mümkünlüyünü qəbul edir. Məhz buna görə də müraciəti qəbul edən elektron sistem şəxsdən öz ailəsi ilə bağlı məlumatlarla yanaşı, varsa eyni ünvanda yaşayan digər ailə(lər) barədə məlumat vermələrini də tələb edir. Məhkəmə işin hallarına qiymət verərək hesab etmişdir ki, İddiaçı xalası X4 onunla yaşamaması barədə irəli sürdüyü dəlil əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının yaşadığı ünvan X4 mülkiyyətindədir və sonuncu yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatdadır. Bundan əlavə cavabdeh inzibati orqanın nümayəndələri tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı hər iki halda Pərvaz Muxtarovanın həmin ünvanda olması İddiaçı dəlilini təkzib edən haldır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı elektron müraciətin edilməsi zamanı şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat vermələri tələb olunduğu halda İddiaçı tərəfindən buna əməl edilməmiş, iddiaçının müraciətində qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq, yəni ailə tərkibinin düzgün göstərilməməsi aşkar edildiyindən sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. Həmin Qanunun 1.0.5-cü maddəsinə əsasən aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbi, “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, otoskopiyada AD və AS xarici qulaq keçəcəyi təmizdir. Təbil pərdənin tamlığı pozulmayıb. Pic səsləri eşitmir. Xəstə eşitmə aparatından istifadə edir. İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, otoskopiyada AD və AS xarici qulaq keçəcəyi təmizdir. Təbil pərdənin tamlığı pozulmayıb. Pıc səsləri eşitmir. Xəstə eşitmə aparatından istifadə edir” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işçi X11 ilə işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək qüvvədə olan əmək müqaviləsi bağlanmışdır. İşçinin vəzifəsi əmək müqaviləsi üzrə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçidir. Əməyin ödənilməsi forması vaxtamuzd olmaqla aylıq əmək haqqının məbləği 300 manatdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********3 nömrəli məktubun surətindən görünür ki, onun X25 və X29 (VEMTAS-a) xx.xx.2018-ci il tarixli müraciətinə əsasən ailəsinə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 182,31 manat məbləğində ünvanlı təyin edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubun surətindən görünür ki, X25 və X29 (VEMTAS-a) daxil etdiyi xx.xx.2020-ci il tarixli, **********79801 nömrəli müraciətinə əsasən ailəsinə xx.xx.2020ci il tarixindən qanunvericiliklə müəyyən olunmuş qaydada aylıq 171,52 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İş materiallarında olan cavabdehə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və X13 tərəfindən ünvanlanmış və notarial qaydada təsdiqlənmiş 11 fevral 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən onların ailəsinə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədilə ailələrinin 18 yaşına çatmamış üzvləri, X17, X18 barədə məlumat verərək Nazirlik tərəfindən onların hər birinə aid gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanlarından və təşkilatlarından əldə edilməsinə və aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən onların hər birinə dair sorğu olunan gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsinə etiraz etmirlər. Həmçinin ailələri üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailələrini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş edirlər. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 550 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X13, X17, X18 həqiqətən Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, 5-ci döngə, 10 saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı, X13, X17, X18 həqiqətən Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, 5-ci döngə, 10 saylı evdə qeydiyyatdadırlar, lakin müvəqqəti olaraq Bülbülə, Əyri, 10 saylı evdə qeydiyyatsız yaşayırlar. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı X7 cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixə kimi 4 nəfər ailə üzvü qeydə alınmaqla (özü və üç oğlu) ünvanlı sosial yardım təyin edilərək ödənilmişdir. xx.xx.2022-ci il tarixdə X14 yenidən ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və ərizə-bəyannamədə yaşadığı ünvanı ünvan 4ünü, yetkinlik yaşına çatmış oğlu Fazil Qəhrəmanov, yetkinlik yaşına çatmayan oğlanları Özcan Kərimli və Elnar Kərimlini, aylıq gəlirləri barədə məlumatları qeyd etmişdir. Cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndələri tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmış və xx.xx.2022-ci il tarixdə təmsilçinin – iddiaçının faktiki yaşadığı ünvanda həmin daşınmaz əmlakın mülkiyyətçisi olan xalasının olduğu müəyyən edilmişdir. İddiaçı eşitmə əngəlli olduğu üçün xalasının onun yanında olduğunu bildirmişdir. Təkrarən həmin ünvana xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman iddiaçının xalasının yenə həmin ünvanda olması aşkar edilmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən ailə tərkibi düzgün göstərilməməsini əsas gətirərək iddiaçıya ünvanlı dövlət sosial yadımının təyin edilməsindən imtina etmişdir. Göründüyü kimi cavabdeh orqanın imtinasının əsasını evə baxış keçirilən zaman iddiaçının xalasının həmin ünvanda olması və iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi üçün müraciət edilən zaman xalası X9 barəsində məlumatın verilməməsi təşkil edir. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçının xalası iddiaçıların hazırda yaşadığı mənzilin mülkiyyətçisi olsa da orada yaşamadığı müəyyən olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əyri küçəsi, ev 10, yeni qaydalarla: AZ 1043, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71,70 kv.m olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 527 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X1 qəsəbəsi, Əyri küçəsi, 10 №-li evdə qeydiyyatdadır, lakin faktiki olaraq Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, dalan 5, 10 saylı evdə qeydiyyatsız yaşayır. Həmçinin, apellyasiya baxışı zamanı X9 şahid qismində ifadə verərək bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və orada qeydiyyatdadır. Lakin hazırda faktiki olaraq bacısının qızı İddiaçı əvvəllər yaşadığı və qeydiyyatda olduğu Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, dalan 5, 10 saylı evdə qeydiyyatsız yaşayır. Belə ki, İddiaçı ilə qardaşı arasında münaqişə olduğundan o üç oglu ilə birlikdə onun evinə yerləşmişdir. O isə əvəzində İddiaçı evinə köçmüşdür. Bacısı qızı İddiaçı işlədiyi ücün hərdən gəlib onun uşaqlarına baş çəkir və yeməklərini bişirərək fiziki cəhətdən köməklik göstərir. Özü təqaüdçüdür, maddi imkanı da çox azdır. Bu səbəbdən bacısı qızı İddiaçı hər hansı maddi yardım etmək iqtidarında deyil və etməmişdir. Cavabdeh tərəfindən evə baxış keçirilərkən o evə Aygünün uşaqlarına baş çəkməyə gəlmişdi. "Ünvanlı sosial yardım haqqında Qanunun 1.0.2. maddəsinə əsasən ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığıq olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. Göründüyü kimi qohumluq deyiləndə həmin şəxslərin ünvanlı dövlət sosial yardım alan şəxslə ümumi ev təsərrüfatının idarə edilməsində iştirakı nəzərdə tutulur. Məhkəmə araşdırması ilə iddiaçının qohumu olan xalası X4 iddiaçı ilə birgə yaşaması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən evə baxış zamanı iddiaçının xalasının orada olması onun iddiaçı ilə birlikdə ev təsərrüfatının idarə edilməsində iştirak etməsi kimi qiymətləndirilməməlidir. "Ünvanlı sosial yardım haqqında Qanunun 10.1. maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1828 №-li arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1974-cü il tarixindən Bakı şəhərində anadan olmuş X15 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Uşaq: X13 (xx.xx.2002); X19 (xx.xx.2006); X8 (xx.xx.2007). İddiaçı tərəfindən ünvanlı dövlət sosial yardım almaq üçün cavabdehə edilmiş müraciətdə özü və üç az yaşlı uşağından ibarət olması göstərilmişdir. Göründüyü kimi ailə tərkibi barədə məlumatın verilməsində də hər hansı pozuntuya yol verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apelyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8034/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı aztəminatlı ailə kimi 15 fevral 2022-ci ildən başlayaraq həmin il üçün az təminatlı ailə kimi dövlət məcburi sosial yardımın ayrılması barədə vəzifə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3052/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3052/2022
28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver