Məhkəmə qərarları › İş №2-1(103)-3070/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3070/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3070/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı, X4 üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X4 (anası) mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 31 saylı mənzildə 1996-cı il tarixdən həyat yoldaşı ilə birlikdə yaşayır. Lakin o, ailəsilə yaşadığı Bakı şəhəri İ.Abişov küçəsi 16 saylı evdə yerləşən 10 saylı mənzilə saxta olan, guya onunla Bakı şəhəri İcra Hakimiyyət Mənzil-Kommünal Təsərrüfatı Departamenti arasında bağlanılmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinə əsasən qeydiyyata düşmüşdür. DİN-Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1956–cı il təvəllüdlü X4 xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək ünvan 3 ünvanında, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhəri Suraxanı rayonu Y/Günəşli qəsəbəsi “Q” Y/S ev 22 mənzil 31-də, xx.xx.2019-cu il tarixdən hazırkı vaxtadək Bakı şəhəri Nərimanov rayonu İslam Abişov küçəsi ev 126 mənzil 10-da qeydiyyatdadır. Göstərilən idarənin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X2 ünvan 5 ünvanına qeydiyyata alınmasına əsas qanunsuz kirayə müqaviləsi olmuşdur. O belə bir müqavilə bağlamadığı üçün müqavilənin araşdırılması ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş, ərizə üzrə araşdırma aparılmış, bununla bağlı xətşünaslıq ekspertizası təyin olunmuş və 18 mart 2022-ci il tarixli 4/221 nömrəli ekspert rəyində müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli kirayə müqaviləsində “kirayəçi” qrafasında əks olunmuş imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, müəyyən olunmuşdur ki, yuxarıda göstərilən qanunsuz kirayə müqaviləsi əsasında X2 iddiaçının yaşadığı mənzilə qeydiyyata alınmasına əsas olmuşdur. Nəticədə onun və ailəsinin hüquqları pozulmuşdur. Bundan sonra Nərimanov rayon Məhkəməsinə müraciət edərək E.Adıgözəlovanın mənzildə istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı iddia qaldırmışdır. E.Adıgözəlova isə qeydiyyatda olduğu mənzilə köçürülmə ilə bağlı iddia qaldırmışdır. Hər iki tələb birləşdirilərək bir icraatda baxılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-63/2023 saylı 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı iddiası rədd edilmiş, İddiaçı iddiası qismən təmin edilərək X2 Bakı şəhəri Nərimaniv rayonu İ.Abışov küçəsi 16 nömrəli evin 10 saylı mənzilindən istifadə hüquqularının itirilmiş hesab edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5522/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin xx.xx.2023-cü il tarizli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, hər iki iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-576/2024 saylı qərarı ilə cavabdeh (iddiaçı) İddiaçı kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5522/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi İddiaçı E.Adıgözəlovaya qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» barədə tələbinin təmin edilməməsi hissəsində ləğv edilmişdir. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır. Mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbinin təmin edilən hissəsində ləğv edilmişdir. Həmin tələb təmin edilməmişdir. Yuxarıda göstərilən Bakı Apellyasiya Məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir ki, X2 ünvan 6 ünvanında yerləşən 19 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququ yoxdur.Məhkəmə müəyyən edərək hesab etmişdir ki, «X4 yaşayış evini 1996-cı ildə daimi əsaslarla tərk etmiş və bununla da həmni vaxt qüvvədə olan mənzil qanunvericiliyinin tələbləri baxımından mübahisəli evə olan istifadə hüquqlarını itirmişdir. Hazırkı vəziyyətdə ilkin iddia üzrə iddiaçı X2 həmin evə pasport qeydiyyatında olması hüquqi nəticə etibarı ilə formal xarakter daşıyır. Məhkəmə Kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi, E.Adıgözəlovanın xx.xx.2009-cu ilədək mənzili tərk etməsi halında o, mənzilə istifadə hüququnu itirmişdisə, ikinci halda, yəni onun xx.xx.2009-cu ildən sonra mənzilə qeydiyytata düşməsi, ümumiyyətlə, istifadə hüququnun yaranmasına əsas deyildir. ...məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlükdə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olması nəzərə alınmaqla hazırda İddiaçı iddiasının mahiyyətini E.Adıgözəlovanın mübahisəli mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı olması aydın göründüyündən iddiaçıya izah edilir ki, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı, müvafiq sənədlərlə müvafiq orqana, hazırkı vəziyyətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (müvafiq polis idarəsinə) müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibari qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər.» Yuxarıda göstərilən məhkəmənin müəyyən etdiyi hallar və göstərişlər əsasında ilk növbədə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı müraciət etmiş və yuxarıda göstərilən məhkəmə qətnaməsini də təqdim etmişdir. Buna rəğmən cavabdeh imtina məktubu verərək, qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiq hesab etmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Həmçinin qeyd edir ki, cavabdehin imtina məktubu 22 noyabr 2024-cü il tarixli olsa da, həmin məktub ona müraciəti əsasında Polis İdarəsində 16 dekabr 2024-cü il tarixdə təqdim edilmişdir və bu barədə orada imza atmışdır.

3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

5. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, həyat yoldaşı və övladları ilə İslam Abışov küçəsi ev 16 mənzil 10 ünvanında qeydiyyatda olmaqla yaşayır, mənzili yenidən təmir edərək bərpa etmişdir. Mənzildə istifadə hüquqları vardır. Yaşadığı mənzillə bağlı dövlətin işıq, qaz və su idarələri qarşısında öhdəlikləri yerinə yetirir. Bu məsələlərdə onun subyektiv huququ olduğu halda yaşadığı mənzilə saxta müqavilə əsasında qeydiyyata düşən Adıgözəlova Elmiranı qeydiyyatdan çıxarılması ilə bağlı məhkəmənin onun iddia qaldırmağa subyektiv hüququnun olmaması qənaətinə gəlməsi əsassızdır və yuxarı instansiya məhkəməsinin mövqeyinə ziddir. Çünki, tərəflər arasında mübahisəli mənzillə bağlı yuxarıda qeyd etdiyi mülki iş olmuşdur. X1 Vəsilə Nəriman qızına qarşı mənzilə köçürülmə və cavabdehin mənzildən çıxarılması tələbi ilə bağlı mülki iş İddiaçı X3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə mülki iş bir icraatda birləşdirilmişdir. Birləşdirilmiş mülki iş üzrə Azərbaycan Respublikası Ali məhkəməsi Mülki Kollegiyasının 2(102)-576/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında müəyyən edilmişdir: (68 bənd) «Bundan başqa, apelyasiya instansiyası məhkəməsinin İddiaçı müvafiq subyektiv hüquqa malik olmaması barədə gəldiyi nəticə də yuxarıda qeyd edildiyi kimi mənzilin statusunun müəyyən edilməməsi baxımından əsaslı sayıla bilməz. Buna görə də mənzilin statusu, bundan irəli gələrək İddiaçı həmin mənzilə hüququ, bu hüququn yaranma vaxtı və iddiaçı E.Adıgözəlova ilə müqayisədə onun bu hüququnun həcmi, mənzildə kimin yaşaması, tərəflər arasında hüquq münasibətlərinin yaranma vaxtı və s. bu kimi zəruri hallar müəyyən edilmədən onun müvafiq subyektiv hüququnun olmaması barədə gəlinən nəticə düzgün olmamışdır». Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən yuxarı instansiya məhkəməsinin tərəflərin arasında olan mübahisəli ev üzrə müəyyən edilmiş fakta, İddiaçı subyektiv hüququ ilə bağlı gəldiyi nəticəyə zidd olaraq səhv hüquqi nəticəyə gəlmişdir. Bununla da, göstərilən prosessual normanın tələblərini pozmuşdur. Tərəflərin izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişlər.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

13. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.

14. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin mövcud hallarının yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir.

15. Birinci instansiya məhkəməsi iddianın mümkün hesab edilməməsi ilə bağlı gəldiyi nəticəsini belə əsaslandırmışdır ki, “...hazırkı iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi olmadığından, eləcə də onunla həmin ev barədə kirayə (icarə) müqaviləsi bağlanmadığından, sözügedən ünvanda qeydiyyatda olan başqa şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyil.”

16. Kollegiya məhkəmənin hazırkı iş üzrə yuxarıda qeyd edilən əsaslandırması ilə razılaşmır və aşağıdakıları qeyd edir.

17. Birinci instansiya məhkəməsi tərəfindən yekun nəticəyə gəlinərkən iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi nəzərə alınmamışdır.

18. Belə ki, həmin qətnamədə qeyd olunmuşdur ki, “...E.Adgözəlovanının xx.xx.2009-cu ilədək mənzili tərk etməsi halında o, mənzilə istifadə hüququnu itirmişdisə, ikinci halda, yəni onun xx.xx.2009-cu ildən sonra mənzilə qeydiyyata düşməsi, ümumiyyətlə, istifadə hüququnun yaranmasına əsas deyildir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, E.Adgözəlovanın mübahisəli mənzilə istifadə hüquqları yaranmadığından həmin hüquqlara xitam verilməsi qeyri-mümkündür. Çünki hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı E.Adgözəlovaya qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə tələbini qaldırmağa subyektiv hüquqa malik olsa da, iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.”

19. Həmçinin adıçəkilən qətnamədə İddiaçı izah edilmişdir ki, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı, müvafiq sənədlərlə müvafiq orqana, hazırki vəziyyətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (müvafiq polis idarəsinə) müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər.

20. Göründüyü kimi iddiaçı məhz həmin qətnaməyə əsasən hazırki iddia tələbi ilə müraciət edərək X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını tələb etməkdədir.

21. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “...Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə, mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə dair R.A.Nəcəfovun adına icarə müqaviləsinin bağlanması barədə sərəncamın surəti təqdim edilmişdir. İddiaçının adına olan hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir.”

22. Sözügedən sərəncama nəzər yetirdikdə məlum olur ki, Bakı şəhəri, İslam Abışov küçəsində yerləşən 16 saylı evin yaşayış sahəsi 14,5 kv.m olan 1 otaqlı 10-cu mənzili icarə müqaviləsi əsasında istifadəyə verilmişdir.

23. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, İslam Abışov küçəsi, 16 nömrəli evdə, 10 nömrəli mənzildə yerləşən, 78 saylı MKİS mənzil fonduna aid, ümumi sahəsi 100 k.m, yaşayış sahəsi 90 kv.m-dən ibarət 4 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə 2 il müddətinə kirayəçinin (İddiaçı) sahibliyinə və istifadəsinə verilmişdir.

24. İş materiallarından da göründüyü kimi mübahisəli mənzil bir neçə yaşayış sahəsindən ibarət olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan faktiki halları ilə bağlı hərtərəfli araşdırılma aparılmadan, iddiaçının sözügedən mənzilə dair hüququnun olması, E.Adıgözəlova ilə müqayisədə onun bu hüququnun həcmi və s. bu kimi zəruri hallar müəyyən edilmədən iddiaçının müvafiq subyektiv hüququnun olmaması barədə yekun nəticəyə gəlinmişdir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur.

27. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

28. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

29. Beləliklə, Kollegiya hesab edir ki, iddianı mümkün saymamaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apelyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

33. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6486/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar