Məhkəmə qərarları › İş №2-1(103)-3074/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3074/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3074/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-5078/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli, **********70 saylı imtina məktubunun qeyri-qanuni hesab edilərək iddiaçıya güzəştli şərtlərlə 52 yaşında əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2-1(112)-5078/2025 saylı qərardadı ilə iddia tələbi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi məzmununda icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində 10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndi (10.2) və yeyinti sənayesi bölməsinin (27) sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar yarımbölməsinin (27.10) fəhlələr (a) bəndində təmirçi-çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunan "xxxx" ASC-nin iddiaçıya dair 14 mart 2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1995-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə çilingər vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan təmirçi çilingər vəzifəsinə uyğun deyil. Bundan başqa Abşeron Magistral X2 arayışında isə xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adı çəkilən sahənin 3 saylı xətti istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunub. Belə ki, işlədiyi sahə neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyil. Bu səbəblərdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 11 ay 8 gün (xx.xx.2001- xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2-1(112)-5078/2025 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilərək İddiaçı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 60 yaşına çatmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində 10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndi (10.2) və yeyinti sənayesi bölməsinin (27) sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar yarımbölməsinin (27.10) fəhlələr (a) bəndində təmirçi-çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli, 04 saylı “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı işlədiyi təmirçi-çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində 10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndi (10.2) və yeyinti sənayesi bölməsinin (27) sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar yarımbölməsinin (27.10) fəhlələr (a) bəndində nəzərdə tutulduğu qeyd edilsə də, iddiaçının işlədiyi çilingər vəzifəsi yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan təmirçi çilingər vəzifəsinə uyğun deyildir. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq “X3 Kəmərləri” sahəsinin 25 fevral 2025-ci il tarixli 14-2-12-7/2- 76/2025 nömrəli məktubunda isə xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adı çəkilən sahənin 3 saylı xətti istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Belə ki, iddiaçının işlədiyi sahə neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyildir. Bu səbəblərdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 11 ay 8 gün (xx.xx.2001- xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı 25 ildən çox olduğuna görə mübahisələndirilmir. İddiaçının güzəştli iş stajı isə mübahisələndirilən əsas məqamdır. Belə ki, xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi “X3 Kəmərləri” müəssisəsində iddiaçının işlədiyi sahə neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyildir. Bununla yanaşı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində çilingər vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da nəzərdə tutulmadığından həmin dövr də nəzərə alınmamışdır. Siyahıda vəzifə “təmirçiçilingər” kimi qeyd olunub. Bu səbəblərdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, dörd dəfə məktubla cavabdeh inzibati orqana 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, tələbinin təminindən əsasız olaraq imtina edilmişdir. “X3 Kəmərləri” müəssisəsində işlələyi ilə bağlı sənədlər mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə verdiyi qərardan sonra cavabdeh inzibati orqana müraciət etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətində təmirçiçilingər vəzifəsində işləmişdir. Eyni müəssisə və vəzifədə onunla birgə işləmiş olan iş yoldaşlarına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Müvafiq müəssisələrdə zəhərli maddələrin təsiri altında işləyib. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. - Əmək kitabçasında olan məlumatlara əsasən, iddiaçı xx.xx.1984-xx.xx.1984-cü illərdə sovxozda fəhlə; xx.xx.1985-xx.xx.1987-ci illərdə fəhlə; xx.xx.1987-xx.xx.1987-ci illərdə sovxozda fəhlə; xx.xx.1987-xx.xx.1987-ci illərdə fəhlə; xx.xx.1988-xx.xx.1988-ci illərdə fəhlə; xx.xx.1988-xx.xx.1990-cı illərdə fəhlə; xx.xx.1990-xx.xx.1990-cı illərdə fəhlə; xx.xx.1991-xx.xx.1992-ci illərdə fəhlə; xx.xx.1993-xx.xx.1994-cü illərdə çilingər; xx.xx.1994-xx.xx.1995-ci illərdə çilingər; xx.xx.1995-xx.xx.1997-ci illərdə çilingər; xx.xx.1997-xx.xx.2001-ci illərdə çilingər; xx.xx.2001-xx.xx.2009-cu illərdə təmirçi-çilingər; xx.xx.2010-xx.xx.2010-cu illərdə operator; xx.xx.2010-xx.xx.2022-ci illərdə Abşeron Magistral X2 3 saylı Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operator; xx.xx.2022-ci il tarixdən operator işləmişdir. - "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1995-ci ildən "xxxx" zavodunda Şampanlaşdırma sexində çilingər vəzifəsinə qəbul edilib və xx.xx.1997ci ildə öz xahişi ilə işdən azad edilib. xx.xx.1997-ci ildə Şampanlaşdırma sexində çilingər vəzifəsinə qəbul edilib. xx.xx.2001-ci ildə "xxxx" zavodu "xxxx"ASC-nə çevrilmişdir. xx.xx.2001-ci ildə müəssisə ləğv edildiyi uçün isdən azad edilib. xx.xx.2001-ci ildə "xxxx" ASC-nə Şampan hazırlama sexində təmirçi-çilingər vəzifəsinə təyin edilib və xx.xx.2009cu ildə öz xahişi ilə işdən azad edilib. Şampan hazırlama sexində təmirçi, təmirçi-çilingər vəzifəsini icra etmiş və eyni zaman bu işləri görmüşdür: Çənlərin təmiri, sərab çənlərinə karbon qazı (C04) doldurmaq və yoxlamaq, karbon qazını açıb boşaltmaq təmizləyib işə salmaq, şərab çənlərinə kükürd (sera) vermək. İşlədiyi müddət təmirçi, təmirçi-çilingər vəzifəsi 13 il 11 ay 15 gündür. Təmirçi-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya huququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı qərarı Yeyinti senayesinin 27 bəndli 27.10 hissəsində göstərilmişdir. - X3 Kəmərləri sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının güzəştli iş stajı 12 il 04 ay 18 gün təşkil edir. - SOCAR “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin Abşeron Magistral X2 3 saylı Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. xx.xx.2022-ci il tarixindən başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir. İşlədiyi müddətdə peşə təlimatına əsasən qaz paylayıcı stansiyanın operatoru X1 əmək funksiyaları aşağıdakı kimi qeyd olunub: Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sisteminə, gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrdən çox olan avtomatlaşdırılmamış qazpaylayıcı stansiyada və ya qaz paylayıcı məntəqədə (və yaxud gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrə qədər olan avtomatlaşdırılmış QPS və QPMdə) boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi. İstehlakçılara qaz verilməsi, rejimin təmin edilməsi. Qoyulmuş rejimə uyğun olaraq cihazların,armaturların və aparatların başqa lazım olan rejimlərə keçirilməsi. Rejim jurnalında qazın texnoloji rejimində aparılan dəyişikliyin qeydiyyatının aparılması. Qaz xəttinə “odaranfın (etil mel kaptan) verilməsinin təmin edilməsi. Armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi. Təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarının işlək olmasına nəzarət edir. Cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması. Qaz paylayıcı məntəqələrdə (QPM) avadanlıq və kommunikasiyaların cari təmirində iştirak edilməsi. Avadanlığın, kommunikasiyann, otaqların və qazpaylayıcı stansiyanın (QPS), QPM ərazisinin təmiz saxlanıması. Odarantın və separatorlardan yığılan maye kondensat qarışığının uçotunun aparılması. Xidmət rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək. İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək. Təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək. Korroziyadan qorunma, qəzaların qarşısını almaq üçün tədbirlərin görülməsi. Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək. Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatımamazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək. Sahə üzrə tətbiq edilən beynəlxalq standartların tələblərinə riayət etmək. Sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərində iştirak etmək. İş yerinin təmiz saxlanmasına cavabdehlik (otlardan təmizləmək) Əməyin mühafizəsi,təhlükəsizlik texnikası,sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi. İşlədiyi müddət qaz paylayıcı stansiyanın operatoru peşəsi 12 il 4 ay 1 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli qərarda göstərilmişdir: a) Fəhlələr. - Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-269759/2024 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin sizə dair 14 mart 2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1995-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə çilingər vəzifəsində işlədiyiniz qeyd olunub. Göründüyü kimi, işlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan təmirçi çilingər vəzifəsinə uyğun deyil. Bundan başqa Abşeron Magistral X2 arayışında isə xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adı çəkilən sahənin 3 saylı xətti istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyiniz qeyd olunub. Belə ki, işlədiyiniz sahə neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyil. Bu səbəblərdən də, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 11 ay 8 gün (xx.xx.2001- xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial onlara omək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olur. Bu səbəbdən də yuxarıda adıçəkilən Qanunun 9.1-ci maddəsinin məhz hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunur və iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a) iddiaçının 60 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının yaş və ümumi staj ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Tərəflər arasında mübahisə açan məsələ, iddiaçının güzəştli iş stajının az olması ilə bağlıdır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Apellyasiya şikayətində, eyni zamanda məhkəmə iclasında verdiyi izahatda cavabdeh(in nümayəndəsi) ona istinad etmişdir ki, iddiaçının xx.xx.1995-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.2001-ci il tarixlərdə işlədiyi çilingər vəzifəsi Siyahıda nəzərdə tutulan təmirçi-çilingər vəzifəsinə uyğun deyil, həmçinin xx.xx.2010-xx.xx.2022-ci il tarixlərdə qaz paylayıcı stansiyası operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyil. Halbuki, iddiaçının işlədiyi həmin vəzifələrin müvafiq Siyahıda nəzərdə tutulmuş vəzifələrə uyğunluğu “SOCAR” və "xxxx" ASC tərəfindən təqdim olunmuş sorğuya cavab məktublarında öz təsdiqi tapmışdır. Belə ki, “SOCAR” iddiaçının “qaz paylayıcı stansiyası operator” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsinin 1.2.1.1.4-cü bəndində nəzərdə tutulan qaz paylayıcı stansiyası operatorları vəzifəsi ilə; "xxxx" ASC isə iddiaçının “təmirçi-çilingər” vəzifəsinin Siyahıda 27.10 kod altında göstərilən 27.10. Sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) vəzifələr ilə funksional fəaliyyət baxımından eynilik təşkil etdiyini qəbul etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsinə “təmirçi-çilingər və çilingər vəzifə funksiyaları arasında nə kimi fərqlər mövcuddur?” sualı verildikdə, o, həmin suala “vəzifələr arasındakı fərqi işəgötürən öz arayışında qeyd etməlidir” cavabını vermiş və belə olan halda yuxarıda sadalananlar nəzərə alınarsa hazırkı mübahisənin ümumiyyətlə mövcudluğu ağlabatan deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. “Stec və digərləri Birləşmiş Krallığa qarşı” iş üzrə qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi vurğulamışdır ki, dövlətlərin sosial siyasət sahəsində geniş mülahizə səlahiyyəti olsa da, bu, ödəniş şərtlərinin özbaşına dəyişdirilməsi və ya ödənilməsinin əsassız şəkildə rədd olunması anlamına gəlmir. “Schuler-Zgraggen İsveçrəyə qarşı” iş üzrə qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sosial təminat mübahisəsi konkret şəraitdə “mülki hüquq və vəzifələr” kateqoriyasına düşürsə, 6-cı maddədəki bütün təminatlar (ədalətli araşdırma, bərabərlik, mübahisəsiz məhkəmə qərarı və s.) qorunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi sosial təminat sahəsində dövlətlərin daha geniş səlahiyyətə malik olduqlarını tanıyır. Ancaq bu səlahiyyət proporsionallıq prinsipi ilə məhdudlaşır. Başqa sözlə, qanunda açıq şəkildə nəzərdə tutulan ödənişi (pensiya, müavinət və s.) “yanlış” və ya “natamam” tətbiq etməklə şəxsi məhrum etmək, dövlətin sosial müdafiə funksiyasına ziddir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2-1(112)-5078/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar