Məhkəmə qərarları › İş №2-1(103)-3067/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3067/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3067/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1406/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İK-nın dəyişmə komissiyasının xx.xx.1989-cu il tarixli protokolundan görünür ki, Zislyan A.Q. və Məmmədov A.M. arasında yaşayış sahəsinin dəyişdirilməsinə (Bakı-Toxluca) icazə verilmişdir.

2. Bakı şəhər XDS İK-nın 04 oktyabr 1989-cu il tarixli 11/379 nömrəli qərarından görünür ki, Yaşayış sahəsinin dəyişdirilməsi komissiyasının xx.xx.1989-cu il tarixli 56 nömrəli protokolu ilə verilmiş təklif qəbul edilmişdir.

3. Bakı şəhər İK-nın yaşayış sahəsinin dəyişdirilməsi üzrə Bürosunun xx.xx.1989-cu il tarixli 11086 nömrəli icazəsindən görünür ki, X2 8-ci Buxta döngəsi, ev 27, mənzil 4 ünvanında yerləşən 2 otaqlı 28,5 kv.metr sahəsi olan mənzilinin A.M.Məmmədova məxsus Krasnoselo rayonu, Toxluca kəndində yerləşən şəxsi evi ilə dəyişdirilməsinə icazə verilmişdir.

4. 102533 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,7 kv.metr olan 2 otaqlı yaşayış sahəsi 28,5 kv.metr olan mənzil İddiaçı və onun ailəsinə verilmişdir.

5. Cavabdehinin xx.xx.2024-cü il tarixli yaşayış evinə və torpaq sahəsinə baxış keçirilməsi barədə məktubdan görünür ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərdə müvafiq mənzil 2 (iki) otaqlı və sahəsi 28.5 kv.m göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman faktiki olaraq müvafiq mənzilin 1 (bir) mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşdiyi, otaqların sayı və sahələri sənədlərə uyğun gəlmədiyi, zirzəminin yaşayış kimi istifadə olduğu müəyyən edilmişdir. Həmçinin hüquqmüəyyənedici sənədlərdə göstərilən 2 (iki) otağın yerini təyin etmək mümkün olmamışdır.

6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, mənzilin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 51,7 kv.metr, faktiki sahəsi 148.8 kv.metrdir. Mənzil 1 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Sənədlərdə göstərilən 2 yaşayış otağının yerini göstərə bilmir. Mənzilin otaqların sayı və sahələri təqdim edilən sənədlər uyğun gəlmir. Mənzilin altında zirzəmi sahəsi (54 kv.m) mövcuddur və yaşayış kimi istifadə olunur. 412,0 m2 torpaq sahəsi ərizəçinin istifadəsindədir.Torpaq sahəsinə aid sənəd təqdim edilməmişdir.

7. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 3-52-13-10/2- 249/2024 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanı Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. F.Mirzəyev küçəsindəki 27 nömrəli evin, 4 saylı mənzili xx.xx.1989-cu il tarixli, 102533 nömrəli dəyişmə Orderinə əsasən Ermənistan qaçqını İddiaçı verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, faktiki istifadəsində olan ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə, eləcə də 0.0412 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

9. Cavadeh məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərdə müvafiq mənzil 2 (iki) otaqlı və sahəsi 28.5 kv.m göstərilsə də, idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman faktiki olaraq müvafiq mənzilin 1 (bir) mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşdiyi, otaqların sayı və sahələri sənədlərə uyğun gəlmədiyi, zirzəminin yaşayış kimi istifadə olduğu müəyyən edilmişdir. Həmçinin hüquqmüəyyənedici sənədlərdə göstərilən 2 (iki) otağın yerini təyin etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

10. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının faktiki istifadəsində olan ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə, eləcə də fərdi yaşayış evinin yerləşdiyi 0.0412 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Ermənistanda azərbaycanlılara qarşı ixtişaşlar başlayanda 1989-cu il Ermənistanın Krasnoselskiy rayonunu Toxluca kəndində olan evini Bakıda yaşayan milliyətcə erməni olan X3 məxsus ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli və zirzəmili 0.0412 ha torpaq sahəsi olan 4 saylı həyət evi ilə dəyişdirmişdir. İddiaçı 1989-cu il tarixindən etibarən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin əmlaka sahiblik etməklə, ailə üzvləri (uşaqları) ilə birgə həmin evdə 35 ildir ki, yaşamışdır. Fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətindən görünür ki, üzərində hüququn qeydiyyata alınmasının tələb olunduğu torpaq sahəsində əlahiddə olaraq yalnız həmin ev mövcuddur və həmin ev təcrid olunmuş ayrıca fərdi yaşayış evidir. Həmin ünvanda nə başqa yaşayış sahəsi, nə də bunu təkzib edən sübut vardır. Sözügedən fərdi yaşayış evinin müstəqil yaşayış sahəsinə və ayrıca girişə malik olduğu, bir və ya bir neçə otaqdan, müxtəlif təyinatlı yardımçı sahələrdən ibarət olduğu da nəzərə alındıqda, istinad olunan sənədlərdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin fərdi yaşayış evi olduğunu açıq-aşkar müşahidə etmək olar

12. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərdə müvafiq mənzil 2 (iki) otaqlı, yaşayış sahəsi 28.5 kv.m, ümumi sahəsi 51.7 kv.m göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman faktiki olaraq müvafiq mənzilin 1 (bir) mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşdiyi, faktiki ümumi sahəsinin 148.8 kv.m olduğu və zirzəminin (54 kv.m) yaşayış kimi istifadə edildiyi müəyyən edilmişdir. Həmçinin hüquqmüəyyənedici sənədlərdə göstərilən 2 (iki) otağın yerini təyin etmək mümkün olmamışdır. Bundan əlavə 412.0 kv.m torpaq sahəsi iddiaçının istifadəsindədir.

13. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1406/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənəd kimi xx.xx.1989-cu il tarixli 102533 nömrəli orderi təqdim etmiş, həmin orderdə ümumi sahəsi 51,7 kv.metr, yaşayış sahəsi 28,5 kv.metr olan 2 otaqlı mənzilin iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı hazırda həmin mənzilə deyil, 148.8 kv.metr sahəsi olan fərdi yaşayış evi və onun yerləşdiyi 412 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. İddiaçı hazırda ona verilmiş ümumi sahəsi 51,7 kv.metr, yaşayış sahəsi 28,5 kv.metr olan 2 otaqlı mənzilə deyil, fərdi yaşayı evi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, əlavə sahəyə və torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1406/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu il tarixdə bu əmlakı alarkən əmlak fərdi yaşayış evi olmaqla istifadəsində olan torpaq sahəsi isə hasara alınmışdır.Məhkəmə iddiaçının 35 il bu vəziyyətdə yaşamasını qəbul edən inzibati orqanların qəbullanmasını nədənsə görməzdən gəlməkdədir. Digər aidiyyəti inzibati orqanları (yerli icra hakimiyyəti, bələdiyyə və sair) prosesə cəlb etməmiş, məsələyə aydınlıq gətirilməsi, iddiaçının hüquqlarının pozulması səbəblərini araşdırmamışdır. Sanki iddiaçı günahkardır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

25. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, işdən görünür ki, iddiaçı mübahisəli daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənəd kimi xx.xx.1989-cu il tarixli 102533 nömrəli orderi təqdim etmiş, həmin orderdə ümumi sahəsi 51,7 kv.metr, yaşayış sahəsi 28,5 kv.metr olan 2 otaqlı mənzilin iddiaçıya verilməsi nəzərdə tutulmuşdur.

26. Lakin iddiaçı hazırda həmin mənzilə deyil, 148.8 kv.metr sahəsi olan fərdi yaşayış evi və onun yerləşdiyi 412 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir.

27. Halbuki hazırkı işə tətbiq olunan Qanunun yuxarıda qeyd edilən 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi yalnız şəxsə verilmiş mənzil üzərində ona verilmiş ölçülər daxilində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır.

28. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı hazırda ona verilmiş ümumi sahəsi 51,7 kv.metr, yaşayış sahəsi 28,5 kv.metr olan 2 otaqlı mənzilə deyil, fərdi yaşayı evi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, əlavə sahəyə və torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur.

29. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu il tarixdə bu əmlakı alarkən əmlak fərdi yaşayış evi olmaqla istifadəsində olan torpaq sahəsi isə hasara alınmışdır. Məhkəmə iddiaçının 35 il bu vəziyyətdə yaşamasını qəbul edən inzibati orqanların qəbullanmasını nədənsə görməzdən gəlməkdədir. Digər aidiyyəti inzibati orqanları (yerli icra hakimiyyəti, bələdiyyə və sair) prosesə cəlb etməmiş, məsələyə aydınlıq gətirilməsi, iddiaçının hüquqlarının pozulması səbəblərini araşdırmamışdır.

30. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, tətbiq olunan Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.

31. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən yuxarıda qeyd olunan əsaslardan hər hansı biri yoxdur.

32. İddiaçının 1989-cu il tarixdə bu əmlakı alarkən əmlak fərdi yaşayış evi olmaqla istifadəsində olan torpaq sahəsi isə hasara alınması, iddiaçının 35 il bu vəziyyətdə yaşamasını inzibati orqanların qəbullanması kimi dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, həmin dəlillər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi zərurətini aradan qaldırmır.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

34. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1406/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1406/2025 saylı, 09 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar