Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3055/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə qəbul edilməyi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4515/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən də müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 1999-2008-ci illərdə AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və xx.xx.2008-ci il tarixdə “xəstəliyə görə” ehtiyata buraxılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsini və mənzillə təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulunun ödənilməsini xahiş etmişdir. Cavabdeh uzun müddət süründürməçiliklə məşğul olaraq müxtəlif lazımsız arayışlar tələb etmiş, bu arayışları təqdim etdikdən sonra da ona cavab verməmişdir. Yalnız yuxarı instansiyalara müraciət etdikdən sonra cavabdeh ona xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı vermişdir. İmtina cavabı iddiaçıya xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır. İmtina əsassız və qanunsuzdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı qeydiyyatda olduğu mənzil xüsusi mülkiyyət hüquqları əsasında anası X1 məxsusdur və İddiaçı həmin ünvanda ailəsi ilə birlikdə qeydiyyatda olaraq yaşayır. İddiaçı ailəsi ilə birgə qeydiyyatda olduğu və mülkiyyət hüquqları əsasında anasına məxsus olan mənzildən bərabər istifadə etmək hüququnun olmasını nəzərə alaraq, İddiaçı qanunvericiliyə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4515/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək həy ay kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması və iddia qalan hissədə təmin edilməməsi alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Eyni zamanda iddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 4515/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinin xx.xx.2023-cü il tarixli 106 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası SQ-da MN-də zabit qismində həqiqi hərbi xidmət keçmişdir. AR MN-nin xx.xx.2008-ci il tarixli 0309 saylı əmrinə əsasən “HXH” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-1866/2025 nömrəli məktubundan görünür ki,İddiaçı adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Binəqədi rayonu Xocasən bələdiyyəsi xx.xx.2023-cü il tarixli 2405 nömrəli arayışdan görünür ki, Xocasən bələdiyyəsi tərəfindən onun mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmışdır. - Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 04/123 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı adına M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. - Biləcəri bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 02/272 nömrəli arayışdan görünür ki, İddiaçı adına Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. - Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi xx.xx.2023-cü il tarixli 02/B-1223 nömrəli arayışdan görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində onun adına torpaq sahəsi ayrılmışdır. - xx.xx.2024-cü il tarixli X2 (kirayə verən) ilə İddiaçı (kirayəçi) arasında mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin surətindən görünür ki, Kirayəyə verən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 34.1 kv.m 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən kirayəyə verir. - ******* nömrəli xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının qeydiyyatda olduğu mənzil xüsusi mülkiyyət hüquqları əsasında anası X1 məxsusdur və o, həmin ünvanda ailəsi ilə birlikdə qeydiyyatda olaraq yaşayır. Ailəsi ilə birgə qeydiyyatda olduğu və mülkiyyət hüquqları əsasında anasına məxsus olan mənzildən bərabər istifadə etmək hüququnun olması nəzərə alınaraq, qanunvericiliyə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, 25 dekabr 1991-ci il tarixdə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin ilkin redaksiyası aşağıdakı kimi olmuşdur: “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətli xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları göstərilən hərbi qulluqçuların mənzil almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil növbədənkənar verilir.” Qanunun həmin maddəsinin ilk variantında yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahısına yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına (azı 5 təqvim ili xidmət etmiş) və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətli xidmət hərbi qulluqçularının daxil edilməsi nəzərdə tutulmuşdu. Qanunun ilkin redaksiyasında 12-ci maddəsinin 7-ci hissəsində qeyd edilirdi ki, yaşına, səhhətinə, ştatların ixtisarına və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 15 təqvim ili və daha çox xidmət etmiş, bunun da azı 3 təqvim ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş zabitlərin seçdikləri yerdə yaşadıqları və ya onlara verilmiş dövlət mənzilləri onların şəxsi mülkiyyətinə pulsuz verilir. Qanunun ilkin redaksiyasından görünür ki, zabit olan hərbi qulluqçunun yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldığı halda mənzillə təmin edilməsini nəzərdə tutulmuş, bu zaman həmin kateqoriya şəxslərin xidmət müddəti ilə bağlı hər hansı məhdudiyyət müəyyən etməmişdi. Xidmət müddəti Qanunun 12-ci maddəsinin 7-ci hissədə nəzərdə tutulan şəxslərə şamil olunmuş, 15 təqvim ili və daha çox xidmət etmiş yaşına, səhhətinə, ştatların ixtisarına və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil verilərkən həmin mənzilin birbaşa pulsuz olaraq onların mükiyyətinə verilməsi təsbit edilmişdi. “Azərbaycan Respublikasının bəzi hərbi qanunlarında dəyişikliklər edilməsi haqqında” 7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Qanununa əsasən həmin Qanunun 12-ci maddəsinin ikinci bəndinə aşağıdakı redaksiyada birinci və ikinci abzaslar əlavə edildi: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar”. Həmçinin həmin Qanunla 12-ci maddəsinin ikinci hissəsinin birinci abzasında “müddətindən artıq xidmət hərbi qulluqçuları” sözləri “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları” sözləri ilə əvəz edildi. Bu dəyişikliklə qanunvericiliyə daxil edilmiş müddəaya əsasən 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan hərbi qulluqçuların, yəni hələ də həqiqi hərbi xidmətdə olan şəxslərin yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi hüququ təsbit edildi. Daha sonra “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” 6 aprel 2004-cü il tarixli 620-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasında "hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)" sözlərindən sonra ", ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların" sözləri əlavə edilmiş, bununla da Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzası aşağıdakı redaksiyada verilmişdir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır”. Beləliklə müəyyən edilir ki, əgər 7 oktyabr 1997-ci il tarixli qanunla yalnız 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan həqiqi hərbi xidmətdə olan şəxslərin (hərbi qulluqçuların) yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi hüququ müəyyən olunurdusa, 06 aprel 2004-cü il tarixli Qanunla bu hüquq həm də 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara da verildi. Qanuna edilmiş bu dəyişikliklərə əsasən zabit heyətinə daxil olan aşağıdakı şəxslərin mənzillə təmin edilmək hüququ təsbit edilmişdir:
1. 15 təqvim ili və daha çox xidmət edən və xidmətini davam etdirən hərbi qulluqçuların;
2. 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların;
3. Xidmət müddətindən asılı olmayaraq yaşa, xəstəliyə, ştatların ixtisarına (5 il xidmət etməsi şərtilə) və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qullquçuların Hazırkı işin hallarından görünür ki, iddiaçının xidmət müddəti 15 il olmasa da, o, xəstəliyə görə hərbi xidmətdən istefaya buraxılmışdır. Deməli, iddiaçı yuxarıda istinad olunan mənzillə təmin edilmək hüququna malik olan şəxslər dairəsinə daxildir. İstər əvvəlki, istərsə də hazırkı qanunvericilik hərbi qullquçunun mənzillə təmin edilməsi üçün onun yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilməsini təsbit edir. Qanuna sonradan edilmiş dəyişiklikdən də görünür ki, o şəxslər mənzillə təmin olunurlar ki, həmin şəxslərin yaşayış sahəsi olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçu kimi kimlərin mənzilə ehtiyacı olan və ya yaşayış sahəsi olmayan hesab olunması məsələsi hərbi qulluq haqqında qanunvericiliklə tənzimlənmir. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra –MM): - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İşdə olan sənədlərdən görünür ki, iddiaçının mülkiyyətində yaşayış sahəsi, yaxud da fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi mövcud deyil (kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikintinin aparılması isə qadağandır). Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh iddiaçının qeydiyyatda olduğu mənzilin xüsusi mülkiyyət hüquqları əsasında anası X1 məxsus olması və onun həmin ünvanda qeydiyyatda olaraq yaşamasını qeyd edir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmışdır və onun əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara şamil edilməsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda iddiaçının anası ona münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində (buna müvafiq olaraq MM-in 50-ci maddəsi) nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyildir. Bundan əlavə, iddiaçı ünvan 2 ünvanında qeydiyyatda olsa da, xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 34.1 kv.m 2 otaqlı mənzildə yaşayır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənzil uçotuna alınmaq hüququna malikdir. Məhkəmə kollegiyası iddia tələbinin - kirayə haqqı əvəzinə kompensasiya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin dördüncü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat. 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İş materialları ilə iddiaçının zabit heyətinə daxil olması və xəstəliyə görə hərbi xidmətdən ehtiyyata buraxılması tam sübut olunduğundan məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddia tələbi mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək həy ay İddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi hissəsində də əsaslıdır və bu hissədə də təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməyən hissəsi - xx.xx.2023-cü il tarixdən mənzil uçotuna alınmasına münasibətdə qeyd edir ki, iddiaçı ilk dəfə xx.xx.2023-cü ildə hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməmişdir. Sonradan iddiaçıya xx.xx.2024-cü ildə yenidən cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli məktubla tələbinin təmin edilməsindən imtina edildikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı əvvəlki imtinaları mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu müraciət əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq mənzil uçotuna alınma da əvvəlki müraciətə görə deyil, məhz sonuncu müraciət nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı “İnzibati icraat haqqında” Qanunun 64- cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4515/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4515/2025 saylı, 07 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.