Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3078/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3018/2025 saylı, 21 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında öz vəsaiti hesabına 116.0 kv.metr olan torpaqdan istifadə edir. Həmin torpaq sahəsindən istifadə faktı Yasamal Bələdiyyəsinin 04/06 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş və İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Hazırda da torpaqdan istifadəyə görə vergi ödəməkdədir. İddiaçı həmçinin həmin torpaqda yerləşən qeyriyaşayış sahəsindən istifadəyə görə kommunal xidmətlərlə müvafiq müqavilə bağlamışdır. Torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyəyə müraciət edilsə də, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması səbəbindən icarə müqaviləsinin bağlanmasından şifahi qaydada imtina edilmişdir. İddiaçı torpaq sahəsinin icarəyə verilməsinə dair cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin onun müraciətləri üzrə rəsmi cavab verilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-M2537/02-8/2024 nömrəli məktubu ilə cavab verilərək, müraciətdə göstərilən torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılması barədə hüquqmüəyyənedici sənədlər, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı, ayrıc aktı və ya yerquruluşu planı Xidmətə təqdim edildikdən sonra, həmin torpaq sahəsində inventarlaşdırma işləri aparılmaqla, icarə müqaviləsinin bağlanılması üçün qanunvericiliklə müəyyən edilmiş zəruri tədbirlər görüləcəyi qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı və 51-ci maddələrinə, habelə “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanına uyğun olaraq torpaq sahəsinin ona ayrılmasına dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanı) qərarını təqdim etməmişdir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Göründüyü kimi, iddiaçı iddia predmeti olan torpaq sahəsi üzərində hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından, onun hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ da mövcud deyildir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3018/2025 saylı, 21 aprel 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır ki, əlavə olaraq qeyd edilmişdir ki, vergi ödəyicisi haqqında məlumatdan görünür ki, iddiaçı yerli vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədrinin xx.xx.2023-cü il tarixli, 04/06 nömrəli Sərəncamına əsasən ünvan 2 ünvanında qediyyatda olan və Y.ünvan 3aşayan İddiaçı ünvan 4 ünvanında öz vəsaiti hesabına istifadə etdiyi sahəsi 116.0 kv.metr olan torpaqdan istifadə etmə faktının təsdiq edilməsi və Yerli (Bələdiyyə) vergi ödəyicisi kimi qeydiyyata alınması qərara alınmışdır. Situasiya planından görünür ki, Yasamal Bələdiyyəsi tərəfindən ünvan 5 ünvanında yerləşən İddiaçı Malik oğlunun istifadəsində olan 116 kv.m torpaq sahəsinə dair situasiyasiya planı tərtib olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq səlahiyyəti vardır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədrinin xx.xx.2023-cü il tarixli, 04/06 nömrəli Sərəncamına əsasən ünvan 2 ünvanında qediyyatda olan və Y.ünvan 3aşayan İddiaçı ünvan 4 ünvanında öz vəsaiti hesabına istifadə etdiyi sahəsi 116.0 kv.metr olan torpaqdan istifadə etmə faktının təsdiq edilməsi və Yerli (Bələdiyyə) vergi ödəyicisi kimi qeydiyyata alınması qərara alınmışdır. -Situasiya planından görünür ki, Yasamal Bələdiyyəsi tərəfindən ünvan 5 ünvanında yerləşən İddiaçı Malik oğlunun istifadəsində olan 116 kv.m torpaq sahəsinə dair situasiyasiya planı tərtib olunmuşdur. İşin halları ilə müəyyən edilir ki, iddiaçı yerli vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, faktiki istifadəsində ünvan 6 ünvanında 116.0 kv.metr olan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti rəsmi cavablandırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, ona istinad edilmişdir ki, cavabdeh səlahiyyətləri çərçivəsində düzgün olaraq iddiaçıya torpaq sahəsinin icarəyə verilməsindən imtina etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, nə iddia olunan torpaq sahəsinə, nə də ki onun üzərində inşa olunmuş qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə sərəncamı və kommunal xidmətlərə dair müqavilə yalnız torpaq sahəsinin və üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin faktiki istifadəsini təsdiq edən sənədlər olmaqla, onların mülkiyyət və ya digər əşya hüquqlarının mövculuğunu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi qəbul olunması hüquqi baxımından mümkünsüzdür. Həmin qeyri-yaşayış sahəsinin qanuni əsaslarla inşa edilməsi, müvafiq prosedur tədbirlərin görülməsi müəyyən olunmamaqdadır. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46-cı maddəsinin 4-cü bəndinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 51-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 2-ci bəndinə əsasən icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 3-cü bəndinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 4-cü bəndinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 5-ci bəndinə əsasən mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. 6-cı bəndinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. 7-ci bəndinə əsasən icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. 8-ci bəndinə əsasən torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. 5-ci bəndinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bu qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilmir. 7-ci bəndinə əsasən ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarındakı torpaq sahələri hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə həmin sistemlərin bölünməməsi və onlardan istifadə texnologiyasına əməl olunması şərtilə verilə bilər. 8-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və mediada hər il hesabat dərc etdirməlidirlər. 9-cu bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. 10-cu bəndinə əsasən tikinti məqsədləri üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ayrılarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə xeyrinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və məbləğdə xidmət haqqı ödəyir. Bu bəndin birinci cümləsində nəzərdə tutulmuş xidmət haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitdən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun: 3-cü maddəsinə əsasən icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Xüsusi şəhərsalma əhəmiyyətinə malik dövlət və bələdiyyə torpaqları ayrılıqda, yaxud layihələrlə birlikdə yalnız torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”nın: Bu qaydalar Azərbaycan Respublikasının “Torpaq Məcəlləsinə”, “İcarə haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Fərmanına və “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq hazırlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi bu qaydalara uyğun olaraq həyata keçirilir. 2-1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi ilə əlaqədar tələb olunan sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 3-cü bəndinə əsasən qeyd olunan sənədlər müvafiq qaydada İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edildikdən (bu Qaydaların 2-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla) sonra 10 gün müddətində həmin sənədlər yoxlanılır və konkret torpaq sahəsinin icarəyə verilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sərəncam layihəsi hazırlanaraq imzalanmaq üçün təqdim edilir. 4-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi barədə Sərəncam imzalandıqdan sonra 5 gün müddətində qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanılır. İcarə müqaviləsi 3 nüsxədən ibarət tərtib olunur. Bir nüsxə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, bir nüsxə icarəçidə qalır. Bir nüsxə isə müvafiq yerli icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin: 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir, torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi ilə bağlı səlahiyyətlər cavabdeh inzibati orqana mənsubdur. Hazırkı halda iddiaçı tərəfindən bələdiyyə sərəncamı və kommunal xidmətlərə dair müqavilə təqdim edilmiş, hər hansı digər hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosesual Məcəllənin: 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Qanunvericiliyin tələbindən də görünür ki, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun qərar qəbul edilə bilməz. Hazırkı halda, iddiaçı ilə icarə müqaviləsinin bağlanması cavabdeh inzibati orqanın diskression səlahiyyətində olduğu üçün iddiaçının tələbinə uyğun qərar qəbul edilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3018/2025 saylı, 21 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Anar İbrahimov
Məhkəmə qərarları › İş №2-1(103)-3078/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3078/2025
14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver