Məhkəmə qərarları › İş №2-1(103)-3053/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3053/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3053/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “icarə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(112)-2629/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla icarə müqaviləsinin bağlanması barədə sərəncam qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən və faktiki istifadədə olan icarə müqaviləsindən əlavə 140,3 kv.m torpaq sahəsinə iddiaçı ilə icarə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(112)-2629/2025 saylı qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2-1(112)-2629/2025 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən iddiaçıya hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2629/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə iddiaçının və onun nümayəndəsi və vəkili Vəkil elektron kabinetlərinə yerləşdirilmişdir. Lakin iddiaçı tərəfin apellyasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçı tərəfə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2629/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirmişdir ki, apellyasiya şikayətinin verilmə müddətini ötürməyiblər, çünki sonuncu gün bayram günlərinə düşürdü. Apellyasiya şikayətinin mümkün hesab edilərək, işə mahiyyəti üzrə baxılması məqsədilə şifahi məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin verilmə müddəti ötürüldüyündən, şikayətin qeyri-mümkün hesab edilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmə kollegiyasıdan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2629/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə iddiaçının və onun nümayəndəsi və vəkili Vəkil elektron kabinetlərinə yerləşdirilmişdir. Lakin iddiaçının apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə xx.xx.2025-ci il tarixdə verilmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2629/2025 saylı, 28 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “icarə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(112)-2629/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(112)-2629/2025 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar