Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3078/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-6747/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-6747/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-6747/2021 saylı qərardadının ləğv edilməsini və işə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilənin etibarsız olmasına deyil, müqaviləyə xitam verilmiş olmasına istinad edir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətləri bitib, yəni münasibətlərə faktiki olaraq xitam verilib. Tək problem bu xitamın rəsmiləşdirilməsindədir. Bunun etibarsızlıqla əlaqəsi yoxdur. Hazırda cavabdeh öz vəzifəsinin icrasından yayınır. Ona dəfələrlə məlumat verilib ki, əmək münasibətlərinə faktiki olaraq xitam verilib. Cavabdeh isə bununla bağlı, ümumiyyətlə, heç bir addım atmayıb və işçinin hüquqlarının pozulmasına şərait yaradıb. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-6747/2021 saylı qərardadının ləğv olunmasını, işə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-6747/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-6747/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Baxılan iş üzrə iddiaçı onunla “X4” MMC arasında bağlanmış 01.09.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçı ilə “X4” MMC arasında bağlanılmış 01.09.2014-cü il tarixli əmək müqaviləsi qüvvədə olduğundan, həmin əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq işəgötürənlə işçi arasında müvafiq qaydada xitam verilmədiyindən, sözügedən əmək müqaviləsinin məhkəmə qaydasında (mülki məhkəmə icraatı qaydasında) etibarsız hesab olunmasına dair iş materiallarında sübut olmadığından, hazırkı iddia tələbi mülki mübahisədir. Odur ki, publik hüquqla tənzimlənmir. Buna görə də ümumi (publik) hüquq sahəsinə aid olmayan mübahisəni, inzibati mübahisə kimi qiymətləndirib, onu mahiyyəti üzrə həll etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində - a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.06.2014-cü il tarixli 183 №-li qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: 6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; 6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası; 6.1.3. işəgötürənin adı; 6.1.4. işçinin soyadı, adı, atasının adı; 6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN); 6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Qeyd olunan maddi hüquq normalarının tələbinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-6747/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3078/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3078/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver