Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3073/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-785/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və müddətsiz əlilliyin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 6 dekabr 1962-ci il tarixdə Lerik rayonunda doğulmuşdiur. O, Rusiya Federasiyasında Ali Polis Məktəbini bitirmiş, 1992-ci ildə Rusiya Federasiyası Sverdlovski vilayətində penitensiar sahədə xidmət etmişdir. Erməni təcavüzi ilə əlaqədar işindən ayrılaraq Azərbaycana gəlmiş, 1993-cü ildə Bakı şəhəri Qaradağ Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. İşğal olunmuş torpaqlarımız uğurunda müharibədə iştirak etmişdir. O, döyüş zonasında hərbi xidmət keçərkən 31 yanvar 1994-cü il tarixdə güllə yarası almış, 2 fevral 1994-cü il tarixdən 24 fevral 1994-cü il tarixədək N saylı hərbi hissədə “Başın alın nahiyyəsinin odlu silahla kor qəlpə yarası, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət” diaqnozu ilə müalicə olunmuşdur. 15 gün koma vəziyyətdə (lal, kar, kəkələmək) olmuşdur. İllərdir bundan əziyət çəkir. Barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 29 aprel 2008-ci il tarixli 173 saylı qərarı vardır. Aldığı xəsarət hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiısi zamanı alınmışdır. Baş beyin silkələnməsi, keçirilmiş kəllə beyin travması-beyin sirkələnməsinin qalıqları, posttravmatik ensofalopatiya diaqnozu ilə ona üçüncü qrup kimi əlillik müəyyən edilmişdir. O, üçüncü qrup əlil kimi pensiya alırdı. Son günlər onun pensiyası ləğv edilmişdir. Səbəb isə, tam reabilitasiya olunması olmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının gəldiyi nəticə tamamilə səhvdir. Belə ki, iddiaçıda daima baş ağrıları olur, bəzən saatlarla huşsuz vəziyyətdə qalır. Daima həkim müalicələri və dərman qəbul edir. Hazırda pensiyasının kəsilməsi səbəbindən müalicə və dərmanlarını ala bilmir və vəziyyəti getdikçə ağırlaşır. Eyni zamanda, bir övladı 3-cü qrup epilepsiya xəstəsidir. Tez-tez tutmalar olur. Ona da müntəzəm müalicə lazımdır ki, həyati təhlükəsi olmasın. Pensiyadan məhrum edilməsi isə, onun, eləcə də övladının müalicələrinin dayandırılmasına səbəb olur. Mütamadi müalicə olmasa, sağlamlıqlarında ciddi dəyişiklik yarana bilər. Göstərilənlərə və İPM-in 2.2, 33, 46cı maddələrinə əsaslanaraq, cavabdehin imtinasının qanunsuz sayılması və müddətsiz əlilliyin təyin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Sonradan iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddia tələbinin «iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianın dəyişdiriməsini qəbul etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-785/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti birinci instansiya məhkəməsinə təqdim edilən iddiaya qarşı etiraz məktubu ilə oxşar məzmunlu tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati İcraat Haqqında” Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianəı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Əsasnamənin 2.3.9-cu yarımbəndinə görə üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Qanuna və İPM-ə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Qanuna uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edilir. Kollegiya birinci instansiya məhkəməsinin haqlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə 19 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 7 noyabr 2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi /üyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.8 - Başın də ... ; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travması. Postravmatik ensofalopatiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Keçirilmiş qapalı kəllə beyin travması. Postravmatik ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 19 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 28 oktyabr 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, enmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni - keçirilmiş qapalı kəllə beyin travması. Postravmatik ensofalopatiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Keçirilmiş qapalı kəllə beyin travması. Postravmatik ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Lökbatan Tibb Mərkəzinin 16 oktyabr 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Baş beynin silkələnməsi. Keçirilmiş kəllə beyin travması-beyin sirkələnməsinin qalıqları, posttravmatik ensofalopatiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Keçirilmiş kəllə beyin travması-beyin sirkələnməsinin qalıqları, posttravmatik ensofalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 24 oktyabr 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Baş beynin silkələnməsi. Keçirilmiş kəllə beyin travması-beyin sirkələnməsinin qalıqları, posttravmatik ensofalopatiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Keçirilmiş kəllə beyin travması-beyin sirkələnməsinin qalıqları, posttravmatik ensofalopatiya” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan sonra 19 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 16 oktyabr 2015-ci il tarixli göndərişi əsasında baxılmış və Baş beynin silkələnməsi. Keçirilmiş kəllə beyin travmasıbeyin sirkələnməsinin qalıqları, posttravmatik ensofalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi iddiaçıya sonuncu dəfə 2021-ci il tarixində əlilliyin təyinatından imtina verilmişdir. Səbəb olaraq isə tam reabilitasiya olunmalı olduğu bildirilmişdir. Lakin iş materiallarından da görünür ki, İddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə (forma-88) onda əsas yanaşı xəstəlik kimi də olsa, XBT 10 kodu F48 “Digər neqativ pozğunluqlar. Yüngül koqnitiv pozuntu” müəyyən olunduğu göstərilmişdir. «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.3.9-cu yarımbəndinə görə bu xəstəlik üçüncü dərəcə əlilliyə əsas verir. Həmin xəstəliklərə görə iddiaçıya cavabdeh tərəfindən əlillik təyin edilmişdir. Təkrar müayinə zamanı isə cavabdeh iddiaçıda əvvəllər mövud olmuş xəstəliklərin davam etməsinə baxmayaraq iddiaçıya əlilliyin təyinindən imtina etmişdir. Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “.... bir neçə il əvvəllər qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxlində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır”. Cavabdehin apelyasiya şikayətinə gəldikdə isə Kollegiya qeyd edir ki, şikayətdə cavabdeh tərəfindən fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsaslar əsaslandırılmamış, sadəcə formal mülahizələrdən ibarət şikayət tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-785/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3073/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3073/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver