Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-307/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-713/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı, xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək X3 əyirici sexində çıxarıcı, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək X3 əyirici sexində əyirici şagirdi, xx.xx.1989-cu ildən xx.xx.2003-cü ilədək X4 (sonradan “X9” MMC adlandırılıb) əyirici sexində əyrici vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarınının təsidq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarına əsasən 52 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın məbləğinin həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə 1965-ci il təvəllüdlü iddiaçı xx.xx.1982-xx.xx.1989-cu illərdə Kirovabad (Gəncə) Xalça kombinatında əyirici sexində çıxarıcı, xx.xx.1989-xx.xx.1989-də həmin kombinatın əyirici sexində zərərli iş şəraitində əyirici şagirdi, xx.xx.1989-cu ildən xx.xx.2003-cü illərdə həmin sexdə əyirici peşəsində işləmişdir. İşlədiyi illər əmək kitabçasında qeyd edilmişdir. xx.xx.1989-xx.xx.2003-cü illərdə əyirici peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin,peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 32-ci bəndində qeyd edilmişdir. həmin qərara əsasən qadınlar 52 yaşına çatdıqda və ümumi iş stajı 20 il, bu Siyahıda qeyd edilmiş güzəştli iş stajı 10 il təşkil etdikdə yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ qazanırlar. Onun ümumi iş stajı 21 il 06 ay 13 gün, o cümlədən güzəştli iş stajı 14 il 06 ay 15 gün təşkil edir. O, zərərli əmək şəraitində işlədiyi üçün güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün əmək kitabçasını təqdim etməklə cavabdehə müraciət etmiş, lakin sonuncu arayışda göstərilmiş iş stajlarını nəzərə almayaraq imtina cavabı vermş, eyni zamanda, xx.xx.2019-cu il tarixli, **********4 saylı cavab məktubunda sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkətləri onun hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasındakı qeydlər hələ onun 21 il 05 ay 16 gün ümumi əmək stajına malik olduğunu deməyə imkan vermir. İddiaçının tələbinin əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (e) bəndi təşkil edir. Həmin bəndə görə, toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar–Azərbaycan Respulikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə - 52 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçının belə bir staja sahib olmadığı aşkardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-713/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən təyin edilməsi və pensiya məbləğinin həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətində göstərilən əsaslara görə iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən ümumi əmək stajı 21 il 5 ay 16 gün təşkil edir. Onun təqdim etdiyi “X9” MMC-nin iyun 2018-ci il və 20 noyabr 2020-ci il tarixli arayışlarına görə 1984-cü ildə 6 ay (iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr), 1985-ci ildə 10 ay (yanvar, fevral, mart aprel, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr) təşkil edir ki, həmin dövr ümumilikdə 2 il 4 aya bərabərdir. !990, 1994, və 1996-cı illərdə çalışması (əmək haqqı alması) barədə məlumat yoxdur, 1999-cu ilin yanvar-iyun aylarında (06) ay öz hesabına məzuniyyətdə olub 2003-cü ildə çalışmasına (əmək haqqı almasına) dair məlumat yoxdur ki, ümumilikdə, bu dövr 5 il 4 ay 16 gün təşkil edir. Göründüyü kimi, əmək kitabçasındakı qeydlər onun 21 il 05 ay 16 gün olmasını deməyə əsas vermir. Qarşılıqlı yoxlama zamanı iddiaçının əmək haqqı ilə bağlı cədvəllərin həmin kombinatda aşkar edilmədiyi (xx.xx.2019-cu il tarixli akt) məhkəməyə arayışlar təqdim edilmişdir. Arayışları müəssisənin rəhbəri “Əhmədov G.Ə.” adlı şəxs imzaladığı halda, “İnternet” vergi idarəsinin məlumatına əsasən Xalça Kombinatı” MMC-nin (VÖEN 2********) qanuni təmsilçisi X1r.Sonuncu reyestr çıxarışının tarixt 28 oktyabr 2020-ci ildir. Bundan əlavə iddiaçı tərəfindən iddia edilir ki, 14 il 6 ay 15 gün güzştli iş stajı var. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (e) bəndinə əsasən isə toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar–Azərbaycan Respulikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə - 52 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahıya istinad olunsa belə, iddiaçıya 10 il güzəştli iş stajı tələb olunur, iddiaçının isə 1989-2003-cü ilər üzrə təqdim etdiyi arayışlar mötəbər sayıldıqda 5 il 4 ay (10 ildən az) güzəştli stajı vardır. Məhkəmə isə qeyd edilən halların heç birinə qiymət verməyib. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin nümayəndələri məhkəməyə gəlməmiş (iddiaçının nümayəndəsi qərar elan edildikdən sonra məhkəmə zalına daxil olmuşdur), İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında, o cümlədən, 22 fevral 2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İddiaçının iddia tələbindən göründüyü kimi, 52 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasını tələb etmişdir. İddiaçının əmək kitabçasının qeydlərinə əsasən istinad etdiyi əmək fəaliyyəti xx.xx.1982 - xx.xx.2003-cü illərdə Gəncə (keçmiş Kirovabad) Xalça Kombinatının əyirici sexində: xx.xx.1989-cu ilədək çıxarıcı, həmin tarixdən xx.xx.1989-cu il tarixindək əyirici şagirdi, həmin tarixdən xx.xx.1989-cu xx.xx.2003-cü il tarixindək isə əyrici kimi işlədiyi peşələrlə əhatə olunur. Başqa sözlə, onun əmək fəaliyyəti xx.xx.2006-cı il tarixə qədər olan dövrə təsadüf edir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədən qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (yəni, xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «e» bəndinə əsasən “e) toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar—Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə, həmin yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 52 yaş təşkil etmişdir). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda “əyrici” peşəsi güzəştli pensiya hüququ verən peşə kimi göstərilmişdir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından iddiaçının əmək kitabçasının qeydlərinə əsasən istinad etdiyi, onun X7 əmək fəaliyyəti üzrə 20 il stajı 2000-ci ildən sonra tamamlanır ki, bu halda tələb olunan ümumi və xüsusi stajının mövcudluğu halında onun 52 yaşınının təmam olduğu tarixdən (xx.xx.2017-ci il) yaranmış olur. Lakin iş materiallarına, o cümlədən, hazırkı mərhələdə əldə olunmuş sübutlara əsasən müəyyən olunur ki, 52 yaşından iddiaçıya pensiya təyin olunması üçün “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “e” bəndində nəzərdə tutulan, toxuculuq istehsalı dəzgahlarında və maşınlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə “əyrici” peşəsi üzrə 20 il güzəştli iş stajının mövcud deyildir. Belə ki, iddiaçının əmək kitabçasının tədqiq olunmuş əsli, həm də işə əlavə olunmuş surətindən təsbit olunan qeydləri ilə onun məhkəməyə təqdim etdiyi, “Gəncə Xalça” Kombinatı” MMC-nin xx.xx.2018-ci (No70) )və xx.xx.2020-ci il (No22) tarixli arayışları ilə qarşılıqlı təhlil olunduqda, əmək kitabçasında təsbit olunan iş stajı tamlığı ilə öz təsdiqini tapmamışdır. Yəni, əmək kitabçası üzrə onun “Gəncə Xalça” Kombinatı”nda ümumi əmək stajı 21 il 5 ay 16 gün təşkil etdiyi halda, arayşlarda xx.xx.1982-xx.xx.2003-cü illər üzrə faktiki mövcud olan iş stajı (öz hesabına məzuniyyətlər və əmək haqqı hesablanmayan aylar çıxılmaqla hesablanan), onun analıq məzuniyyət dövrləri də nəzərə alındıqda 19 ildən də az təşkil edir ki, bunun da 1989-2003-cü ilə qədər olan dövrdə güzəştli pensiya hüququ verən “əyrici” pəşəsi üzrə faktiki olaraq işlədiyi müddət - 9 il 4 aya bərabərdir. Qeyd olunmalıdır ki, əmək kitabçasının qeydləri ilə sözügedən arayışların göstəriciləri arasında mövcud olan həmin uyğunsuzluq nəzərə alınmaqla, əmək kitabçasının mötəbərliyinin müəyyən olunması üçün hazırkı apellyasiya mərhələsində iş üzrə sənədlərin məhkə-texniki ekspertizası da təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 5/1377-5/1384 saylı ekspert rəyi üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə əsasən müəyyən olunmuşdur ki, əmək kitabçasının 1-2.39-42 və 79-cu səhifələri olan vərəqlərin sonradan kitabçaya əlavə edilmiş, həmin səhifələrin kağız materialına görə fərqlənir, həm də 1-ci səhifədə “28 10 2003” əlyazmasında 1-ci rəqəmin yerində əvvəl 1 rəqəmi olmuş, sonradan üzərinə cizgilər əlavə edildiyi müəyyən edilmişdir. Əmək kitabçasında aşkar olunan həmin pozuntular, sənədlərin düzgünlüyü prezumpsiyası baxımından, qeydlərin tamlığı pozduğu və qeydlərin həqiqiliyini şübhə altına aldığı nəzərə alınaraq, bir daha, apellyasiya mərhələdə “ iddiaçının iş stajı barədə məlumatların əldə olunması üçün “Gəncə Xalça” Kombinatı” MMC-yə 05 iyul 2022-ci il tarixli sorğu məktubu göndərilmiş və “Gəncə Xalça” Kombinatı” MMC-nin məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubuna və arayışlarına əsasən aşağıdakılar bildirilmişdir: “...“Gəncə Xalça” Kombinatı” MMC-də xx.xx.1982-ci ildən 54k saylı əmrlə əyrici sexinəm çıxarıcı qəbul edilmişdir. xx.xx.1989-cu il tarixindən əyrici sexinə əyrici şagirdi keçirilib, əmr 6kxx.xx.1989 il; xx.xx.1989-cu il tarixindən əyrici sexinə 5-ci dərəcəli əyrici keçirilib, əmr 157.xx.xx.1989-cu il; xx.xx.2003-cü il tarixindən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən işdən azad edilib, əmr 56 k;xx.xx.2003-cü il. O, xx.xx.1999-xx.xx.1999-cu ilə kimi, əmr 1.4/İ99 kombinatda xammal olmadığına görə ödənişsiz məzuniyyətdə olub...(Peşələrin bölmə və kodu: xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən uyğun olduğu qeyd olunr)” “Gəncə Xalça” Kombinatı” MMC-nin tədqiq olunan həmin məktubu ilə birlikdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli arayışları tədqiq olunduqda isə iddiaçının 1982-ci ildən 2003-cü ilə kimi onun analıq məzuniyyətində olduğu dövrlər də ümumi iş stajına daxil edilməklə onun aşağıdakı kimi əmək haqqı hesablanmayan natamam iş illəri, o cümlədən, 1982 -9 ay; 1993-cü ildə 10 ay; 1994-7 ay; 1996-cı ildə 6 ay, 1999-cu ildə 7 ay işləmədiyi dövrlər və öz hesabına götürülən məzuniyyətlər mövcuddur. İşləmədiyi həmin aylar 39 ay ( 3 il 3 ay) təşkil edir. Beləliklə də onun işləmədiyi həmin çıxılmaqla hesablandıqda onun tədqiq olunan həmin iki arayış üzrə “Gəncə Xalça” Kombinatı” MMCnin ümumilikdə 18 il 2 ay iş stajı müəyyən olunur Həmin müddətin xx.xx.1989-xx.xx.2003cü ilə qədər olan dövrdə əyrici sexində “əyrici” peşəsində işlədiyi müddət, yəni güzəştli stajı 13 il 2 ay təşkil edir...” Qeyd olunmalıdır 2003-cü ildə ümumiyyətlə, tədqiq olunan arayışlarda iddiaçının işləməsi və əmək haqqı alması barədə məlumat mövcud deyil. Hətta onun 2003-cü ildəki 10 ay 16 gün əmək fəaliyyəti nəzərə alınmış olsa belə, ümumi iş stajı 20 ildən az təşkil edir (19 il 16 gün). Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçının,“Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin 1-ci hissəsinin «e» bəndini ilə müəyyən olunan 20 il güzəştli stajı mövcud deyildir. Hətta onun 20 il ümumi iş stajı belə toplanmır. Belə olan halda isə onun 52 yaşının xx.xx.2017-ci il tarixində tamam olduğu nəzərə alınmaqla, ona münasibətdə “Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinin tələbləri tətbiq olunduqda da, həmin maddənin 1 iyul 2017-ci il tarixinə qədər qüvvədə olan redaksiyası baxımından, AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahının 32-ci (Toxuculuq istehsalatı) bölməsində nəzərdə tutulan “əyrici” peşəsi üzrə müvafiq güzəştli stajı mövcud olsa belə, 52 yaşından pensiya hüquq yaranmır. Belə ki, Qanunun sözügedən 9.1-ci maddəsinin 1 iyul 2007-ci il tarixinə qədər qüvvədə olan redaksında nəzərədə tutulurdu ki, “axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi X8 tədqiq olunan arayışları ilə müəyyən edilən hallardan isə göründüyü kimi, onun həmin kombinatda ümumi stajı 20 ildən azdır (18 il 2 ay). “Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına gəldikdə isə həmin maddədə qadınların güzəştli şərtlərlə pensiya yaş həddi 55-ə yüksəlmiş, bundan əlavə onların fərdi hesablarında minimum pensiya təminatına imkan verən kapitalının da mövcud olması tələb olunur ki, həmin şərtlər də iddiaçı tərəfindən ödənilmir. Qeyd olunanlardən birmənalı olaraq göründüyü kimi həm əvvəlki, həm də qüvvədə olan , əmək pensiyaları haqqında hüquq normalarına görə iddiaçıının 52 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlara diqqət yetirilməmiş, işdə olan sübutlar hərtərəfli tədqiq olunmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, bütün bunların nəticəsi olaraq da iddianın təmin olunması barədə səhv nəticəyə gəlinmişdir. Halbuki, İPM-in 73.1-ci maddəsindən görünür ki, məhkəmə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Konkret halda isə cavabdehin imtinsı ilə iddiaçının 52 yaşından güzəştli şərtlərlə pensiya hüququnu pozduğu öz təsdiqini tapmır. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, sübutlara düzgün qiymət verilmədiyini və əsassız olaraq iddianın təmin olunması barədə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-713/2022 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-713/2022 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-307/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-307/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver