Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3071/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “tikinti obyekti barədə məlumatın Tikintilərin Dövlət reyestrindən çıxarılması və s. tələblərinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6663/2021 saylı 23.07.2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı və X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon İcra Hakimiyyətinin 161 saylı, 21.06.2019 tarixli Sərəncamını nəzərə alaraq, "xxxx" MMC-nin adının “tikinti icraatı 01.08.2018-ci ilədək başlanılmış tikinti layihəsi” kimi Tikintilərin Dövlət Reyestrindən çıxarılmasına dair məhkəmə aktının elan edilməsi, "xxxx" MMC-nin AR Nazirlər Kabinetinin 17.12.2019-cu il tarixli, 482 nömrəli Qərarı qüvvəyə mindikdən sonra, 01.08.2018-ci ilədək tikinti icraatı başlanılmış tikinti olaraq, Təbriz-Əlizadə-Vahid küçələrinin kəsişməsində olan tikinti icraatının qeyri-qanuni hesab edilməsi, dayandırılmasını və saxtakarlığa yol vermiş əlaqədar dövlət orqanları, onların vəzifəli şəxsləri, həmçinin "xxxx" MMC rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək üçün prokurorluq orqanlarına məlumat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddianın əsaslarına görə 23.06.2017-ci il tarixli "xxxx" MMC-nin adına olan 267 nömrəli sərəncamın hüquqi qüvvədən düşməsinə və "xxxx" MMC-nin adına olan, yeni, 161 nömrəli sərəncamın 01.08.2018-ci il tarixədək deyil, 21.06.2019-cu il tarixdə Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə "xxxx" MMC, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 482 nömrəli, 17.12.2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən “tikinti icraatı 01.08.2018-ci il tarixədək başlanılmış tikililərə” aid edilmiş və bununla bağlı məlumatlar 02.09.2019-cu il tarixində Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. "xxxx" MMC-nin adının həmin siyahıya daxil edilməsi qanuna ziddir. Çünki, Nazirlər Kabinetinin həmin Qərarı qəbul edilənədək "xxxx" MMC-nin Təbriz küçəsi 34, 36 və 38 ünvanlarında tikinti işləri başlamamış, yalnız bünovrəsi qazılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6663/2021 saylı 23.07.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin əsaslarına görə cari iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Komitə 02.09.2019-cu tarixdə Tikintilərin Dövlət Resestrinə "xxxx" MMC-nin adına verilmiş 21.06.2019-cu il tarixli, 161 Nli sərəncam əldə əsas tutularaq məlumatları daxil etmiş və Nazirlər Kabinetinin 482 nömrəli, 17.12.2019-cu il tarixli Qərarının 4-cü bəndinə uyğun olaraq tikintini 01.08.2018-ci ilədək icraatı başlanılmış tikililərdən hesab etmişdir. "xxxx" MMC-nin adına verilmiş həmin sərəncam 21.06.2019-cu il tarixlidir. Həmin sərəncamın 1-ci bəndində bundan öncə "xxxx" MMC-nin adına verilmiş və sərəncamın (267 N-li) qüvvədən düşdüyü qeyd edilir. 161 saylı sərəncamda sadəcə bu sərəncamın sadəcə adını dəyişmə, ("xxxx"-dən "xxxx"ya) qeyd edilmir. Bundan öncəki "xxxx" MMC-nin adına olan sərəncamın ləğv olunduğunu qeyd edir və "xxxx" MMC-nin adına yeni sərəncam (161 N-li) MMC sərəncamı 21 iyun 2019-cu il tarixində imzalayır. Bununla da sonuncunun Təbriz-Vahid-Əlizadə küçələrinin kəsişməsində başlanan 21.06.2019-cu il tarixli tikinti icraatı 01.08.2018-ci ilədək tikinti icraatı başlanılmış hesab edilə bilməz. MMC-ni məsuliyyətə cəlb edən məhkəmə aktları var (Məsələn 3(005)2402/19 və 3(005-986/20 saylı) Həmin məhkəmə aktlarında A.Mövlanov zərərçəkmiş tərəf kimi tanınmış və MMC-nin direktoru inzibati xəta törətməkdə təqsirli bilinmişdir. “Qaya Qala” MMC-nin tikintiyə dair icazə icraatı da faktiki tikintiyə başlama tarixi də 01.08.18-ci il tarixinədək olmayıb. MMC-nin adına RİH-nin sərəncamı (161 N-li) 21.06.19-cu il tarixdə imzalanıb, MMC-nin konkret Təbriz 34,36,38 ünvanlarında tikinti işləri isə 2019-cu ilin dekabr ayının sonunda başlanmışdır. Odur ki, "xxxx" MMC-nin adı reyestrə 01.08.18-ci il tarixinədək tikinti icraatı başlanılmış tikinti olaraq daxil edilə bilməz və bu qeydiyyat dərhal silinməlidir. Məhkəmə kollegiyasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədikləri təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş iddiaçılar məhkəmə iclasına gəlməmiş, İddiaçı elektron qaydada məhkəməyə ünvanlanmış ərizəsində işə baxılmasını başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə gələməməsinin üzrlü səbəbləri konkret sübutlarla əsaslandırmamış, belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası işə mahiyyəti üzrə baxılmadığı, məsələnin prosessual xarakter daşıdığı nəzərə alınmaqla, iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 Tikintilərin Dövlət reyestrinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən deyil, Komitənin özü tərəfindən aparıldığını, digər tərəfdən tikinti sənədləri təqdim edildiyi təqdirdə, tikinti obyektləri barədə məlumatların reyestrə daxil edilməsi reyestri aparan orqanın vəzifəsi olduğunu bildirərək, "xxxx" MMC-nin tikinti obyektləri barədə məlumatların reyestrə daxil edilməsinin qanunvericiliyə uyğun olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən normasının mənası ondan ibarətdir ki, inzibati icraat qaydasında verilən istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar daxilində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı yönəlməli və iddiaçı formal baxımdan qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını (müvafiq sübutlarını da əlavə edilməklə) əsaslandırmalıdır ki, iddianın məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçıların hazırkı iddia tələblərinin məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 103.2. Tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. 104.1. Tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatını aparmaqdan ibarətdir. 104.2. Tikintilərin Dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 104.3. Tikintilərin Dövlət reyestrinin məlumatları ictimaiyyət üçün açıqdır və müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində dərc edilir. Reyestrin məlumatları informativ və statistik xarakter daşıyır. 104.4. Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.6-cı və 4.2-ci bəndlərinə əsasən - həmin Məcəllənin 104.2-ci maddəsində və 104.3-cü maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirir; - həmin Məcəllənin 104.4-cü maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın: - 1.4-cü bəndinə əsasən reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, Tikintilərin Dövlət reyestri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Lakin konkret halda, iddiaçıların "xxxx" MMC-nin adının “tikinti icraatı kimi 01.08.2018-ci ilədək başlanılmış tikinti layihəsi”nin Tikintilərin Dövlət Reyestrindən çıxarılması barədə iddia tələbləri həmin Komitəyə qarşı deyil, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı yönəlmişdir. Digər tərəfdən, iddia ərizəsində iddiaçılar "xxxx" MMC-nin adına olan “tikinti obyektlərinə dair məlumatların Tikintilərin Dövlət Reyestrindən çıxarılmasını xahiş etsə də, onlar hansı hüquqi maraqlarının olmasını və məqsədlərinin nədə ifadə olunmasını göstərməmiş, bununla bağlı heç bir subyektiv əsaslandırma mövcud deyil. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıların hazırkı iddia tələblərinin İPM-in 35-ci maddəsi ilə əhatə olunan mümkünlük şərtləri yerinə yetirilmir. Belə olan halda, onların iddia ərizəsinin əsaslandırılmış iddia ərizəsi kimi qəbul edilməsi istisna olunur. Birinci instansiya məhkəməsin in qərarından da məhz görünür ki, yuxarıda qeyd olunanlar əsas tutulmaqla, iddia mümkün sayılmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun sayır. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, iddiaçıların apellyasiya şikayətinin, əsas etibarı ilə, iddia tələblərinin mahiyyətinə dəlalət edən dəlilləri həmin qərardadın ləğvinə əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası dolayısı ilə onların Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6663/2021 saylı 23.07.2021-ci il tarixli qərardadı qərardadının əsassız və qanunuz olduğunu mübahisələndirən dəliləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, şikayətləri təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı və X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6663/2021 saylı 23.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-3071/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3071/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver