Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3064/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Cavabdehin mütəxəssisi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair fərdi yaşayış evə mülkiyyət hüququ qeydiyyata alınmaqla reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi»nə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair fərdi yaşayış evə mülkiyyət hüququ qeydiyyata alınmaqla reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 31 yanvar 2021-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, 26 ildir mülkiyyətində olan 600 kv.m torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələ ilə bağlı ona hər hansı cavab verməmişdir. Cavabdehin bu hərəkətsizliyi imtinaya bərabər tutulur. Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamı ilə iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan etibarən sözügedən torpaq sahəsi iddiaçının daimi sahibliyində və istifadəsindədir. Bu günədək həmin torpaqdan istifadə ilə bağlı heç bir fiziki və hüquqi şəxsin etirazı olmamışdır. Milli Arxiv İdarəsinin 24 may 2016-cı il tarixli 1723 nömrəli arayışından görünür ki, mübahisəsi gedən torpaq sahəsi ona (iddiaçıya) 7 iyul 1994-cü il tarixdə ayrılmışdır. İddiaçı tərəfindən sözügedən torpaq sahəsində Bakı şəhəri Səbail RİH ilə razılaşdırılmış layihəyə uyğun olaraq, 3 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hesab olunur. İşin şərh olunan faktiki hallarından görünür ki, cavabdehin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m sahədən ibarət torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. Bu hal isə, onun (iddiaçının) Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarında müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsaslanaraq, İPM-in 45 – 47-ci maddələrini rəhbər tutaraq, iddiaçının Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixdə 2175 nömrəli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə və həmin sahənin üzərində inşa edilmiş fərdi yaşayış evinə (faktiki mövcud olan ölçülərə uyğun) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 3 fevral 2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən 20 may 2021-ci il tarixdə aparılan ypxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, dördmərtəbəli fərdi yaşayış evinin hündürlüyü 13,1 metrdir və orada təmir-tikinti işləri davam etdirilir. Fərdi yaşayış evinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən uyğun sənədlər (tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi) təqdim edilmişdir. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə sahəsi 600 kv.m olsa da, faktiki olaraq 768,9 kv.m-dir və ərazinin 531 kv.m hissəsi yaxınlığından keçən yüksək gərginlikli elektrik mühafizə zolağında yerləşir. Göstərilənlərə və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 80.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.1, 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005- ci il tarixli 103 nömrəli qərarı ilə «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın müddəalarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi onun sahibliyində və istifadəsində olduğuna görə və sərəncamla orada fərdi yaşayış sahəsi inşa edilməsi nəzərdə tutulduğu üçün Bakı şəhəri Səbail RİH-i ilə razılaşdırılmış layihəyə uyğun olaraq orada 3 mərtəbədən ibarət 12 metr hündürlüyündə yaşayış evi inşa etdirmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış massivi, 262 saylı fərdi yaşayış evinə dair layihə FHN Tikintidə Təhlükəzizliyə Nazarət Dövlət Ağentliyinin "Azkomunlayihə" K.L.t tərəfindən tərtib edilmiş və Bakı şəhəri Səbail RİH tərəfindən möhürlə təsdiq edilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5979 nömrəli rəyində qeyd edilmişdir ki, fərdi yaşayış evi dörd mərtəbədən olmaqla, hündürlüyü 12 metr təşkil edir və inşası başa çatdırılmışdır. Məhkəmə tərəfindən ekspert qarşısında mövcüd olan binanın tikinti normalarına uyğun olub-olmamağı barədə sual qoyulmalıdır və məhkəmə tərəfindən ekspertin iştirakı ilə yerli baxış keçirilməli idi. Belə ki, onun tərəfindən məhkəməyə bildirilmişdir ki, mövcud olan binanın 1-ci mərtəbəsi yarım zirzəmi idi və 4-cü mərtəbəsi mansarddır. Məhkəmə isə bunlara əhəmiyyət verməmiş və fərdi yaşayış evinin dörd mərtəbədən ibarət olduğunu göstərərək əsassız nəticəyə gəlmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanın 1-ci hissəsi ilə 'Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Həmin Siyahıda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikası ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə - rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahəsinin ayrılması barədə 1991-ci ilin noyabrın 9dan 1995-ci ilin dekabırın 19-dək qəbul edilmiş qərarlar da, göstərilmişdir. Göründüyü kimi Bakı şəhəri Səbail RİH-nin 07 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikmək üçün ona 600 kv.metr torpaq sahəsi ayrılması "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunu qüvvəyə minənədək qəbul edildiyinə görə onun hüquqlarının Reyestr Xidmətinə qeydə alınmasından məhkəmənin qərarda qeyd etdiyi qənaətə əsaslanmaqda imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qərarda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin bu mübahisəyə aid olmayan bir çox normalarına istinad etmiş, mübahisəyə aid olan normaları isə səhv təfsir edərək göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur (Maddə 74.1). Göründüyü kimi qanuni istifadəsində olan torpaq sahəsində qanunda nəzərdə tutulmuş ölçüdə razılaşdırılmış layihəyə uyğun olaraq fərdi yaşayış evi tikdirərək uzun müddət orada yaşasa da, həmin əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtina edilməsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1-ci maddəsinin tələbləri ilə uzlaşmır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdaiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq iddiaçı bildirmişdir ki, tikilinin qanunsuz olduğunu fərz etsək belə, məhkəmə onun torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair qərar qəbul etməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf izahatında apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdiklərini bildirdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail RİHin 7 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikmək üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisi tərtib olunmuşdur. Sözügedən torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmişdir. İddiaçı cavabdehə hazırkı tələblə cavabdehə müraciət etsədə, müraciətinin təmin olunmasından imtina olunmuşdur. Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək «torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair fərdi yaşayış evə mülkiyyət hüququ qeydiyyata alınmaqla reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi» vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə tam olaraq riayət edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına münasibətdə düzgün nəticəyə gəlmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ........ - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Nəzərə alınmalıdır ki, qanunvericilik 2013-cü il yanvarın 1-dək və həmin tarixdən sonra inşa edilmiş tikililərə münasibətdə şəxsin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün sənədlərin əhatə dairəsini fərqləndirmişdir. Belə ki, 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş tikililəri məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərini ayırmış, hər birinə xas olan göstəriciləri müəyyən etmişdir. Kollegiya bildirir ki, iddiaçının göstərdiyi fərdi yaşayış evi 2013-cü ilin yanvarın birindən sonra inşa edilmiş tikililər sırasına aid edilsə, bu halda həmin tikili “ya məlumatlandırma icraatı tətbiq edilməli olan” tikili yada “tikintisinə icazə tələb olunan tikili”lərdən hesab olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi 4 (dörd) mərtəbədən ibarət olmaqla, hündürlüyü 12 metr təşkil edir. Fərdi yaşayış evinin inşası başa çatdırılmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Göründüyü kimi, fərdi yaşayış evinin mərtəbələrinin sayı 3-dən artıqdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq “inşa edilmiş fərdi yaşayış evinin məlumatlandırma icraatı tətbiq edildiyi tikili olmadığı qənaətində” olmuşdur. Bu səbəbdən də mübahisəli fərdi yaşayış evi tikintisinə icazə tələb olunan tikililərdən hesab olunur.(Əgər həmin tikili 2013-cü ilin yanvarın 1-dən sonra tikilmişdirsə). Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün də yuxarda qeyd edilən qanunvericilik normalarındada qeyd olunduğu kimi - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə tələb olunur. Lakin qeyd edilən qərar, istismara icazə və . iş materiallarından müəyyən edilmir. Bundan başqa əgər iddiaçının göstərdiyi fərdi yaşayış evi 2013-cü ilin yanvarın birindən əvvəl inşa edilmiş tikililər sırasına aid edilsə, bu halda mövcud qanunvericilik hündürlüyü 12 metrədək olan fərdi yaşayış evlərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün - torpaq sahəsinə dair hüququ təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktının təqdim edilməsini nəzərdə tutur. İddiaçı tərəfindən isə qeyd olunan sənədlər nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya bildirir ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evi istər 2013-cü ilin yanvarın 1-dək, istərsədə həmin ilin 1-dən sonra tikilmiş olsun həmin fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması üçün yuxarda qeyd olunan normalarla müəyyən edilən əsaslar mövcud olmadığından, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur. İddianın evin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı hissəsi ilə Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməyərək qeyd etmişdir ki, “..... iddiaçı evin və evin yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi qeydiyyat alınmasını tələb edir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır” Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər sırasında aşağıdakı sənəd nəzərdə tutulmuşdur: – rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” İş materiallarından da görünür ki, iddiaçıya Bakı şəhəri Səbail RİH-in 7 iyul 1994-cü il tarixli 2175 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Kollegiya bildirir ki, həmin inzibati akta münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Həmçinin qeyd edilməlidir ki, sözügedən Sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Cavabdeh torpağa münasibətdə iki imtina əsası göstərmişdir. Birincisi torpaq sahəsinin sənəd üzərində 600.0 kv.m, faktiki olaraq isə 768.9 kv.m olması, ikincisi isə torpaq sahəsinin 531 kv.m hissəsinin yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi. Kollegiya hər iki imtina əsasını qəbul etməyərək ilk növbədə qeyd edir ki, torpağın faktiki olaraq 768.9 kv.m olması imtina əsası kimi o halda qəbul edilərdi ki, iddiaçı 768.9 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəsin. Lakin, iddiaçı isə müvafiq Sərəncamla ona ayrılan 600.0 kv.m sahənin qeydiyyata alınmasını xahiş edir. Cavabdehin “Torpaq sahəsinin 531 kv.m hissəsinin yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi” dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, bu hal işdə tədqiq olunmuş 9 dekabr 2022-ci il tarixli ekspetiza rəyi ilə tam təsdiqlənmir, rəydən görünür ki, elektrik xəttinin yükü (gərginliyi) barədə məlumatın olmaması səbəbindən bu halı müəyyən etmək mümkün olmamışdır. Həmçinin rəylə müəyyən edilmişdir ki, müvafiq elektrik xətti işlək vəziyyətdə deyil. Eyni zamanda, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmış “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar mövcud olmadığından, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan iddia tələbi torpaq sahəsinə dair olan hissədə təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti müvafiq Sərəncamla ona ayrılan torpağa dair mülkiyyət hüquqlarının qeydə alınması və torpaq sahəsinin planı və ölçüsünün verilməsi hissəsində əsaslı olduğundan mübahisələndirilən qərar həmin hissədə ləğv edilərək, təmin olunmalı, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı – torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması hissəsində ləğv edilsin, iddia həmin hissədə təmin edilsin. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 2175 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600.0 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3064/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3064/2023
30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver