Məhkəmə qərarları › İş №2-1(103)-3061/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3061/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3061/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» publik hüquqi şəxsə qarşı (üçüncü şəxs X18) “tibb vərəqəsinin etibarsız sənəd hesab olunması” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» publik hüquqi şəxsə qarşı (üçüncü şəxs X18) “tibb vərəqəsinin etibarsız sənəd hesab olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4211/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Milli Elmlər X6 aparatı rəhbərinin xidmətinin sabiq əməkdaşı X18 Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə işdən azad olunmuşdur.

2. Baş Səhiyyə Mərkəzinin 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş ******* nömrəli tibb vərəqəsinə görə X18 xx.xx.2022-ci il tarixdən 05 noyabr 2022ci il tarixinədək əmək qabilliyyətini müvəqqəti itirmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(00)-621/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə dair iddianın qismən təmin edilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli sərəncamının ləğv edilməsi, X8 AMEA X17 baş mütəxəssis vəzifəsinə bərpa edilməsi, X9 04 noyabr 2022-ci il tarixdən qətnamə icra edilən müddətədək iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-1(103)-6247/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ilə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-621/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Xəzər rayonunun köməkçisi ədliyyə müşavirinin 29 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə X9 verilmiş S/N ******* nömrəli “Əmək qabiliyyətinin olmaması” vərəqəsinin verilməsində cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işi başlanılmasından rədd edilməsi qərara alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası cavabdeh “Bakı Səhiyyə Mərkəzi” X27 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Milli Elmlər X6 Aparatı rəhbərinin xidmətinin sabiq əməkdaşı vətəndaş X8 adına «Baş Səhiyyə Mərkəzi” X27 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən verilmiş X8 02 noyabr 2022-ci il tarixindən 05 noyabr 2022-ci il tarixinədək əmək qabilliyyətinin itirilməsinə dair ******* nömrəli tibb vərəqəsinin hüquqi qüvvəsi olmayan etibarsız sənəd hesab olunması ilə bağlı müvafiq məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə cavabdeh “Bakı Səhiyyə Mərkəzi” X27 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası əsl cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» publik hüquqi şəxsi ilə əvəz olunmuşdur.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Milli Elmlər X6 aparatı rəhbərinin xidmətinin sabiq əməkdaşı X18 Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə işdən azad olunmuşdur. X18 Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbləri ilə məhkəməyə müraciət etmiş və məhkəməyə «Baş Səhiyyə Mərkəzi” X27 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən verilmiş X8 02 noyabr 2022-ci il tarixindən 05 noyabr 2022-ci il tarixinədək əmək qabilliyyətinin itirilməsinə dair ******* nömrəli tibb vərəqəsini təqdim etmişdir. Əmək qabilliyyətinin olmamasına dair ******* nömrəli tibb vərəqəsindən görünür ki, X9 aritmiya və hiporteniya diaqnozu qoyulmuş və 01-05 noyabr 2022-ci il tarixlərində ambulator qaydada müalicədə olmuşdur. Lakin Azərbaycan Milli X12 Heyəti Aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən də görünür ki, X16 2022-ci ilin noyabr ayının 02- dən 04-ə kimi hər gün bütün iş günü işdə olmuşdur. «Baş Səhiyyə Mərkəzi” X27 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən cavabdeh tərəfə verilmiş 19 iyul 2023-cü il tarixli 330 saylı məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, guya ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan 02 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Milli X12 Heyəti aparatının inzibati binasında işdə olan X18 02 noyabr 2022-ci il tarixdə evinə çağırış etmiş, ürək nahiyəsində ağrı, yüksək qan təzyiqi olduğunu bildirmiş, sahə həkiminin evə gəlməsini tələb etmişdir. Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Baş Səhiyyə Mərkəzi” X19 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasının Sahə həkimi Laçın X2 müayinə etmiş, ona Ü.İ.X, “Arterial hipertenziya” diaqnozu qoymuş, xəstəyə yardım göstərmiş və irəli müayinələr tövsiyə etmişdir. Elə həmin, 02 noyabr 2022-ci il tarixdə saat 14:37-də xəstə X18 özünü narahat hiss etdiyi üçün poliklinikaya həkim qəbuluna gəlmişdir. Həkim tərəfindən müayinə, müalicə planı təyin edilmiş, xəstənin vəziyyətini nəzərə alaraq, ona S/N-li ******* “Əmək qabiliyyətinin olmaması vərəqəsi” açılmışdır. Videogörüntülərdən göründüyü kimi X18 iş yerində olduğu halda, eyni vaxtda həkim Laçın Orucovanın qəbulunda ola bilməzdi. Deməli bu tamamilə düzgün olmayan haldır.

9. Üçüncü şəxs X18 iddiaya etiraz verərək iddia ərizəsinin təmin edilməməsi və baxılmasının qeyri-mümkünlüyü barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmənin qərardadı ilə X18 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(112)-4211/2024 nömrəli qərardadı ilə (hakim:T.Məlikov) iddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» publik hüquqi şəxsə qarşı (üçüncü şəxs X18 cəlb edilməklə) “tibb vərəqəsinin hüquqi qüvvəsi olmayan etibarsız sənəd hesab olunması” tələbinə dair iddia mümkün sayılmamışdır.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə öz qərardadını qəbul edən zaman nəzərə almamışdır ki, “Bakı Baş Səhiyyə Mərkəzi” X27 «Baş Səhiyyə Mərkəzi” X27 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən verilmiş X8 02 noyabr 2022-ci il tarixindən 05 noyabr 2022-ci il tarixinədək əmək qabilliyyətinin itirilməsinə dair ******* nömrəli tibb vərəqəsinin hüquqi qüvvəsi olmayan etibarsız sənəd hesab olunması haqqındakı iddia aşağıda qeyd edilənlərlə əlaqədar iddia mümkün iddia hesab olunmalı idi.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan olmaqla, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının yerli struktur qurumu hesab olunan inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs tərəfindən verilmişdir.

15. X8 02 noyabr 2022-ci il tarixindən-05 noyabr 2022-ci il tarixinədək əmək qabilliyyətinin itirilməsinə dair ******* nömrəli tibb vərəqəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan hakimiyyət tədbiridir.

16. X3 adına verilmiş ******* nömrəli tibb vərəqəsi 02 noyabr 2022-ci il tarixindən 05 noyabr 2022-ci il tarixinədək əmək qabiliyyəti olduğu halda, ona əmək qabilliyyəti olmayan şəxs statusu verməklə X9 tamamilə qanunsuz səlahiyyətlər verməklə Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə tamamilə qanunsuz öhdəliklər qoyur.

17. “Bakı Baş Səhiyyə Mərkəzi” X19 “Baş Səhiyyə Mərkəzi” X27 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası ona verilmiş inzibati səlahiyyətlərdən tamamilə qanunların tələblərinə zidd formada sui-istifadə etməklə X18 əmək qabiliyyəti olduğu halda, onun adına verilmiş ******* nömrəli tibb vərəqəsi verib, onu 02 noyabr 2022ci il tarixindən 05 noyabr 2022- ci il tarixinədək əmək qabilliyyəti olmayan şəxs statuslu edib, X9 tamamilə qanunsuz səlahiyyətlər vermiş və Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə tamamilə qanunsuz öhdəliklər qoymuşdur.

18. Odur ki, məhkəmənin X8 adına verilmiş ******* nömrəli tibb vərəqəsinin inzibati akt hesab etməməsi ancaq təccüb doğura bilər.

19. X8 adına verilmiş reallıqdan tamamilə uzaq olan ******* nömrəli tibb vərəqəsindən istifadə etməklə məhkəmələr vasitəsi ilə haqq etmədiyi hüquqlar əldə edir: tamamilə qanuni inzibati aktı qeyri-qanuni yolla əldə etdiyi inzibati aktın: ******* nömrəli tibb vərəqəsinin köməkliyi ilə-əsas kimi istifadə edərək-Azərbaycan Milli Elmlər Akademiyasının inzibati aktını-ləğv etdirib, tamamilə qanuni yolla azad olunduğu işəmövcud olmayan vəzifəyə bərpa olunmaq, dövlətin böyük miqdarda pulunu qanunsuz olaraq ələ keçirmək üçün öhdəliyi Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə qoymaq üçün istifadə edir.

20. Çox maraqlıdır ki, baxılan halda ******* nömrəli tibb vərəqəsi şəxsin qanunsuz yolla “müəyyən məsələni nizama salma”, “həll etmə”, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmaq demək deyilmi?!

21. Digər tərəfdən isə “Bakı Baş Səhiyyə Mərkəzi” X19 “Baş Səhiyyə Mərkəzi” X19 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən X8 02 noyabr 2022-ci il tarixindən-05 noyabr 2022-ci il tarixinədək əmək qabilliyyəti olan şəxs olduğu halda, onun adına verilmiş ******* nömrəli əmək qabilliyyəti olmayan şəxs statusu alıb, bundan istifadə edərək, iddia qaldırması ilə bağlı iddiaçı X8 iddiasına baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər X14 (sədrlik edən və məruzəçi), X15 və X5 ibarət tərkibdə) iddiaçı X8 cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı iddia ərizəsi ilə bağlı Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-621/2023 nömrəli iş üzrə 13 iyun 2023-c tibb vərəqinin reallığı əks etdirməməsi ilə əlaqədar həmin işdə cavabdeh tərəf kimi Azərbaycan Milli Elmlər Akademiyasının vermiş olduğu sübutları araşdırmaqdan qəti imtina edərək, Azərbaycan Milli Elmlər X6 Aparatı Rəhbərinin Xidmətinin sabiq əməkdaşı vətəndaş: X8 adına “Baş Səhiyyə Mərkəzi” X19 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən verilmiş X8 02 noyabr 2022-ci il tarixindən-05 noyabr 2022-ci il tarixinədək əmək qabilliyyətinin itirilməsinə dair ******* nömrəli tibb vərəqəsinin hüquqi qüvvəsi olmayan etibarsız sənəd hesab olunması ilə bağlı araşdırmanın aparılıb, müvafiq məhkəmə qərarının qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məhkəmə iclası təxirə salınmışdır.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Üçüncü şəxs X18 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin mümkün hesab edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4211/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

23. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin iştirakı:

24. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4211/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir.

25. Məhkəmə iclasında üçüncü şəxs X18 apellyasiya şikayətinin mümkün hesab edilməməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4211/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi.

Maddə 2.2.5. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 2.0.1. İnzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

30. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı.

31. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı.

MƏHKƏMƏNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

35. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

36. “İnzibati və mülki hüququ münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

37. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

38. Həmin Qərarın 3.1-ci bəndində göstərilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

39. Həmin Qərarın 3.2-ci bəndində göstərilmişdir ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

40. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

41. Həmin Qərarın 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

42. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərtərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

43. İddia ərizəsindən məlum olur ki, iddiaçı “Baş Səhiyyə Mərkəzi” X27 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin hüquqi qüvvəsi olmayan etibarsız sənəd hesab olunmasını tələb edir.

44. Kollegiya hesab edir ki, hazırki mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlər ümumi (publik) münasibətlərə aid olmayıb, inzibati məhkəmə icraatının predmetinə aid olan mübahisə deyil, mülki məhkəmə icraatının predmetini təşkil etməklə xüsusi hüququn nizamasalma predmetinə aid münasibətlərindən irəli gələn mübahisədir və sözügedən mübahisəyə ümumi məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməlidir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

46. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə və işin yuxarıda qeyd olunan hallarına əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(112)-4211/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar