Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-307/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12) “daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-598/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının torpaq sahəsinin zəbt edilmiş hissəsində inşa edilmiş X8 məxsus sahəsi 348,5 kv.m olan fərdi yaşayış evinə dair **********51-10301 reyestr nömrəli çıxarış və texniki pasportun, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin qonşu torpaq sahələrini ayıran ortaq divar üzərində və iddiaçıya məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv edilməsi, həmçinin evin texniki pasportunda iddiaçının torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 ədəd pəncərə yerinin ləğv edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-598/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, ev 2A saylı evin yanında yerləşən 200 kv.m torpaq sahəsi Binəqədi Bələdiyyəsi tərəfindən 20 may 2003-cü il tarixli 39 saylı icarə müqaviləsinə əsasən İddiaçı icarəyə verilmişdir. Sonradan həmin torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı qərarı ilə 200 kv.m ölçüdə və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarı ilə 180 kv.m (toplam 380 kv.m) ölçüdə olmaqla fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə (sahiblik və istifadəsinə) verilmişdir. Həmin Bələdiyyənin xx.xx.2007-ci il tarixli 517 saylı qərarı ilə sahəsi 200 kv.m olan qonşu torpaq sahəsi isə X4 mülkiyyətinə (sahiblik və istifadəsinə) verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 03 sentyabr 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı aid Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı və 05 oktyabr 2007-ci il tarixli 250 saylı qərarlarına uyğun sənədlər Bələdiyyənin elekron bazasında mövcuddur, lakin X4 adına Bələdiyyənin elekron bazasında torpaq sahəsi aşkar edilməmişdir. İddiaçı torpaq sahəsi ilə Zamiq Süleymanovun torpaq sahəsi arasında həmin torpaq sahələri hələ mülkiyyətə verilməmişdən öncə müvafiq dövlət qurumu tərəfindən mühafizə - istinad divarı çəkilmişdir. Həmin divar həm də qonşu torpaq sahələrinin sərhəddində yerləşməklə ortaq divar funksiyası daşıyır. İş materiallarında olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, adı çəkilən mühafizə - istinad divarı ilkin cizgilərə uyğun olaraq qonşu torpaq sahələrinin sərhədlərini bir-birindən ayırır. Zamiq Süleymanov və atası X13 həmin ortaq divarın üzərindən evlərinin divarını tikmiş, habelə bununla kifayətlənməyərək iddiaçının evdə olmamasından sui-istifadə edərək iddiaçının torpaq sahəsini zəbt etməklə 3 ədəd dəmir-beton konstruksiyalı dirəklər tikmiş və həmin dirəklərin üzərindən evinin divarını tikmişdir. İddiaçı həmin şəxslərin qanunsuz hərəkətlərinə qarşı etirazını bildirmiş və tikililərin sökülməsini tələb etmiş, lakin onlar iddiaçının qanuni tələb və etirazlarına məhəl qoymamışdır. Əksinə, iddiaçının mülkiyyət hüquqlarını pozmaqda davam etmişlər. Məhkəmə qərarının 29-cu və 37-ci bəndlərində qeyd edilir ki, iddiaçı guya həmin tikilinin inşasına vaxtilə razılıq vermiş, lakin şərti ondan ibarət olmuşdur ki, ona məxsus həyətə pəncərə açılmamalıdır. X12 (evi inşa edən atası Adil) həmin sövdələşməni pozduğu və həyətinə baxan pəncərə inşa edildiyi üçün müvafiq qeydiyyat və texniki pasport ləğv edilməlidir. Məhkəmənin mövqeyi ilə razı deyildir. İddiaçı bildirir ki, üçüncü şəxsin atası Adil Süleymanovla aralarında hər hansı sövdələşmə olmamış, ona məxsus torpaq sahəsində və ortaq divar üzərində tikintiyə razılıq verməmişdir. Əksinə, iddiaçı üçüncü şəxsin qanunsuz hərəkətlərinə qarşı etirazını bildirmiş və tikililərin sökülməsini tələb etmiş, məsələ ilə bağlı polisə şikayət etmiş, mülki icraat qaydasında Binəqədi rayon məhkəməsində iddia qaldırmışdır. Digər tərəfdən, hüquqi müəyyənlik prinsipinə görə hər hansı müqavilə və ya hüquqi əsas olmadan özgəsinin torpaq sahəsində aparılmış tikili qanunsuzdur və mülkiyyət toxunulmazlığı hüququnu pozur. Həmin qanunsuz tikiliyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi isə daha bir qanunsuzluqdur. İş materiallarında olan "xxxx" Ekspertiza və Hüquq Şirkətinin 20 avqust 2019-cu il tarixli, 39 nömrəli ekspert rəyində göstərilmişdir ki, X13 tərəfindən inşa edilmiş yaşayış evinin 50sm x 60sm, 75sm x 40sm və 80sm x 40sm ölçüdə olan 3 monalit-beton sütunu İddiaçı aid torpaq sahəsində yerləşir. Bundan əlavə, 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında 10 metr uzunluğunda 60 sm enində olan monalit-beton kəmər və 2-ci mərtəbə ilə 3-cü mərtəbə arasında 15 metr uzunluğunda 60 sm enində monalit-beton kəmər İddiaçı aid torpaq sahəsinə çıxıntı olaraq inşa edilmişdir. Ümumilikdə, X13 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 10.5 kv.m hissəsi İddiaçı aid torpaq sahəsində yerləşir. Binəqədi rayon Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsində inşa edilmiş tikili (hasar) iki qonşu arasında ortaq divar olduğu müəyyən edilmişdir. X1 tərəfindən inşa edilmiş, 0.02 ha torpaq sahəsində 348,5 kv.m sahədən ibarət olan fərdi yaşayış evi ara məsafəsi gözlənilmədən, eləcə də iddiaçıya aid torpaq sahəsinə keçərək qonşunun razılığı olmadan ortaq divar üzərində inşa edilməklə Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72-ci maddələrinin tələblərinə uyğun deyildir. Beləliklə, sözügedən ekspert rəyi ilə müəyyənləşdirilmişdir ki, X8 məxsus fərdi yaşayış evinin bir hissəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 71 və 72-ci maddələrin tələblərini pozmaqla, ara məsafəsi gözlənilmədən, qonşunun razılığı olmadan ortaq divar üzərində, eləcə də 10,5 kv.m ölçüdə İddiaçı aid torpaq sahəsində inşa edilmişdir. Ekspert rəyində qeyd olunanlar iş materiallarına əlavə olunmuş fotolardan da aşkar şəkildə görünür. Zamiq və Adil Süleymanovlar evin iddiaçının torpaq sahəsinə baxan divarından 3 ədəd nəfəslik və 3 ədəd pəncərə açmışlar. Həmin nəfəslik və pəncərələrin açılması nəticəsində iddiaçı və onun ailə üzvlərinin uzun müddətdir ki, daimi olaraq istifadə etdikləri torpaq sahəsi (həyəti) nəzarət altına alınmış (qarşı tərəfin həmin pəncərələrdən baxması ilə) və bununla da onların öz torpaq sahələrindən sərbəst, maneəsiz istifadə etmək hüquqları məhdudlaşdırılaraq pozulmuşdur. 2018-ci ilin avqust ayında iddiaçı tərəfindən mülki məhkəmə icraatı qaydasında “fərdi yaşayış evinin zəbt edilmiş torpaqda tikilmiş hissəsinin sökülməsi və s. tələbə dair” iddia qaldırıldığından Zamiq Süleymanov ortaq divar üzərində və İddiaçı torpaq sahəsində inşa edilmiş qanunsuz tikiliyə hüquqi don geyindirmək məqsədilə tələsik fərdi yaşayış evinə 19 dekabr 2018-ci il tarixdə qeydiyyatdan keçmiş RX seriyalı, ******* saylı çıxarış və texniki pasportu əldə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20 avqust 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, 27 saylı BNK-nın 07 dekabr 2018-ci il tarixli, 4Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 0.02 ha olan 40F saylı torpaq sahəsi X4 adına qeydiyyatdan keçmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə əsasən sözügedən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi **********51-10301 reyetsr nömrəsi ilə vahid əmlak şəklində Z.A.Süleymanovun adma qeydə alınmışdır və hazırda mülkiyyətdədir. Zamiq Süleymanovun fərdi yaşayış evi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın reyestrində aparılmış **********51- 10301 reyetsr nömrəli qeydiyyat müvafiq hissədə əsassız və qanunsuzdur. Ona görə ki, Zamiq və X7 Əliyevə məxsus torpaq sahəsində, habelə həmin torpaq sahələrinin sərhəddində yerləşən ortaq divar üzərində İddiaçı razılığı olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikmiş olduğu evinin divarları, beton dirəkləri 10.5 kv.m ölçüdə olmaqla özbaşına tikilidir. Həmin özbaşına tikiliyə Zamiq Süleymanov 10.5 kv.m ölçüdə olmaqla hüquqi əsas olmadan 19 dekabr 2018-ci il tarixdə qeydiyyatdan keçmiş RX seriyalı, ******* saylı çıxarış və texniki pasport əldə etmişdir. Sözügedən çıxarış və texniki pasportla İddiaçı əmlak (mülkiyyət - sahiblik və istifadə) hüquqları, həmçinin onun öz torpaq sahəsindən sərbəst, maneəsiz istifadə etmək hüquqları məhdudlaşdırılaraq pozulmuşdur. Belə ki, çıxarış və texniki pasportda sahəsi 348,5 kv.m göstərilən evin bir hissəsi, yəni evin arxa tərəfdən divarları və həmin divarları saxlayan beton dirəklər 10.5 kv.m ölçüdə qanunsuz olaraq ortaq divar üzərində və İddiaçı torpaq sahəsində tikili olaraq müəyyən edilmiş, həmçinin evin texniki pasportunda İddiaçı torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 ədəd pəncərə yeri müəyyən edilmişdir. Sözügedən çıxarış və texniki pasportun müvafiq hissədə qanunsuzluğuna dəlalət edən digər fakt ondan ibarətdir ki, evin Məstəli Əiyevin torpaq sahəsinə baxan divarında 3 ədəd nəfəslik və 3 ədəd pəncərə olduğu halda, sonradan verilmiş texniki pasportda isə evin İddiaçı torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 ədəd pəncərə yeri müəyyən edilmişdir. İddiaçı bildirir ki, üçüncü şəxsin atası Adil Süleymanov sonradan tərtib edilmiş evin texniki pasportundakı 11 ədəd pəncərə yerlərinə istinad edərək dəfələrlə demişdir ki, onun həyətinə baxan hissədə texniki pasporta uyğun olaraq əlavə pəncərələr açacaqdır. Həmçinin iddiaçı bildirir ki, üçüncü şəxs sonradan evin mübahisəli hissəsində əlavə olaraq eyvan da tikmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının pozulmuş hüquqlarının bərpası üçün cavabdehə ərizə ilə müraciət edilmiş və İddiaçı torpaq sahəsində zəbt edilmiş hissədə inşa edilmiş fərdi yaşayış evinə dair çıxarış və texniki pasportun, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin, Binəqədi Bələdiyyəsinin qərarı ilə müəyyən edilmiş cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissədə, yəni ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv edilməsi, həmçinin evin texniki pasportunda İddiaçı torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 ədəd pəncərə yerinin ləğv edilməsi barədə qərar qəbul etməsi xahiş olunmuşdur. Nəticədə cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə iddiaçının tələbi təmin edilməmişdir. Cavabdeh ərizəsinə formal yanaşmış, ərizəyə əlavə edilmiş sübutları nəzərə almamış, müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış və ya araşdırma aparmaqdan imtina etmiş və şablon xarakterli cavab yazmışdır. Cavabdeh tərəfindən eyni xarakterli qanunsuz əməllər, bir hissəsi idiaçının torpaq sahəsində tikilmiş mübahisəli fərdi yaşayış evinə daşınmaz əmlakın dövət reyestrindən çıxarış və texniki pasport verilərkən də edilmişdir. Belə ki, cavabdeh həmin vaxt fərdi yaşayış evinin idiaçının torpaq sahəsində tikilmiş hissəsinə baxış keçirməmiş və hər hansı ölçmə işləri aparmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı məhkəmə cavabdehdən çıxarış və texniki pasport verilməzdən öncə mübahisə predmetinin müayinə edilib-edilməməsini soruşdu və müayinə aktının gətirilməsini tələb etdi. Cavabdehin nümayəndəsi isə müayinənin keçirilməsindən iki il vaxt ötdüyünü bəhanə edərək və hazırda müayinə aktının mövcud olmadığını bildirdi. Lakin qeyd olunduğu kimi, əslində cavabdeh çıxarış və texniki pasport verilməzdən öncə mübahisə predmetinə hər hansı baxış keçirməmiş və müayinə aktı tərtib etməmişdir. Məhkəmə bu fakta qiymət verməmişdir. Nəticədə cavabdeh qanunvericiliyin tələblərini pozmuşdur. Göründüyü kimi, torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqların aradan qaldırılmaqla rəsmiləşdirilməsi və yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin qanunvericilikdən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış və qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Növbəti məhkəmə iclasında isə cavabdeh, məhkəmənin sorğusu ilə İddiaçı məxsus “torpaq sahəsinin yaşayış binalarının həyətində, ümumi istifadə üçün nəzərdə tutulan, daxilində yaşıllıq ağacları olan dövlət mülkiyyəti torpağıdır”məlumatı yazılmış məktub təqdim etmişdir. Mübahisə ilə bağlı vaxtı ilə mülki məhkəmə icraatında da X12 və X14, İddiaçı qarşı qarşılıqlı iddia irəli sürərkən İddiaçı məxsus torpağın “ümumi istifadədə olan torpaq sahəsi və ya məhəllədaxili yol” olmasını iddia edirdilər. Məhz bu baxımdan X12 ilə cavabdehin oxşar maraqlarla eyni əsassız mövqedən çıxış etmələri bəllidir. Cavabdehin sözügedən məktubu ilə bağlı məhkəməyə yazılı izahat təqdim olunaraq bildirilmişdir ki, əvvəla, qeyd edilən məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmış, hüquqi qiymət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X4 İddiaçı qarşı ümumi istifadədə olan yolun açılması və sair tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə qeyd edilmişdir ki, məhkəmə Kollegiyası cavabdeh X4 İddiaçı qarşı qarşılıqlı iddia tələbinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qərb tərəfdən bitişik ümumi istifadədə olan məhəllə daxili yolun hər iki istiqamətdən açılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, cavabadeh tərəfindən qeyd edilən yolun mövcudluğu iş materialları ilə təsdiq olunmamışdır. İşdə olan mütəxəssis rəyinə əsasən həmin ərazinin planında ümumi istifadədə olan yol olub-olmaması barədə elektron bazada məlumat mövcud deyil. Cavabdeh tərəfindən iddia edilən yol olduğu təqdirdə belə, həmin sahə bələdiyyə qərarlarına əsasən iddiaçının qanuni sahibliyinə verilmişdir və həmin qərarlar hal-hazırda da qüvvədədir. İkincisi, cavabdeh iddianın təmin edilməməsində maraqlı olduğundan sözügedən məktubda irəli sürdüyü dəlil əsaslı sayıla bilməz və obyektiv deyildir. Qeyd olunanlara baxmayaraq, üçüncü şəxs, cavabdehin sözügedən məktubundakı əsassız məlumatdan bəhrələnərək Bakı İnzibati Məhkəməsinə dövlət mülkiyyətində olan 200 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 266 saylı qərarının etibarsızlığının tanınmasına dair iddia ərizəsi verildiyini bildirmiş və həmin iş üzrə icraat başa çatana kimi hazırkı iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə icraatı dayandırmışdır. Eyni zamanda üçüncü şəxs cavabdehin məktubundakı əsassız məlumata istinad edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması qaydasında ərizə vermişdir. Lakin Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən X4 ərizəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10405/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh Bakı şəhəri Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxs İddiaçı) “bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. X4 “bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair iddiasının “uğurlu” olacağı təqdirdə, şübhəsiz ki, İddiaçı malik olduğu torpaq sahəsinə hüquqlarını itirəcəkdi və subyektiv hüququ olmadığından hazırkı iş üzrə də iddiası mümkün olmayan hesab ediləcəkdi. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş tərəflərin iştirakı ilə yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iş üzrə tərəflər qonşudurlar, iki torpaq sahələrini ortaq divar ayırır. X4 mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsi həmin divar üzərində inşa edilmiş, lakin ikinci mərtəbənin bir hissəsi İddiaçı məxsus torpaq sahəsinə çıxıntı olaraq inşa edilmiş, həmin hissəni üç ədəd betondan inşa edilmiş dayaqlar saxlayır və onlar da İddiaçı məxsus torpaq sahəsində yerləşir. Həmin fakt, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarında da təsbit edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6324/2021 saylı, xx.xx.2021ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sözügedən fərdi yaşayış evinin mübahisəli hissəsinin qonşu torpaq sahələrini ayıran ortaq divar üzərində və İddiaçı məxsus torpaq sahəsində tikilməsi müəyyən edilmişdir. Habelə, hazırkı işin məhkəmə icraatı dövründə, məhkəmə mübahisə predmetinə yerində baxış zamanı müəyyən etmişdir ki, X8 məxsus, ünvan 2 ünvanda yerləşən, çıxarış və texniki pasportda sahəsi 348,5 kv.m göstərilən evin arxa tərəfdən divarları və həmin divarları saxlayan beton dirəklər mövcud olmaqla qonşu torpaq sahəsinə düşür. X4 evinin İddiaçı məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə düşən hissəsində faktiki olaraq 1 pəncərə, 4 nəfəslik vardır. İddiaçı və üçüncü şəxs qonşudurlar, iki torpaq sahələrini ortaq divar ayırır. X4 mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsi həmin divar üzərində inşa edilmiş, lakin ikinci mərtəbənin bir hissəsi İddiaçı məxsus torpaq sahəsinə çıxıntı olaraq inşa edilmiş, həmin hissəni üç ədəd betondan inşa edilmiş dayaqlar saxlayır. Göründüyü kimi, məhkəmə işdə olan sübutlar və faktlar, habelə mübahisə predmetinə yerində baxış zamanı “istənilən halda X4 mülkiyyətində olan fərdi yaşayış evinin bir hissədə (10,5 kv.m-dən çox olmayan hissədə) iddiaçıya ayrılmış torpaq sahəsinə düşməsi”ni müəyyən etmişdir. Lakin digər tərəfdən məhkəmə qeyd edir ki, X4 maraqlı şəxs kimi etimadı qanunla qorunduğundan və etimadın qorunması hüququnu istisna edən hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən maraqlı şəxsin xeyrinə olan inzibati aktın ləğv olunmasına yol verilmir. İddiaçının mülkiyyət hüququnu, şəhərsalma, tikinti norma və qaydalarını pozmaqla inşa edilmiş tikili və həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunsuzdur. Göründüyü kimi X12 özünə mənsub olmayan sahədə, yəni iddiaçının torpaq sahəsində ucaldılmış tikiliyə qanunsuz olaraq mülkiyyət hüququ əldə etmişdir. Bu qanunsuzluq cavabdehin iştirakı ilə törədilmişdir. Sözügedən qanunsuz tikiliyə dair reyestrin məzmununun qeyri-dəqiqliyi ekspert rəyi, mübahisə predmetinə həm mülki, həm də inzibati icraat vaxtı yerində baxış keçirilməsi və iş materillarındakı digər faktlarla sübuta yetirilmişdir. Bu baxımdan üçüncü şəxsin etimadı qanunla qoruna bilməz. Yəni reyestrin məzmununun qeyri-dəqiqliyi üçüncü şəxsin etimadının qanunla qorunmasını istisna edir. Məhkəmə bu fakta obyektiv hüquqi qiymət verməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6324/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsindən və xx.xx.2021-ci il tarixli əlavə Qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilk iddianın rədd edilməsi hissədə və xx.xx.2021-cı il tarixli əlavə Qətnaməsi ləgv edilmiş, İddiaçı cavabdehlər X10 və X8 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 cəlb edilməklə) iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin həmin cizgidə (situasiya planında) göstərilən əraziyə düşmüş hissəsinin cavabdehlərin hesabına sökülməsi və həmin ərazinin cavabdehlər tərəfindən zəbt edilmiş hissədə boşaldılması və sair tələbinə dair iddiası təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsindən cavabdehlər X14 və X12 tərəfindən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2021 saylı xx.xx.2021ci il tarixli Qətnaməsi qalan hissədə - X9 və X6 qarşılıqlı iddialarının rədd olunduğu hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5517/2021 saylı qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6324/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., X21 küçəsi, 40 F saylı fərdi yaşayış evinə (daşınmaz əmlakın sahəsi 348,5 ha, torpağın sahəsi 0,02 ha) X4 xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********). İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 2A saylı evin yanında yerləşən 200 kv.m torpaq sahəsi ilə bağlı müvafiq məlumatların və sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsinə dair sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, təqdim olunan kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsi yaşayış binalarının həyətində, ümumi istifadə üçün nəzərdə tutulan, daxilində yaşıllıq ağacları olan dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə olaraq torpaq sahəsinin 3 tərəfindən qaz xətti keçir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 250 saylı qərarına əsasən Binəqədi rayonu, 8 mkr., S.S.Axundov küçəsi, 2a saylı binanın yanında İddiaçı icarə əsasında istifadə etdiyi 200 kv.m bələdiyyə məxsus torpaq sahəsindən 180 kv.m. olan hissəsi fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 517 saylı qərarına əsasən X4 müraciəti nəzərə alınaraq, 8-ci mkr., S.S.Axundov küçəsi, 40 saylı yaşayış binasının arxasında fərdi yaşayış evinin tikintisi üçün 200 kv.m torpaq sahəsi əlavə edilmiş cizgi əsasında onun mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2022 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin mühəndisi tərəfindən ölçülmüş torpaq sahəsinə əsasən müəyyən edildi ki, iddiaçı X4 xüsusi mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikilinin arxa tərəfindən uzunluğu 80 sm olan betonlar İddiaçı istifadəsində olan torpaq sahəsinə çıxmışdır və həmin beton hissəsinin 5.5 kv.m-i iddiaçı X4 xüsusi mülkiyyətində olan torpaq sahəsinin daxilində olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən X4 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə qərb tərəfdən bitişik gediş-gəliş yolu kimi iddia etdiyi hissə həmin ərazinin planında ümumi istifadədə olan yol olubolmaması barədə elektron bazada məlumat mövcud deyil. Bunun üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Bələdiyyəyə müraciət etmək məqsədəuyğundur. Mütəxəssis rəyinə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsində köməkçi tikililər tikilmişdir və sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən X4 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin kanalizasiya xətti tərəflər tərəfindən göstərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 250 saylı qərarına əsasən Binəqədi rayonu, 8 mkr., S.S.Axundov küçəsi, 2a saylı binanın yanında İddiaçı icarə əsasında istifadə etdiyi 200 kv.m bələdiyyə məxsus torpaq sahəsindən 180 kv.m. olan hissəsi fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyyətinə ayrılmış, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 517 saylı qərarına əsasən isə 8-ci mkr., S.S.Axundov küçəsi, 40 saylı yaşayış binasının arxasında fərdi yaşayış evinin tikintisi üçün 200 kv.m torpaq sahəsi əlavə edilmiş cizgi əsasında X4 mülkiyyətinə ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., X21 küçəsi, 40 F saylı ünvanda 0,02 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 348,5 kv.m fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ X4 adına xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə dair texniki pasport verilmişdir. Hər iki torpaq sahəsini ortaq divar ayırır. Üçüncü şəxs X4 mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsi həmin divar üzərində inşa edilmiş, lakin ikinci mərtəbənin bir hissəsi İddiaçı məxsus torpaq sahəsinə çıxıntı olaraq inşa edilmiş, iddiaçı həmin çıxıntı hissəsinin 10,5 kv.m. olduğunu bildirir, iş üzrə keçirilmiş ekspertiza rəylərinə əsasən həmin çıxıntının 5,5 kv.m olduğu müəyyən edilmişdir. İstənilən halda X4 mülkiyyətində olan fərdi yaşayış evi bir hissədə (10,5 kv.m-dən çox olmayan hissədə) iddiaçıya ayrılmış torpaq sahəsinə düşür. İddiaçı bildirir ki, həmin tikilinin inşasına vaxtilə razılıq vermiş, lakin şərti ondan ibarət olmuşdur ki, ona məxsus həyətə pəncərə açılmamalıdır. X12 həmin sövdələşməni pozduğu və həyətinə baxan pəncərə inşa edildiyi üçün iddiaçı müvafiq qeydiyyat və texniki pasportun ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X4 maraqlı şəxs kimi etimadı qanunla qorunduğundan və etimadın qorunması hüququnu istisna edən hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən maraqlı şəxsin xeyrinə olan inzibati aktın ləğv olunmasına yol verilmir. İddiaçının hazırkı iddianı qaldırmaqda yekun məqsədi evin onun sahəsinə düşən hissədə sökülməsidir. Odur ki, torpaq sahəsinin əvvəlki vəziyyətini bərpa etmək digər şəxsə mütənasibsiz olaraq daha çox zərər vurulması hesabına təmin edilə bilər. Bu isə iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpası üçün praktik və effektiv hüquq müdafiə vasitəsi və ədalət mühakiməsinin həyata keçirilməsinin məqsədlərinə uyğun hesab edilə bilməz. Konkret halda iddiaçı pozulmuş hesab etdiyi hüquqlarını zərər vurmuş şəxsə qarşı əsaslandırılmış şəkildə kompensasiya tələbi irəli sürməklə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-598/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-307/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-307/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver