Məhkəmə qərarları › İş №2-1(103)-3053/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3053/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3053/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6123/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakmiyyəti Başçısının (indiki Xəzər rayonu) 29 aprel 1994-cü il tarixli 357 nömrəli sərəncamı ilə ona Bakı şəhərinin Buzovna qəsəbəsində yerləşən M/58 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin hüquqi qeydiyyata alınması üçün torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri keçmiş Əzizbəyov Rayon İcra Hakmiyyəti Başçısının (indiki Xəzər rayonu) 29 aprel 1994-cü il tarixli 357 nömrəli sərəncamı ilə ona Bakı şəhərinin Buzovna qəsəbəsində M/58 №-li sahədə fərdi ev tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan adı çəkilən torpaq sahəsi onun istifadəsindədir və orada müəyyən işlər görülmüş, ərazi mişar daşı ilə hasara alınmış, müxtəlif növ meyvə ağacları əkilmiş, sahəsi təxminən 80 kv.m olan 3 otaqlı fərdi yaşayış evi inşa etmiş və hazırkı dövrə qədər orada yaşayır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə uyğun olaraq, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin qurum mübahisə edilən torpaq sahəsinin yerləşmə xəritəsinin və cizgisinin olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina etmişdir. Adı çəkilən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın hazırlanmasından ötrü cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli məktubla bundan imtina etmiş, imtinanın səbəbi ondan ibarətdir ki, yuxarıda adı çəkilən torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlərin notarial qaydada təsdiq olunmuş surəti Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra bu məsələyə yenidən baxıla bilər kimi cavab verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu məktubu əslində tələbini yerinə yetirməkdən imtinadır və həmin cavab bəhanədir. Çünki Bakı şəhərinin Buzovna qəsəbəsində yerləşən M/58 №-li sahədə fərdi evinin tikintisi üçün ona 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair 29 aprel 1994-cü il tarixli 357 №-li sərəncamın özü Cavabdehnə məxsusdur, həmin sərəncamın bir surəti onlardadır, cavabdehin özü tərəfindən verilmiş sərəncama etinasız yanaşması kimi qiymətləndirilməldir, bu, açıq-aşkar vətəndaşların qanunla qorunan hüquqlarının pozulması deməkdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-6123/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 357 nömrəli sərəncamına əsasən İddiaçı Buzovna qəsəbəsində yerləşən M/58 nömrəli sahədə ayrılmış 1200 kv.m torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bakı şəhər Xəzər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 357 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə Buzovna qəsəbəsində yerləşən M/58 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 357 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə İddiaçı Buzovna qəsəbəsində yerləşən M/58 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərar əsassız olduğundan ləğv olunmalıdır. İddiaçının Cavabdehnə ünvanladığı müraciətinə imtina ilə cavab verilməmiş, müvafiq sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərinin Cavabdehnə təqdim ounduqdan sonra müraciətə yenidən baxılacağı bildirilmişdir. Bu halda cavadehin qanunvericilikdə nəzərdə tutulmuş qaydada imtinası olmamışdır. Bakı İnzibati Məhkəməsində inzibati işə baxılarkən bu hal nəzərə alınmamışdır. Bundan əlavə, Bakı İnzibati Məhkəməsində inzibati işə baxılarkən iş üzrə tam və obyektiv araşdırma aparılaraq yekun nəticəyə gəlmədən öncə cavabdehin imtinasının dəlillərinin araşdırılması üçün iddiaçıya ayrılmış torpaq sahəsinin koorodinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmamış, torpaq sahəsinə baxış keçirilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon İcra Hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgiplan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi”' tələbi barədə iddiası təmin olunmuş, Bakı şəhəri Əzizbəyov (keçmiş) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994cii il tarixli sərəncamına əsasən İddiaçı Buzovna qəsəbəsində yerləşən M/58 nömrəli sahədə ayrılmış 1.200 kv.metr torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Faktlar nöqteyi nəzərindən və mahiyyəti etibarı ilə düzgün olan birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiyası məhkəməsinin adı çəkilən qərarının ləğv olunmasını və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmağa çalışmışdır ki, iddiaçının cavabdehə ünvanlanmış müraciətinə imtina ilə cavab verilməmiş, müvafiq sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri cavabdehə təqdim olunduqdan sonra müraciətə yenidən baxılaçağı bildirilmiş, imtina olunmamışdır. Şikayətdə həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 176 nömrəli Fərmanına istinad olunaraq, qeyd olunur ki, həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirdiyindən torpaq sahəsinə dair plan-cizginin verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Torpaq sahəsinə dair plan-cizginin tərtib olunması əgər yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid deyildirsə, iddiaçının müraciətindən sonra o, bunu yazılı şəkildə ona bildirməli idi. Lakin sənədlərin təsdiq olunmuş surətinin tələb olunması bəhanə olmuşdur. Həmin sənədlərin bir nüsxəsi cavabdehdə olduğu üçün, həmin sənədlərin notarial qaydada təsdiqinə zərurət olmamış, cavabdehin belə cavabı məhkəmə tərəfindən düzgün olaraq imtina kimi qiymətləndirilmişdir. Bakı şəhəri Əzizbəyov (keçmiş) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli sərəncamına əsasən İddiaçı Buzovna qəsəbəsində yerləşən M/58 №-li sahədə 1200 kv.m torpaq sahəsi qanuni əsaslarla ayrılmış, onun qanuni istifadə və sahibliyindədir, həmin torpaq sahəsinin dövlət reyetsrində hüquqi qeydiyyata alınmasında iddiaçının hüququ vardır, həmin hüququn həyata keçirilməsi üçün cavabdeh tərəfindən ayrılmış həmin sahəyə dair plan və cizginin çəkilməsi cavabdehin vəzifəsidir, lakin cavabdeh öz vəzifəsini yerinə yetirmədiyindən, həmin torpaq sahəsi ilə bağlı həyata keçirilməli olan hüququ cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmənin qərarı qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş hərtərəfli araşdırılmış, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilmiş, qərar işin faktiki hallarına və tərəflərin mənafeyinə tam uyğundur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsinin ayrılması barədə müvafiq sənədlərin notariat qaydada təsdiqlənmiş surətlərini RİH-ə təqdim etdikdən sonra məktubda qeyd edilən məsələyə yenidən baxıla bilər. İş materiallarında olan Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994cü il tarixli 357 nömrəli sərəncamından görünür ki, İddiaçı Buzovna qəsəbəsində M/58 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (28 oktyabr 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır). 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96- İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. İşin faktiki hallarına görə Bakı şəhəri Əzizbəyov Rayon (indiki Xəzər rayonu) İcra Hakimiyyəti başçısının 29 aprel 1994-cü il tarixli, 357 saylı sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Buzovna qəsəbəsində M/58 nömrəli sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi yerində təhvil verilmişdir. Hazırda iddiaçı torpaq sahəsinin cizgisinin ona verilməsini tələb edir. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair cizgi həmin dövrdə sərəncamla birlikdə iddiaçıya təqdim edilməli idi. Qeyd olunan sərəncam ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən həmin sərəncamın surəti məhkəməyə təqdim edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən qərar icra olunmalıdır. Lakin iddiaçı ona ayrılmış torpaq sahəsinə dair cizginin hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq qərar qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış cizginin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında cizginin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6123/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar