Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3070/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3639/2024 nömrəli, 01 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı 1989- 1992-ci illərdə 1-ci Qarabağ müharibəsində Füzuli rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin 14 fevral tarixində aldığı güllə yarasından yaralanmışdır. O, xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixədək 814 (072) saylı Hərbi hissədə həqiqi hərbi xidmət etmişdir və yaralanmışdır. İddiaçı xx.xx.1991-ci ildə səfərbərliklə əlaqədar Füzuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 814 (072) saylı Hərbi hissə komandirinin əmri ilə xidmətə başlamışdır. Həmin hərbi hissənin tərkibində döyüş təlimləri keçdikdən sonra atıcı təyin edilmişdir, erməni hərbi birləşmələrinin hücumlarının qarşısının alınması ilə əlaqədar aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.1992-ci ildə düşmənin açdığı atəş nəticəsində ayağından dəlib keçən güllə yarası alaraq yaralanmış, hərbi hospitala yerləşdirilmiş, stasionar müalicə almış və yaralandığına görə evə buraxılmışdır. Hərbi bileti və digər sənədləri qulluq etdiyi 814 (072) saylı Hərbi hissədə qalmış, sonradan Füzuli Hərbi Komissarlığına sənədləri göndərilməmiş, itmişdir. İddiaçı 814 (072) saylı Hərbi hissəyə təhvil verdiyi hərbi biletini və başqa sənədlərini tapa bilməmişdir. Qeyd olunan hərbi hissə ləğv olunduğundan onun hərbi xidməti və tərxis olunmağı barədə məlumatları əldə edə bilməmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsi almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmiş, ona izah olunmuşdur ki, hərbi hissə dağıdıldığından onun xidməti və yaralandıqdan sonra hərbi xidmətə yararsız olduğu üçün tərxis olunması barədə məlumat əldə etmək mümkün deyildir. 2019-cu ildə İddiaçı Füzuli Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə verərək, Füzuli rayonu uğrunda aparılan döyüş əməliyyatlarında xidməti vəzifəsini yerinə yetirərkən yaralanmağı barədə hüquqi faktın müəyyən edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(064)-285/2019 nömrəli qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək 814 (702) saylı Hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmaqla həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və xx.xx.1992-ci ildə Füzuli rayonu uğrunda aparılan döyüş əməliyyatlarında xidməti vəzifəsini yerinə yetirərkən yaralanma faktının müəyyən edilməsi qət edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(064)-285/2019 nömrəli qətnaməsindən şikayət verilmədiyinə görə qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, döyüş əməliyyatları aparılan zaman dekabr 1991-fevral 1992-ci il tarixlərdə N və N nömrəli hərbi hissələrdə iddiaçının hərbi xidməti, yaralanmağı və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığından, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3639/2024 nömrəli, 01 may 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 293 №-li qərarında qeyd olunur ki, “Füzuli RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış Füzuli Hərbi Prokurorluğunun 17/257 nömrəli məktubunda barəsində cinayət işi və ya təqsirləndirici material olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Füzuli rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: "Sol baldırın dəlib keçən güllə yarası" (Azərbaycan Respublikası SHXÇDX- nin Füzuli rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 13 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 323 nömrəli arayışı, Füzuli rayon Mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisin rəyi ilə təsdiq edilir), "Hərbi travmadır". Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır". Az.Resp.Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 293 №-li Qərarının qəbul olunmasına əsas Az.Resp.MN MHHK-nın 262 №-li xx.xx.2019-cu il tarixli protokoludur”. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 323 №-li arayışında qeyd olunur ki, “verilir 1952-ci il təvəllüdlü, leytenant İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci ilədək 814 (702) nömrəli Hərbi hissədə həqiqi hərbi xidmət etmiş, xx.xx.1992-ci il tarixdə Füzuli rayonu uğrunda aparılan döyüş əməliyyatlarında xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır”. İddiaçı "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə və sənədləri göndərmişdir. Cavabdeh Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 413-12958 №-li məktubuna əsasən İddiaçı "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İmtina məktubunda cavabdeh Müdafiə Nazirliyi qeyd etmişdir ki, dekabr 1991-fevral 1992-ci il tarixlərdə N və N nömrəli hərbi hissələrdə İddiaçı hərbi xidməti, yaralanması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığı imtinanın əsası kimi göstərilmişdir. İddiaçı müharibə veteranı adının verilməsi üçün hüquqi və faktiki əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(064)-285/2019 nömrəli qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək 814 (702) saylı Hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmaqla həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və xx.xx.1992-ci ildə Füzuli rayonu uğrunda aparılan döyüş əməliyyatlarında xidməti vəzifəsini yerinə yetirərkən yaralanma faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmədiyinə görə qətnamə qanuni qüvvəyə minmişdir. Füzuli rayon Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli, 17/257 saylı məktubuna əsasən İddiaçı barəsində Füzuli rayon Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi olmamışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə verərək İddiaçı xəstə olduğundan sonuncu məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyini, növbəti məhkəmə iclasına sübutlar təqdim ediləcəyini, nümayəndəsi və vəkili olaraq Şirvan Apellyasiya Məhkəməsində prosesdə olduğundan 2-1(103)-3070/2024 saylı inzibati işin məhkəmə iclasına gəlib çata bilməyəcəyini bildirmiş və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin iddiaçının xəstəliyi, həmçinin onun vəkilinin başqa məhkəmədə prosesdə olması ilə bağlı sübutlar ərizəyə əlavə olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabında və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 814(702) №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı cinayət məsuliyyətinə cəlb olunması barədə məlumat yoxdur. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(064)-285/2019 nömrəli qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək 814 (702) saylı Hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olmaqla, həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və xx.xx.1992-ci ildə Füzuli rayonu uğrunda aparılan döyüş əməliyyatlarında xidməti vəzifəsini yerinə yetirərkən yaralanma faktının müəyyən edilməsi qət edilmişdir. -Məhkəmə kollegiyasının müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 31 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Füzuli rayon, Hoğa kəndində qeydiyyatda olan xx.xx.1952-ci il təvəllüdlü istefada olan baş leytenant İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon qeydiyyat şöbəsində qeydiyyat kartası mövcud deyildir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericilik normalarından göründüyü kimi aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq təsdiqedici sənədlər əsasında hərbi qulluqçulara “müharibə veteranı” adının verilməsini onların döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi ilə şərtləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə müvafiq arxiv materiallarında İddiaçı 1991 – 1992-ci illərdə döyüş əməliyyatları aparılan zonada xidmət keçməsinə dair xüsusatlar, o cümlədən xidmətini, xidmətdən qanuni əsaslarla tərxis olunmasını və yaralanmasını təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdehin ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinası qanunazidd sayıla və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmamasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3639/2024 nömrəli, 01 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3639/2024 nömrəli, 01 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-3070/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3070/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver