Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3061/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı2 və İddiaçı5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı5 və İddiaçı4 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “02 aprel 2022-ci il tarixli dinc toplantının keçirilməsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsi və xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərarı deyil, inzibati icraat haqqında qanunun tələblərinə zidd olaraq məktub göndərməsinin qanunsuz hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7674/2022 saylı 29 iyun 2022-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı5 və İddiaçı4 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “ 02 aprel 2022-ci il tarixli dinc toplantının keçirilməsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsi və xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərarı deyil, inzibati icraat haqqında qanunun tələblərinə zidd olaraq məktub göndərməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, İddiaçı1, İddiaçı4, İddiaçı2, X1, İddiaçı5 və X2 daxil olduğu mitinqin təşkilatçılar qrupu xx.xx.2022-ci il tarixdə “Ukraynada müharibəyə son”, “Müharibəyə yox” tələbləri və şüarları ilə mitinqin keçirilməsini planlaşdırdığı barədə 28 mart 2022-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda mitinqin yeri, tarixi və saatı, təşkilatçılar barədə məlumatlar dəqiq göstərilmişdir. Toplantıda səslənəcək şüar haqqında xəbərdarlıqda geniş məlumat verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti 30 mart 2022-ci il tarixli cavab məktubunda dinc toplantının keçirilməsinə icazə verməmişdir. Cavabda bu imtina həmin məsələlər ilə əlaqəli ölkə hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi, habelə pandemiyaya görə tətbiq olunmuş məhdudiyyətlər ilə əsaslandırılmışdır. Bu toplantının keçirilməsində məqsəd torpağın işğal olmasına qarşı müharibədə Ukrayna xalqına ictimai dəstəyi nümayiş etdirmək olmuşdur. Belə bir kütləvi dəstək nümayişləri hazırda dünya ölkələrinin bir çoxunda təşkil olunur. Bundan başqa, mitinq açıq və geniş məkanda keçirilməsi nəzərdə tutulduğundan orada pandemiya ilə bağlı tətbiq olunmuş qaydaların pozulması riski mövcud deyildir. Cavabda mitinq zamanı hansı pandemiya qaydalarının pozulma ehtimalının olmasına istinad edilməməsi bu arqumentin əsassız olmasını təsdiq edir. Beləliklə də, Bakı şəhər İcra hakimiyyətinin bu arqumentinin də heç bir hüquqi və faktiki əsası yoxdur. Təşəbbüs qrupunun təqdim etdiyi xəbərdarlığa Bakı şəhər İcra Hakimiyyətinin verdiyi cavabdan göründüyü kimi cavabdeh toplantının keçirilməsi barədə qanunda nəzərdə tutulmuş “xəbərdarlıq” institutunu “icazə” institutu ilə əvəz etmişdir. Halbuki təşkilatçılar tərəfindən İcra Hakimiyyətinə müraciətin məqsədi icazə almaq yox, keçiriləcək mitinq barəsində onu xəbərdar etmək idi. Çünki belə bir icazənin alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin bu məktubu onun qərarı kimi qəbul edilməlidir. Bakı şəhəri İcra Hakimiyyətinin cavabında (qərarında) mitinqin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirilməlidir. Təcrübə göstərir ki, indiyə kimi Azərbaycanda müvafiq icra hakimiyəti orqanları tərəfindən toplantıların keçirilməsinin məqsədəuyğun hesab edilməməsi nəticədə həmin toplantının icazəsiz hesab edilməsi və polis tərəfindən dağıdılması ilə nəticələnmişdir. Biz İcra Hakimiyyəti tərəfindən təşkil edilməsi məqsədəuyğun hesab edilməyən toplantını təşkil etdiyimiz halda bu toplantı polis qüvvəsi ilə dağıdılacaq, təşkilatçılar və iştirakçılar məsuliyyətə cəlb olunacaqdırlar. Bu fakt İcra Hakimiyyətinin məqsədəuyğun hesab etməməsi ilə toplantının təşkilinə icazə verməməsi ilə eyni hüququ nəticələrə gətirib çıxardığını təsdiq edir. Bakı şəhəri İcra Hakimiyyətinin həmin qərarı səbəbindən nəzərdə tutulan toplantı keçirilməmişdir. Bu əsaslara görə Bakı şəhəri İcra Hakimiyyətinin bu qadağası qanunazidd və əsassız hesab edilməlidir. Cavabdeh orqan mitinqin keçirilməsinə bu formada müdaxilə etməklə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquqlarının, xüsusən də sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Belə ki, təşkil olunacaq toplantı dinc aksiya idi. Müvafiq orqanların qabaqcadan xəbərdar olunmaları bir daha bunu sübut edir. Təşkilatçıların dinc aksiyalarda iştrak etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7674/2022 saylı 29 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Hacıbəyova) Həmin qərardaddan iddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apelyasiya şikayətində cavabdeh tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol verdiyini qeyd etmişlər. Apelyasiya baxışı zamanı iddiaçılar İddiaçı2 və İddiaçı5 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı3, X3 və İddiaçı4 və cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar cavabdehin 30 mart 2022-ci il tarixli yürüşə dair qərarının (məktubun) sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və hesab etmişdir ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 1-167-003 nömrəli, xx.xx.2022-cİ il tarixli məktubunda “planlaşdırdığınız mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir” ifadəsi inzibati orqanın qadağanedici hərəkəti deyildir, iddiaçılarının etiraz aksiyalarının keçirilməsinin məqsədəuyğun olmaması barədə cavabdehin mövqeyidir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Göründüyü kimi qanunvericilikdə toplantıların keçirilməsi üçün toplantıları təşkil edən şəxslərin müvafiq icra hakimiyyəti orqanına əvvəl xəbərdarlıq etməli olması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Həmin Qanunun 6-cı maddəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 1 aprel 2021-ci il tarixədək qüvvədə olan 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2021-ci il 1 aprel saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: - (1.1.5-ci yarımbənd) bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla) Məhkəmə kollegiyası qeyd edir ki, aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, iddiaçıların sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə cavabdehin hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7674/2022 saylı 29 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3061/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3061/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver