Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3070/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6847/2023 qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin vəzifəli şəxsləri tərəfindən yol verilən qanun pozuntusunun aradan qaldırılması, iddiaçıların ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1, həyat yoldaşı X2, oğlu X7 və qızı X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(001)-4725/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindini inzibati binasına qeydiyyata götürülmüşlər. Lakin iddiaçı və ailə üzvləri faktiki yaşadıqları evə, yəni ünvan 2 ünvanına qeydiyyata alınmaları ilə bağlı 2019-cu ildə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişlər. xx.xx.2019-cu il tarixli, 059- 24663M3219 saylı cavab məktubu ilə bildirilmişdir ki, ərizədə göstərdiyi ünvana qeydiyyata alınmaları üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidirlər. Qanunda qeyd olunan sənədlərdən hər-hansı təqdim edilmədikdə iddiaçının və ailə üzvlərinin ünvana tərəflərindən qeydiyyata alınması qanunamüvafiq deyildir. Məlumat üçün bildirir ki, evinin çıxarışı (kupçası) yoxdur. Kupçanın alınması ilə bağlı müraciətinə də mənfi cavab almış və bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Halhazırda onu ailə üzvlərilə birlikdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qanunsuz olaraq öz qeydiyyatda olduqları ünvan 3 ünvanından qeydiyyatdan çıxarmışlar. Onlar bu ünvana - Binəqədi rayon Polis İdarəsinin inzibati binasına, Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(001 )- 4725/2019 saylı qətnaməsinə əsasən qeydiyyata götürülmüşlər. Qeydiyyata düşməklə bağlı iddiaçı yenidən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, lakin, ona bildirmişlər ki, polisin inzibati binasına qeydiyyata alınması ilə bağlı müsbət rəy verilməsi qanuna müvafiq deyildir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və oduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən, onun ünvan 2 ünvanında tikilmiş fərdi yaşayış evinin sənədləşdirilməsi yekunlaşdıqdan sonra yaşadığı ünvana qeydiyyata alınması məsələsinə tərəflərindən baxılacaqdır. Qeyd edir ki, faktiki yaşadıqları ünvana qeydiyyata götürülməylərilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onların əleyhinə 2-1(81)- 4309/2019 saylı qərar çıxarmışdır. Özü 2-ci tip şəkərli diabet xəstəsidir, həyat yoldaşı, 2-ci qrup əlildir, qızı ağır cərrahiyyə əməliyyatı keçirib. Qeydiyyatdan çıxarıldıqları bu müddət ərzində nə tibbi sığortadan, nə də ki, digər dövlət orqanları (banklara, Asan Xidmətə və s.) ilə bağlı hüquqlarından istifadə edə bilmirlər. İndi artıq bütün bunlardan məhrum olmuşlar. Bu da yol verilməzdir və ciddi qanun pozuntusudur. Azərbaycan vətəndaşının hüquqlarının məhdudlaşdırılmasıdır. Məhkəmənin qərardadı ilə iddia tələbi İddiaçı2, İddiaçı3 və İddiaçı4 münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6847/2023 qərarı ilə İddiaçı1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə olunması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6847 /2023 qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2- M41xx/xx/2023 imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, onun və ailə üzvlərinin yaşayış yeri olmayan şəxs kimi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S. Axundov küçəsi, 1 (Bakı şəhəri Binəqədi RPİ-nin inzibatı binası) ünvanına qeydiyyata alınması barədə müsbət rəyin verilməsi qanuna müvafiq deyildir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun ünvan 9 ünvanında tikilmiş fərdi yaşayış evinin sənədləşdirilməsi yekunlaşdıqdan sonra yaşadığı ünvana qeydiyyata alınması məsələsinə tərəflərindən baxılacaq. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4725/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, 3184/87-ci məhəllə, 318 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4309/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı onların faktiki yaşadıqları ünvana – ünvan 12nına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi təmin edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********09 nömrəli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı1 adına Saatlı şəhəri, Heydər Əliyev prospekti, döngə 17, 9 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov 3184/87 məhəllə, 318 saylı mənzil xx.xx.2015-ci il tarixdə küçəsi, İddiaçı1 adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-564 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X2, İddiaçı3 və X3 adlarına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçı qeydiyyatdan çıxarıldığından sonra yaşadığı və halhazırda faktiki yaşadığı ünvan 12nında yaşadığı üçün və Binəqədi rayonunun inzibati ərazisi daxilində yerləşdiyindən, Bakı şəhərində mülkiyyətində başqa heç bir əmlak olmadığından onun cavabdeh inzibati orqanın ünvanı üzrə qeydiyyata alınmasından imtina edilməsi iddiaçının qanunvericiliklə qorunan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”-nin müdəalarının şərh olunması barədə” 31 yanvar 2003-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”-ndə vətəndaş haqqında məlumatların sırasında “yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55s №-li, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”-nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, iddiaçı faktiki olaraq ünvan 12nında yaşadığından onun Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsaslara görə ona imtina edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddiaçının adına heç bir əmlakı olmadığından və o, faktiki olaraq ünvan 12nında yaşadığından və hazırkı tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6847 /2023 qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6847/2023 qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3070/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3070/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver