Məhkəmə qərarları › İş №2-1(103)-3076/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3076/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3076/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən hakim və məruzəçi), X10 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2-1(112)-6474/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının anası X6 məcburi köçkün statusu vardır.

2. İddiaçının anası və atası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 may 2012ci il tarixli, 2(004)-3147/2012 saylı qətnaməsinə əsasən boşanmışlar, iddiaçı və qardaşı Ayxan anasının yanında qalmışlar.

3. İddiaçı məcburi köçkün statusunun, onu təsdiq edən vəsiqənin verilməsi üçün cavabdehə müraciət etmişdir.

4. Cavabdeh Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 3-36-3/2-Q-7xx-xx/2024/690 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə ona imtina verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. X4 məcburi köçkün statusuna malik olmadığından İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X6 məcburi köçkün statusu vardır. İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ona atasının məcburi köçkün statusu olmadığından imtina etmişdir.

7. İş üzrə cavabdeh iddiaya dair etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının ona məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş müraciəti Komitənin məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. İddiaçının atasının məcburi köçkün statusu olmadığından istəyinin müsbət həlli imkan xaricindədir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6474/2024, xx.xx.2024-cü il qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır.

9. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6474/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ: a. Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətinin dəlillərinə görə sözügedən qərar əsassız qəbul olunduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından ləğv edilməli və iddiaçinin iddia tələbi rədd edilməlidir.

11. Belə ki, Komitənin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki: İddiaçı X4 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik deyildir; X2 Muxtar Respublikası, ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçı anası X12 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; X3 rayonu, Füzuli şəhəri, Sərdarov küçəsi, ev 23 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

12. Qeyd etmək lazımdır ki, şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. İddiaçı X4 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Naxçıvan Muxtar Respublikası” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, o uşaqlara məcburi köçkün statusu verilir ki, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olsun: hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

13. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı münasibətdə yuxarıda salanan üç şərtdən ikisinin ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz.

14. İddiaçının hesab etdiyi kimi olsa, belə nəticəyə gəlmək olar ki, mövcud qanunvericiliyin tələblərinə əməl etmədən, atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmayan, bütün nikahda olmayan və ya nikahı pozulmuş qadınların övladlarına məcburi köçkün statusu verilməlidir. Bu hal mövcud qanunvericiliyin, həmçinin “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə zidd və əsassızdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən, nikahın pozulması nəticəsində uşaq ananın himayəsində qalsa da, ata uşaq üzərindəki valideynlik hüquqlarından məhrum olmur. Bu isə o deməkdir ki, uşağın yaşayış yeri eyni zamanda atanın yaşayış yeri hesab edilir. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq bildiririk ki, İddiaçı X4 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə işğaldan azad olunmuş rayonda (şəhərdə) qeydiyyatda olmadığından, İddiaçı Füzuli şəhərindən məcburi köçkün düşə bilməzdi.

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, "... Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.

16. Xüsusilə vurğulamaq lazımdır ki, Qaydaların 4.1.6-cı bəndində qeyd olunmuş “valideynlərindən atası məcburi köçkün statusuna malik olan” ifadəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil etməsinin bildirilməsi tamamilə yanlışdır. Belə ki, uşaqlara münasibətdə, Qaydaların müvafiq bəndi istər qadın cinsinə, istərsə də kişi cinsinə mənsub olan uşaqların atalarının “məcburi köçkün statusuna malik olması”nı şərtləndirir. Valideynlərə münasibətdə də müvafiq bənddə heç bir ayrı-seçkilik halı mövcud deyildir. Belə ki, Qaydaların digər bəndlərinə də uyğunluğu yoxlanılmaqla, həm atası, həm də anası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusu verilir. Lakin, valideynlərdən ana məcburi köçkün statusuna malik olmadığı halda, Qaydalar atanın məcburi köçkün statusuna malik olmasına istinad edərək uşağa məcburi köçkün statusunun verilməsinin mümkünlüyünü bildirir. Nəzərə almaq lazımdır ki, müvafiq yanaşmanın əsasında hüquqi faktorlarla yanaşı, həm də sosial, siyasi və iqtisadi faktorlar da dayanır. Bununla yanaşı, hüququn bir çox sahələrinin müvafiq normalarında diferensiasiyaya rast gəlinir. Nümunə qismində, əməyin hüquqi tənzimlənməsindəki diferensiasiyaya təsir göstərən subyektiv hallara işçinin yaşı, cinsi və sağlamlığının vəziyyəti aiddir. Belə ki, işə qəbul, əməyin ödənilməsi, iş vaxtı və istirahət vaxtı, habelə əməyin mühafizəsi bir sıra xüsusi şərtlərlə müəyyən olmuşdur. Belə ki, hüquqda diferensiasiyanı hüquq münasibətlərində ayrı-seçkilikdən də fərqləndirmək lazımdır, diferensiasiya ayrı-seçkilik hesab olunmur. Qaydaların 4.1.6-cı bəndində qeyd olunmuş “valideynlərindən atası məcburi köçkün statusuna malik olan” diferensiasiyası da ayrı-seçkilik kimi qiymətləndirilməməlidir.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

21. Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”:

1.1. Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3.1. Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir.

23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

MƏHKƏMƏNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır.

28. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir.

29. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçılara məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.

30. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.

31. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə iddiaçının atasının məcburi köçkün statusunun olmaması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydalarda nəzərdə tutulmuş “valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan” anlayışı ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməz. Həmin maddəyə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət (...) cinsindən (...) asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

33. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2-1(112)-6474/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Pərviz Hüseynov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar