Məhkəmə qərarları › İş №2-1(103)-3072/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3072/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3072/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, ‘‘X5’’ Şirkətinin direktoru Kutluca İrfan, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə; İddiaçı ‘‘X5’’ Şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “faizlərin silinməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1044/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21532,81 manat məbləğində vergilərin, o cümlədən 03.08.2016-cı il tarixində 2014-cü il MV görə 12753,50 manat, 2014-cü ilin İ rübünə görə 1250 manat, İİ rübünə görə 1250 manat, İİİ rübünə görə 1250 manat, İV rübünə görə 1250 manat, 16.07.2014-cü il tarixdə 2014/04 ayına görə 7540,36 manat ƏDV üzrə vergilərin və ona hesablanmış faizlərin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) İrfan Kutluca tərəfindən təsis edilmiş və şirkətin nizamnaməsi aidiyyəti üzrə dövlət qeydiyyatına alınmışdır. Şirkət fəaliyyətə başladığı vaxtdan hal-hazıradək olan dövr ərzində vergi və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl etmiş, vergi və digər icbari ödənişləri vaxtında ödəməyə çalışmışdır. Şirkətin fəaliyyəti Azərbaycan Respublikası ərazisində Bakı şəhərində elektrik xətləri tikintisi və quraşdırma işləri ilə məşğul olmuşdur. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirilən kameral vergi yoxlaması ilə şəxsi vərəqəyə işlənmiş 21532.81 manat məbləğində vergilər əsassız olaraq hesablanmışdır. 03.08.2016-cı il tarixində 2014-cü il MV görə 12753.50 manat, 2014-cü ilin İ rübünə görə 1250 manat, İİ rübünə görə 1250 manat, İİİ rübünə görə 1250 manat, İV rübünə görə 1250 manat, 16.07.2014-cü il tarixdə 2014/04 ayına görə 7540.36 manat ƏDV üzrə vergilər hesablanmışdır. Həmin vergilər faizləri ilə birlikdə 21532.81 manat olmuşdur. Cavabdehin kameral vergi yoxlaması bəyannaməsi ilə hesablanmış vergilər qərəzli və əsassızdır. İşin şərh olunan faktiki hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlaması ilə şəxsi vərəqəyə işlənmiş 21532.81 manat vergilər əsassız olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1044/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1044/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə iddiaçının prosesə gəlməməyini istinad etmişdir. Halbuki iddiaçı bütün məhkəmə proseslərinə gəlmiş, iddia tələbi isə dəqiq formatda verilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlaması ilə şəxsi vərəqəyə işlənmiş 21532,81 manat vergilərin əsassız olmasını iddia etməsinə baxmayaraq, mübahsələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarları qeyd etməmiş və bununla bağlı tələbini əsaslandırmamışdır. İşin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya AR İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, dəqiqləşdirilmiş iddia tələbi məhkəməyə təqdim edilməmişdir. AR İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlili kimi, iddia tələbinin dəqiq formatda verilməsini qeyd edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim etmək niyətinin olmadığını bir daha sübut etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlili olan “iddiaçı bütün məhkəmə proseslərində” iştirak etməsi ilə bağlı qeyd edir ki, işin birinci instansiya icraatı materiallarında olan 21.09.2021-ci il tarixli məhkəmə iclas protokolundan və eyni zamanda hazırda mübahisələndirilən məhkəmə qərardadından görünür ki, iddiaçınının nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə Kollegiyasi hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddia tələbi iddiaçı tərəfindən dəqiqləşdirmədiyindən, bununla da iş üzrə qərar qəbul edilməsi üçün müvafiq prosessual hərəkətlərin edilməsi mümkün olmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ‘‘X5’’ şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1044/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar