Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-306/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X1) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4976/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağ massivində yerləşən 0.6 hektar torpaq sahəsinin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0.6 hektar torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət “Şimal” DRES-də işləmişdir. Əzizbəyov rayon X3 (indiki Əzizbəyov rayon İcra Hakimiyyəti) 12 may 1989-cu il tarixli 8/912 nömrəli qərarı ilə “Şimal” DRES-nin işçilərinə torpaq sahəsi ayrılmışdır. Bundan sonra Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər) Şüvəlan bağ massivində 0,6 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bağ sahəsi artıq uzun müddətdir ki, onun istifadəsindədir. Həmin torpaq sahəsinə dair torpaq vergisi iddiaçı tərəfindən Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə ödənilir. İddiaçı cavabdehə müraciət edərək həmin torpaq sahəsinə dair çıxarış verilməsini tələb etsə də, müraciətinə cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli məktubla əsassız olaraq imtina etmişdir. Əzizbəyov rayon X3 (indiki Əzizbəyov rayon İcra Hakimiyyəti) 12 may 1989-cu il tarixli 8/912 nömrəli qərarı cavabdeh orqana təqdim edilməsinə baxmayaraq, hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş sənədlər təqdim edilməməsi əsası ilə müraciətindən imtina etməsi əsassızdır. Əzizbəyov rayon X3 (indiki Əzizbəyov rayon İcra Hakimiyyəti) 12 may 1989-cu il tarixli 8/912 nömrəli qərarı torpaq sahəsi üzərində hüquqlarının yaranması və qeydiyyatı üçün mötəbər qiymətləndirilməlidir. Digər tərəfdən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları (“qeydiyyat orqanları" dedikdə Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Bakı Səhər İcra Hakimmiyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları nəzərdə tutulur) tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır, 6.2-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə. alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur; 8.0.5. 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüququların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Sadalanan normaların məzmunundan aydın olduğu kimi, qanunvericiliyə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüququların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin qeydiyyat əsasında şəxsə çıxarış verilməsi üçün hazırki halda yalnız müvafiq aktın təqdim olunması kifayətdir, əlavə sənədlərə zərurət yoxdur və bunun üçün dövlət rüsumu da tələb olunmur. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-4976/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 0.06 hektar torpaq sahəsinin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanuna zidd və əsassız olduğundan ləğv edilməli və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən göstərmişdir ki, torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmamış, torpaq sahəsinin ayrılmasına dair sənədin etibarlı olaraq mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçıya məxsus əmlak üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin 1989-cu il tarixli, 8/912 nömrəli qərarı ilə 5 ha torpaq sahəsi “Şimal” DRES-ə ayrılmışdır. Bu sənədin mötəbərliyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının möhürlü sənədi ilə təsdiq edilir. Həmçinin həmin torpaq sahəsinin “Şimal” Dresə ayrılması barədə hər hansı mübahisə yoxdur. Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin 1989-cu il tarixli, 8/912 nömrəli qərarı da onu təsdiq edir ki, 5 ha torpaq sahəsi “Şimal” Dresə ayrılmışdır. İş materiallarında olan arayışa əsasən “Şimal” Dres tərəfindən ayrılan torpaq sahəsindən 600 kv.m torpaq sahəsi İddiaçı verilmişdir. Bunu hətta məhkəmə də öz qərarında qeyd etmişdir. Lakin bununla bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmənin qərarının əsaslandırma hissəsi tamamilə cavabdeh orqanın imtinasına əsasən tərtib edilmişdir. Torpaq sahəsi birbaşa iddiaçıya ayrılmadığı halda inzibati məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə istinad etmiş və tamamilə yanlışlığa yol vermişdir. Halbuki torpaq sahəsi “Şimal” DRES-ə ayrılmış, “Şimal” DRES isə özünə məxsus torpaq sahəsini işçisi İddiaçı ayırmışdır. Hər iki qeyd edilən sənəd rəsmi və mötəbər olaraq qiymətləndirilməli və iddiaçının hüquqları dövlət reyestrində qeydə alınmalı olduğu halda, məhkəmə bunu etməmiş və maddi hüquq normalarını kobudcasına pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmamaqla düzgün olmayan qənaətə gələrək iddianı təmin etməmişdir. Buna görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassız qəbul edildiyindən ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinizə baxılmışdır. Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Bundan başqa, göstərilən torpaq sahəsinə digər şəxsin müraciəti olmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, bağ sahəsinin sərhədləri iki tərəfdən qonşu hasarlarla ayrılıb, digər iki tərəfdən isə mişar daşı ilə hasarlanıb. Darvaza yoxdur, giriş sərbəstdir. Bağ sahəsinə dair hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən, bağın nömrəsi və sənəd üzrə sahəsi məlum deyil. Bununla bağlı olaraq bağ sahəsinin naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. İş materiallarında olan Azərenerji ASC “X7” MMC-nin xx.xx.2017-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı 1989-cu ildə Əzizbəyov Rayon İcra Hakimiyyətinin 12.05.89cu il 8 nömrəli qərarına əsasən “Şimal” Dres işçilərinin Kollektiv bostançılıq kimi istifadəsi üçün müvəqqəti ayrılan torpaq sahəsindən ona 600 kv.m torpaq sahəsi verilmişdir. Qərara əsasən tikinti işlərinin aparılması qadağan edilir. İş materiallarında olan Azərenerji ASC “X7” MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı məxsus “Şimal” DRESdə torpaq sahəsinin ayrılması haqqında xx.xx.1998-ci il tarixli arayış, 9 №-li protokol və Əzizbəyov Rayon X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 8 №-li çıxarış aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağ massivində yerləşən 0.06 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir. Bununla əlaqədar iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilmədiyi üçün iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsi konkret olaraq müəyyən edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini həm cavabdeh inzibati orqan, həm də məhkəməyə təqdim edə bilmədi (bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası, üzvlərin iclasının protokolundan çıxarış və s.). İddiaçının təqdim etdiyi sənədlər isə qanunvericilikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi nəzərdə tutulmamışdır. Məhkəmə sorğusuna əsasən cavabdeh orqan həmin ərazidə qeydiyyatdan keçmiş torpaq sahələrinə dair sənədləri məhkəməyə təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, qeyd olunan ərazidə bağ sahələri üzərində hüquqlar Bakı şəhər İcra Hakimiyyəti başçası X2 İnkişafı və X4 bağlar sahəsində bağın istifadəyə verilməsi haqqında müqavilə, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu bağçılıq-yoldaşlıq cəmiyyətinin iclas protokolu, bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin siyahısı, üzvlük kitabçası əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçı torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini təqdim edə bilmədi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4976/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-306/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-306/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver