Məhkəmə qərarları › İş №2-1(103)-306/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-306/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-306/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2599/2021 saylı 16 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus ******* saylı 01.03.2011-ci il tarixli əmək kitabçasından görünür ki, o, 01.03.2011-ci il tarixdən 01.06.2012-ci il tarixədək "xxxx" MMC-də təchizatçı vəzifəsində işləmiş, 28.01.2014-cü il tarixdə DGK Baş Gömrük Mühafizə Xidmətinin Bakı Gömrük Mühafizə Dəstəsinin Bakı Gömrük Mühafizə Dəstəsinin Gömrük Mühafizəsi və növbətçiliyinin təşkili şöbəsinin mühafizəçisi vəzifəsinə təyin edilmiş, 01.07.2014-cü il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinin köməkçisi vəzifəsinə keçirilmiş, 08.10.2020-ci il tarixdə isə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “cavabdeh inzibati orqanının 1000/558Ş saylı 08.10.2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28.01.2014-cü il tarixdə cavabdeh Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin Bakı Gömrük Mühafizə Dəstəsinin gömrük mühafizəsi və növbətçiliyin təşkili şöbəsinin mühafizəçisi vəzifəsinə təyin edilmiş, xidmətinə xitam verildiyi günədək qüsursuz işləmiş, gömrük xidməti mayoru rütbəsinə qədər yüksəlmiş, sonuncu iş yeri Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin köməkçisi olmuşdur. Hazırda mübahisələndirdiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 08.10.2020-ci il tarixli, 1000/558Ş saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020-ci il tarixli, 34/190/036735 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin köməkçisi, gömrük xidməti mayoru kimi, o, üzürlü səbəb olmadan 21 sentyabr 2020- ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamış, bununla da, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarını kobud şəkildə pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməsi və həmin Əsasnamənin 120-ci maddəsinin 8ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmr verilmişdir. Hseab edir ki, əmrdə istinad olunan Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020-ci il tarixli, 34/190/036735 nömrəli raportu tamamilə əsassız olmuş, həqiqəti əks etdirməmişdir. Belə ki, raportda qeyd edildiyinin əksinə olaraq o, 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək xəstə olmuş, xəstə olması barədə də cavabdeh inzibati orqanı məlumatlandırmışdır. Belə ki, 21 sentyabr 2020-ci il tarixdə iddiaçının hərarəti olmuş, məlum koronovirus pandemiyasına yoluxmasından şübhələndiyindən dərhal özünü yaxınlarından təcrid edərək müvafiq olaraq müalicəyə başlamış, 06 oktyabr 2020-ci il tarixədək müalicə olunduqdan sonra işinə qayıtmış, bu barədə ətraflı izahat vermişdir. Lakin, onun bu izahatları və təqdim etdiyi sənədlər qəbul edilməmişdir. Ona bildirilmişdir ki, şəxsi problemləri ilə bağlı işdən qalması barədə əlavə izahat yazsın ki, onu bağışlayaraq xidmətdən xaric etməsinlər. O da bununla razılaşmışdır. Lakin, onun xəstə olması ilə bağlı izahatı və təqdim etdiyi sənədlər əsas götürülməmiş, əsassız olaraq onun gömrük orqanlarından xaric edilməsi və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmr verilmişdir. Azərbaycan Respublikası Nazirlər X1 həmin dövrdə Bakı şəhərində karantin rejiminin vaxtı uzadılmış və dövlət orqanlarında işçi sayının 30%-dək azaldılması nəzərdə tutulmuşdu. Bununla yanaşı, qeyd edilən infeksiyaya yoluxmasından şübhələnən şəxslərə özlərini dərhal təcrid etmək tövsiyyə olunmuşdur. O, da məhz özünü və ətrafdakıları qorumaq üçün ilkin simptomları (hərarət) gördükdən sonra dərhal özünü təcrid etmişdir. Onun barəsində inzibati icraat aparılan zaman xəstə olması ilə bağlı izahatı ətraflı araşdırılmalı və eyni zamanda kobud intizam pozuntusunun nədən ibarət olması sübut edilmədiyi, həmçinin vəzifəli şəxs kimi onun əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalı, bütün bunlara məcmu halda hüquqi qiymət verilməli idi. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərilmişdir ki, Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07 oktyabr 2020-ci il tarixli raportuna əsasən İdarənin 2020-ci il üçün iş planının icrası ilə əlaqədar gömrük orqanı əməkdaşlarının işə davamiyyəti vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamışdır. Qeyd olunan raportun araşdırılması məqsədilə Naim Telman oğlu X2 İdarəsinə dəvət olunmuş, 07 oktyabr 2020-ci il tarixdə ondan izahat alınmış, sabiq əməkdaş öz izahatında barəsində yazılmış raportla tanış olduğunu və şəxsi işi ilə əlaqədar 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmadığını, işə çıxmaması barədə işlədiyi orqana məlumat vermədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Kollegiyasının 01/03 saylı 30 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X7"nin 3.3.4-cü yarımbəndinə əsasən gömrük orqanı əməkdaşı gündəlik iş və ya növbə qrafikinə, o cümlədən, xidməti zərurətlə əlaqədar tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrlü səbəbdən xidmət yerinə gələ bilməyəcəyi və ya gecikəcəyi hallarda dərhal bu barədə rəisini məlumatlandırmalı, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməli, birbaşa rəislərin ilk çağırışı ilə, fövqəladə hallar baş verdikdə isə çağırışsız xidmət yerinə gəlməlidir. Bu Kodeksin 3.12-ci bəndinə əsasan gömrük orqanı əməkdaşı müəyyən edilmiş qaydada icazə almadan ölkəni, o cümlədən, yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyəti keçirəcəyi yeri bildirməlidir. Sözügedən Kodeksin 12.1-ci bəndinə əsasən həmin Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin, digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və “Gömrük orqanlarında xidmət haqqında“ Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 71-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahat tələb edilməlidir. Gömrük orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi isə ona intizam tənbehi verilməsini istisna etmir. Beləliklə, Komitə sədrinin 1000/558Ş saylı 08 oktyabr 2020-ci il tarixli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2599/2021 saylı 16 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o məhkəməyə xəstəliklə bağlı həkim arayışlarını təqdim etmiş, lakin buna diqqət edilməmiş, düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh onun xəstə olduğu dövrdə Mərkəzi Gömrük Hospitalının işləmədiyini etiraf etmişdir. Onun həmin xəstəxanaya müraciət etməsi mümkünsüz idi. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh 12.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirkaçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nüməyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 24.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir və iddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İşin mahiyyətinə gəldikdə isə qeyd olunur ki, İddiaçı Dövlət Gömrük Komitəsinin 1000/558Ş saylı 08.10.2020-ci il tarixli əmri ilə gömrük orqanlarından xaric edilmişdir. Hazırda onun cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı tələbi “cavabdehin 1000/558Ş saylı 08.10.2020-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının təqdim etdiyi X10 Mərkəzi tərəfindən verilmiş sağlamlıq vəziyyətini əks etdirən arayışların onun əmək qabiliyyətinin olmamasını təsdiq edən sənəd kimi qəbul edilməsinin mümkün olmamasına, iddiaçının işə qayıtdıqdan sonra ətraflı izahat verməsinin, onun təqdim etdiyi sənədlərin cavabdeh tərəfindən qəbul edilməməsi ilə bağlı halların məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamasına, həmin hallarla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübutun təqdim edilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rəşad Zalov tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnikinə ünvanlanmış raportdan görünür ki, Daxili Təhlükəsizlik İdarəsinin 2020-ci il üçün iş planının icrası ilə əlaqədar gömrük orqanı əməkdaşlarının işə davamiyyəti vəziyyəti yoxlanılarkən Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmadığı məlum olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, fakt üzrə araşdırma aparılması üçün göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinə İddiaçı tərəfindən verilmiş 07.10.2020-ci il tarixli izahatdan görünür ki, Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin baş inspektoru, gömrük xidməti polkovnikleytenantı X5, 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, ali təhsilli, ünvan 3 ünvanında yaşayan, 2014-cü ildən gömrük orqanlarında, 2018-ci ilin avqust ayından Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin köməkçisi vəzifəsində işləyən, gömrük xidməti mayoru İddiaçı izahat almışdır. İddiaçı ünvanlanmış suala (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 07.10.2020-ci il tarixli, 34/190/036735 nömrəli raportu təqdim edilərək, raporta göstərilənlərə münasibəti soruşulmuş) cavabı ondan ibarət olmuşdur ki, raportla tanış olmuş, şəxsi işi ilə əlaqədar 21.09.2020-ci il tarixindən 06.10.2020-ci il tarixinə qədər işə çıxmadığını və bu barədə işlədiyi orqana məlumat vermədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 34/190/036735 saylı 07 oktyabr 2020-ci il tarixli raportunun araşdırılmasına dair arayışdan görünür ki, raportda göstərilmişdir ki, Daxili Təhlükəsizlik İdarəsinin 2020-ci il üçün İş Planının icrası ilə əlaqədar Sumqayıt Baş Gömrük İdarəsində gömrük orqanı əməkdaşlarının işə davamiyyəti vəziyyəti yoxlanılarkən həmin Baş İdarə rəisinin köməkçisi, gömrük xidməti mayor İddiaçı 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmadığı məlum olmuşdur. Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı xidməti araşdırma zamanı verdiyi izahatında bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamış və bu barədə işlədiyi orqana məlumat verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Müəyyən edilmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı üzrlü səbəb olmadan 21 sentyabr 2020ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamışdır. Beləliklə, xidməti araşdırma nəticəsində müəyyən edilmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Hesab edilmişdir ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı “Gömrük oranlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1000/558Ş saylı 08.10.2020-ci il tarixli “Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşı İddiaçı gömrük orqanlarından xaric edilməsi haqqında” əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun 34/190/036735 saylı 07 oktyabr 2020-ci il tarixli raportunun araşdırılması ilə müəyyən edilmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı üzrlü səbəb olmadan 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamış, bununla da, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Sumqayıt Baş Gömrük İdarəsi rəisinin köməkçisi, gömrük xidməti mayoru İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməsi və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmr qəbul edilmişdir. X10 Mərkəzinin 21.09.2020-ci il tarixli və 05.10.2020-ci il tarixli sağlamlıq vəziyyəti barədə arayışlarından görünür ki, 21.09.2020-ci il tarixdə xəstə İddiaçı Teman oğlunda öskürək, bəlğəm, halsızlıq olmuş, xəstəyə müalicə yazılmış, 05.10.2020-ci il tarixdə onda patologiya aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, cavabdeh inzibati orqan iddiaçının gömrük orqanlarında xidmətdən xaric edilməsinə əsas olaraq onun üzrlü səbəb olmadan 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək işə çıxmamasına, bununla da, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmasına istinad etmişdir. İddaçı isə sözügedən dövrdə koronovirus pandemiyasına yoluxma şübhəsi ilə dərhal özünü təcrid edərək, müvafiq müalicəyə başladığını və bu barədə X10 Mərkəzi tərəfindən sağlamlıq vəziyyətini əks etdirən arayışlar təqdim etmişdir. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 saylı 08 yanvar 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın 1-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. Həmin Təlimatın 2-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Həmin Təlimatın 3-cü bəndinə əsasən müalicə həkimi olmayan yerlərdə, habelə üzən gəmilərdə feldşerə, tibb məntəqəsinin müdirinə xəstəlik vərəqələri vermək hüququ verilə bilər və bu xəstəlik vərəqələrinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən nəzarət olunmalıdır. Həmin feldşerlərin siyahısı və onların xəstəlik vərəqələrini vermə müddətləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Həmin Təlimatın 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, sığorta haqları ödəyən şəxslərin (işçinin) əmək qabiliyyətinin olmamasını təsdiq edən yeganə sənəd əmək qabiliyyətinin olmaması vərəqəsidir. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi yuxarıda qeyd edilən təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. Bu səbəbdən də, iddiaçının təqdim etdiyi X10 Mərkəzi tərəfindən verilmiş sağlamlıq vəziyyətini əks etdirən arayışlar onun əmək qabiliyyətinin olmamasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri və xidməti vəzifəsinin icrasına laqeyd yanaşılaraq xidməti intizam qaydalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Kollegiyasının 01/03 saylı 30 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X7"nin 3.3-cü maddəsinə əsasən gömrük orqanı əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi və bu Kodekslə müəyyən edilmiş xidməti davranış prinsiplərinə tam şəkildə əməl etməyə borcludur. Həmin Kodeksin 3.3.4-cü maddəsinə əsasən gündəlik iş və ya növbə qrafikinə, o cümlədən, xidməti zərurətlə əlaqədar tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürlü səbəbdən xidmət yerinə gələ bilməyəcəyi və ya gecikəcəyi hallarda dərhal bu barədə rəisini məlumatlandırmalı, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməli, birbaşa rəislərin ilk çağırışı ilə, fövqəladə hallar baş verdikdə isə çağırışsız xidmət yerinə gəlməlidir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı maddəsinin 1-1 bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə ixtiyarı yoxdur. Həmin Əsasnamənin 44-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək, gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək gömrük orqanının vəzifəli şəxsinin borcudur. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində “gömrük orqanlarından xaric etmə” intizam tənbehi tətbiq oluna bilər. Həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə gömrük orqanlarından xaric edildikdə xitam verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, iş üzrə iddiaçının 21 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək üzrlü səbəb olmadan işə çıxmaması Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Kollegiyasının 01/03 saylı 30 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X7"ndə təsbit olunmuş prinsip və qaydaların yerinə yetirilməməsi, xidməti və icra intizamının pozulması kimi qiymətləndirilir və bu hal “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. O ki qaldı iddiaçının iddia ərizəsində göstərdiyi “işə çıxmadığı dövrdə xəstə olması barədə ətraflı izahat versə də, onun bu izahatları və təqdim etdiyi sənədlərin qəbul edilməməsi və ona şəxsi problemləri ilə bağlı işdən qalması barədə əlavə izahat yazacağı təqdirdə onun bağışlanılaraq xidmətdən xaric edilməyəcəyinin ona bildirilməsi, onun da bununla razılaşması” barədə dəlillərinə, bu halları iddiaçı nə birinci instansiyada, nə də apellyasiya baxışı zamanı sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçı barəsində cavabdeh tərəfindən mübahisələndirilən əmrin qəbul edilməsində istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmədiyi üçün həmin əmr qanunvericiliyin tələbləri baxımından qanuni olmuşdur. Belə olan halda iddiaçının “əmrin ləğv edilməsi” barədə tələbi əsassız olub təmin edilmədiyi üçün onun bu tələbinə əlavə tələblər kimi verdiyi “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi” barədə tələbləri də əsassız olub təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2599/2021 saylı 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2599/2021 saylı 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar