Məhkəmə qərarları › İş №2-1(103)-3075/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3075/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3075/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5978/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İşdən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, ünvan 1i ünvanında qeydiyyatdadır.

2. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 10 yanvar tarixli məktubuna əsasən iddiaçı Komitənin məcburi köçkünlərin vahid elektron bazasında Ağdam rayonundan məcburi köçkün kimi ünvan 2 ünvanında müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda faktiki məskunlaşmışdır. İddiaçıya Komitə tərəfindən Ağdam rayonundan məcburi köçkün olduğunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir.

3. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1982-ci ildə hərbi xidmətə çağrılmış, 04 oktyabr 1984-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.1984-cü il tarixdə hərbi qeydiyyata götürülmüşdür.

4. 780177 nömrəli 22 aprel 1986-cı il tarixli diplomun surətinə əsasən iddiaçı 1 sentyabr 1985-ci ildə Azərbaycan SSR Bakı şəhərindəki 22 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 22 aprel 1986-cı ildə quraşdırıcı çilingər peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir.

5. ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1981xx.xx.1982-ci il tarixlərində Ağdam rayonu T.Hacıyev adına sovxozun şərab emalı zavodunda fəhlə işləmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci ilədək Ağdam rayonu T.Hacıyev adına sovxozun Cins mal fermasında çilingər işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Azərbaycan SSR Bakı şəhərindəki 22 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Ağdam rayonu T.Hacıyev adına sovxozda qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayon quşçuluq müəssisəsində ixtisası üzrə texniki təhlükəsizlik mexaniki vəzifəsində işləmişdir. xx.xx.1995-xx.xx.1995-ci il tarixlərdə Ağdam rayon Əmək və Məşğulluq mərkəzi tərəfindən iddiaçıya işsizlik statusu təyin edilmişdir. xx.xx.1998-ci ildən xx.xx.2003-cü il tarixədək Abşeron Quraşdırma idarəsində 6-cı dərəcəli quraşdırıcı-çilingər işləmişdir. xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə “X7 Ltd” şirkətinin Azərbaycandakı Nümayəndəliyində quraşdırıcı peşəsində işləmişdir. xx.xx.2011xx.xx.2013-cü il tarixlərdə "xxxx" Birgə Müəssisəsində konstruksiya quraşdırıcısı peşəsində, xx.xx.2013-xx.xx.2014-cü il tarixlərində konstruksiya quraşdırıcısı peşəsində, xx.xx.2014-xx.xx.2017-ci il tarixlərində quraşdırıcı ustası, xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində konstruksiya quraşdırıcısı peşəsində çalışmışdır. xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində "xxxx" MMC-də quraşdırıcı işində işləmişdir. xx.xx.2020-xx.xx.2023-cü il tarixlərdə "xxxx" BM-də quraşdırıcı ustası peşəsində işləmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə "xxxx" MMC-də quraşdırıcı işində işləmişdir.

6. "xxxx" MMC-nin 29 avqust 2024-cü il tarixli, 224 nömrəli arayışına əsasən iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə həqiqətən də "xxxx" MMC-də xx.xx.2019-cü il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı işində işləmişdir. Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarım bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.

7. "xxxx" MMC-nin 02 sentyabr 2024-cü il tarixli, 230 nömrəli arayışına əsasən iddiaçı həqiqətən də "xxxx" MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək quraşdırıcı işində işləmişdir. AR ƏMnin 68 maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 2024-cü ilin iyun ayının sosial sığorta ödənişi 2024-cü il iyul ayının sosial sığorta ödənişi ilə birlikdə ödənilmişdir.

8. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.2011-xx.xx.2013-cu il, xx.xx.2013-xx.xx.2014-cü il və xx.xx.2017-xx.xx.2019-ci il tarixlərində "xxxx" müəssisəsində (hal-hazırda "xxxx" MMC) layihələrində konstruksiya quraşdırıcısı peşəsində çalışmışdır. İddiaçının yerinə yetirdiyi konstruksiya quraşdırıcısı peşəsinin əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Polad və dəmir-beton konstruksiyaların quraşdırılması; Polad və dəmir-beton konstruksiyaların quraşdırılması və yığılmasında istifadə olunan elementlərin (tavr, ikitavr, künclük və s.) növləri və tərkibləri haqqında məlumatın olması və iş əsanasında istifadəsi; Polad və dəmir-beton konstruksiyaların quraşdırılması işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəsi; Polad və dəmir-beton konstruksiyaların işləri ilə bağlı cizgi və planın oxunması, izah edilməsi, cizgi əsasında metal hissələri və bütün növ polad və dəmir-beton detalların kəsimi, uyğunlaşdırılınası, yerləşdirilməsi və tərkib hissələrinin quraşdırmasının təmin edilməsi; Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə qaydaları, nəzarət ölçü cihazlarının təyinatını və tətbiqini təmin etmək; Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, verilmiş cizgi və ya eskizlər əsasında metal detal, element, polad və dəmir-beton konstruksiyaların hazirlaması, hazırlanmış detal, element və konstruksiyaları cizgi ilə tələb olunan yerlərdə koordinatla yerinə çəkilməsi; Detal, element və konstruksiyaların hazırlanmasında cilalayıcı elektrik avadanlıqlarından, deşmə avdanlıqlarından və qazla kəsən alətlərdən istifadə edilməsi; Qapalı sahədə kəsmə zamanı ventilyasiya sisteminin quraşdırılması; Polad və dəmir-beton konstruksiyaların cizgilər əsasında armofleks, xüsusi rezin, mineral pambıq, kömür və s.odadavamlı izolyasiya materialları ilə izolyasiya edilməsi; Polad və dəmir-beton konstruksiyaların şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdirilməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsi; Polad və dəmir-beton konstruksiyaların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsi. İddiaçının işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.

9. "xxxx" MMC-nin AZF-2024/41-K seriyalı, xx.xx.2024-cü il tarixli güzəştli arayışına əsasən iddiaçı həqiqətən "xxxx" Birgə Müəssisəsinin (hazırda "xxxx" MMC) layihələrində işləmişdir. Onun iş stajı aşağıdakı kimi qəbul edilməlidir: xx.xx.2011- xx.xx.2013-cü il tarixlərdə Konstruksiya quraşdırıcısı peşəsində 2 il 9 ay 12 gün çalışmışdır. xx.xx.2013 – xx.xx.2014-cü il tarixlərdə Konstruksiya quraşdırıcı peşəsində 10 ay 5 gün çalışmışdır. xx.xx.2014-xx.xx.2017-ci il tarixlərdə Quraşdırma ustası peşəsində 2 il 11 ay 18 gün çalışmışdır. xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə Konstruksiya quraşdırıcısı peşəsində 1 il 8 ay 19 gün çalışmışdır. xx.xx.2020-xx.xx.2023- cü il tarixlərdə Quraşdırıcı ustası peşəsində 3 il 1 ay 23 gün çalışmışdır. Güzəştli iş stajı cəmi 11 il 5 ay 16 gün təşkil etmişdir. İddiaçının işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və mütəxəssislər” bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarına əsasən müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay işlədiyi və 25 il ümumi iş stajı olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qeyri-qanuni və əsassız olaraq müxtəlif bəhanələr göstərməklə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qeyri-qanuni və əsassızdır. Belə ki, o, 12 il 6 aydan da artıq müddətə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. Ona görə də hesab edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə ona pensiya təyin etməkdən imtinası tamamilə qeyri-qanuni və əsassızdır və cavabdehin bu imtinası ilə onun hüquqlarını kobud şəkildə pozmuşdur.

12. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-S-295530/2024 nömrəli məktubu ilə iddiaçıya güzəştli iş stajının 12 il 06 aydan az olması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. İddiaçının təqdim etdiyi "xxxx" birgə müəssisəsinin ona dair xx.xx.2024-cü il tarixli, AZF2024/41-K nömrəli arayışında xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il və xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi dövrlərdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən sonra ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2023-cü ilin sentyabr və 2024-cü ilin iyun ayları üzrə (ümumilikdə 2 ay) sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları onun iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (7 il ay 22 gün (xx.xx.2014-xx.xx.2017-ci il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2023cü il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.

14. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5978/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi iddiaçıya məxsus olan hərbi biletə əsasən hərbi xidmət dövrü və əmək kitabçasında göstərilmiş stajı nəzərə alınmaqla onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixinə 25 ildən artıq əmək stajı vardır. Cavabdeh iddiaçının ümumi əmək stajını mübahisələndirmir. Cavabdeh yalnız iddiaçının xx.xx.2006-cı il tarixdən sonra ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2023-cü ilin sentyabr və 2024-cü ilin iyun ayları üzrə (ümumilikdə 2 ay) sığorta ödənişləri edilmədiyi üçün iddiaçının həmin dövrlər üzrə əmək stajını mübahisələndirir ki, bu mübahisənin mahiyyətinə təsir göstərmir. Cavabdeh tərəfindən iddiaçının mübahusələndirilən əmək stajı dövrü xx.xx.2011xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il və xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı "xxxx" MMC-də konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi dövrlərdir. Cavabdeh iddiaçının həmin dövr üzrə güzəştli əmək stajını mübahisələndirərək bununla bağlı öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının həmin dövrlərdə konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi göstərilsə də arayışda konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi dövrlərdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olubolmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). Halbuki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli güzəştli arayışına əsasən iddiaçının həqiqətən xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il və xx.xx.2017- xx.xx.2019-cu il tarixləri arasındakı dövrdə "xxxx" MMC-də konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi və həmin stajın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə uyğun olduğu göstərilmişdir. Həmçinin, AZFEN MMC-nin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda iddiaçının qeyd edilən dövrlər üzrə işlədiyi peşənin vəzifə təlimatlarında nəzərdə tutulmuş əmək funksiyaları sadalanmışdır ki, həmin əmək funksiyalarından da göründüyü kimi iddiaçının çalışdığı peşə “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” ilə bağlıdır Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən mübahisələndirilən dövrdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olmuş və bununla bağlı işəgötürən tərəfindən müvafiq arayış və məktub təqdim edilmişdir. Beləliklə də, iddiaçı qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajını tamamlamışdır. O ki qaldı cavabdehin xx.xx.2006-cı il tarixdən sonra ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2023-cü ilin sentyabr və 2024-cü ilin iyun ayları üzrə (ümumilikdə 2 ay) sığorta ödənişlərinin öz əksini tapmamağına, məhkəmə qeyd edir ki, həmin 2 ay sığorta ödənişi olmadan da iddiaçı 25 il ümumi iş stajını tamamladığından ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5978/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:

1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

25. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

28. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

29. “İnzibati icraat haqqında” Qanunun:

15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılır.

33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. 39.İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən və istinad olunan normalara əsasən iddiaçıya 60 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz.

41. Belə ki, qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: a. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; b. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı mövcud olmalı; c. 60 yaşı tamam olmalıdır.

42. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 60 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi.

43. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajının ən azı 25 il təşkil etməsi və 60 yaşının tamam olması işin mübahisəsiz halıdır.

44. Kollegiya qeyd edir ki, hazırkı halda mübahisəli hal iddiaçının güzəştli iş stajının tələb olunan müddətdən az olmasıdır. Belə ki, cavabdeh etirazda qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi "xxxx" birgə müəssisəsinin ona dair xx.xx.2024-cü il tarixli, AZF2024/41-K nömrəli arayışında xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il və xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi dövrlərdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən sonra ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2023-cü ilin sentyabr və 2024-cü ilin iyun ayları üzrə (ümumilikdə 2 ay) sığorta ödənişləri öz əksini tapmamışdır.

45. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir.

46. Belə ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli güzəştli arayışına əsasən iddiaçının həqiqətən xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il və xx.xx.2017xx.xx.2019-cu il tarixləri arasındakı dövrdə "xxxx" MMC-də konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi və həmin stajın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə uyğun olduğu göstərilmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

49. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda vəya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

50. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi AZFEN birgə müəssisəsinin ona dair 04,04.2024- cü il tarixli AZF2024/41-K nömrəli arayışında xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013- xx.xx.2014-cü il və xx.xx.2017xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunub. Lakin məhkəmə tərəfindən həmin arayış araşdırılarkən müvafiq qanunvericiliyin tələblərinə əsasən hazırlanması, yəni işçinin vəzifəsinin birbaşa olaraq müvafiq siyahıda həmin vəzifəyə uyğunluğu kifayət qədər araşdırılmamışdır və "MQS” tərəfindən iddiçıya verilmiş arayış da məhkəmə tərəfindən kifayət qədər araşdırılmamışdır. Belə ki, onun əmək kitabçasında həmin vəzifədə işə daxil olma tarixi xx.xx.2019-cu il tarix olmasına baxmayaraq verilmiş arayışda xx.xx.2019-cu il qeyd olunmuşdur.

51. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı X1 güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi "xxxx" MMC tərəfindən verilən arayışla, həmçinin iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur.

52. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir

53. Bundan əlavə AZFEN MMC-nin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda iddiaçının qeyd edilən dövrlər üzrə işlədiyi peşənin vəzifə təlimatlarında nəzərdə tutulmuş əmək funksiyaları sadalanmışdır ki, həmin əmək funksiyalarından da göründüyü kimi iddiaçının çalışdığı peşə “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” ilə bağlıdır.

54. İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən dövrdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olmuş və bununla bağlı işəgötürən tərəfindən müvafiq arayış və məktub təqdim edilmişdir. Beləliklə də, iddiaçı qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajını tamamlamışdır.

55. Bundan başqa cavabdeh qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdən sonra ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2023-cü ilin sentyabr və 2024-cü ilin iyun ayları üzrə (ümumilikdə 2 ay) sığorta ödənişləri öz əksini tapmamışdır.

56. Kollegiya qeyd edir ki, həmin 2 ay sığorta ödənişi olmadan da iddiaçı 25 il ümumi iş stajını tamamladığından ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək funksiyasını, yəni yerinə yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti işəgötürən müəyyən etdiyi üçün güzəştli arayış məhz iş yerindən tələb olunur.

58. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən).

59. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlili əsassızdır.

60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinaya əsas olan faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

62. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (60 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir.

63. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

64. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

65. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5978/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5978/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar