Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3068/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9932/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İPM m. 34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Binəqədi rayonu, Naxçıvani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006 cı il tarixli, 280 saylı qərarı ilə iddiaçıya icarəyə verilmiş, 29 dekabr 2006-cı il tarixli 546 saylı qərarı ilə xx.xx.2022-ci il tarixli ərizə ilə mülkiyyətinə verilmişdir. Bundan sonra, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 192 saylı sərəncamı ilə ona istehsalat və inzibati binanın tikintisinə icazə verilmişdir. Fövqəladə Hallar Nazirliyi və Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi binanın tikilməsinə razılıq vermişdir. Hazırda ona məxsus sahənin sağ qonşu, sol qonşularının sahələrinə dair mülkiyyət hüquqları qeydiyyata alınıb, lakin onun sahəsi qeydiyyata alınmır, halbuki qeyd etdiyi qonşularda eyni onda olan sənədlər əsasında çıxarış alıblar. Sənədlərinin hamısı hüquqi cəhətdən düzgündür və əsalıdır, hesab edir ki, onun hüquqları qeydiyyata alınmalıdır…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənmiş alqı-satqı aktı təqdim edilməmiş, torpaq sahəsinin yerləşmə cizgisi sənədlər toplusuna əlavə olunmamışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9932/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, və Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Naxçivani küçəsi, 3105 saylı məhəllədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin yerləşmə mövqeyini bildirən yerləşmə cizgisi sənədlər toplusuna əlavə olunmamışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3746/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-630/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “iddiaçının təqdim etdiyi bələdiyyənin xx.xx.2006-cı il tarixli 546 saylı qərarında İddiaçı Binəqədi rayonu, Naxçivani küçəsi, 3105ci məhəllədə 1120 kv.m torpaq sahəsinin ayrıldığı, arxiv idarəsi tərəfindən təqdim edilmiş eyni tarixli və nömrəli digər bələdiyyə qərarında isə X2 Binəqədi rayonu, Goradil bağ massivində 750 kv.m torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.Ziddiyyətli halların aradan qaldırılması məqsədi ilə işə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən müvafiq sorğular verilməli, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin yuxarıda göstərilən məsələ ilə bağlı mövqeyi aydınlaşdırılmalı və həmin torpaq sahəsinin bələdiyyənin xx.xx.2006-cı il tarixli 546 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilməsi yoxlanılmalıdır. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olması qeyd edilmiş, apellyasiya məhkəməsi cavabdehin bu dəlili ilə bağlı araşdırma aparmamışdır… Məhkəmə torpaq sahəsinin həqiqətən mülkiyyətə bələdiyyənin xx.xx.2006-cı il, yoxsa xx.xx.2006-cı il tarixli qərarı ilə verilməsini aydınlaşdırmamışdır...” İşə təkrar apellyasiya qaydasında baxılarkən Binəqədi Bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Nuriyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, mübahisəli torpaq sahəsinin qanuni əsaslarla iddiaçının mülkiyyətinə verildiyini və həmin torpaq sahəsində tikintiyə icazə sənədlərində də torpaqayırma sərəncamına istinad olunduğunu, 2000-ci ildə Bakı İcra hakimiyyətinin sərəncamı ilə torpaq sahəsi ayrılarkən mübahisəli torpağın yerləşdiyi Naxçıvani küçəsinin Bələdəiyyəyə təhvil verildiyini, həmin küçə ətrafında yerləşən iddiaçının qonşuluğunda olan torpaq sahəsinin sahibinin mülkiyyət hüququ qeydə alınıb ona çıxarış verildiyi halda, mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydə əlınmasından əsassız olaraq imtina olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə belə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən “bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7-ci hissəsinə əsasən 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər...” Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. X3 (Azərbaycan Respublikasının bələdiyyələrinin siyahısının) 1-ci hissəsinin 1-5-ci bəndlərinə əsasən Binəqədi bələdiyəi Binəqədi, Biləcəri, Xocahəsən, M.Ə.Rəsulzadə qəsəbələrinin aid olduğu müvafiq bələdiyyələrin əraziləri çıxılmaqla Binəqədi rayonu ərazisini əhatə edir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun 1-ci hissəsinin 2-ci abzasına əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş arxiv sənədləri üzrə - Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 280 nömrəli qərarına, həmin qərar əsasında eyni tarixdə tərəflər arasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə, eyni tarixli 07/682 nömrəli Bakı şəhəri İH Memarlıq və Şəhərsalma Baş idarəsinə ünvanlanmış məktubuna, habelə, iddiaçıya təklif olunan torpaq sahəsinin situasiya planına əsasən müəyyən olunur ki, Binəqədi bələdiyyəsinin inzibatiərazi hüdudularında Naxçivani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsi 49 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün İddiaçı icarəsinə verilmişdir. Eyni zamanda, işə əlavə olunmuş - Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarxili, 546 nömrəli qərarına, eyni tarixdə bağlanmış “bələdəiyyə ilə iddiaçı arasında bağlanmış “Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında” müqaviləyə və eyni tarixli kassa mədaxil orderinə əsasən müəyyən olunur ki, Binəqədi əsasən Binəqədi rayonu, Naxçivani küçəsi, 3105-ci məhəllədə yerləşən 1120 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün İddiaçı mulkiyyətinə verilmişdir. Konkret halda, arxiv materialları üzrə Binəqədi Bələdiyyəsinin eyni tarixli və nömrəli digər bələdiyyə qərarının mövcudluğu ilə əlaqədar qeyd olunmalıdır ki, bu sonuncu qərarla X2 Binəqədi rayonu, Goradil bağ massivində 750 kv m. torpaq sahəsi ayrıldığı halda, iddiaçıya Binəqədi bələdiyyəsinin inzibati ərazisində sahibkarlıq məqsədilə 1120 kv.m torpaq sahəsi ayrılmışdır, yəni, üst-üstə düşməyən ayrı-ayrı olan müxtəlif ölçülərə malik torpaq sahələridir və iddiaçı xx.xx.2006-cı il tarxili 546 nömrəli qərara əsasən alqı satqı müqaviləsi əsasında 1120 kv.m torpaq sahəsini onun mülkiyyətinə verilmiş torpaq sahəsinin 5600 manat məbləğində dəyərini ödəməklə almışdır. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə, birincisi, qeyd olunmalıdır ki, apellyasiya mərhələsində məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının icrası qaydasında işə üçüncü şəxs qisində cəlb olunmuş Binəqədi bələdiyyəsinin 04 dekabr 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş - Bakı şəhər İcra Hakimyyəti Memarlıq və şəhərsalma Baş idarəsi tərəfindən 02.10.200-ci il tarixdə təsdiq edilmiş Bakı şhər İHB 809 saylı xx.xx.2009-cu il tarixli sərəncamına müvafiq olaraq Binəqədi rayonu üzrə bələdiyəyə ayrılacaq torpaq sahəsinə dair ayrıc aktından görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşdyi Ə.Naxçıvani küçəsi (səkisi) boyunca torpaqlar Binəqədi bələdiyyəsinə ayrılmışdır. İş materiallarından (i.v.91-92), həmçinin hazırkı mərəhələdə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə və fotoşəkillərə əsasən isə müəyyən olunur ki, iddiaçının qonşuluğunda olan sözügedən Ə.Naxçıvani küçəsində başqa bir N.A.Hüseynov adında şəxsə də bələdiyyə tərəfindən sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılmış və onun həmin torpaq sahəsində inşa etdiyi birmərtəbəli tikiliyə mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Digər tərəfdən, iş materiallrarına əlavə edilmiş arxiv materiallarına əsasən müəyyən olunur ki, Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin xx.xx.2007-ci il tarixli rəyinə əsasən iddiaçıya – Ə.Naxçivani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m torpaq sahəsində bina tikintisinə razılıq verilmiş, həmçinin bələdiyyənin müraciətinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2008-ci il tarixli məktubu ilə istehsalat və inzibati binanın tikintisinə dair təqdim olunan memarlıq planlaşdırma eskiz layihəsi razılaşdırılmış və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 192 nömrəli sərəncamı ilə iddiaçıya Binəqədi rayonu, 3105-ci məhəllədə yerləşən 1120 kv.m torpaq sahəsində istehsalat və inzibati binanın tikintisinə icazə verilmişdir ki, bütün bunlar da onu demyə əsas veir ki, səlahiyyətli dövlət orqanları tərəfindən Binəqədi bələdiyyəsinin iddiaçıya Ə.Naxçivani küçəsi, 3105-ci məhəllədə 1120 kv.m sahəsinin ayrılması barədə qərarları və onunla bağlanmış icarə müqavilələri razılaşmış, onlar qəbul etmiş, tanımışdır. Həm də ən azından tədqiq olunan qərarlar və müqavilələr, yerli icra hakimiyyətinın sərəncamı və tikintiyə dair razılaşma və icazə sənədləri bu günə kimi geri çağırılmamış, ləğv olunmamış, öz qüvvəsini saxlamaqda davam edir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci madddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 64.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qeydiyyat orqanı tərəfindən mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsaslar mövcuddur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan da göründüyü kimi, mübahisəli ünvanda yerləşən torpaq sahəsinin iddiaçıya ayrılması barədə bələdiyyə qərarı və həmin torpaq sahəsinin situasiya planı mövcuddur. Belə olan halda, mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, cavabdeh onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi ilə qorunan hüquqlarını pozmuş olur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar çıxarılığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-9932/2023 saylı xx.xx.2023-cü il trixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94, 108-110-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-9932/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3068/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3068/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver