Məhkəmə qərarları › İş №2-1(103)-3053/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3053/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3053/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqənin verilməsindən imtinanın qanunsuz hesab olunması və ona “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-6742/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqənin verilməsindən imtinanın qanunsuz hesab olunması və ona “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1953-cü ildə Cəbrayıl rayonu, Yarəhmədli kəndində doğulmuşdur. Hazırda Cəbrayıl rayonundan məcburi köçkün olmaqla Gəncə şəhəri, Avtozavod qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Cəbrayıl rayon X6 53 №-li əmri ilə 10.03.1992-ci ildə rayonda "Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar batalyonu yaradılmış və 30.01.1993-cü ildə isə fəaliyyəti dayandırılmışdır. İddiaçı da bu batalyonun tərkibində 10.03.1992-ci ildən 07.09.1992-ci ilə kimi xidmət etmiş və "Mülkədərə" adlanan postda xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır. 275 (iki yüz yetmiş beş) nəfərdən ibarət olan batalyonun üzvləri həm Cəbrayıl rayon İcra Hakimiyyətində, həm də Azərbaycan Respublikası DİN-də siyahıya alınmışdır. Həmin siyahılarda İddiaçı adı 3-cü vzvodun 3-cü nəfəri olaraq göstərilmişdir. Həmin vaxt batalyon komandiri Vahid Alışov, vzvod komandiri Əyyub Ağayev olmuşlar. 1999-cu ildə “Ziyalılar" batalyonunun 63 nəfər üzvünə Azərbaycan Respublikası DİN-nin 35 №-li protokolu ilə "Müharibə veteranı" adı və vəsiqəsi verilmiş, 2000-ci ildə isə batalyonun qalan üzvlərinə DİN-də 43 №-li protokolu ilə "Müharibə veteranı" adı verilməsi təsdiq edilmişdir. O, Gəncə şəhərində yaşadığı üçün bu məsələlərdən xəbəri olmamış, "Müharibə veteranı" olmasına dair vəsiqəni almamışdır. Sonradan ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün Respublika DİN-ə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası DİN-nin X8 İdarəsi ona 07.04.2021-ci il tarixli 024-22899İ-3221 saylı məktubla cavab verərək bildirmişdir ki, Nazirlər Kabinetinin 03.11.2016-cı il tarixli 438 nömrəli Qərarına müvafiq olaraq özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində könüllü olaraq iştirak etmiş şəxslərə “Müharibə veteran” adı və vəsiqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilir. Ona görə də həmin aidiyyəti üzrə həmin Xidmətə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı ona "Müharibə veteranı" adinin və vəsiqəsinin verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ona 09.04.2021-ci il tarixli İ/1414 saylı məktubla cavab verərək bildirmişdir ki, Daxili İşlər Nazirliyindən daxil olmuş 03.11.2020-ci il tarixli 001-63572-1220 nömrəli məktubda, Cəbrayil Rayon Polis Şöbəsinin 1993-cü ili əhatə edən əmrlərinin və "Qarabağ" könüllü Milli Müdafiə Ziyalılar Batalyonuna dair siyahıların Daxili İşlər Nazirliyinin arxivinə təhvil verilmədiyindən, müvafiq siyahıların göndərilməsi imkan xaricində olduğu qeyd olunmuşdur. Əlavə olaraq, iddiaçıya bildirilmişdir ki, Xidmətin Aparatında fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 09.02.2021-ci il tarixdə keçirilmiş iclasında onun sənədlərinə baxılmış, döyüşlərdə iştirakını sübut edən təsdiqedici sənədlər olmadığı üçün, barəsində müsbət qərar qəbul edilməmişdir. İmtina məktubu ona rəsmi qaydada 20.04.2021-ci ildə təqdim edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısının verdiyi 28.06.2019cu il tarixli №1599 saylı arayışla təsdiq edilir ki, Cəbrayil Rayon Polis Şöbəsində 15.03.2000-ci il tarixdə təsdiq edilmiş "Qarabağ" könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun üzvlərinin siyahısına əsasən İddiaçı 1992-ci il mart ayının 10-dan sentyabr ayının 07-dək Cəbrayıl Rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun tərkibində xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə məhkum edilməmiş və ya barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilməmişdir və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərdən deyildir. Ümumiyyətlə, onun barəsində cinayət işi və ya təqsirləndirici material olmamışdır. Qanunun konkret göstərişinə əsasən, cavabdeh orqanın istinad etdiyi hal, yəni Daxili İşlər Nazirliyindən daxil olmuş 03.11.2020-ci il tarixli 001-63572-1220 nömrəli məktubda, Cəbrayıl Rayon Polis Şöbəsinin 1993-cü ili əhatə edən əmrlərinin və “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonuna dair siyahıların Daxili İşlər Nazirliyinin arxivinə təhvil verilməməsi, müvafiq siyahıların göndərilməməsinin imkan xaricində olduğunun qeyd olunması cavabdeh inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Sonda iddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-6742/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını və işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş Bakı İnzibati Məhkəməsinin hakimi X2 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarı qeyri-obyektiv olmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir, işə baxılarkən Azərbaycan Respublikası inzibati və inzibati prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Əvvəla, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi, prosessual qanunvericiliyin tələblərini pozaraq məhkəmə iclasında üzrlü səbəblərdən iştirak etməyən və işə baxılmasının başqa vaxta təyin olunmasını xahiş edən iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı olmadan işə baxmış və yekun məhkəmə qərarı qəbul etmişdir. Halbuki, hazırkı apelyasiya şikayətinə əlavə edilən ərizə ilə, habelə Cəbrayıl rayon məhkəməsinin 05.08.2021-ci il tarixli 2(072)-12/2021 saylı bildirişi ilə təsdiq edilir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəmənin hakimi Miminat Hacıbəyovaya müraciət edərək 26.08.2021-ci il tarixdə saat 15-10 dəqiqədə Bilsuvar rayonunda 1 saylı qəsəbədə yerləşən Cəbrayıl rayon məhkəməsində 2(072)-12/2021 saylı mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili qismində iştirak etməli olduğundan hazırki iş üzrə 26.08.2021-ci il tarixdə saat 14-ə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Həmin ərizə 26.08.2021-ci ıl tarixdə Bakı inzibatı Məhkəməsinin dəftərxanasında qəbul edilmiş və surətinə ştamp vurularaq və tarix qeyd olunmaqla imza ilə təsdiq olunmuşdur. Buna baxmayaraq məhkəmənin hakimi həmin ərizəni iş materiallarına əlavə etsə də, nəzərə almamış, işə iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxmışdır. Bununla birinci instansiya məhkəməsi, inzibati məhkəmə icraatının çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilməsinə dair Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsi hazırlıq iclası keçirməklə, inzibatı prosessual məcəllənin 49.1-ci maddəsinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız və qanunsuzdur. Belə ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısının verdiyi 28.06.2019-cu il tarixli №1599 saylı arayışla təsdiq edilir ki, Cəbrayil Rayon Polis Şöbəsində 15.03.2000-ci il tarixdə təsdiq edilmiş "Qarabağ" könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun üzvlərinin siyahısına əsasən İddiaçı 1992-ci il mart ayının 10-dan sentyabr ayının 07-dək Cəbrayıl Rayon Polis Şöbəsinin tabeliyində yaranmış "Qarabağ' könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun tərkibində xidmət etmişdir. Arayışdan göründüyü kimi, həmin arayış Cəbrayil Rayon Polis Şöbəsində 15 mart 2000-ci il tarixdə təsdiq edilmiş "Qarabağ" könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun üzvlərinin siyahısı əsasında verilmişdir ki, həmin siyahı da iddiaçının 1992-ci il mart ayının 10-dan sentyabr ayının 07-dək Cəbrayıl Rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun tərkibində iştirak etdiyinə dair təsdiqedici sənəd olmaqla, yuxarıda qeyd edilmiş qanunvericilikdə zəruri sənədlərin sırasına daxil edilmişdir. Birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddəsini tələblərini pozmuş, Cəbrayil Rayon Polis Şöbəsində 15.03.2000-ci il tarixdə təsdiq edilmiş "Qarabağ" könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun üzvlərinin siyahısının mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etdiyini nəzərə almamış və həmin Siyahını Cəbrayıl rayon icra hakimiyyətindən tələb edib almamış, nə də həmin siyahının tərəflərindən əldə edilib, məhkəmə təqdim olunması üçün iddiaçı tərəfə vaxt verməmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının 1992-ci il mart ayının 10-dan sentyabr ayının 07-dək Cəbrayıl Rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun tərkibində iştirak etdiyinə dair təsdiqedici sənəd qismində təqdim etdiyi arayış qanunvericilikdə zəruri sənədlərin sırasına daxil edilməmişdir. Belə olan halda iddiaçının döyüş əməliyyatlarında iştirakı sübuta yetirilmiş hesab oluna bilməz və onun cavabdehə qarşı tələbinin heç bir hüquqi əsası mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Cəbrayıl rayonun Yarəhmədli kəndində doğulmuşdur İş materiallarında olan Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyətinin 28.06.2019-cu il tarixli, 1599 nömrəli arayışına əsasən İddiaçı 1992-ci il mart ayının 10-dan sentyabr ayının 07-dən Cəbrayıl Rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun tərkibində xidmət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 İdarəsinin 07.04.2021-ci il tarixli məktubunda bildirilmişdir: “Daxili İşlər Nazirliyi tərəfindən “Müharibə veteranı” adı və vəsiqəsi yalnız Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. Qeyd olunanları, eləcə də Sizin daxili işlər orqanlarında xidmət etmədiyinizi nəzərə alaraq, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən Komissiya tərəfindən Sizə "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi imkan xaricindədir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2016-cı il tarixli 438 nömrəli Qərarına müvafiq olaraq özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində könüllü olaraq iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verildiyindən qaldırdığınız məsələ ilə əlaqədar aidiyyəti üzrə həmin Xidmətə müraciət etməyiniz tövsiyə olunur.” İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 09.04.2021-ci il tarixli, İ/1414 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyindən daxil olmuş 03.11.2020-ci il tarixli 001-63572-1220 nömrəli məktubda, Cəbrayıl Rayon Polis Şöbəsinin 1993-cü ili əhatə edən əmrlərinin və “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonuna dair siyahıların Daxili İşlər Nazirliyinin arxivinə təhvil verilmədiyindən, müvafiq siyahıların göndərilməsi imkan xaricindədir. Xidmətin Aparatında fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 09.02.2021-ci il tarixdə keçirilmiş iclasında iddiaçının sənədlərinə baxılmış, döyüşlərdə iştirakının sübut edən təsdiqedici sənədlər olmadığı üçün, iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Həmin qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 09 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin 28.06.2019-cu il tarixli, 1599 nömrəli arayışına əsasən İddiaçı 1992-ci il mart ayının 10-dan sentyabr ayının 07-dən Cəbrayıl Rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun tərkibində xidmət etmişdir. Həmçinin məlum hadisələrdən 8 il sonra, yəni Cəbrayil Rayon Polis Şöbəsində 15.03.2000-ci il tarixdə təsdiq edilmiş "Qarabağ" könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun üzvlərinin siyahısında iddiaçının adı keçir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilə bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı 1992ci il mart ayının 10-dan sentyabr ayının 07-dən Cəbrayıl Rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun üzvlərinin siyahısında İddiaçı adının 2-ci sırada göstərildiyi qeyd edilsə də, iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən digər sübutlar nə cavabdeh orqana, nə məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən, hərbi bilet əsasında müharibə veteranı adı həmin şəxslərin hərbi bileti ilə eyni zamanda hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda verilir. Hazırkı iş üzrə isə iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması barədə nə hərbi hissələrin nizami hissə üzrə əmrləri, nə də arxiv arayışları mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 46.1-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-6742/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar