Məhkəmə qərarları › İş №2-1(103)-3059/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3059/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3059/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinə qarşı “əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Kamran Əkbərov Hüseyn oğlu və X4 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinə qarşı “əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1117/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəməminin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı XDMX rəisinin xx.xx.2007-ci il tarixli 156 ş/h nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq (xidmət müddəti başa çatdıqda) həqiqi hərbi xidmətdən xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmışdır.

2. AR Prezidentinin Təhlükəsizlik Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək xidmətdə 14 il 09 ay 21 gün təqvim üzrə xidmət illəri var.

3. İddiaçı xx.xx.1993-xx.xx.1996-cı illər ərzində Milli Qvardiyada təqvimlə və xx.xx.1996-xx.xx.2004-cü illər ərzində təqvimlə olan 8 il 6 ay 6 gün hərbi xidmət stajını üçqat hesablayaraq güzəştli 25 il 6 ay 18 gün olmaqla, ümumilikdə 28 il 8 ay 01 gün hərbi xidmət illərinə görə sığorta stajını nəzərə alaraq, ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqinin ƏƏSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla ərizəni təmin etməmiş və səbəbi kimi 2004-cü il 13 sentyabr tarixinədək İddiaçı güzəştli şərtlərlə birlikdə xidmət illəri 18 il 11 ay 25 gün təşkil etdiyindən və hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq xidmət illərinin 20 təqvim ili olmaması səbəbindən ona əmək pensiyasının təyin olunmasının mümkün hesab edilməməsini bildirmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətinə qarşı məhkəməyə müraciət edərək xx.xx.1993-xx.xx.1996-cı illər ərzində Milli Qvardiyada təqvimlə və xx.xx.1996-xx.xx.2004-cü illər ərzində təqvimlə olan 8 il 6 ay 6 gün hərbi xidmət stajını üçqat hesablayaraq güzəştli 25 il 6 ay 18 gün olmaqla, ümumilikdə 28 il 8 ay 01 gün hərbi xidmət illərinə görə sığorta stajını nəzərə alaraq, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərclərin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə Qaydalarının “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqəsi” (1 nömrəli Əlavə) elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə AR ƏƏSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ötürülməsi, həmin Məlumat vərəqəsini (2 nömrəli əlavə) məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edilməsi öhdəliyinin icra edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixinə kimi Prezidentinin Təhlükəsizliyi Xidmətinin (keçmiş AR XDMX) sıralarında həqiqi hərbi xidmət keçmiş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2007-ci il tarixə kimi aşağıdakı illər üzrə ümumi sığorta stajı olmuşdur: Təqvim üzrə xidmət: 14 il 09 ay 21 gün, güzəşt üzrə xidmət: 10 il 06 ay 08 gün, ümumi sığorta stajı: 25 il 03 ay 29 gün. X2 Xidmətinin 444 saylı xx.xx.2007-ci il 11/1250 saylı xx.xx.2011-ci il tarixli məktubları və adına verilmiş ZE seriyalı ******* saylı xx.xx.2008-ci il tarixli hərbi biletlə təsdiqlənir. Ona məlumat vərəqinin verilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli 3-42/2-54/609/2023 saylı məktubu ilə xahişini təmin etməmiş və müraciətinin təmin edilməməsinin səbəbi kimi “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra Qanun) 9.5-ci maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə pensiya hüququnun yaranmaması göstərilmişdir. Cavabdehin imtinasını aşağıdakı arqumentlərə görə əsassız və qanunsuzdur. Cavabdehin bu arqumenti ilə bağlı bildirmək istəyir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-ci il tarixli qərarına əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2007-ci il tarixdən qüvvədən düşmüşdür) iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə iş stajına daxil edilirdi (xx.xx.2005-ci il tarixinə kimi qüvvədə olan Qanun ilə həmin tarixə kimi üçqat hesablanırdı). Lakin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” (AR-nın 109 saylı xx.xx.1992-ci il tarixli Qanunu ilə qəbul edilmişdir) Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu (bundan sonra - 2004-cü il 1 sentyabr tarixli Qanun) ilə həmin Qanunun 12-ci maddəsinin a) bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik aktlarına edilmiş bu dəyişikliklərlə hərbi qulluqçuların pensiya hüququnun əldə edilməsi ilə bağlı xidmət illərinin hesablanması qaydasının güzəştli şərtləri ləğv edilmişdir. Həmin dəyişiklikdən əvvəl xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il hərbi xidmət stajı (güzəştli hesablanma daxil olmaqla) tələb olunduğu halda, bu dəyişiklikdən sonra belə hüququn əldə edilməsi üçün 20 təqvim ili tələb olunurdu. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olmasını müəyyən etmiş, “Əmək pensiyaları haqqında” Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur. Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. AR Konstitusiya Məhkəməsi Plenumunun məlum qərarının tələbini nəzərə alaraq, onun xx.xx.1993xx.xx.1996-cı illərdə Milli Qvardiyada təqvimlə və xx.xx.1996-xx.xx.2004-cü illər ərzində təqvimlə olan 8 il 6 ay 6 gün, habelə bu staj üçqat hesablanaraq güzəşlə 25 il 6 ay 18 gün olmaqla, ümumilikdə 28 il 8 ay 01 gün hərbi xidmət illərinə görə sığorta stajının olduğu müəyyən edilir. Bu faktlar onu deməyə əsas verir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək adıçəkilən Qanunun 12-ci maddəsinə əsasən 20 il hərbi xidmət stajı (güzəştli hesablanma daxil olmaqla) olmuş, bu isə onun hərbi xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etməyini təsdiq edir. Cavabdeh Prezidentinin Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri hərbi xidmət illərinə görə ona güzəştli şərtlərlə ömürlük pensiya təyin edilməsi ilə bağlı müvafiq sənədləri aidiyyəti üzrə ötürülməsi barədə öhdəliyi icra etməməsi onun Konstitusiyası, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-ci il tarixli qərarını, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 109 saylı xx.xx.1992-ci il tarixli Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarını pozmuşdur.

7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı XDMX rəisinin xx.xx.2007-ci il tarixli 156 ş/h nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq (xidmət müddəti başa çatdıqda) həqiqi hərbi xidmətdən xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmışdır. İlk növbədə qeyd edilir ki, iddianın qaldırılmasının prosessual müddəti buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İstinad olunan maddəyə müvafiq olaraq, hərbi qulluqçuların buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, o cümlədən XDMX-nin, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. İddiaçı barəsində aparılmış müvafiq araşdırmanın nəticəsinə görə hərbi xidmətdən ehtiyata buraxılarkən əlavə olaraq ona şifahi məlumat verilmiş, eləcə də icraatında olan işlərin və digər maddi əmlakın təhvil-təslimi üçün ona bu barədə qeyd vərəqəsi təqdim olunmuşdur. Sözügedən sənəddə aidiyyəti struktur bölmələrlə keçirilən təhvil-təslimin nəticəsi barədə qeydlər aparılmışdır. Beləliklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmr “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, 03 noyabr 2007-ci il tarixində İddiaçı elan olunmuşdur. Əmrin elan olunduğu vaxtdan hesab olunduqda isə iddianın qaldırılması müddəti buraxılmışdır. Əgər iddia müddətinin keçməsi faktını əmrin iddiaçıya elan olunduğu vaxtdan deyil, məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarının qəbul edildiyi vaxtdan hesablasaq, hər bir halda iddianın qaldırılması müddətinin buraxılmasını müşahidə etmək olar. Eyni zamanda, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi nə 2004-cü ildə, nə də ehtiyata buraxıldığı vaxt, yəni 2007-ci ildə xidmət illəri ona əmək pensiyası təyin olunmasına imkan verməmişdir. Çünki, o, 2004-cü il 13 sentyabr tarixinədək nə güzəştli şərtlərlə, nə də təqvim hesabı ilə xidmət illərinə görə pensiya hüququ əldə etməmişdir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərin qüvvəyə mindiyi günə iddiaçının təqvim illəri 11 il, 07 ay, 18 gün, güzəştli xidmət illəri isə 07 il, 04 ay, 06 gün olmaqla, cəmi 18 il, 11 ay, 24 gün təşkil etmişdir. İddiaçı isə xx.xx.2007-ci il tarixdə ehtiyata buraxıldığı günə təqvim illəri cəmi 14 il, 09 ay, 20 gün təşkil etmişdir. Beləliklə, 2004-cü il 13 sentyabr tarixinədək İddiaçı güzəştli şərtlərlə birlikdə xidmət illəri 18 il 11 ay 25 gün təşkil etdiyindən və hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq xidmət illərinin 20 təqvim ili olmaması səbəbindən ona əmək pensiyasının təyin olunması mümkün deyildir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1117/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia tələbi rədd edilmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1117/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, işin məhkəmə baxışında hakimin müvafiq sorğusuna əsasən, cavabdehin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-42/2- 11/530/2024 saylı müşayətedici məktubuna əlavə edilmiş sübutlarla iddiaçının xx.xx.1993xx.xx.1996-cı illərdə Milli Qvardiyada təqvimlə və xx.xx.1996- xx.xx.2004-cü illər ərzində təqvimlə olan 8 il 6 ay 6 gün, habelə bu staj üçqat hesablanaraq güzəşli şərtlərlə 25 il 6 ay 18 gün olmaqla, ümumilikdə 28 il 8 ay 01 gün hərbi xidmət illərinə görə sığorta stajının olması təsdiqlənmişdir.

11. Qərarda istinad edilən “Əmək pensiyaları haqqında” Qanunun 9.5, 9.5.1 və 9.8-ci maddələrinə Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərin xx.xx.1993-xx.xx.2004-cü illərdə yaranmış mübahisəli hüquq mübahisəsinə aidiyyəti yoxdur. Belə ki, bu hüquqi normalara istinad edilməsi AR Mülki-Prossesual Məcəlləsinin 217.2-ci maddəsinin “qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır” imperativ tələbinə ziddir.

12. Bu əsasdan qərarda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2007-ci il tarixdən qüvvədən düşmüşdür) iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasının döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə iş stajına daxil edilməlidir (xx.xx.2005-ci il tarixinə kimi qüvvədə olan Qanun ilə həmin tarixə kimi üçqat hesablanırdı) tələbi nəzərə alınmamışdır.

13. Qərarda (səh:7,19-cu bənd) “Hərbi qulluqçuların pensiya təminatı haqqında və Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-ci il tarixli qərarının hamı üçün məcburi olan imperativ tələbinə istinad edilmiş və eyni zamanda məlum qərarın tələbi pozulmuşdur.

14. Qərarda (səh:7, 20-ci bənd) “Hərbi qulluqçuların pensiya təminatı haqqında” ARnın 109 saylı xx.xx.1992-ci il tarixli Qanunun 12-ci maddəsinin “a” bəndinin “xidmətdən buraxılanadək 20 ili və daha çox hərbi və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə pensiya hüququna malikdirlər” tələbinə istinad edilmiş və cavabdehin təqdim etdiyi sübutlar qeyri-obyektiv və qərəzli qiymətləndirilərək iddia tələbi təmin edilməmişdir. Belə ki, qərarda cavabdehin təqdim etdiyi “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna dəyişiklik qüvvəyə minəndə, yəni 2004-cü il 13 sentyabr tarixinə kimi iddiaçı-İddiaçı təqvim illəri 11 il 7 ay 18 gün, güzəştli xidmət illəri isə 07 il 04 ay 06 gün olmaqla, cəmi 18 il 11 ay 24 gün sığorta stajının olması barədə sübutlara istinad edilmişdir. Əslində, İddiaçı güzəştli xidmət illəri isə 07 il 04 ay 06 gün olması faktı məhkəmə baxışında araşdırılmış və cavabdehin təqdim etdiyi sübutlara əsasən, iddiaçının güzəştli xidmət illəri ilə bağlı sığorta stajının cavabdeh tərəfindən yanlış hesablandığı təsdiqini tapmışdır. Buna baxmayaraq, hakim cavabdehin təqdim etdiyi sübutlara əsasən, iddiaçının güzəştli xidmət illəri ilə bağlı sığorta stajının yanlış hesablanması barədə müdafiə tərəfinin arqumentlərini qəbul etdiyini qərarında qeyd etməmiş və məlum arqumentlərin qəbul edilməməsinin əsaslarını adıçəkilən qərarda göstərməmişdir.

15. İddiaçı əlavə olaraq qeyd edir ki, “Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında məlumat vərəqəsinin AR ƏƏSMN-nin tabeliyində olan DSMF-a təqdim olunması barədə” iddia ərizəsinə cavabdehin təqdim etdiyi sübutlara xx.xx.2024-cü il tarixli münasibət bildirilmiş və həmin münasibət şəxsi kabinet vasitəsi ilə Elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Bu münasibətdə İddiaçı xx.xx.1997-xx.xx.1999-cu illərdə 2 il 3 ay 29 gün təqvim üzrə xidmət stajı AR Nazirlər Nabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı qərarının (bundan sonra Qərar) 2-ci bəndin “V” yarımbəndin 2-ci abzasına əsasən, bir ayı ay yarım sayılmaqla güzəştli şərtlərlə xidməti staj kimi hesablanması əsassız olduğu sübut edilmişdir. Belə ki, Qərarın “V” yarımbəndin (Qərarda edilmiş dəyişikliyə əsasən bu yarımbənd hazırda “b” yarımbənd adlanır) 2-ci abzasının tələbinə görə, “müdafiə, milli təhlükəsizlik daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə” xidmətin bir ayı ay yarım sayılması nəzərdə tutulmuşdur. Göründüyü kimi məlum hüquqi normada AR Prezidentinin Təhlükəsizliyi Xidmətinin adı qeyd edilməmiş, bu əsasdan adıçəkilən hüquqi normanın tələbi İddiaçı şamil edilə bilməz.

16. Bundan əlavə, cavabdehin məhkəməyə təqdim etdiyi Baş Mühafizə İdarəsinin 31 saylı xx.xx.1996-cı il tarixli əmrinə əsasən, İddiaçı 5 (beş) il xidmət etmək üçün öhdəlik götürdüyünə görə o, həmin ilin xx.xx.1996-cı il tarixindən Döyüş təminatı dəstəsinin əməliyyat işçisi vəsifəsinə təyin edilmişdir. Başqa sözlə desək, İddiaçı 5 (beş) illik, yəni xx.xx.1996-xx.xx.2001-ci il muzdla iş dövrü “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-cı maddəsinin birinci hissəsinin ikinci abzasına və “Hərbi qulluqçuların pensiya təminatı haqqında və Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-ci il tarixli qərarına əsasən, üçqat ölçüdə iş stajına daxil edilməlidir.

17. Qeyd edilməlidir ki, İddiaçıla bağlanmış 5 (beş) illik kontraktın (müqavilənin) müddəti bitəndən sonra, həmin müddətin uzadılması və ya yeni kontraktın (müqavilənin) bağlanması haqqında cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

18. AR Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.” Qeyd edilən Qanunun tələbini nəzərə alsaq, İddiaçı Xidmətdə xx.xx.2001-ci ildən sonra işləməyə davam etdiyindən onunla bağlanmış kontraktın (müqavilənin) müddəti daha 5 (beş) il müddətinə, yəni xx.xx.2006-cı ilə qədər uzadılmışdır. Qeyd edilən faktlar onu deməyə əsas verir ki, İddiaçı xx.xx.1996-xx.xx.2004-cü il xidmət müddəti üçqat ölçüdə onun sığorta stajına daxil edilməlidir.

19. Hakim məlum qətnaməni qəbul edərkən "‘Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İ1QD nömrəli Qanunun 12-ci maddəsinin “a” bəndinə əsassız istinad etmişdir.

20. Məlumat üçün, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” (AR-nın 109 saylı xx.xx.1992-ci il tarixli Qanunu ilə qəbul edilmişdir) Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-1İQD nömrəli Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin “a” bəndində “20 il” sözləri, “20 təqvim ili” sözləri ilə əvəz edilmiş və bununla xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir.

21. Qanuna edilmiş bu dəyişiklik AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi və Normativ hüquqi aktlar haqqında 21-İVKQ saylı 21 dekabr 2010-cu il tarixli AR-nın Konstitusiya Qanununun 87-ci maddəsinin tələbinə əsasən, xx.xx.1996-cı il tarixdən Xidmətin sıralarında həqiqi hərbi xidmətdə olmuş iddiaçı-İddiaçı tətbiq edilə bilməz. Belə ki, məlum hüquqi normaların tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa aktların qüvvəsi geriyə şamil edilmir.

22. Beləliklə, hakim məlum qərarını qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 9.5, 9.5.1 və 9.8-ci maddələrin tələbini səhv təfsir etmiş, bununla AR MPM-nin 217.2-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, hazırki inzibati mübahisə yarandığı zaman, yəni xx.xx.1996-xx.xx.2004-cü illərdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən, muzdla iş dövrünün üçqat ölçüdə iş stajına daxil edilməsi barədə tələbi qüvvədə idi.

23. Qərar qəbul edilərkən iddiaçı-İddiaçı ilə cavabdeh arasında 5 (beş) il müddətinə, yəni xx.xx.1996-xx.xx.2001 -ci illərdə həqiqi hərbi xidmət etməklə bağlı müqavilə bağlanması və bu muzdla iş dövrünün “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasının “a” bəndinə, “Hərbi qulluqçuların pensiya təminatı haqqında və Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-ci il tarixli qərarına əsasən, üçqat ölçüdə iş stajına daxil edilməsi barədə tələbini pozmuşdur.

24. Beləliklə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquqi normaların tələbləri pozulmuş, maddi hüquq normaların tələbi səhv təfsir edilmiş, prosessual hüquqi normaların tələbləri yerinə yetirilməyərək, adıçəkilən qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bununla AR MPM-nin 385.1 və 385.1.1-ci maddələrinin tələbləri pozulduğundan, habelə düzgün tətbiq edilmədiyindən qərarın apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

26. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun dəlilərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki hallarını tam hərtərfli araşdırmamış, bununla da prosessual normaların tələblərini pozmuşdur və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1117/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1117/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının xidmət etdiyi dövrdə qüvvədə olan): Maddə 1. Əsas anlayışlar. 1.0.Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;

29. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Pensiyaların təyin edilməsi şərtləri Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular;

30. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında xx.xx.2004cü il tarixli 728-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu:

1. 12-ci maddənin a) bəndində "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilsin;

31. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli Qərarı

32. İnzibati Prosessual Məcəllə

Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

33. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan, məhkəməsi qərarının tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Bununla yanaşı, məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək təqvim ili hesablaması üzrə 14 il 09 ay 21 gün xidmət etməsi işin mübahisəsiz halıdır. İddiaçı özü də bu barədə mübahisə açmır.

37. İddiaçı xx.xx.1993-xx.xx.1996-cı illər ərzində Milli Qvardiyada təqvimlə və xx.xx.1996-xx.xx.2004-cü illər ərzində təqvimlə olan 8 il 6 ay 6 gün hərbi xidmət stajını üçqat hesablayaraq güzəştli 25 il 6 ay 18 gün olmaqla, ümumilikdə 28 il 8 ay 01 gün hərbi xidmət illərinə görə sığorta stajını olmasını bildirsə də, cavabdeh inzibati orqan hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən hərbi xidmət illərinin məhz 20 təqvim ili olduğunu əsas gətirməklə iddiacıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edir.

38. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı və apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır.

39. Bundan əlavə, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı məsələləri tənzimləyən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2004-cü il tarixdən qüvvədə olan 12-ci maddəsinin a) bəndinə əsasən, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər.

40. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.

41. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, hərbi xidmətdən buraxılanadək məhz, 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. (oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-71/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı).

42. Hazırkı iş üzrə Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı XDMX rəisinin xx.xx.2007-ci il tarixli 156 ş/h nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə müvafiq olaraq (xidmət müddəti başa çatdıqda) həqiqi hərbi xidmətdən xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmışdır.

43. İddiaçının ehtiyata buraxıldığı xx.xx.2007-ci il tarixdə artıq tətbiq edilən qanunvericiliyin yuxarıda qeyd olunan normalarına görə hərbi qulluqçu kimi xidmət illəri 20 təqvim ilindən az olmaqla, 14 il 09 ay 21 gün təşkil etdiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır.

44. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq, yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(112)-1117/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar