Məhkəmə qərarları › İş №2-1(103)-3072/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3072/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3072/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “başqa vəzifəyə keçirilməsinin qanunsuz hesab edilməsi və maaşlar arasındakı fərq qədər ziyan məbəlğinin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-932/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli 049 nömrəli əmrinin əsassız hesab edilməsi və iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman vəzifə maaşının X3 Hərbi İnstitutunda Silsilə rəisi vəzifəsinin maaşı ilə hesablanmasının və 25 aprel 2023cü il tarixdən ordu sıralarından tərxis olunan tarixədək maaş fərqində ona dəymiş ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: 1998-ci ildən Azərbaycan Ordusunda xidmət edir. Sonuncu xidmət yeri X3 Hərbi İnstitutunda Silsilə rəisi vəzifəsi olmuşdur. 2021-ci ilin noyabr ayında həmin vəzifə ştatların ixtisarı ilə əlaqədar olaraq ixtisar olunmuşdur. 2022-ci ilin fevral ayında Hərbi Hava Qüvvələri İdarəsində onunla söhbətləşmə aparılmış və ona həmin İdarədə baş zabit vəzifəsində xidmətini davam etdirmək təklif edilmişdir. O, təklifi qəbul etmiş və söhbətləşmə vərəqəsinə razılıq barədə imza atmışdır. Lakin, sonradan onun bilmədiyi səbəblərdən həmin vəzifəyə təyin olunmamışdır. Növbəti dəfə 2022-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri İdarəsində onunla təkrar söhbətləşmə aparılmış və ona Kürdəmir rayonunda Hərbi Hava Qüvvələrinin Tədris Mərkəzində vəzifə maaşı aşağı olan vəzifə təklif edilmişdir. Övladının sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar olaraq həmin vəzifədən imtina edərək komandanlıqdan ştatların ixtisarı ilə tərxis olunmasını söhbətləşmə vərəqəsinə yazılmasını xahiş etmişdir. Bundan sonra 02 dekabr 2022-ci il tarixdə 8069 qeydiyyat nömrəli raportla “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə X3 Hərbi İnstitutun rektoruna müraciət etmişdir. X3 Hərbi İnstitutun rektorunun xx.xx.2022-ci il tarixli 1108 nömrəli göndərişi ilə 09 yanvar 2023-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Tərxis olunmaq istəyinin əsas səbəbi övladının sağlamlıq imkanlarının məhdud olması, diğər övladının pullu (illik təhsil haqqı 1800 manat) təhsil alması və ona təklif olunan vəzifələrin vəzifə maaşının aşağı olması olmuşdur. Bildirir ki, 47yaşı var. Üç övlad atasıdır. Aldığı əmək haqqı övladlarının təhsil haqqına, müalicəsinə, geyim və qidalanmasına çətinliklə çatır. Lakin, tərxis raportunun əksinə olaraq razılığı olmadan onun Müdafiə Nazirinin xx.xx.2023-cü il tarixli 049 nömrəli əmrinə əsasən Kürdəmir rayonunda Hərbi Hava Qüvvələrinin Tədris Mərkəzində yerdəyişmə barədə əmri gəlmişdir. Cavabdehin hərəkətlərini qanusuz və ədalətsizdir…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15-ci maddəsinə əsasən “Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: ştatların ixtisarına görə ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda”. Eyni Əsasnamənin 81 -ci maddəsinə əsasən “Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; Ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir. Ştatların ixtisarı ilə əlaqədar aşağı vəzifələrə keçirilmiş və əvvəlki vəzifələrə bərabər vəzifələrin tutulması üçün zəruri olan tələblərə cavab verən hərbi qulluqçular, xidmət üzrə irəli çəkilmək üçün üstün hüquqa malikdirlər”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ştat ixtisarı baş verdiyi halda komandanlıq hərbi qulluqçu barədə iki qərar qəbul edə bilər: ya onu ehtiyata və ya istefaya buraxa bilər, ya da hərbi xidmətdə saxlayaraq onu bərabər və hətta aşağı vəzifəyə təyin edə bilər. Lakin polkovnik-leytenant İddiaçı istifadəsi mümkün olduğundan o, hərbi xidmətdə saxlanılmış və xidmət yeri digər hərbi hissəyə dəyişdirilərkən aşağı vəzifəyə yox, bərabər vəzifəyə təyin olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-932/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin qərarından görünür ki, o, 1) xx.xx.2022-ci il tarixdən sərəncama çıxarılmışam və xx.xx.2023-cü il tarixədək (1 ildən artıq) sərəncamda olmuş, Onunla aparılmış söhbətləşmə zamanı aşağı vəzifəyə təyin olunmağa razılıq verməmişdir. xx.xx.2022-ci il tarixdə komanda üzrə H.Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakultəsinin rəisinin adına raportla müraciət edərək ehtiyata buraxılmasını hahiş etmiş, adıçəkilən raport bütün instansiyalar üzrə imzalanmış və H.Əliyev adına Hərbi İnstitutunun rektoru tərəfindən üzərində xx.xx.2022-ci il tarixli “icraya” dərkənarı qoyulmuşdur. Lakin raportum icra olunmamış və icra olunmamasının səbəbləri barədə mən heç bir məlumat verilməmişdir. Raportumun surəti iş materiallarına əlavə olunsa da hakim raportumun icra edilməməsi məsələsinə aydınlıq gətirməmiş və hüquqi qiymət verməmişdir. Hesab edirki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur. xx.xx.2022-ci il tarixli raportuna əsasən H.Əliyev adma Hərbi İnstitutun silsilə rəisi vəzifəsindən ehtiyata buraxılmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 18-ci və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən 10 ildən çox xidmət etmiş zabit kimi onun AR Silahlı Qüvvələrində hərbi xidmətdən “öz arzumla” maddəsi ilə ehtiyata buraxılmaq hüququm vardır. Lakin yuxarı komandanlıq onun ehtiyata buraxılmaq haqqında müraciətlərimi nəinki icra etməmiş, heç onları cavablandırmamış və yuxarıda adı çəkilən qanunvericilik normalarının tələblərini pozmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş, eyni zamanda, N fevral 2023-cü ildə aşağı vəzifəyə keçirilərək, həmin tarixdən qanunsuz olaraq Kürdəmirə göndərildiyini və N iyul 2024-cü il tarixədək orada “054” saylı hərbi hissədə xidmət etdiyini, N iyul 2024-cü il tarixdən isə öz müraciəti əsasında yaşa görə 48 yaşında ehtiyata buraxuldığını və hal-hazırda təqaüddə olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi iddiaçının aşağı vəzifəyə deyil, tutduğu polkovnik-leytenat rütbəli vəzifəsinə bərabər vəzifəyə keçirildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşə əlavə olunmuş X3 Hərbi İnstitut Rektorunun xx.xx.2022-ci il tarixli 26 nömrəli əmrinin 1-ci və 1.7.3-cü bəndlərindən görünür ki institut rektorunun müavini, kurslar, fakültə, şöbə rəislərinin və tabor komandirlərinin müvəqqəti tabeçiliyinə verilmişlər. Eyni zamanda, işdən görünür ki, Müdafiə Nazirliyi Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli 049 nömrəli əmri ilə iddiaçı X3 Azərbaycan Ali Hərbi Məktəbində tutuduğu vəzifəsindən azad edilərək N saylı hərbi hissəyə X2 kurslar rəisi müəavini vəzifəsinə təyin olunmuş və Hərbi İnstitut Rektorunun 115 nömrəli 25 aprel 2023-cü il tarixli əmri ilə Məktəbin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş və həmin əmrlə, 2023-cü il yanvar-mart aylarındakı xidmətinə görə Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq görülmüşdür (Həmin əmrə müvafiq olaraq 2023-cü il üçün nəzərdə tutulmuş birdəfəlik maddi yardım ödənilmişdir. 2023-cü ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə edib, məzuniyyətə görə əlavə pul təminatı ödənildiyi işin mübahisəsisiz haldır). Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğularına əsasən cavabdeh tərəfindən verilmiş cavab məktublarına əsasən müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə tərəfindən xx.xx.2023-cü il tarixli 8408 nömrəli məktubla iddiaçı ilə 31 avqust 2022-ci il tarixdə aparılmış söhbətləşmə vərəqəsinə əsasən ona təklif olunan Kürdəmir rayonunda yaradılan X1 polkovnik-leytenant vəzifəsinə övladının sağlamlıq imkanlarının məhdudluğu səbəbindən razılıq verməmiş və vəzifəsinin ixtisara düşməsi ilə əlaqədar olaraq ştatların ixtisarı ilə Azərbaycan Ordusundan tərxis olunmasını xahiş etmiş, 2022-ci il avqust ayından başqa 2022-ci il ərzində söhbətləşmə aparılması barədə hər hansı bir sənəd qeydiyyata alınmamışdır. İddiaçının qeyd olunan izahatından da görünür ki, həmin təyinatla razılaşmasa belə, təyin edlərək köçürüldüyü həmin hərbi hissədə N fevral 2023-cü ildən N iyul 2024-cü il tarixədək xidmət etmiş, həmin tarixdən də ərizəsinə əsasən Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və hal-hazırda o təqaüddədir. Konkret halda, iddiaçı cavabdehə qarşı dəqiqləşdirilmiş iddia tələbində (i.v.85) “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman vəzifə maaşının X3 Hərbi İnstitutunda Silsilə rəisi vəzifəsinin maaşı ilə hesablanmasının və 25 aprel 2023-cü il tarixdən ordu sıralarından tərxis olunan tarixədək maaş fərqində ona dəymiş ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Lakin iş materiallarına əsasən iddiaçının bu tələbinin təmin edilməsi üçün əsasların mövcudlluğu müəyyən edilmir. Birincisi, onun tutduğu - X3 Azərbaycan Ali Hərbi Məktəbinin Hava Hücumundan Müdfiə fakültəsinin Zenit-raket qoşunları və qoşunların hava hücumundan müdafiəsi kafedrasının Zenit-raket qoşunları “Silsiləsi rəisi” vəzifəsindən azad edilməsi və N saylı hərbi hissəyə - Təlim-tədris Mərkəzinin zenit paket vasitələri “Kursları rəisinin müaviniNo vəzifəsinə təyin olunması barədə Müdafiə Nazirliyinin qeyd olunan 049 No-li N fevral 2023-cü tarixli əmri, eləcə də, həmin əmrə əsasən X3 Hərbi İnstitut direktorunun - “25 aprel 2023-cü il tarixdən Məktəbin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılması və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə” əmri ləğv olunmamış, hər iki əmr hal-hazırda qüvvəsindədir. İddiaçının özünün də hazırkı məhkəmə iclasında etiraf etdiyi kimi, sözügedən əmrlər onun tərəfindən məhkəmə qaydasında mübahisələndirməmiş, əksinə. yeni təyinatla razılaşaraq N saylı hərbi hissədə Təlim-tədris Mərkəzində sözügedən kursdar rəisinin müavini vəzifəsində xidmətini N iyul 2024-cü il tarixdək davam etdirmiş və həmin tarixdən öz müraciətinə əsasən yaşa görə (48) ehtiyata buraxılmışdır. Cavabdeh orqanının həmin əmrlərinin qanunsuz olduğu sübuta yetirilmədyi və həmin əmrlər qüvvədə olduğu halda iddiaçının, onun aşağı maaşlı vəzifəyə keçirilməsi zamanı maaşlar arasındakı yaranmış fərqin ziyan şəklində ona ödənilməsinin tələb edilməsi barədə hazırkı dəqiqləşdirilmiş iddia tələbinin - uğurlu iddia kimi qiymətləndirilməsi istisna olunur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 1100-cü maddəsi isə nəzərdə tutur ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Konkret halda, ştatların ixtisarına görə, o cümlədən, iddiaçının başqa hərbi hissəyə keçirilməsi barədə cavabdeh tərəfindən inzibati aktların qanuna və ya digər hüquqi akta uyğun gəlmədiyini sübuta yetirilmir. Ən azından, qeyd edildiyi kimi, həmin aktlar ləğv olunmamış, etibarsız sayılmamışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Prosessual qanunvericiliyin qeyd olunan tələbləri də nəzərə alınmaqla, yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə qəbul etdiyi əmrləri ilə üzərinə düşən ümumi hüquqi öhdəliklərini pozması və həmin əmrlərlə iddiaçıya ziyan vurması faktları müəyyən edilə bilməz. Ona görə də, konkret halda iddiaçının maaşlar arasındakı fərq qədər ona düşdüyü zərərin əvəzini tələb etməsi əsassızdır. Ümumiyyətlə, iş materiallarına əsasən məhkəməyə iddia qaldırınadək iddiaçının, maaşlar arasındakı fərq məbləğində ziyanın əvəzini cavabdehdən tələb etdiyi (müraciəti) də müəyyən edilmir. Hər bir halda, onun sonradan, cavabdehə qarşı əvvəlki iddia tələbini, ona vurulmuş ziyanın ödənilməsi haqqında dəqiqləşdirilmiş iddia tələbinin də cavabdehin qəbul etmədyini avə iddiaçı barəsində inzibati aktlarının qanunvericilik səviyyəsində çıxarıldığını müdafiə etməsini nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəsi tərəfindən işə mahiyyəti üzrə baxılmasını və son nəticədə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-932/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-932/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar