Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3069/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(82)-2713/2014 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı İddiaçı 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 26.06.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq 26.06.2008-ci ildən 01.01.2010-ci ilədək və 01.01.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, 19 avqust 2014cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 26.06.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq 26.06.2008-ci ildən 01.01.2010-cu ilədək və 01.01.2010-cu ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, 19 avqust 2014cü il tarixli qərarı icra edilməsi üçün 23.09.2014-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə göndərilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, eyni zamanda yeni açılmış hallara dair ərizə verərək icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-932/2020 saylı, 18 mart 2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2713/2019 saylı, 19 avqust 2014-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmiş və iş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1692/2020 saylı 19 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-932/2020 saylı, 18 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə icraatının təzələnməsi barədə qərar qəbul edilməsini, ərizəçi DSMF-nin Suraxanı rayon şöbəsinin əsl ərizəçi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, 26.06.1953-cü il təvəllüdlü İddiaçı rəsmi məlumatlara əsasən 02.08.2004-cü il tarixdən 25.11.2015-ci il tarixədək ünvan 1 ünvanında, 25.11.2015-ci il tarixdən 29.03.2016-cı il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Massivi, döngə 6 ünvanında, 29.03.2016-cı il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olduğu halda pensiya təyin edilən zaman Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ərizəsi Şöbədə qeydiyyatdan keçirilmişdir ki, bununla da Şöbə tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanunun 30.1-ci bəndinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, məhkəməyə təqdim edilmiş sənədlərdən belə nəticəyə gəlmək olar ki, şəxsiyyət vəsiqəsi saxtalaşdırılmışdır. Pensiya işinə əlavə edilmiş saxtalaşdırılması ehtimal olunan "xxxx" ASC-nin Tikinti Hissələri Zavodu tərəfindən verilmiş 26.05.2014-cü il tarixli 04-KŞ nömrəli arayışda 07.01.1975-01.04.1996-cı illərdə İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsi göstərilmişdir. Habelə, pensiya hesablanması zamanı nəzərə alınmış və Azərnəqliyyatyoltikinti ASC-nin 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin dairəvi möhürü ilə təsdiq olunmuş 2003-2005-ci illərin əmək haqqı arayışı üçün zəruri olan məcburi dövlət sosial sığorta haqları barədə arayış Şöbə tərəfindən məhkəməyə təqdim olunması üçün Fondun müvafiq yerli qurumlarından alınmamışdır. Həmçinin, İddiaçı pensiya işində olan notarial qaydada təsdiq olunmuş hərbi biletin surətində onun 1988-ci ilədək Xankəndində qeydiyyatda olduğu göstərilmişdir. Halbuki, pensiya işinə əlavə olunmuş əmək kitabçasında onun 1975-2003-cü illərdə "xxxx" ASC-nin Tikinti Hissələri Zavodunda işləməsi qeyd olunmuşdur. Bu fakt əmək kitabçasının sonradan yazıldığını təsdiq edir. İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymət verilməsi məqsədilə tərəfindən müvafiq materiallar AR Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır. Həmçinin, hazırkı iş üzrə ərizəçi olan Fondun Suraxanı rayon şöbəsinin (xidmət nümayəndəliyinin) əsl ərizəçi ilə əvəz edilməsi zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(82)-2713/2014 saylı qərardadı ilə ərizə təmin edilərək İddiaçı 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 26.06.2008-ci ildən həmin vaxt qüvvədə olan qaydada pensiyanın yenidən hesablanaraq 26.06.2008-ci ildən 01.01.2010-ci ilədək və 01.01.2010-ci ildən bu günədək yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2713/2014 saylı, 19 avqust 2014-cü-cü il tarixli qərarı ləğv edilmiş, məhkəmə qərarının icrası dayandırılaraq, hazırkı işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili X2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının tələbinə baxılmış və məhkəmə tədqiqatı aparıldıqdan sonra yekun qərar qəbul edilmişdir. Məhkəmə tədqiqatının aparılmasına dair iradların bildirilməsi ən azından dövlətin adından qəbul edilmiş məhkəmə qərarına hörmətsizlik kimi qəbul edilməlidir. Bununla da dövlət orqanı icrası məcburi olan və qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməkdən yayınma məqsədi güdmüşdür. Şəxsin müxtəlif ünvanlarda qeydiyyatda olması ona təyin edilmiş pensiyanın əsaslılığına şübhə yaradan amil olmamalıdır. Belə ki, şəxs pensiya hüququnun yarandığını bilib DSMF-nin istənilən orqanına müraciət edə bilər. Əgər həmin müraciət aidiyyəti üzrə digər ərazi orqanının səlahiyyətinə aiddirsə, o zaman qanunvericiliyə uyğun olaraq həmin müraciət baxılması üçün aidiyyəti üzrə müvafiq ərazi şöbəsinə göndərilməli idi. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl DSMF-nin Suraxanı rayon şöbəsinə ərizə ilə müraciət edilmiş və iddiaçı məhz həmin imtina əsasında cavabdeh qismində DSMF-nin Suraxanı rayon şöbəsini qeyd etməklə məhkəməyə müraciət etmişdir. Şəxsin hərbi biletində olan qeydiyyatı onun hərbi uçotda olduğu yeri göstərir, lakin həmin sənəd şəxsin yaşayış yeri uçotu hesab edilə bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, “Əmək Məcəlləsi”nin 87.1-ci maddəsinə əsasən şəxsin əmək stajını təsdiq edən əsas sənəd onun əmək kitabçasıdır. Hazırkı mübahisə üzrə şəxsin əmək kitabçasındakı qeydlərinin mötəbər olmamasına dair tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində məhz İddiaçı barəsində cinayət işinin olmasına dair hər hansı bir sübut (cinayət işinin başlanmasına dair və iddiaçının həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərarlar) yoxdur. Bundan başqa, hətta belə bir qərar mövcud olsa belə şəxsin cinayət törətməsini təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Bundan başqa, ərizəçinin öz ərizəsində yeni açılmış hal kimi əsas gətirdiyi sübutlar və hallar işə baxılarkən DSMF orqanına məlum olduğundan İPM-in 103.2-ci maddəsi üzrə müəyyən olunmuş 3 illik müddət də buraxılmışdır. Göründüyü kimi DSMF orqanı 6 il sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi təhlükəli bir məhkəmə praktikası yaratmaqla hüququn müəyyənliyi prinsipini pozmuşdur. Mübahisəyə baxılarkən tərəfin onun iradəsindən asılı olmayan səbəblər üzündən məhkəməyə təqdim edə bilmədiyi mötəbər sübutun hazırkı vəziyyətdə əldə edilərək məhkəməyə təqdim edilməsi və həmin halla bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin imperativ şəkildə təsbit etdiyi müddətlərə riayət edilməsinin məcburiliyi. Məhkəmə qərardad qəbul edərkən iki halı nəzərə almamış və qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən qərardadını onunla əsaslanmışdır ki, AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə sorğu əsasında təqdim olunan 17 dekabr 2020-ci il tarixli 018-13064-1220 saylı məktubdan müəyyən edilir ki, 26.06.1953-cü il təvəllüdlü İddiaçı 09.11.2000-ci il tarixdən 25.11.2015-ci il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 1, döngə 1, ev 24-də, 25.11.2015-ci il tarixdən 29.03.2016-cı il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Massivi, döngə 6-da yaşayış yeri üzrə qeydiyyatda olmuş, 29.03.2016-cı il tarixdən hal-hazıradək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 1, döngə 1, ev 24-də qeydiyyatdadır. İddiaçı 09.11.2000-ci ildən əvvəl ölkə ərazisində qeydiyyatı barədə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində məlumat müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ərizəsi Şöbədə qeydiyyatdan keçirilmişdir. Ərizəçi tərəfindən məhkəməyə təqdim olunan iddiaçıya məxsus 16 sentyabr 1970-ci il tarixdə doldurulmuş əmək kitabçasında onun 1975-2003-cü illərdə "xxxx" ASC-nin Tikinti Hissələri Zavodunda işləməsi qeyd olunmuşdur. Halbuki, iddiaçıya məxsus FB 033813 saylı hərbi biletin surətində iddiaçının 1988-ci ilədək Xankəndində qeydiyyatda olduğu göstərilmişdir. "xxxx" ASC-nin Tikinti Hissələri Zavodunun təsdiq etdiyi 1975-1996-cı illər üzrə 26 may 2014-cü il tarixli əmək haqqı arayışından görünür ki, həmin arayış əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmışdır. Lakin pensiyanın təyin edilməsinə əsasən verən müvafiq sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan, DSMF tərəfindən cinayət faktlarına dair araşdırmanın aparılması üçün AR Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmiş, daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi başlanılmışdır. Göründüyü kimi sadalanan xüsusatlar əsasında məhkəmə tərəfindən həmin halların yenidən araşdırılması üçün əsas yaradır. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir Həmin Məcəllənin 106-cı (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin qanunvericiliyin tərəfin təqsiri ilə bağlı tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Hazırkı mübahisəyə münasibətdə də qeyd edilən qaydalar nəzərə alınmalı və tətbiq olunmalıdır. Hazırkı mübahisəyə dair iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, 19 avqust 2014-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Qeyd olunan məhkəmə qərarının surəti 25.08.2014-cü ildə cavabdehin nümayəndəsi tərəfindən şəxsən qəbzə imza etməklə qəbul edilmiş, qərar icra edilməsi üçün 23.09.2014-cü il tarixdə göndərilmiş, 01.10.2014-cü ildə qərardan çıxarış cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. Cavabdeh 13.02.2020-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2713/2014 saylı, 19 avqust 2014-cü il tarixli qərarına yeni açılmış hallar əsasında yenidən baxılması və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2713/2014 saylı, 19 avqust 2014-cü il tarixli qərarının icra edildiyi gündən 5 ildən çox olan müddət keçmişdir. Ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Nəzərə alınmalıdır ki, müddətin buraxılması da ərizəçinin məsuliyyət sferasına aiddir. Müddət məhdudiyyəti ilə bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad olunan normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Beləliklə, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda ərizənin həm də qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyi və müddətin bərpasına yol verilmədiyi də nəzərə alınmalıdır. Eyni zamanda, ərizədə iş üzrə icraatın təzələnməsi üçün əsas kimi göstərilmiş – İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılması faktları üzrə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi qərardadında qeyd etdiyi pensiyanın təyin edilməsinə əsas verən müvafiq sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan, Dövlət Sosial Müdafiə Fondu tərəfindən cinayət faktlarına dair araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilməsi, daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işinin başlanılması ilə bağlı kollegiya qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən cinayət faktlarına dair araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılması yeni açılmış hallar üçün ondan asılı olmayan səbəb deyildir. Bu hal sadəcə Dövlət orqanı əməkdaşlarının əməllərində cinayətin əlamətləri olduğundan müvafiq cinayət işinin açılmasını təsdiq edən haldır. Eyni zamanda birinci instansiya məhkəməsi özünün qəbul etdiyi 12 fevral 2021-ci il tarixli, 2-1(82)-2713/2014 saylı qərardadının nəticə hissəsində qeyd etmişdir ki, məhkəmə qərarının icrası dayandırılsın. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 105.1-ci maddəsinə əsasən (həmin maddə bu cür adlanır “Məhkəmə qərarının icrasının yalnız ərizə (vəsatət) əsasında dayandırılması” Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Maddənin tələbindən görünür ki, məhkəmə qərarının icrasının dayandırılması üçün yalnız və yalnız ərizə (vəsatət) olmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən belə bir ərizə məhkəməyə daxil olmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qərarının icrasının dayandırılması qanunsuz və əsassızdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03.07.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 87, 89-90, 94-cü maddələrini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(82)-2713/2014 saylı qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi mümkün sayılmasın. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3069/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3069/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver