Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-307/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2520/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasının qanunsuz hesab edilməsi, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, o, xx xxxx 1956-cı ildə anadan olmuşdur, 01 mart 1974-cü ildən 30 dekabr 2004-cü il tarixə qədər müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla əmək kitabçasına əsasən ümumi iş stajı 29 il 9 aydan çox təşkil edir. xx.xx.1974-ci il tarixdən - xx.xx.1974-cü il tarixədək Lənkəran Rayonlararası Təmir-Tikinti Trestində suvaqçı rəngsaz işləmişdir – (8 ay 15 gün); xx.xx.1974-cü il tarixdən - xx.xx.1976-cı il tarixədək hərbi xidmət etmişdir - (2 il); xx.xx.1977-ci il tarixdən - xx.xx.1977-ci il tarixədək “Puşkin” adına sovxozda fəhlə işləmişdir – (3 ay 9 gün); xx.xx.1978-ci il tarixdən - xx.xx.1984-cü il tarixədək Peşə Texniki Məktəbində ştamplayıcı sexinin ustası işləmişdir – (5 il 6 ay 27 gün); xx.xx.1984- cü il tarixdən - xx.xx.1990-cı il tarixədək 1 saylı Evtikmə Kombinatında fəhlə, qəlibçi işləmişdir - 6 il 2 ay 12 gün; xx.xx.1990-cı il tarixdən - xx.xx.1990-cı il tarixədək Bakı Meyvə Tərəvəz Sənaye Birliyində fəhlə işləmişdir – (2 ay); xx.xx.1990-cı il tarixdən – xx.xx.1992-ci il tarixədək Meyvə-Tərəvəz Kartof satışı Təmir Tikinti İdarəsində rəngsaz işləmişdir – (1 il 6 ay); xx.xx.1992-ci il tarixdən - xx.xx.1992-ci il tarixədək Bakı Asbest və Keramika Kombinatında fəhlə işləmişdir – (9 ay 22 gün); xx.xx.1992-ci il tarixdən - xx.xx.2004-cü il tarixədək 1 saylı Evtikmə Kombinatında dəmir-beton konstruksiyaları qəlibçisi işləmişdir – (12 il 9 gün). Bundan başqa xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 113 nömrəli Texniki Peşə Məktəbində, daha sonra 79 saylı Texniki Peşə məktəbində və Bakı Axşam Neft texnikumunda təhsil almışdır. Qeyd olunanlarla bağlı əmək pensiyası yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qanunla müəyyən olunmuş vəzifəsini icra etməmiş, qeyd olunan iş stajının bir hissəsini nəzərə almadan 23 avqust 2021-ci il tarixli, **********0 nömrəli məktubla ona yaşa görə əmək pensiyasısının təyinindən imtina etmişdir. Cavabdeh tərəfındən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, imtinanı onunla əsaslandırmışdır ki, guya təqdim etdiyi əmək kitabçasına, diplomuna və hərbi biletinə əsasən iş stajı 18 il 3 aydır, bu da tələb olunan 25 ildən azdır və pensiya kapitalı pensiya təyini üçün kifayət etmir. Cavabdehin hesaba almadığı dövr olan xx.xx.1984-xx.xx.1990-cı ildə işlədiyi müddətdə hətta ona iş yerindən yaşayş mənzili də verilmişdir. Odur ki, cavabdehin imtinası qanunsuz, əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 8 ay 14 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 3 ay 9 gün, xx.xx.1978-ci tarixdən xx.xx.1984-cü il tarixədək 5 il 6 ay 19 gün, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək 6 il 2 ay 11 gün, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək 1 ay 28 gün, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək 1 il 7 ay 1 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 9 ay 22 gün, təhsil haqqında sənədə (attestat) əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 10 ay 9 gün və xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 6 ay 17 gün təhsil aldığı müddətlər və hərbi biletə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu 1 il 11 ay 13 gün müddət olmaqla onun xx.xx.2006-cı il tarixə kimi sığorta stajı 18 il 7 ay 15 gün (pensiya kapitalına çevrilməklə 14193,55 manat) təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt- işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Əlavə olaraq, “Bakıbaştikinti”nin 1 nömrəli Evtikmə Kombinatının 1997-ci il tarixdən 2004cü il tarixədək iş həcminin tam olmadığı müəyyən edilmişdir. Belə ki, müəssisə 1997-ci il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fonduna hesabatlar təqdim etmişdir. Hesabatlarda 1997, 1998 və 1999-cu illərdə hər il üzrə işləyənlərin sayı 10 nəfər, 2000-ci il üzrə ştat cədvəli 450 nəfər, işləyənlərin sayı 10 nəfər, 2001-ci il üzrə ştat cədvəli 150 nəfər, işləyənlərin sayı 32 nəfər (İİ rübdə 10, İ rübdə qeyd olunmayıb), 2002-ci il üzrə ştat cədvəli 150 nəfər, işləyənlərin sayı 18 nəfər, 2003-cü il üzrə ştat cədvəli 286 nəfər, işləyənlərin sayı 15 nəfər, 2004-cü il üzrə ştat cədvəli 234 nəfər, işləyənlərin sayı 36 nəfər (İİ rübdə 39, İ rübdə 15) qeyd olunmuşdur. Ştat cədvəli üzrə işçi sayı ilə MDSS hesablanan işçi siyahısındakı fərq həmin müəssisənin tam həcmdə işləmədiyini təsdiq edir. Qeyd olunan hesabatlarda İddiaçı adına rast gəlinməmişdir. Məlumat üçün bildirilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə 130 manat məbləğində müavinət təyin edilib və ödənilir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “Bakıbaştikinti”nin 1 nömrəli Evtikmə Kombinatında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab olunmur. Beləliklə iddiaçı F. M.Məmmədovun yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2520/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1973-cü ildən xx.xx.1974-cü il tarixə kimi peşə məktəbində təhsil almış və ona 4-cü dərəcəli rəngsaz ixtisası verilmişdir. O, peşə məktəbində təhsil almış, xx.xx.1978-ci ildə məktəbi bitirmiş və ona 3-cü dərəcəli ştampçı ixtisası verilmiş, 1978-ci ildə texnikuma daxil olmuş, 1982-ci ildə metalların kəsimlə emalı ixtisası üzrə tam kursu bitirmişdir və dövlət ixtisas komissiyasının xx.xx.1982-ci il tarixli qərarı ilə ona texnik-texnoloq ixtisası verilmişdir. O, xx.xx.1974-ci il tarixdən - xx.xx.1974-cü il tarixədək Lənkəran Rayonlararası Təmir-Tikinti Trestində suvaqçı rəngsaz (8 ay 15 gün); xx.xx.1974-cü il tarixdən - xx.xx.1976-cı il tarixədək hərbi xidmət etmişdir (2 il); xx.xx.1977-ci il tarixdən - xx.xx.1977-ci il tarixədək “Puşkin” adına sovxozda fəhlə (3 ay 9 gün); xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 79 №-li Peşə Məktəbində təhsil (6 ay 19 gün); xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək “Bakı Kondisoner Zavodu”nda ştamplayıcı sexinin ustası (5 il 6 ay 20 gün); xx.xx.1984-cü il tarixdən - xx.xx.1990-cı il tarixədək 1 saylı Evtikmə Kombinatında fəhlə, qəlibçi (6 il 2 ay 12 gün); xx.xx.1990- cı il tarixdən - xx.xx.1990-cı il tarixədək Bakı Meyvə Tərəvəz Sənaye Birliyində fəhlə (1 ay 29 gün); xx.xx.1990-cı il tarixdən - xx.xx.1992-ci il tarixədək MeyvəTərəvəz Kartof satışı Təmir Tikinti İdarəsində rəngsaz (1 il 7 ay 2 gün); xx.xx.1992-ci il tarixdən - xx.xx.1992-ci il tarixədək Bakı Asbest və Keramika Kombinatında fəhlə (9 ay 23 gün); xx.xx.1992-ci il tarixdən - xx.xx.2004-cü il tarixədək 1 saylı Evtikmə Kombinatında dəmir-beton konstruksiyaları qəlibçisi (12 il 10 gün) vəzifələrində işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş 01/03 nömrəli, xx.xx.2021-ci il tarixli aydınlaşdırıcı arayışdan görünür ki, İddiaçı ”BBTl"-nin 01 saylı Evtikmə kombinatında 01 mart 1984-cü il tarixindən baş korpus sahəsinə 1-ci dərəcəl fəhlə kimi işə qəbul edilmişdir (Əmr №99, xx.xx.1984 il). 01 iyun 1984-cü il tarixindən baş korpus sahəsində dəmir-beton konstruksisiyaları üzrə 2-ci dərəcəli qəlibçi keçirilmişdir (Əmr №329, xx.xx.1984 il). 01 fevral 1985-ci il tarixindən baş korpus sahəsində dəmirbeton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi keçirilmişdir (Əmr №106, xx.xx.1985 il). 12 may 1990-cı il tarixindən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişilə) işdən azad edilmişdir (Əmr №279,1 xx.xx.1990 il). Əsas: əmək kitabçası. ”BBTİ"-nin 01 saylı Evtikmə kombinatında 21 dekabr 1992-ci il tarixindən baş korpus sahəsinə dəmir-beton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi kimi işə qəbul edilmişdir (Əmr №679, xx.xx.1992 il). 30 dekabr 2004-cü il tarixdən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən işdən azad edilmişdir (Əmr №65/k, xx.xx.2004 il). Əsas: T-2 şəxsi kartoçkası. 1 saylı Evtikmə Kombinatı xx.xx.2005- ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********71 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 263 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş X1 Birliyinin 1 nömrəli Evtikmə kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüquqi olan şəxslərin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********689200 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC xx.xx.2003-cü ildə qeydiyyata alınmış və nizamnaməsi təsdiq edilmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2006-ci il tarixli nizamnaməsinin surətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində № D-3525 saylı şəhadətnamə ilə xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış və dövlət müəssisəsinin çevrilməsi nəticəsində yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılır və onun hüquqi varisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********994200 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) fəaliyyətinin xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2008- ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2010cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması, xx.xx.2015-ci il tarixdən bəyannamə ilə aktivləşməsi, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması və xx.xx.2021-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Filial tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyatı üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib edilmiş ИT-l № ******* saylı əmək kitabçasına, diplomunun və hərbi biletininin surətlərinə əsasən sığorta stajı 18 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13907,77 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, №BA-03510-2021 saylı arxiv arayışına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi BBTİ 1 №-li X7 dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricində olmuşdur. Qeyd olunanlarla bağlı ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə-65 yaşına çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İiş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər, təhsil və hərbi xidmət dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək artıq 30 il 05 ay 14 gün ümumi iş stajı mövcuddur. Birinci instansiya məhkəməsi cavabdehin “Bakıbaştikinti”nin 1 nömrəli Evtikmə Kombinatının 1997-ci il tarixdən 2004-cü il tarixədək iş həcminin tam olmaması ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, bu hal iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 65 yaşından, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2520/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-307/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-307/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver