Məhkəmə qərarları › İş №2-1(103)-307/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-307/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-307/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin təminat xərcliyinə uyğun hesablanaraq tam şəkildə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 1931/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)- 493/2019 saylı qərarı əsasında müəyyən olunmuş təminat xərcliyinə uyğun hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin iddiaçının sərəncama götürüldüyü günə peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavələr nəzərə alınmaqla hesablanaraq tam şəkildə iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsi üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)-493/2019 saylı qərarı ilə cavabdehin xx.xx.2018-ci il tarixli 004699 saylı Məlumat Vərəqəsində səhv qeyd olunmuş təminat xərcliyinin natamam formasının düzəldilərək tam həcmdə tərtib olunması qət olunmuş, bununla da peşəkarlıqla, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavənin, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavənin düzgün ödənilməsi təmin olunmuşdur. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)- 493/2019 saylı qərarı əsasında cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə müvafiq sənədi ünvanlamış, X2 İdarəsi də öz növbəsində pensiyanı yenidən hesablayaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müharibə əlili kimi iddiaçının pensiyaya çıxdığı xx.xx.2017-ci il tarixdən pensiyanın ödənilməmiş bütün fərqinin hissə-hissə ödənilməsinə başlamışdır. X2 İdarəsi iddiaçının qanuni pensiyasına uyğun olaraq xx.xx.2017- ci il tarixdən pensiyasının ödənilməmiş bütün fərqinin hissə-hissə ödənilməsinə başlamasına baxmayaraq, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Qanun”unun V fəslinin 20.11ci və 20.12-ci maddələrinə müvafiq olaraq iddiaçıya İnzibati orqan tərəfindən birdəfəlik tibbi kompensasiya ödənilərkən 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2-1(82)-493/2019 saylı qərarının müddəaları nəzərə alınmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hesablanması düzgün hesab edilməyən pensiya üzrə hesablama aparılmışdır. Bununla da inzibati orqan tərəfindən iddiaçıya ödənilən birdəfəlik tibbi kompensasiya azalmışdır. Buna səbəb isə inzibati orqan tərəfindən təminat xərcliyinə məhkəmə qərarı ilə müəyyən olunmuş əlavələr nəzərə alınmadan müvafiq ödənişin hesablanması olmuşdur. Bununla bağlı olaraq iddiaçı tərəfindən inzibati orqana xx.xx.2019cu il tarixdə yazılı müraciət edilərək “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Qanun”unun V fəslinin 20.11-ci və 20.12-ci maddələrinə müvafiq olaraq iddiaçıya ödənilən birdəfəlik tibbi kompensasiyanın 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)- 493/2019 saylı qərarı əsasında müəyyən olunmuş təminat xərcliyi ilə hesablanmasının təmin edilməsini xahiş edilmişdir. Şikayət instansiyasına verilmiş xx xxxxxxx 2019-cu il tarixli müraciəti ilə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə qərar qəbul edilməmişdir. İPM-nin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək məhkəmədə iddia qaldırılmasına yol verilmir. Bununla da inzibati orqan tərəfindən iddiaçıya birdəfəlik tibbi kompensasiya ödənilərkən qüvvədə olan qanunvericiliyin və məhkəmə qərarının tələbləri nəzərə alınmamış, məhkəmə qərarı ilə əsassız hesab olunmaqla qüvvədən düşmüş təminat xərcliyindən hesablamalar aparılmışdır. Təminat xərcliyi tərtib edilərkən nəzərə alınmalı olan vəzifə maaşı, eləcə də vəzifə maaşından hesablanan əlavələr sərəncamda olarkən alınan deyil, məhz şəxsin sərəncamdan öncə aktiv fəaliyyət göstərərkən aldığı vəzifənin maaşı və həmin vəzifə maaşından hesablanan əlavələrdən ibarət olan məbləğdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1931/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1931/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş MTN-də həqiqi hərbi xidmətdə olub. Hal-hazırda DTX-nın ehtiyatda olan hərbi qulluqçusudur. İddiaçının ehtiyata buraxıldığı günə təminat xərcliyi vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və məharət dərəcəsinə görə əlavədən ibarət olub. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanda həqiqi hərbi xidmət olmuş, 2017-ci ildə sərəncama götürülmüş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq xx.xx.2017ci il tarixli əmrlə ehtiyata buraxılmaqla pensiyaya çıxmışdır. İddiaçıya xx.xx.2017-ci ildə ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillikdir. İddiaçının sərəncama götürüldüyü tarixə onun pul təminatı (təminat xərcliyi) - vəzifə maaşından, hərbi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, məharət dərəcəsinə görə əlavədən, xarici dil bilməyə görə əlavədən, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavədən (vəzifə maaşının 50%-i), məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına artımdan (vəzifə maaşının 20%-i) ibarət olmuşdur. Hərbi xidmətdən buraxıldığı günə isə təminat xərcliyi vəzifə maaşından, hərbi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, məharət dərəcəsinə görə əlavədən, xarici dil bilməyə görə əlavədən ibarət olmuşdur. Tibbi kompensasiya verilərkən iddiaçıya hərbi xidmətdən buraxıldığı günə olan təminat xərcliyi nəzərə alınmış, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavə, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavə isə nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi işin hallarına “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.1, 20.2, 20.3, 20.4, 20.11 və 20.12-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, sərəncamda olduqdan sonra hər hansı vəzifəyə təyin edilməyərək tərxis edilən şəxslərə münasibətdə onların sərəncama çıxarılmazdan əvvəl tutduqları vəzifəyə görə aldıqları maaş və digər başqa əlavələr əsas götürülməklə təminat xərcliyi tərtib olunmalıdır. Çünki şəxsin sərəncama çıxarılması o anlama gəlir ki, o, sərəncamda olduğu müddət ərzində hər hansı konkret vəzifə tutmur. Təminat xərcliyi isə məhz vəzifə maaşı ilə yanaşı, həm də vəzifə maaşından hesablanan əlavələrdən ibarət olan məbləğdir. Ona görə də təminat xərcliyi tərtib edilərkən nəzərə alınmalı olan vəzifə maaşı, eləcə də vəzifə maaşından hesablanan əlavələr sərəncamda olunarkən alınan deyil, məhz şəxsin sərəncamdan öncə aktiv fəaliyyət göstərərkən aldığı vəzifənin maaşı və həmin vəzifə maaşından hesablanan əlavələrdən ibarət olan məbləğdir. İddiaçının daha az maaşlı vəzifəyə keçirilmədən, sərəncamda saxlanılması isə heç bir halda iddiaçının vəziyyətini ağırlaşdıran hal kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı xüsusi xidmət orqanlarının əməkdaşı olaraq xidmətdə olduğu dövrdə peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavə, eləcə də məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavə alsa da, iddiaçıya tibbi kompensasiya hesablanarkən həmin əlavələr onun sərəncamdan ehtiyata buraxılması ilə əlaqədar ödənilməmişdir. İddiaçıya müvafiq kompensasiya ödənilərkən hesablanmış təminat xərcliyinə qeyd olunan əlavələrin daxil edilməməsi yuxarıda qeyd olunanlara əsasən əsassızdır. Bundan başqa, həmin əlavələr həm “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən (hərbi qulluqçularına pensiya təyin edilən zamanı), həm də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-493/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən təminat xərcliyinə (iddiaçının) daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-493/2019 saylı qərarında məhkəmə qeyd etmişdir ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2019-cu il tarixli, 23/20-752 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı sərəncama götürüldüyü günə (xx xxxxxx 2017-ci il tarixə) onun pul təminatı (təminat xərcliyi)-vəzifə maaşından, hərbi rütbəyə görə maaşdan, xidmət illərinə görə verilən üstəlik əlavədən, ərzaq payı əvəzinə pul kompensasiyasından, məharət dərəcəsinə görə əlavədən, xarici dilə görə əlavədən, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavədən (vəzifə maaşının 50%-i), məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə vəzifə maaşına artımdan (vəzifə maaşının 20%-i) ibarət olmuşdur. Məhkəmə iddianı təmin etmiş, əmək pensiyasının təyini üçün hərbi xidmətdə olmuş hərbi qulluqçu kimi İddiaçı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 004699 nömrəli məlumat vərəqəsində təminat xərcliyinin natamam formasının düzəldilərək tam həcmdə tərtib olunması, yəni peşəkarlıqla, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə və məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavələr qeyd olunmaqla yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsini qərara almışdır. Cavabdeh Dövlət Təhlükəsizliyi Xidməti qərardan şikayət verməmiş, qərar qanuni qüvvəyə minmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1931/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar