Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3077/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, X12 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1587/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən ümumi sahəsi 1500 kv.metr olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 1500 kv.metr olan torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Gülçülük Sovxozunun xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmrinə əsasən mərhum X6 hazırkı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük Sovxozu ünvanında 1500 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin əmrə əsasən Abşeron Rayon XDS İcraiyyə Komitəsindən xx.xx.1980-cı il tarixli, 61 nömrəli order alınmışdır. Lakin qeyd olunan tarixdən uzun müddət keçdiyinə görə həmin torpaq sahəsinə aid əmr və orderin əsli məlum olmayan səbəblərdən hansısa şəraitdə itmişdir. Həmin sənədlərin əldə olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunmuşdur. Lakin Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda order və əmrlərin əsillərinin tapılması barədə Tapıntılar bürosuna məlumat daxil olmadığı qeyd edilmişdir. Sovxoz rəhbərinin müvafiq əmrinin əsli və sovxoz tərəfindən verilmiş yerləşmə cizgisinin təqdim olunması iddiaçıdan asılı olmayan səbəblərdən mümkün olmamışdır. Sənədlərin əldə olunması üçün iddiaçı tərəfindən lazımi tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edərək Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli, 61 nömrəli orderin kserosurətinin təsdiq olunmuş və müvafiq müşayiətçi möhür və imzalı sənədlə birlikdə əldə etmişdir. Daha sonra Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət əsasında iddiaçıya idarə tərəfindən xx.xx.2023-cü il tarixli F962 nömrəli arxiv arayışı təqdim edilmişdir. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilən Abşeron Rayon XDS İK-nın xx.xx.1980-cı il tarixli order ilə Şüvəlan qəsəbəsində mərhum X6 ayrılmış sahəsi 1500 m2 olan torpaq sahəsinin sxemi də mövcud şəraitdə təqdim oluna biləcək sübut kimi iddiaçı tərəfindən müvafiq quruma təqdim edilmişdir. Qeyd olunan sənədlər dövlət orqanları tərəfindən rəsmi şəkildə təqdim olunduğuna görə işin mübahisəsiz halı kimi nəzərə alınmalı və sənədlərin əsilləri ilə eyni hüquqi qüvvəyə malik sənəd kimi qiymətləndirilməlidir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük Sovxozu ünvanında yerləşən, sahəsi 1500 kv.metr olan torpaq sahəsi xx.xx.1974-cü il tarixdən iddiaçının istifadəsindədir və bu günə qədər heç bir üçüncü şəxsin həmin torpaq sahəsinə iddiası olmamışdır. Bu da işin mübahisəsiz halı kimi nəzərə alınmalı olan amillərdən biridir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, həmin ərizəyə cavab olaraq xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi sovxoz ərazisi olduğundan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun torpaq sahəsinin ayrılmasına dair sovxoz rəhbərinin müvafiq əmrinin əsli, həmçinin əmrin arxiv arayışı və sovxoz tərəfindən verilmiş yerləşmə cizgisi təqdim edilməmişdir. Lakin iddiaçı tərəfindən order təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1587/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərarı ilə (hakim:E.Abdullayev) iddia tələbi təmin olunmamışdır. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdır ki, məhkəmə icraatı zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, Abşeron rayon Gülçülük sovxozunun sənədləri saxlanması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Abşeron rayon Dövlət Arxivinin məhkəmə sorğusuna 27 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron Rayon Gülçülük Sovxozu sənədləri saxlanması üçün Abşeron rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilməmişdir, lakin aparılan əlavə arxiv araşdırılma zamanı məlum olmuşdur ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 61 nömrəli orderinin verilməsinə əsas olan Abşeron rayon X8 xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmrinə əsasən vətəndaş X6 1500 m2 torpaq sahəsi ayrılmışdır. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əsaslandığı yeganə sənəd X8 direktoru tərəfindən imzalanmış xx.xx.1990-cı il tarixli, 61 nömrəli orderdir. Həmin orderin məzmununda X8 xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmri öz əksini tapmışdır. Lakin, orderin məzmunundan görünür ki, X8 xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmri torpaq sahəsi ayrılması barədə deyil. Həmin əmrə əsasən X3 işə qəbul edilmişdir. Orderdə bunun ardınca isə X1 ərazisində 1500 kv.metr torpaq sahəsindən istifadə etmək hüququ ilə 61 nömrəli evin ayrıldığı qeyd edilmişdir. Lakin, torpaq sahəsi ayrılması barədə sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri və bununla bağlı sənədlər təqdim edilməmişdir. Lakin bu zaman məhkəmə müvafiq əmrin və bununla bağlı digər sənədlərin əslinin iddiaçıdan asılı olmayan səbəblərə görə təqdim edilə bilməməsini və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş"Daşınmaz əmlakın dövlət reyestri haqqında "Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.5-ci bəndinə əsasən müvafiq əvəzedici sənədlərin təqdim edilməsini nəzərə almamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı vaxtilə anasınının istifadəsinə verilmiş torpaq sahəsinin mərhum anasına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: ....... - 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış ...... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). “İnzibati icraat haqqında” Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, İddiaçı hazırki iddia tələbi ilə Abşeron rayon X8 xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmri ilə mərhum anası X6 ayrılan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən ümumi sahəsi 1500 kv.metr olan torpaq sahəsinə və üzərindəki evə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın cavabdeh inzibati orqan tərəfindən verilməsini xahiş etmişdir. Cavabdehin imtina əsası və hazırda da apellyasiya şikayətinin dəlilləri iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədin təqdim edilməməsi, həmçinin X8 xx.xx.1990-cı il tarixli, 61 saylı orderində istinad edilən əmrin mərhumun işə qəbulla bağlı əmr olması ilə əlaqədardır. Bakı inzibati məhkəməsinin qərarı ilə iddia rədd edilmiş, qərar onunla əsaslandırılmışdır ki, hüquqmüəyyənedici sənəd qismində çıxış edən sovxoz əmri təqdim edilməyibdir. Məhkəmə kollegiyası qərarla razılaşmayaraq aşağıdakıları diqqətə çatdırır. İşin mübahisələndirilməyən halları iddia olunan torpaq sahəsinin vaxtilə X8 hüdudları daxilində yerləşməsi və digər 3-cü şəxslərin həmin torpaq sahəsi ilə bağlı iddia və ya müraciətlərinin olmaması, həmçinin digər fiziki və ya hüquqi şəxslərin torpaq sahəsi ilə üstüstə düşməməsi ilə bağlıdır. İşin mübahisəli halı iddiaçının istinad etdiyi sovxoz əmrinin aşkar edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk öncə diqqətə çatdırır ki, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda Abşeron Rayon Gülçülük Sovxozu sənədlərinin saxlanması üçün Abşeron rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilmədiyi, lakin aparılan əlavə arxiv araşdırılması zamanı Abşeron rayon X8 xx.xx.1974-cü il tarixli, 297 nömrəli əmrinə əsasən vətəndaş X6 1500 m2 torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. X8 xx.xx.1990-cı il tarixli, 61 saylı orderində göstərilmişdir ki, X2 xx.xx.1974-cü il tarixli əmri ilə həmin sovxoza fəhlə kimi işə qəbul edilmiş və 61 saylı ev və 1500 kvm həyətyanı sahə onun istifadəsinə verilmişdir. Həmçinin Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş yerləşmə cizgisindən aydın görünür ki, Abşeron Rayon XDS İK-nın 61 saylı xx.xx.1980-cı il tarixli orderi ilə mərhum X6 ayrılmış torpaq sahəsinin ölçüsü 1500 kvm qeyd edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında Xəzər rayonu, Qala qəsəbəsi ünvanda yerləşən torpaq sahəsinin faktiki ölçüsü 1600 kv.metr, hüquqmüəyyənedici sənəd üzrə 1500 kvm təşkil etdiyi qeyd edilmişdir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Yaşayış evi və həyət tikilisi mövcuddur. Cavabdeh özü də müayinə aktında qeyd edilən hüquqmüəyyənedici sənədə istinad etmişdir. Bundan əlavə məhkəmə kollegiyası diqqətə çatdırır ki, Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda order və əmrlərin əsillərinin tapılması barədə Tapıntılar bürosuna məlumat daxil olmadığı qeyd edilmişdir. Belə ki, iddiaçı iş materiallarına əlavə olunmuş orderdə istinad edilən hüquqmüəyyənedici sənəd qismində qəbul edilən sovxoz əmrinin itirilməsi və axtarışı məqsədilə müvafiq tədbirlər gördüyünü lakin həmin əmrin tapılmadığını ondan asılı olmayan səbəblərdən təqdim edilə bilmədiyini qeyd etmişdir. Bundan başqa Xəzər rayon İcra Hakimiyyəti Başçısının 455 nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamına əsasən vətəndaş X5 vəfat etməsi ilə əlaqədar, onun adına olan Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, yaşayış sahəsi 48,1 kv.metr olan, 2 otaqlı 61 saylı evin kirayə müqaviləsi nəvəsi Nümayəndə1 adına dəyişdirilmişdir. Apellyasiya icraatı zamanı iş materiallarına əlavə edilmiş Şüvəlan Gülçülük sovxozu tərəfindən təqdim edilmiş Mənzil uçot kartına əsasən X7 və onun digər ailə üzvləri xx.xx.1977-ci ildən başlayaraq 61 nömrəli mənzildə qeydiyyata alınmışlar. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırır ki, mərhumun adına 1974-cü il tarixli Sovxoz əmri ilə fərdi yaşayış evi və ümumi sahəsi 1500 kv.metr olan torpaq sahəsi ayrılmışdır. Həmin əmrin əsli hazırda təqdim olunmasa da, 1990-cı ildə verilmiş orderdə açıq şəkildə göstərilir ki, 61 saylı ev və 1500 kvm sahəsi olan həyətyanı sahə məhz 1974-cü il 297 nömrəli əmrinə əsasən X6 ayrılmışdır. Yerli icra hakimiyyəti tərəfindən torpaq sahəsinə dair yerləşmə cizgisi də tərtib edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş mənzil uçot kartından görünür ki, mərhum və onun ailə üzvləri 1977-ci ildən etibarən sözügedən mənzildə qeydiyyata alınmış və uzun illər faktiki olaraq həmin evdə yaşamışvə həmin torpaq sahəsində fasiləsiz, maneəsiz istifadə etmişlər. Bu hal həmin evin mərhumun daimi yaşayış yeri olduğunu və onun həmin evdən və torpaq sahəsindən qanuni istifadə etdiyini təsdiq edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə və evə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X6 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun mübahisəli torpaq sahəsi və ev üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qərar ləğv edilərək, iddia təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1587/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 1500 kv.metr olan torpaq sahəsinə dair mülkiyyətin hüququnun mərhum X6 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-3077/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3077/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver