Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3059/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçıya təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, pensiya məbləğindən tutulmaların dayandırılması, alınmış məbləğlərin geri qaytarılması, müvafiq tarixdən ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-4896/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 yanvar 2020-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, pensiya məbləğindən tutulmaların dayandırılması, alınmış məbləğlərin geri qaytarılması, 14 yanvar 2020-ci il tarixdən ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5043/2021 saylı iş üzrə 23 noyabr 2017-ci il tarixli qərarı ilə ona 25 iyul 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh DSMF Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2- 1(103)- 551/2018 saylı iş üzrə 23 fevral 2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1122/2021 saylı iş üzrə 30 may 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəmənin sözügedən qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmiş və 14 yanvar 2020-ci il tarixədək həmin pensiya məbləği ödənilmişdir. 14 yanvar 2020-ci il tarixdən əmək pensiyası qanunsuz və əsassız olaraq dayandırılmışdır. İddiaçı ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etsə də, ona əmək pensiyasının ödənilməsi və pensiyanın bərpa edilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Cavabdehin hərəkətləri tam qanunsuz və əsassızdır, onun (iddiaçının) qaldırdığı iddia üzrə 2 dəfə apellyasiya instansiyası məhkəməsində, 1 dəfə Ali Məhkəmədə qərarlar qəbul edilmişdir. Hazırda məhkəmə qərarı əsasında ona təyin edilmiş əmək pensiyası dayandırılmış və sonradan 25 iyul 2021-ci il tarixdə yeni hesablama ilə pensiya məbləği təyin edilərək ödənilir. İddiaçıdan əvvəlki dövrlərdə ödənilən pensiya məbləğləri isə hazırda təyin edilmiş pensiyadan tutularaq çıxılır. Cavabdehin hərəkətləri tam qanunsuz və əsassızdır. İddiaçı 14 yanvar 2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, həmin tarixdən hal-hazıradək məhkəmə qərarı olsa da, dayandırılan pensiyanın birdəfəlik ödənilməsi, pensiya məbləğindən tutulmaların dayandırılması, tutulan məbləğlərin geri ödənilməsində köməklik göstərilməsi ilə əlaqədar olaraq cavabdehə 18 noyabr 2021-ci il tarixdə rəsmi müraciət etmiş, lakin müraciətə 35 gündür ki cavab verilməmişdir. Bundan əlavə olaraq cavabdehə 15 oktyabr 2020-ci il və 15 oktyabr 2021-ci il tarixlərdə rəsmi müraciətlər etmiş, həmin müraciətlərə də cavab verilməmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4896/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, pensiya məbləğindən tutulmaların dayandırılması, alınmış məbləğlərin geri qaytarılması, müvafiq tarixdən ödənilməli olan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə, (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X2 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X4, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması barədə cavabdeh inzibati orqanın ayrıca qərarı qəbul olunduğu halda, iddiaçı onu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Lakin hazırkı halda belə qərarın mövcudluğu müəyyən edilmir. İddiaçıya əmək pensiyasının təyinatı müvafiq məhkəmə qərarı əsasında aparıldığından və pensiya ödənişinin dayandırılması barədə ayrıca inzibati akt (əlverişsiz inzibati akt) qəbul olunmadığından, pensiya ödənişinin dayandırılması hərəkətlərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Bu isə, ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış etmir. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq sonda məhkəmə hesab etmişdir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Hazırda iddiaçının tələbi ona məhkəmə qərarı ilə təyin olunmuş pensiya ödənişinin bərpa edilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, pensiyanın dayandırılması məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş pensiya ödənişlərinin aparılması üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4896/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3059/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3059/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver